Bakıda tədqiqatçı Reyhan Mənəfovanın yeni kitabının təqdimatı keçirilib

31 yanvar 2026-cı il tarixində Bakı şəhərində Azərbaycan Respublikası Təhsil Cəmiyyətinin İdarə Heyətinin üzvü, AMEA-nın Şəki Regional Elmi Mərkəzinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri, tədqiqatçı Reyhan Mənəfovanın “Bəxtiyar Vahabzadənin sovet dövrü əsərlərində mətnaltı semantika” adlı monoqrafiyasının təqdimat mərasimi keçirilib.
MANERA.AZ xəbər verir ki, tədbirdə tanınmış alim və ziyalılar, ali məktəb müəllimləri, gənc tədqiqatçılar və tələbələr iştirak ediblər.
Tədbiri açan Azərbaycan Respublikası Təhsil Cəmiyyətinin İdarə Heyətinin sədri Murad Ağalarov çıxış edərək monoqrafiyanın aktual elmi mövzuya həsr olunduğunu, Bəxtiyar Vahabzadə irsinin yeni elmi baxış bucağından araşdırılmasının əhəmiyyətini nəzərə alaraq Azərbaycan Respublikası Təhsil Cəmiyyəti monoqrafiyanın nəşr edilməsinə dəstək göstərdiyini qeyd edib.
Təqdimat zamanı monoqrafiyanın elmi əhəmiyyətindən, Bəxtiyar Vahabzadə yaradıcılığının sovet ideoloji mühitində mətnaltı mənalar baxımından təhlilindən və əsərin Azərbaycan ədəbiyyatşünaslığına verdiyi töhfələrdən bəhs olunub.
Qeyd edilib ki, kitabın elmi redaktoru filologiya elmləri doktoru, professor Asif Hacıyev, rəyçi filologiya elmləri doktoru, professor Bədirxan Əhmədov, Ön sözün müəllifi filologiya üzrə fəlsəfə doktoru, dosent Fərhad Mədətovdur.
Çıxış edənlər müəllifin apardığı araşdırmaları yüksək qiymətləndirərək monoqrafiyanın həm elmi ictimaiyyət, həm də gənc tədqiqatçılar üçün dəyərli mənbə olduğunu vurğulayıblar.
Sonda Reyhan Mənəfova iştirakçıların suallarını cavablandırıb.
Maraqlı müzakirələr çay süfrəsi ətrafında davam etdirilib.









Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.