manera.az
manera.az

Sözün Sevinci - Tərlan Əbilov yazır..

Sözün Sevinci - Tərlan Əbilov yazır..
MANERA.AZ Tərlan Əbilovun yeni yazısını təqdim edir.

Şeir nədir? Şairin öz-özünə pıçıltısımı, yoxsa hər gün özünə başqası tərəfindən yazdığı məktubmu? Bəlkə müəllifin çəkmək istədiyi qısametrajlı filmdir? Bəlkə rəngləmək istədiyi şəkildir? Sevgimidir, həsrətmidir, kimisə itirməkmidir, kimisə tapmaqmıdır? Suallar artdıqca cavab axtaranlar üçün Sevinc Yunuslunun aşağıdakı misraları sanki göydəndüşmə olur:

Oturmuşam öz-özümə,
Səbrimə məktub yazıram.
Oxunmayacaq onsuz-
Qəbrinə məktub yazıram...


Bu, o deməkdir ki, şeir həm də bir adamın səbrinin, bir adamın qəbrinin sükutudur, ən doğma, ən ülvi bir bağlantının süqutudur. İpi əlindən buraxılmış vaxtdır, taxtını qoyub getmiş şahdır, ağ kağıza çəkilmiş neçə-neçə ahdır.

Hər yazıldığında özünə poçt qutusu, ünvan axtaran bir zərflik zərif duyğudur, bəlkə də heç kimin Sevinc Yunuslu kimi dəqiqliklə yerinə qoya bilmədiyi SONDUR:

Sonuncu məktubu qoydum
Xəzərin sahilinə...


Çünki bu iki misranın enerjisinin əzəmətinə bir kainat sığır. Kainatı özünün tərkib hissəsi hesab edən, kainatla vəhdətdə olan, özünü, sözünü kainata həvalə edən şairin poçt qutusu da məhz dəniz, dənizin sahilləri boyda olmalıydı.

Şəxsən mən bu payız günlərində istisinə qızındığım yuxarıdakı iki misranı Sevincin poeziyamız üçün sevinci hesab edirəm. O, istinad elədiyim misralarda bir az hürufidir, bir az sufi, bir az klassikdir, bir az modernist.

Öz dediyi kimi:

Bəzən bir quşun ağzında,
Bəzən bir qara daşdayıq...


Ağrı Sevincin şeirlərinin yaraşığıdır. Ağrı Sevincin hisslərinin, duyğularının doğmasıdır. O, şeirlərində həm ağrılarına, həm də oxucularına qarşı səmimi, saf və dürüstdür.

Ona görə ki, məqamı üçün ayrılan yerdən sözə gəlir, sözə sığınır, sözə qucaq açır, sözün dibindən misralarına, şeirlərinə üz tutur. O, sözünün gəmisi, dənizi, limanıdır, sözü onun.

Bizik dənizlərdə üzən
Bir qurtum suda boğulan...


- Deyən Sevinc elə buna görə də başqa bir şeirində ağrılarına məkan səhranı, çölü seçir.

Səhra istidi, çöl isti,
Sapsarı bir qum üşüyür...
Ovuclarımda tər isti,
Bəs niyə ruhum üşüyür?..


Başqa cür deyə, çözə də bilməzdi, ona görə ki, doğuluşdan canında, ruhunda bir şair azadlığı, bir şair əzabı bəsləyir. O azadlıq ki, onsuz söz söz deyil, o əzab ki, onsuz məqam məqam deyil. Onun şeirlərindəki fərqliliyinin nüvəsi də məhz budur. O, ənənəvi şeirlərində belə başqalarından seçilir.
Sözün Sevinci - Tərlan Əbilov yazır..
Yaradıcılığı əsasən şifahi xalq ədəbiyyatından qaynaqlanan Sevinc bütün şeirlərində düşüncə qəliblərini qırmağa, çilikləməyə meyllidir. Yaradıcılığının ən gözəl keyfiyyətlərindən biri də sözə ürəyini, canını qoymağıdır Sevincin.

Bədii ifadə vasitələrindən yerində istifadə edə bilmə bacarığını yaradıcılığının əsas məziyyətlərindən biri kimi dəyərləndirirəm. Sevincin sözə ehya vermək, sözü vicuda gətirmək kimi yaradıcı adətləri diqqət çəkəndir, ürəyə yatandır.

Saçların dağılır soyuq yastığa
Gözündəki mirvarilər süzülür.
Həsrətindən kəlmələnən sözlərim
Durnaların qanadına düzülür.


Və ya:

Dayanacaq zolağında tapdadı
Bayaq kimsə yerə düşən ürəyi.


bu misralar yazdıqlarıma dəlildir. Fərqli baxmaq, fərqli görmək, fərqli düşünmək budur yaradıcı adamın bəlası. Bu o bəladır ki, başına gəlməyənlər arzusundadır, bu o bəladır ki, söz-söz ilmələnir, toxunur, kəlmələnir.

Bu o bəladır ki, adamı gecə yatmağa, səhər oyanmağa qoymur. Bu o bəladır ki, sərxoşluğundan bir ömür ayılmaq, bir ömür doymaq olmur. Bu o bəladır ki, ətrafını sənə qarşı qoyur, səni ətrafından uca tutur.

Şairlik heç bir riyaziyyatçının həll eləyə bilmədiyi bir tale məsələsidir. Qırılmaqdır, sonradan Sevinc kimi öz çiliklərini yerinə qoya bilməyi bacarmaqdır:

Bir də könlümü qırma, bir an çəkər getməyim-
Çox oduma güvənmə, soyuyaram yanarsan!


Bu misralar hər an poeziyamızda böyük bir alova çevrilə biləcək qığılcımdır. Fikri dolğun, təsvirli ifadə etməkdən ötrü sözlər müəllif tərəfindən elə dəqiq sıralanıb, elə dəqiq cilalanıb ki, heyrətlənməmək mümkün deyil.

Bu həm də o deməkdir ki, sənət mində birlərin düşdüyü bəladır, mində birlərin düşdüyü sevdadır, mində birlərin düşdüyü ofsundur. Sənət onun arxasıyca gedənlə tanrı arasında atılan püşqdür. Naxışdır, taledir, dindir, yaratmaq eşqidir.

Bilirsən, adı eşqdir göydə bütün dinlərin.
Bu eşq ki var, bax bu eşq, bu eşq mində birlərin!
Bu eşq ilə bircə mən sahibiyəm yerlərin-
Səni mən yaradaram, Allahı da danarsan...


Belə deyir şair Sevinc Yunuslu, qətiyyətli və möhtəşəm. Bu vaxta qədər oxuduğum, bəyəndiyim şeirləri çox olsa da, məhz bu şeirindən sonra onun şeirləri haqqında yazmağa qərar verdim. Əbəs yerə yazımı "Şeir nədir?" sualıyla başlamamışam və yazıboyu bu suala bildiyim qədər cavab tapmağa çalışmamışam.

Əslində, elə Sevinc özü də şeirdən-şeirə inkişaf etdikcə, yaradıcılığında mövzu dairəsi genişləndikcə illərdir bu suala cavab tapmaqdan ötrü yazır.

Elə bilirəm ki, yazdığı əksər şeirlər qoyduğum bu sualın ən gözəl cavabı olsa da, o, hələ bu suala cavab çox axtarmalı olacaq, elə mən də...

3.12.2024

MANERA.AZБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2025    »
 12345
6789101112
13141516171819
20212223242526
2728293031