DİM bazar günü qəbul imtahanı keçirəcək

Dövlət İmtahan Mərkəzi 15 fevral 2026-cı il tarixində ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanı (I cəhd) keçirəcək.
Bu barədə MANERA.AZ-a DİM-dən məlumat verilib.
Bildirilib ki, imtahan Bakı, Sumqayıt, Abşeron, Naxçıvan, Gəncə, Mingəçevir və Lənkəranda, ümumilikdə 88 binada təşkil olunacaq.
Bakalavrların imtahan verəcəyi yer onların “Şəxsi kabinet”ində qeyd etdiyi faktiki yaşadığı məntəqəyə uyğun müəyyən olunur.
İmtahan bütün binalarda eyni vaxtda – saat 11:00-da başlanır. İmtahanın başlanmasına 15 dəqiqə qalmış saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmırlar.
Bakalavrlar imtahana gələrkən aşağıda göstərilən sənədləri mütləq özləri ilə gətirməlidirlər:
- Şəxsiyyəti təsdiqləyən sənədin əslini;
- “İmtahana buraxılış vərəqəsi”ni.
Göstərilən sənədlər arasında uyğunsuzluq aşkarlanan, yaxud həmin sənədlərdən biri olmayan şəxslər imtahana buraxılmayacaqlar.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.