"Nəsimi" operası ilk dəfə süni zəka ilə təqdim olunacaq

Azərbaycan mədəniyyət tarixində mühüm hadisə kimi dəyərləndirilən "Nəsimi" operası tamaşaçılara yeni səhnə həlli ilə 2026-cı il martın 3-də Heydər Əliyev Sarayında təqdim olunacaq.
Bu barədə MANERA.AZ-a tanınmış opera ifaçısı, Əməkdar artist Ramil Qasımov məlumat verilib.
Bildirib ki, opera ölkəmizdə ilk dəfə süni zəka texnologiyalarından istifadə edilərək hazırlanıb. Tamamilə fərqli quruluşda səhnələşdirilən əsər müasir texnologiyalarla klassik operanın sintezini əks etdirir.
Əməkdar artist Ramil Qasımov sözlərinə görə, akademik Rafael Hüseynov və Xalq artisti Siyavuş Kərimi tərəfindən ərsəyə gətirilən "Nəsimi" operası yaradıcılığında xüsusi yer tutur və böyük mənəvi məsuliyyət daşıyır: "Nəsimi" operası yaradıcılığımda dönüş nöqtəsidir. Opera bir həyatdır”.
Ramil Qasımov layihənin ərsəyə gəlməsində əməyi olan bütün yaradıcı və texniki heyətə təşəkkür edib, eyni zamanda bu səhnə işinə göstərilən dəstəyə görə Mədəniyyət Nazirliyinə minnətdarlığını bildirib. Sənətçi Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının direktoru, dünyaşöhrətli tenor, Xalq artisti Yusif Eyvazovun diqqət və dəstəyini də xüsusi qeyd edib.
Operanın yaradıcı heyətinə quruluşçu rejissor, Əməkdar artist İnarə Babayeva, quruluşçu dirijor - teatrın baş dirijoru, Əməkdar artist Əyyub Quliyev, quruluşçu rəssam Nərgiz Quliyeva və quruluşçu xoreoqraf, Əməkdar artist Yuriy Lobaçev daxildir. Tamaşada opera ifaçıları, dram aktyorları və muğam ifaçıları iştirak edirlər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.