Məhəbbətlə qayıt gəl - Balaş Azəroğlunun şeirləri
Sən narın yağış kimi
Sən narın yağış kimi
Elə hopmusan qəlbimə
Sakit-sakit, aram-aram.
Yağış yağar, yer doymaz,
Mən də səndən doymaram.
Gözüm gözündən doymaz,
Qulağım səsindən.
Sinəm nəfəsindən.
Deyirlər, ən ülvi sevgi,
Səssiz, sözsüz məhəbbətdir.
Axı dilə-ağıza salmaz sevən-sevəni.
Mənə də sənin eşqin kifayətdir.
Nəyə lazım hamı bilə, sevirəm səni.
İstəmirəm şıdırğı yağış kimi,
Selə suya dönəsən.
Ya da şimşək olub,
Tez çaxıb, tez də sönəsən…
Mən də nə yağışına islana bilim,
Nə oduna yana bilim…
Neynirik nağıl olub,
Dillərə düşən şöhrəti…
Neynirik dağ çayına,
Dönən məhəbbəti.
Yamacda hay qopara
Səhrada nə səsi, nə izi qala.
Ürəyə hopmuya,
Hər yanda sözü qala.
Sən elə narın yağış ol, əzizim,
Yağ sakit-sakit, aram-aram.
Yağış yağar, yer doymaz,
Mən də səndən doymaram.
Məhəbbətlə qayıt gəl
Sən gedəli neçə vaxtdır,
saysam əgər zaman çatmaz il çatmaz.
Sən gedəndə çoxu dedi:
"Getdi, daha qayıtmaz"
İnanmadım, inansaydım,
Həsrətinə, hicranına dözməzdim,
Zaman-zaman, məkan-məkan,
Soraqlaşıb gəzməzdim.
Sən gedəli, neçə vaxtdır,
Həsrətindir, məhəbbətin
bir də mən.
Gözləyirik,
sən nə zaman dönərsən.
Sən dönəndə həsrət gedər,
İntizarı, hicranı da aparar.
Mən qalaram, sən qalarsan,
Bir də məhəbbət qalar.
Sən qayıt gəl, gedən getsin,
İstəmirəm minnət edim, yol kəsim.
Sən qayıt gəl,
təki bizi məhəbbət tərk etməsin.
İnanıram gələcəksən bir səhər,
İlk eşqinlə, ilk sevginlə qayıt sən.
Məhəbbətsiz dönüb gəlsən,
Nə sən varsan, nə də mən.
Sevgilim
Şəhla gözlərini gördüyüm zaman,
Dedim, gül üstünə bir jalə düşmüş.
Bilməm o baxışda nə məna vardır,
Bu şair eşqindən xəyala düşmüş.
Hüsnündən bəllidir, ey nazlı dildar,
Səni qucağında böyütmüş bahar.
Çiyninə tökülən xurmayı saçlar,
Sanki mərmər üstə şəlalə düşmüş.
Salıbdır gözlərin məni kəməndə,
Ancaq bu halımı duymusan sən də,
Kim səni qızlarla görsə çəməndə,
Deyər gülüstana bir lalə düşmüş.
Demirəm Məcnun tək çöllərdə qaldım,
Nə də Fərhad kimi hey külüng çaldım,
Nə Sənan oldum ki, şöhərtim, adım,
Deyələr, obaya, mahala düşmüş.
O gün ki qapıdan baxıb gedibsən,
Məni atəşlərə yaxıb gedibsən,
Qəlbimi müjgana taxıb gedibsən,
Gəl gör ki, aşiqin nə hala düşmüş.
Bahara nə qaldı
Payız qapımızı döysə də dostum,
Bahara nə qaldı? Bircə qış ömrü.
Payızın dərdini çəkmə, bilirsən –
Gəlib keçəcəkdir qar-yağış ömrü.
Ağarmış saçıma sən baxma belə,
Yazda çiçəklənər armud ağacı.
Bilirsən təbiət öz əlləriylə
Başıma qoymuşdur bir gümüş tacı.
Yazda qar altında bənövşə çıxar,
Qəlbimdə bənövşə havası vardır.
Saçımın qəlbimlə fərqini axtar,
Qış ilə baharın davası vardır...
Payız gəlib keçsə, qış da keçəcək,
Təzə don geyəcək çəmən də, düz də.
Demə, qapımızı şaxta döyəcək,
Qarşıda bahardır, baharı gözlə.
Bölmə ömrümüzü fəsillərə sən,
Bir fəsil ötdümü gələcək biri.
Düşün nə vermisən bu illərə sən,
Sənə nə vermişdi ömrün illəri.
İnqilab şairiyəm
Mən nə şah, mən nə sultan, nə yaraşıq, nə ziynət,
Nə əfsanə, nə mələk, nə saray, nə səltənət,
Nə qədim əsrləri yada salıb ağlayan,
Nə ömrünü qəzələ, mərsiyəyə bağlayan,
Nə dövrün hakiminə şeir yazıb pul alan,
Nə cəlladlar önündə həyat üçün alçalan,
Nə peymana, nə saqi, nə sərab şairiyəm,
Azadlığın carçısı inqilab şairiyəm.
Mən əyilib hakimin əllərindən öpmədim,
Şeirimi çiçək kimi ayaqlara səpmədim.
Nə aciz bir bəndəyəm, nə satılmış bir qulam,
Nə saray məddahıyam dərgahlardan qovulam.
Mən ellərin oğluyam, ellər böyütmüş məni.
Şeirim eldən alıbdır bu ilhamı, qüvvəni.
Mən nə şam, nə pərvanə, nə rubab şairiyəm,
Azadlığın carçısı inqilab şairiyəm.
Mənim könül dəftərim bənzəyir gülüstana,
Onda yer verilməmiş qarlı qışa, tufana,
Bir bahar ətri vardır hər şeirimdə, sözümdə,
Baharın həsrətilə yaşayıram özüm də.
Mən əl açıb göylərdən diləmədim azadlıq,
Mənim arxalandığım onlardan daha artıq.
Ölkələr həsrət çəkən afitab şairiyəm,
Azadlığın carçısı inqilab şairiyəm.
Tural Adışirinin təqdimatında