Şəkidə Bəxtiyar Vahabzadəyə həsr olunan konfrans keçirilib - Fotolar

Şəkidə “VII Beynəlxalq Bəxtiyar Vahabzadə - türk dünyası dil, tarix, mədəniyyət və ədəbiyyat” adlı konfrans keçirilib.
MANERA.AZ xəbər verir ki, iyunun 21-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin, Türkiyənin İqtisadi İnkişaf və Sosial Tədqiqatlar İnstitutunun, Mahmud Kaşğari adına Beynəlxalq fondunun birgə təşkilatçılığı və Şəki Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə “VII Beynəlxalq Bəxtiyar Vahabzadə - türk dünyası dil, tarix, mədəniyyət və ədəbiyyat” adlı konfrans keçirilib.
Şəki şəhər Heydər Əliyev Mərkəzində keçirilən konfransda Azərbaycan Dövlət Pedaqoji Universitetinin, Naxçıvan Dövlət Universitetinin, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun, Mingəçevir Dövlət Universitetinin, ADPU-nun Şəki filialının, Türkiyənin İqtisadi İnkişaf və Sosial Tədqiqatlar İnstitutunun, Mahmud Kaşğari adına Beynəlxalq fondun və Şəki Şəhər İcra Hakimiyyətinin rəhbər şəxsləri, universitetlərin professor-müəllim heyəti, ictimaiyyətin nümayəndələri, ziyalılar iştirak ediblər.
Konfrans iştirakçıları əvvəlcə Ulu Öndərin mərkəzin qarşısında ucaldılan abidəsi önünə gül-çiçək düzüb, xatirəsinə ehtiramlarını bildiriblər, sonra mərkəzdə dahi rəhbərin həyat və fəaliyyətinin ayrı-ayrı məqamlarını əks etdirən fotoşəkil və sənədlərlə tanış olublar.
Konfransı giriş sözü ilə açan Şəki Şəhər İcra Hakimiyyəti Başçısının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Xəyalə Töhrablı qonaqları salamlayıb, Xalq şairi Bəxtiyar Vahabzadənin 100 illik yubileyinə həsr olunmuş tədbirin təşkilatçılarına təşəkkür edib və konfransın işinə uğurlar arzulayıb.
Tədbirdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru Mahirə Hüseynova, Mingəçevir Dövlət Universitetinin rektoru Anar Eminov, Naxçıvan Dövlət Universitetinin prorektoru Elsevər Əsədov, ADPU-nun Şəki filialının direktoru Vurğun Məmmədov, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun şöbə müdiri Sevinc Əliyeva, ADPU-nun Şəki filialının tədris işləri üzrə direktor müavini Gülarə Abdullayeva və digər şəxslər çıxış edərək Xalq şairi Bəxtiyar Vahabzadənin həyat və yaradıcılığından geniş söz açıblar.
Konfransda Xalq şairi Bəxtiyar Vahabzadəyə həsr olunan film nümayiş olunub.
Konfrans Şəki–Zaqatala Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən 2 nömrəli uşaq musiqi və uşaq incəsənət məktəblərinin hazırladığı konsert proqramı ilə başa çatıb.






