manera.az
manera.az

Balaş Abbaszadə: Gələcəklə yaşayan adam - Nəriman Əbdülrəhmanlı yazır

Balaş Abbaszadə: Gələcəklə yaşayan adam - Nəriman Əbdülrəhmanlı yazır
Aprelin 20-də unudulmaz ziyalı, ictimai xadim və yazıçı Balaş Abbaszadənin 75 yaşı tamam olur.

I

Balaş Abbaszadə haqqında keçmiş zamanda danışmaq çox ağırdı, bəlkə, ona görə ki, onun təbiətində sanki keçmiş yoxudu, bürün fikri-düşüncəsi bugünlə və daha çox da gələcəklə bağlıydı...

Xüsusiylə gələcəklə yaşamaq onun həyat tərziydi: bitib-dükənməyən ideyalar, planlar, görüləsi işlər ömrünün mənasıydı; hətta nəzərdə tutduğu işlərin fantastik çətinliyi belə, onun gözünü qorxuda, yolundan döndərə bilmədi...

Çox vaxt o cəhdlərinin hansı ağrılar bahasına başa gəldiyini tamamilə dərk eləyə bilmirdi – təki iş olsun, əlini yanına salıb oturmasın, kökdən düşməsin, ömrünün ötən anlarını mənalı bir şeyə həsr eləsin...

Mayın 8-də zəng eləməliydi, təsisçisi və redaktoru olduğu, böyük əziyyət bahasına üzə çıxardığı “Sirdaş” qəzetinin növbəti sayı üçün materiallar hazırlamalıydıq. Zəng vurmadı, mənim də ağlıma başqa bir şey gəlmədi, fikirləşdim ki, yəqin, başı yenə bitib-tükənməz işlərinə qarışıb, ya unudub, ya da macal tapmayıb. Elə o gecənin gec vaxtı dostumuz Məsiağa Məhəmmədi zəng vurdu. Onun səsi titrəyə-titrəyə deduklərinə inana bilmədim...

Elə indi, aradan illər ötəndən sonra da inana bilmirəm...

Mənə elə gəlir, qəfildən hansı ideyanınsa arxasınca uzaqlara, ya da gələcəyə çıxıb gedib, günlərin birində qayıdacaq, yenə məni axtarıb tapacaq, yenə saysız-hesabsız planlarından söz açacaq...

Kaş, elə olaydı...

II

Balaş Abbaszadəylə 30 ilə yaxın – bir igidin ömrü qədər – ünsiyyətimiz oldu. O, universitetin komsomol komitəsində, mən “Lenin tərbiyəsi uğrunda” qəzetində əməkdaş olduğum vaxtda yolumuz kəsişmişdi, Balaşla da, Arif Əmrahoğluyla da eyni vaxtda, daha dəqiq desəm, 1977-ci ildə tanış omuş, doğmalaşmışdıq. Anasının yataqxanamızda xadimə işlədiyindən də elə onda xəbər tutmuşdum.

Elə onda hansı çətinliklərlə qarşılaşdığını, atasını erkən itirdiyini, əvvəlcə texnikumu, sonra universitetin tarix fakültəsinin rus bölməsini bitirdiyini öyrənmişdim. Savadı, təşkilatçılıq qabiliyyəti, fəallığı, tükənməz enerjisi, təşəbbüskarlığı sayəsində az sonra hamının diqqətini çəkmiş, universitet komsomol komitəsinin katibi məqamınacan qalxmışdı. Biologiya fakültəsində oxuyan, təxminən eyni taleyi yaşamış, universitet həmkarlar komitəsinin sədri səviyyəsinə ucalmış Zakirlə də yaxın dostuydu, aralarından su keçmirdi.

Sonra Masallıda və Rusiyanın Stavropol vilayətinə göndərilən tələbə-inşaat dəstəmizin komandiri olmuşdu, ünsiyyətimiz daha da sıxlaşmışdı. Elə onda da sezmişdim ki, insanların qəlbinə yol tapmaq, ətrafındakıların hamısını ideyalarla “xəstələndirmək”, öz arxasınca aparmaq, daim müəyyən bir dəyərli, yaddaqalan iş görmək ona bəxş edilən Allah vergisidi, artıq başqa cür ola, başqa həyaqt yaşaya bilməz. Fəaliyyətsizliyin, ətalətin, mənasız vaxt keçirməyin qəti düşməniydi.

Üstəlik, Balaşda insanlarla ünsiyyət qurmaq qabiliyyəti məni həmişə heyrətləndirirdi. Ən “çətin” adamları belə yola gətirməyi, qəlbində inam oyatmağı,
hər kəsin enerjisini faydalı işə yönəltməyi bacarırdı...

Bəlkə, bu səbəbdəndi ki, yolunu hər yerdə gözləyirdilər, olduğu məclislərdə vaxtın necə ötdüyü hiss edilmirdi. Bəzən mənə elə gəlirdi, Balaşı tanımayan, sevməyən yoxdu, o, bütün bəşəriyyətin dostudu...

III

Qəfildən də həyatında gözlənilməz və ağlagəlməz dönüş elədi: universiteti bitirəndən sonra sıravi tarix müəllimi kimi təyinatla Xanlar (indiki Göygöl) rayonuna getdi...

O, hər şeyi təməlindən başlamağı, pillə-pillə, mərhələ-mərhələ irəliləməyi, məşğul olduğu sahənin bütün gizlinlərinə bələd olmağı sevirdi. Bir müddət rayon mərkəzindəki məktəblərin birində tarix fənnini tədris elədi, az sonra Qarabağlar kənd məktəbinə direktor göndərildi...

O bitib-tükənməyən ideyaları, təşəbbüskarlığı, təşkilatçılığı sayəsində “hay-hayı gedib, vay-vayı qalmış” məktəbdə nizam-intizam yaratdı, müəllimlərin-şagirdlərin köməyilə binanın da ətrafını da abıra saldı, bir-birindən maraqlı yarışlar keçirdi, beləcə, kollektivin adı qabaqcıllar sırasında çəkilməyə başladı.
Onda mən də təyinatla qonşu Daşkəsən rayonuna göndərilmişdim, darıxanda Balaşın yanına üz tutur, gördüyü işlərin şahidi olurdum. O səfərlərimdə məktəbin nəinki müəllim və şaigirdlərinin, həm də daim yardımına qaçdığı kənd camatının Balaş Abbaszadəyə sonsuz sevgisini duyurdum...

Təbii ki, həmin məqamlarda belə, olub-bitənlə kifayətlənmir, gələcək üçün ağlagəlməz planlar qururdu. İnamla söylədiklərini eşidəndə elə bilrdim ki, o planları, həqiqətən, gerçəkləşdirmək olar...

Elə ömür-gün yoldaşı Fənarə xanımla da orda rastlaşdı. Niyyətini hamıdan əvvəl mənə söylədi, mən də artıq tanıdığım “gözaltısı” barədə müsbət
təəssüratımı gizlətmədim...

Beləliklə, talelərini birləşdirdilər, Fənarə xanım da, övladları da məni Balaşın duliylə “Mirzə”, “Mirzə əmi” kimi tanıdılar...

Əlbəttə ki, bu, Balaş Abbaszadənin həyat yolunda çox vacib mərhələydi...

IV

Balaş Abbaszadənin savadı, qabiliyyəti, işgüzarlığı öz bəhrəsini verdi...

O vaxtla respublikanın maarif naziri olan mərhum Elmira xanım Qafarova onun bu keyfiyyətlərini görüb nazirlikdə işə dəvət elədi. Balaş şöbə inspektoru, şöbə müdiri vəzifələrində özünü doğrultdu, az sonra nazir köməkçisi məqamına irəli çəkildi. Balaş da özünəxas enerjiyləişə girişdi, bir-birindən maraqlı layihələr hazırladı.

Elmira Qafarova respublika Ali Sovetinin sədri seçiləndə bacarıqlı köməkçisini unutmadı, onu parlamentdə işə dəvət elədi. Balaşın işgüzar keyfiyyətləri həmişə sədrin başını uca, dilini uzun elədi. Təkcə onu demək kifayətdi ki, 1990-cı il 20 yanvar faciəsi günlərində Ali Sovet Sədrinin məşhur bəyanatını hazırlayıb efirə çıxarmaqda, yanvarın 22-də o qırğına siyasi qiymət verən fövqəladə sessiyanın çağrılmasında onun xidmətləri danılmazdı.

Balaş Abbaszadə heyrətamiz enerjisi sayəsində bu işlərin arasında vaxt tapıb namizədlik və doktorluq dissertasiyalarını yazdı, pedaqoji elmlər doktoru alimlik dərəcəsi aldı, üstəlik, Ali Sovetin (az sonra Milli Məclisin) bir-birini əvəz eləyən sədrlərinin (İsa Qəmbər, Yaqub Məmmədov, Heydər Əliyev, Rəsul Quliyev) köməkçisi kimi vəzifə borcunu yerinə yetirdi.

Yenicə müstəqillik qazanmış, erməni təcavüzü, rus-fars fitnələriylə üz-üzə qalmış məmləkətin belə bir vəziyyətində, əlbəttə ki, yalnız öz işiylə məşğul olmaq Balaş Abbaszadədən ötrü qəbulolunmazıydı. Fəaliyyət adamı, ziyalı, təəssübkeş insan kimi, respublikanı və xalqı narahat eləyən məsələlərlə səlahiyyəti və gücü çatan qədər məşğul olur, mətbuatda publisistik yazılarla çıxış eləyir, xüsusisilə erməni təcavüzünə qarşı önləyici tədbirlər görülməsi yönümündə əlindən gələni əsirgəmirdi. Çox az adam bilir ki, Rusiyanın bir çox rayonlarında, o cümlədən, Şimali Qafqazda və Krasnodar vilayətində erməni diasporuna vurulan sarsıdıcı ideoloji zərbəninin təşkilatçılarından biri Balaş Abbazadəydi...

V

O illərdə Balaş Abbaszadə yaradıcılıq ideyalarıyla da doluydu. 1992-ci ildə “Sirdaş” adlı müstəqil qəzet təsis eləmişdi. Qəzetinin ayrı-ayrı buraxılışları yüz min nüsxə tirajla rus, fars, türk və erməni dillərində çap edilib müvafiq ərazilərdə yayılırdı. Bu dillərdə qəzetdə Xocalı Soyqırımı həqiqətləri ilə bağlı yazılar dərc edilir və bu müxtəlif ölkələrdə pulsuz paylanırdı. Devizi “Özünü tanı və özünü tanıt!” olan maarifçi missiyalı qəzetə görə, “Qızıl qələm” mükafatı almışdı. Azərbaycanda Heydər Əliyev haqqında yazılmış ilk kitabın (“Günəş kimi parlaq”) müəllifi, ona həsr olunmuş “Qətiyyətin təntənəsi” kitabının baş məsləhətçisiydi. Birgə Milli Məclisin fəaliyyətiylə bağlı sənədli film üzərində işləyirdik, çox istəyirdi ki, həmin filmdə Azərbaycanın müstəqillik illərində keçdiyi keşməkeşli yol əks olunsun.

1996-cı ildə novellalarının motivləri üzrə “Adam” qısametrajlı filminin ssenarisini işləmişdik, filmi də görkəmli rejissorumuz Şamil Mahmudbəyov və operator Nizami Abbas çəkirdilər. Amma Şamil müəllimin xəstəliyi üzündən ara xeyli uzandı, sonra da dünyasını dəyişdiyinə görə yarımçıq qaldı, təəssüf ki, ekrana çıxmasını Balaş da görmədi...

Həmişə ən çox narahat olduğu məsələ görmək istədiyi, amma yerinə yetirməyə imkan tapa bilmədiyi (xüsusilə maddi cəhətdən və macal tapmadığından) işləriydi. Gerçəkləşdirilməsi fantastik görünən işləri inadla həyata keçirməyə çalışır, imkanlarının məhdudluğuna, son illər amanını kəsən xəstəliyinə baxmayaraq, dişini-dişinə sıxıb çalışır, gələcəyə inamını bir anlığa da olsa, itirmirdi. “Hər şey yaxşı olacaq!” - ən çox sevdiyi ifadədəydi.

Bu ifadəni 1996-cı ilin mayında saxta ittihamla həbs olunanda da daim işədirdi: “Mən günahsızsam, hər şey yaxşı olacaq!” Vəkili də, görüşdüyümüz müstəntiqi də, prokuror da sorğularımıza konkret bir cavab verə bilmir, mənalı-mənalı susmaqla kifayətlənirdilər.

Həyatın bütün çətinliklərini görmüş, büdrəyib yıxılmış, təzədən ayağa qalxmış Balaşı ən çox sarsıdan da daim ətrafında fırlananların dara düşəndə qaçıb dağılışmasıydı. Əvvəlki kimi ünsiyyətini kəsməyən Zakiriydi, Arif Əmrahoğluydu, bir də bir-iki nəfər doğmasıydı...

Divarla arasına mənəvi iztirablarla dolu üç il keçirdi, aylarla xəstəxana çarpayısına məhkum oldu, qəlbinə dost itkisi, insan nanəcibliyi yaralar vurdu. Amma bütün bunlar onun yaşamaq, faydalı iş görmək, gələcəyə üz tutmaqla bağlı iradəsini sındıra bilməmişdi...

Görüşlərimizdə fəaliyyətində, adamlarla ünsiyyətində yol verdiyi səhvlərdən söz açır, bununla yanaşı, səhvsiz ömür sürməyin yaşamamağa bərabər olduğunu da gözəl dərk eləyirdi.

O illərdə çox yazırdı, sonralar publisistik yazılarını, xatirələrini, novellalarnı üzə çıxaracaqdı...

VI

1999-cu ildə azadlığa çıxandan sonra da Balaş Abbaszadə fəaliyyətindən qalmadı. Ömrünün son illərisə tamamilə “Sirdaş” cəmiyyəti və qəzetiylə bağlıydı. Cəmiyyətin işini canlandıranacan, qəzetin xalq arasında hörmət qazanmasını təmin eləyənəcən, könüldən bağlı oduğu Xızı-Bərmək mahalının tarixinə, etnoqrafiyasına, folkloruna, ədəbiyyatına, görkəmli şəxsiyyətlərinə oxucularda maraq oyadanacan hansı çətinliklərdən keçdiyinə çoxları kimi, mən də şahidəm. Cəfər Cabbarlının, Mikayıl Müşfiqin, Məmməd Arifin yubileylərinin, xatirə gecələrinin keçirilməsi, “Müşfiq ocağı”nın dirçəldilməsi üçün nə vaxtını, nə də sağlamlığını əsirgəyirdi. Hələ gənc istedadların tapılıb üzə çıxarılmasını, təkcə ilk qələm təcrübələrinin yox, həm də kitablarının çap olunmasına nə qədər can atdığını demirəm.

Balaş Abbaszadə o mahalın yertişdirdiyi nüfuzlu şəxsiyyətləri birləşdirmək, təbliğ eləmək, üzlərini doğulub boya-başa çatdıqları el-obaya sarı çevirmək üçün əlindən ngələni əsirgəmirdi...

Şikayətləndiyi ancaq xəstəliyi, bir də vaxt qıtlığıydı. Düşüncələrini kağıza köçürməyə imkan tapmamasından ağrı duyurdu. Bununla belə, müntəzəm publisistik yazıları, lirik miniatürləri, novellaları, povestləri çap olunurdu. Son vaxtlar qələmə aldığı “Bir bəyanatın tarixçəsi” kitabını xeyirxahı, görkəmli ictimai xadim Elmira xanım Qafarovaya həsr eləmişdi. Qismətdən o kitabın da çapını görə bilmədi.

İndi onun yarımçıq işlərini sayıb-sadalamaq asan deyil. Amma ən çox istədiyi övladlarının – Gündüzün və Günelin – ailə xoşbəxtliyini görməyiydi, elə durub-oturub bu arzusuna çatmaq üçün Allahdan möhlət isyəyirdi...

VII

2005-ci ildə 55 yaşından heç iyirmi gün keçməmiş, infarkt adlı cəlladın caynağından təzəcə qurtulmuşdu...

Həkimlər dincəlməyi məsləhət görsələr də yenə rahatlığı işdə tapmağa can atır, yarımçıq planlarını tamamlamağa çalışırdı...

Amma nə biləydi ki, daha bu xına o xınadan deyil...

İlinə “Cabir Novruz Fondu”nun dəstəyi, Vüsal Heybətov və qızı Günelin köməyiylə publisistik yazılarından, novellalarından və onun haqqında xatirələrdən ibarət, Arif Əmrahoğlunun önsöz yazdığı “Məni dərdlə heyrətləndirmək çətindir” adlı toplusunu hazırlayıb nəşr etdirdik...

Əlimizdən ancaq bu gəldi...

Balaş Abbaszadə itkisi bir xalqın bənzərsiz ziyalı itkisidi. Belə ziyalıların yeri həmişə görünüb, görünür və görünəcək...

Balaş Abbazadə itkisi bir mahalın uzun müddət hiss olunacaq irkisidi. Onun arzularını və işlərini davam etdirmək böyük xeyirxahlıq olardı...

Balaş Abbaszadə itkisi həyat yoldaşı, ata, dost, qohum itkisidi. Bu itki qarşısında Əlahəzrət Söz də acizdi...

2005, may – 2025, aprel






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2025    »
 1234
567891011
12131415161718
19202122232425
262728293031