manera.az
manera.az

Ankarada Üzeyir Hacıbəylinin adını daşıyan küçənin açılışı olub

📅 25.12.2025 09:19

Ankarada Üzeyir Hacıbəylinin adını daşıyan küçənin açılışı olub
Ankarada Musiqi və Gözəl Sənətlər Universitetinin ərazisindəki küçəyə dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin adı verilib.

Azərbaycan klassik musiqi məktəbinin banisinin anadan olmasının 140 illik yubileyinə həsr olunan tədbirdə Üzeyir Hacıbəylinin adını daşıyan küçənin rəmzi açılışı lentin kəsilməsi ilə həyata keçirilib.

Azərbaycan Respublikasının Türkiyədəki Səfirliyinin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzi və Ankara Musiqi və Gözəl Sənətlər Universitetinin birgə təşəbbüsü ilə keçirilən küçənin açılış mərasimində diplomatlar, universitet rəhbərliyi, elm və mədəniyyət xadimləri, ictimaiyyət nümayəndələri və tələbələr iştirak ediblər.

Daha sonra tədbir universitetin foyesində davam edib.

Çıxış edən universitetin rektoru, professor Erhan Özden Türkiyə-Azərbaycan dostluğu və qardaşlığının tarixi əsaslarına toxunaraq, iki ölkə arasında mədəniyyət və təhsil sahəsində əməkdaşlığın uğurla inkişaf etdiyini bildirib. Rektor Üzeyir Hacıbəylinin yaradıcılığı ilə bütün Türk dünyası musiqisinə mühüm töhfələr verdiyini vurğulayıb və gənc nəslə bu irsin aşılanmasının vacibliyini qeyd edib.

Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Üzeyir Hacıbəylinin Azərbaycan milli musiqi mədəniyyətinin formalaşmasındakı müstəsna rolundan, onun zəngin yaradıcılıq irsindən və dünya musiqi xəzinəsinə bəxş etdiyi əsərlərdən bəhs edib. O, bəstəkarı müasir Azərbaycan peşəkar musiqisinin banisi və türk dünyasının ortaq musiqi dilini yaradan dahi şəxsiyyət kimi xarakterizə edib.

Daha sonra çıxış edən Azərbaycanın Ankaradakı səfirliyinin müşaviri Füzuli Məcidli Üzeyir Hacıbəylinin milli kimliyin formalaşmasında oynadığı mühüm rolu vurğulayıb. Diplomat bəstəkarın adını daşıyan küçənin Ankarada, universitet mühitində açılmasını ölkələrimiz arasında tarixi-mədəni bağların rəmzi kimi qiymətləndirib və layihəyə dəstək göstərən universitet rəhbərliyinə təşəkkür edib.

Tədbir Azərbaycan Mədəniyyət Mərkəzinin hazırladığı konsert proqramı ilə yekunlaşıb. Konsertdə Azərbaycan və Özbəkistanın Xalq artisti Gülyanaq Məmmədova, vokalistlər Şenol Talibli, Fəxri Nicat Kazım və opera sənətçisi Fidan Hüseynova Üzeyir Hacıbəylinin əsərlərindən parçalar ifa ediblər.












Manera.az


Baxış sayı - 257 | Yüklənmə tarixi: 25.12.2025 09:19
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031