“Nəsimi dastanı” baletinin təqdimatı olub
Sentyabrın 24-də Şamaxıdakı Nəsimi Bağları Kompleksində davam edən 3-cü Nəsimi - şeir, mənəviyyat və incəsənət festivalında bədii proqram və “Nəsimi dastanı” baletinin yeni quruluşda təqdimatı olub.
MANERA.AZ xəbər verir ki, tədbirdə çıxış edən Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar Nəsiminin Azərbaycan ədəbiyyatının və mədəniyyətinin inkişafında xüsusi rol oynadığını bildirib. O vurğulayıb ki, şairin yaradıcılığı həm dilimizin zənginləşməsinə, həm də xalqımızın mənəvi dəyərlərinin formalaşmasına böyük təsir göstərib.
Azərbaycan Dövlət Opera və Balet Teatrının direktoru, Xalq artisti Yusif Eyvazov Nəsimi festivalının Şamaxının mədəni həyatında xüsusi əhəmiyyətə malik olduğunu deyib. O qeyd edib ki, festival Nəsimi irsinin qorunub saxlanılması və şairin yaradıcılığının müxtəlif incəsənət növlərində təqdim edilməsində mühüm rol oynayır.
Balet artisti, teatr rejissoru və prodüseri Andris Liepa bildirib ki, “Nəsimi dastanı” baleti Nəsiminin yaradıcılığının mənəvi və estetik dəyərlərini tamaşaçılara çatdırmaq məqsədilə xüsusi hazırlanıb. O vurğulayıb ki, baletin yeni quruluşunda xoreoqrafiya və musiqi həlli şairin ideyalarını müasir incəsənət dili ilə ifadə etməyə imkan yaradır.
Səhnədə Rüfət Xəlilzadənin bədii rəhbərliyi ilə F.Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı “Sufi” rəqsini təqdim edib.
Daha sonra Əməkdar artist Sevda Ələkbərzadə “Mərhaba, xoş gəldin” deyib.
Tanınmış müğənni Çingiz Mustafayev isə “Qafil, oyan” ifasını səsləndirib.
Xalq artistləri Alim Qasımov, Natiq Şirinov və “Natiq” ritm qrupu, tanınmış müğənni AISEL, Əməkdar artist Elnur Mikayılov (kamança), Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının Simfonik Orkestri, Azərbaycan Dövlət Xor Kapellasının təqdimatında isə “Dönməzəm” dinlənilib.
Festivalda səbirsizliklə gözlənilən təqdimatlardan biri də “Nəsimi dastanı” baletinin yeni quruluşda nümayişi olub.