manera.az
manera.az

Yeri Göynəyən Adam...

Yeri Göynəyən Adam...
O məşum hadisədən sonra isti-isti heç nə yaza bilmədim...

Elə bil, nəsə yazsaydım, Sabirin yoxluğunu qəbul eləyəcəkdim. Bunu isə sistəmirdim, heç istəmirdim...

Hələ də bu cismani yoxluğa alışmamışam. Elə bilirəm həmişəki kimi, qəfildən (həmişə gözləsəm də) zəng eləyəcək, yenə hal-əhvaldan sonra dostlardan, ədəbi aləmdə baş verənlərdən uzun-uzadı danışacağıq, sözlərinin arasında da sıxıntısını duyacağam, sonra da adəti üzrə hansısa yeni kitabı istəyəcək, dostlardan ötrü darıxdığını dilə gətirəcək.

Amma yox, nömrəsini silməyə belə əlim gəlməyən telefonum susur, zəng çalanda da möcüzə baş verdiyinə inanmağa cəhd göstərə-göstərə həyəcanlanır, ekranda başqa ad görəndə, az qala, müvazinətimi itirirəm. Hərdən oğlu Habil zəng eləyəndəsə sanki Sabirin nəfəsini duyuram, qəhər boğazımı tutur, səsimin titrəməsini hiss etdirməməyə çalışıram.

Bəzən mənə elə gəlir, ömür deyilən şey itkilər məcmusundan ibarətdi. Zaman-zaman ruhuna yaxın, qəlbinə söykək olan kəsləri itirir, axırda da özün yoxluğa qovuşursan. Ata-ana, qardaş-bacı, qohum itkiləri ilə yanaşı, ruh əkizlərini də itirmək insanı Ölümə yaxınlaşdırır. Arif Mustafazadəni, İsa İsmayızadəni, Eyvaz Əlləzoğlunu, Arif Əmrahoğlunu, Namazalı Paşanı, Sabir Bəşirovu itirəndə məhz bu duyğuları keşirmişəm.

Sabir Bəşirovla mənəvi və ruhi yaxınlığımızın hüdudunu müəyyənləşdirmək çətindi. Tələbəlik illərində yaxınlığımız olmasa da, son on beş ildə həyatımızın saysız-hesabsız ortaq nöqtələri yaranmışdı, çox az məsələlərdə, yaradıcılıq təfərrüatlarında fikir ayrılığımız olardı. Onun işıq üzü görən kitablarının yarıdan çoxunun yaranma prosesində iştirak eləmiş, tanıdı-tanımadı, layiqli əsərlərə geniş ürəklə sevinməsinin, vaxtını, enerjisini sərf eləyib sanballı məqalələr yazmasının şahidi, üstəlik, həmin yazıların ilk oxucularından biri olmuşdum. O yazıları Əlabbasla birgə mənə də ərklə göndərirdi, çap olunanda da özü haqqında yazdığı müəllifdən çox sevinirdi.

Sabir Bəşirov dünyayla barışmış Adam idi – bu barədə “Yalqız” romanında adını çəkmədən (bədii yazılarımın bir çoxunda adlardan istifadə eləməmişəm, bununla bağlı Sabirlə fikir ayrılığımız vardı, amma mövqeyini elə nəzakətlə söyləyirdi ki, heç xətrimə də dəymirdi) kiçik bir epizod da var. Amma dünyayla barışmağın ona hansı çətinliklər bahasına başa gəldiyini də bilirdim. Onu da bilirdim ki, Sabir Bakıda yox, İstanbulda yaşasa belə, yenə də dəyişməyəcək, öz ömrünü yaşayacaq.

Zəmanə çoxlarını yolundan döndərsə, başqalaşdırsa da Sabirin qarşısında aciz qalmış, onu dəyişdirə bilməmişdi. Öz istedadı, zəhməti sayəsində çatdığı məqam ondan ötrü yaşam vasitəsinə çevrilməmişdi, nüfuzundan istifadə eləyib müəyyən bir xahiş üçün qapılar açmağı, xahiş eləməyi, dolayı yollara əl atmağı özünə rəva görmürdü. Hətta haqqında kitablar bağladığı bəzi adamlardan gördüyü etinasızlığı da faciə kimi qəbul eləmirdi, öz borcunu yerinə yetirməsini hər şeydən üstün tuturdu. Əksər həyat məsələlərində uşaqcasına sadəlövh idi, adamlara səmimi-qəlbdən inanır, səhv elədiyini başa düşəndə də eyni səmimiyyətlə təəccüblənirdi.

Sabirin bu elektron texnologiya əsrində kompyuter qarşısında əyləşdiyini indi də təsəvvür eləyə bilmirəm. Telefon belə ona yalnız zəng vurmaq üçün ilazım olurdu. Yazılarını yazanda kitabxanasına, əlinin altındakı materiallara arxalanır, xırda, son dərəcə səliqəli xəttlə yazır, sonra o yazıları yazdırmaq üçün Bakıya – Əlabbasa, ya da mənə - göndərirdi. Dəfələrlə kompyuter alması, ən sadə əməliyyatları öyrənməsi üçün dilə tutmuşdum, amma bir xeyri olmadı, ömrünün sonunacan ətəyində yaşadığı Deman dağı kimi, təbii qaldı.

Bakıya bir neçə nəfəri – Anarı, Əsgər Rəsulovu, Əlabbası, Əli Rza Xələflini, məni, əmisi oğlu Ələddini görmək üçün gəlirdi, söhbətlərimizdə də Xanəli Kərimlini arzulayırdı. Amma bircə günün içində - “yükünü tutan kimi” – geri, dağlara dönmək fikrinə düşürdü. Bilirdik ki, belə məqamda onu şəhərdə heç nə saxlaya bilməz, gedəcək, növbəti səfərəcən darıxa-darıxa yaşayacaq.

O məşum gün ərəfəsində zəng eləmişdi, bu dəfə daha çox mənim təkidimlə hazırladığımız məqalələr toplusu haqqında danışdıq. Qərara gəlmişdik ki, oktyabr ayında çapa verək. Hətta çap xərcilə bağlı kimlərəsə üz tutmağı belə yaxına buraxmamışdı.

Səhəri gün sosial şəbəkədə Əli İsgəndərovun bağsağlığını götəndə quruyub qaldım, bir müddət dinib-danışmağa heyim olmadı...

Sonra hər şey yuxuya çevrildi, Nurafiz və Əlabbasla Peştəsərə gedib çıxmağımız, kənd qəbristanlığında torpağı hələ qurumamış məzarını görməyimiz, doğmalarını dözülməz kədəri – hər şey yuxuya oxşadı...

Qayıdanda kitablarına, yazıları çap olunmuş qəzet-jurnallara bir-bir baxdım, yenə gerçəklik duyğusu geri qayıtmayaydı...

Kaş, o duyğu qayıtmasın, qəfildən Sabir zəng vurub şikayətlənsin ki, mənu unutmusunuz, yada salmırsınız...

Kaş, elə bu cür ola...

Amma qəlbimdəki yerinin göynərtisindən bilirəm ki, buna ümid eləmək çətindi...

Məkanın cənnət olsun, Yeri Göynəyən Adam...

Avqust 2019.

Nəriman ƏBDÜLRƏHMANLI,
yazıçı-tərcüməçi
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2020    »
 1234
567891011
12131415161718
19202122232425
262728293031