Camal Mustafayev: Nur ömrü - Nəriman Əbdülrəhmanlı yazır..

MANERA.AZ Nəriman Əbdülrəhmanlının "Camal Mustafayev: Nur ömrü" yazısını təqdim edir.
1. Həyatın amansız fəlsəfəsi
...Hələ dünyanı dərk eləməmiş, heç üç yaşı da tamam olmamış (1928-ci il aprelin 15-də doğulub) Qarayazının Kosalı kəndindəki Firuddinli nəslindən ortabab kəndli olan atası Vəli bəy Mustafa oğlunu qolçomaqların siyahısına salıb, ailələrini Orta Asiyaya Amu-Dəryanın qumlu sahillərinə sürgün eləmişdilər..
Yaddaşında, əlbəttə ki, o ikiillik sürgün həyatından, ağrının, məhrumiyyətin, haqsızlığın tutqun, sinəsində daşa dönmüş obrazından “kolxoz quruluşuna qarşı çıxan ziyankar ünsür” kəlməsindən başqa bir şey qalmamışdı....
1933-cü ildə sürgündən doğma Kosalıya qayıtmaları, o vaxtlar “yarımıncı sinif” adlandırılan hazırlıq sinfini bitirməsini, birinci sinfə qədəm basmasını isə dumanlı da olsa, xatırlayırdı. Amma nəinki siniflərində, hətta bütün məktəbdə ən güclü hafizə sahibi olduğu yaşıdlarının və müəlimlərinin yaxşı yadındaydı.
1937-ci ildə atasını bir daha, bu dəfə “xalq düşmənləri”nin siyahısına salmış, amma bu dəfə sürgünə yox, həbsxanala, az sonra da güllə qabağına göndərmişdilər, doqquz yaşlı oğlan da “xalq düşməninin oğlu” yarlğı qazanmışdı...
Üstəlik də 1939-cu ildə sovet-fin, ardınca dünya müharibələrinin başlanması, 1941-ci ildə Almaniyanın SSRİ-yə hücum eləməsi güzəranlarına gözgörəti təsir göstərmişdi. Deyirdi, rəhmətlik anamın dəyanəti, qohum-əqrəbanın, qonum-qonşunu yardımı olmasaydı, o məşəqqətli illərdən sağ çıxa bilməzdik...
Məktəbdə dərslərə ara verildiyindən işi-gücü yalnız qapı-bacada anasına yardım göstərmək, kitab oxumaq, tay-tuşlarından birinin evində radiodan cəbhə xəbərlərini dinləmək idi...
Onda yeniyetmə Camal hələ taleyinə həyatın fəlsəfəsini dərk eləmək yazıldığını bilmirdi...
2. Fəlsəfə elminin ardınca
Məktəbdə dərslər cəbhədə dönüş yaranandan sonra 1943/1944-cü dərs ilində başladı, yeniyetmə Camal da sonsuz həvəslə oxuyub-öyrənməyə başladı. Deyirlər, dolu bədənli, sağlam, yaraşıqlı oğlan imiş, çox vaxt dərsə kitab aparmazmış, müəllimin sinifdə dedikləri yaddaşına dərhal həkk eləyər, əzbər söyləyərmiş.
Yeddilliyi bitirəndə Tbilisidəki İkiillik Müəllimlər İnstitutuna qəbul olundu, iki il də bitirdiyi məktəbdə müəllim işlədi. Amma oxuyub-öyrənmək yanğısı ona rahatlıq vermirdi, üstəlik də fəlsəfə elminə bələd olmaq istəyirdi. Deyirdi, o vaxtlar marksist fəlsəfə böyük şöhrət qazanmışdı, marksist filosof kimi yetişmək elə partiyanın ideoloqu mərtəbəsinə ucalmaq demək idi, mən də marksizmin mahiyyətinə varmaq istəyirdim.
1948-ci ildə Azərbaycan Dövlət Universiteti tarix fakultəsinin fəlsəfə şöbəsinə daxil olmaq üçün yetərincə hazırlığı vardı, buna görə də heç çətinlik çəkmədi. Cəmi-cümlətanı iyirmi yaşındaydı, tale axır ki, xoş üzünü göstərməyə başlamışdı.
Savadı, erudisiyası, fəallığı özünü qısa müddətdə büruzə verdi, 1949-cu ildə təhsilini davam etdirmək üçün M.Lomonosov adına Moskva Dövlət Universitetinin fəlsəfə fakultəsinə göndərilən tələbələr arasında Camal Mustafayev də vardı.
Deyirdi, rus dilini özbaşıma, mütaliəylə öyrənmişdim, rusca kitablar oxuyur, hər sözün, hər cümlənin üzərində dayanır, mənasını tam anlamağa çalışırdım, ona görə Moskvada o qədər də çətinlik çəkmədim, elə ilk semestrdəcə rusdilli yoldaşlarımla ayaqlaşdım.
Amma 1952-ci ildə təhsilini başa vuranda taleyin bəd üzü – ailəsinin mənşəyi – özünü yenidən göstərdi: elə bil “xalq düşməni”nin oğlu fəlsəfə elmində daha irəli getsəydi, çox mətləbləri dərk eləyər, marksizmə “xələl gətirərdi”.
Beləcə, Gürcüstana qayıtdı, əvvəlcə Qaratəpə (o vaxt rayon mərkəzi belə adlanırdı), sonra isə bitirdiyi Kosalı məktəbində müəllim və direktor işlədi...
3. Səməd Vurğunun comərdliyi
Deyirdi, bu tərcümeyi-halla partiya sıralarına qəbul edilməyim belə möcüzəydi, ona görə də marksizm-leninizm fəlsəfəsi üzrə aspiranturaya daxil olmaq mümkünsüz görünürdü, amma bütün bunları yaxşı bilsəm də, fikrimdən dönmək istəmirdim.
1954-cü ilin aprelində o vaxt SSRİ Elmlər Akademiyası Azərbaycan bölməsinin vitse-prezidenti olan şair-akademik Səməd Vurğuna alovlu məktub yazanda qəlbində arzusunun gerçəkləşəcəyinə böyük ümid vardı. Çıraq işığında qələmə aldığı məktubunda ümumi tərəqqi fonunda xalqın geri qalmasından şikayətlənmiş, aspiranturaya girmək, Səməd Vurğunun estetik görüşləri mövzusunda dissertasiya yazmaq arzusunda olduğumu bildirmişdi.
Deyirdi, məktubumun Səməd Vurğuna çatdığına əmin deyildim, ona görə də tətildə Bakıya getdim, fəlsəfə şöbəsi Tarix İnstitutunda olduğundan sənədlərimi direktor Əlövsət Quliyevə göstərdim, o, etiraz eləməsə də bioqrafiyamın “namünasib” faktından ehtiyatlanıb boyun qaçırdı: “Ona görə də tələbə yoldaşım və taledaşım Şəmsəddin Cəfərovun təklifiylə Vurğunun qəbuluna getməyi qət elədim. Katibəsi Gürcüstandan gəldiyimi bildirəndə “Kimdir, buraxın,” – dedi. Qarayazı mahalından gəldiyimi dedim, şair üzümə diqqətlə baxıb xəyala daldı. Gəlişimin məqsədini söyləyəndə birdən ayağa qalxdı, əlini çiynimə qoydu: “Ürəyini sıxma” – dedi, dərhal da aspiranturaya göndərilmək məsələmi həll eləməyə girişdi. Müəyyən müqavimətə rast gəlsə də istəyimi yerinə yetirdi”.
Beləcə, qəlbində böyük şəxsiyyətə və sevdiyi sonsuz minnətdarlıq hissi Bakıdan Qarayazıya döndü, ərizə yazıb məktəb direktorluğunu təhvil verdi, yır-yığış eləyib Moskvaya yola düşdü...
Artıq bələd olduğu Moskvada, SSRİ EA Fəlsəfə İnstitutunun aspiranturasında üçillik təhsil dövrü sanki bir göz qırpımında gəlib keçdi. Ən çox getdiyi yer kitabxanalar, ən çox görüşdüyü döstları, sözün əsl mənasında, kitablar oldu...
4. Nizami dühasının nuru
Amma böyük şairə minnətdarlıq borcununu yerinə yetirə bilməməsi qəlbinə daş kimi çökdü: Səməd Vurğunun estetik görüşləri ilə bağlı mövzusunu təsdiq eləmədilər. Onda Vurğun hələ həyatda idi, dünyadan köçməmiş ədibin yaradıcılığını belə bir elmi araşdırma hədəfinə çevirmək məqbul sayılmırdı.
Bu səbəbdən, Nizami dühasının nurundan bir zərrə qoparmaq qədarına gəldi, “Nizaminin fəlsəfi və etik görüşləri” mövzusunu təsdiq etdirdi, XII əsrdə Azərbaycanda ictimai fikrin vəziyyətini, Nizaminin insan ruhu haqqında baxışlarını, qədim Hind və Yunan fəlsəfəsindən bəhrələnməsini, müdriklik, xeirxahlıq, ağıl, xoşbəxtlik, əməksevərlik, məhəbbət haqqındakı etik görüşlərini araşdırdı.
“Taleyin işinə bax ki, - deyirdi, - mən elmi işimi yekunlaşdırana yaxın, 1956-cı il mayın 27-də böyük şair dünyasını dəyişdi. Həyatımda əvəzsiz rol oynamış insanın itksi mənə ağır təsir göstırdi. İzin versəydilər, dissertasiyamın titul vərəqində yazardım: “Xalq şairi Səməd Vurğunun xatirəsinə həsr olunur””.
1957-ci ildə Bakıya dönən Camal Mustafayev düz on il Azərbaycan EA Fəlsəfə və Hüquq İnstitutunda elmi işçi və baş elmi işçi pillələrini səbirlə, təmkinlə keçdi, bir daha dahi şairin nurundan aydınlanıb “Nizaminin ideyalar aləmi və müasirlik” mövzusunda doktorluq dissertasiyasiyası üzərində işlədi. O, 1962-ci ildə çapdan çıxmış “Nizaminin fəlsəfi və etik görüşləri” adlı monoqrafiyasıyla yanaşı, “Azərbaycan fəlsəfi-ictimai fikir tarixi oçerkləri”, “SSRİ xalqlarının fəlsəfə tarixi”, “Nizaminin dünyagörüşü”, “Yaxın Şərqdə sosial utopiyanın səciyyəsi” elmi araşdırmalarını qələmə aldı, Azərbaycan fəlsəfi fikrində öz yeri və çəkisi ilə seçildi.
Yazıçı-filosof Firuz Mustafa yazır k, “...o vaxtlar filosof Asif Ata (Əfəndiyev) Axundov adına kitabxanaya (indik Milli Kitabxanaya) tez-tez gələn adamlardan biri idi. Adəti üzrə hər adamı saymayan, bir qədər acıdil, bir xeyli iddialı Asif müəllim, həmkarı Camal Mustafayev haqda söhbət düşəndə ehtiramla: “O, filosofdur” - deyərdi...”
5. Təbiətinə görə pedaqoq
Camal Mustafayev üçün müəllimlik ən müqəddəs peşəydi. Müstəqil həyata müəllim peşəsiylə qədəm qoymuşdu, auditoriyada omağı, oyrənmək istəyənlərlə ünsiyyət girməyi çox sevirdi...
Bəlkə, elə buna görə 1968-ci ildə ovaxtkı V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (indiki Azərbaycan Dövlət Pedaqoji Universiteti) elmi şurasında doktorluq işini müdafiə eləyəndən sonra M.F.Axundov adına Azərbaycan Dövlət Pedaqoji Xarici Dillər İnstitutuna (indiki Azərbaycan Dillər Universiteti) üz tutdu, fəlsəfə kafedrasının müdiri seçildi, orada səkkiz il elmi-pedaqoji fəaliyyət göstərəndən sonra, 1976-cı ildə elmi-pedaqoji fəaliyyətini S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti (indiki Bakı Dövlət Universiteti) etika və estetika kafedrasının professoru kimi davam etdirdi, 1985-1991-ci illərdə həmin kafedaranın müdiri kimi çalışdı. 1982-ci ildə “Əməkdar elm xadimi” fəxri adına layiq görülməsi isə onun sanballı elmi-pedaqoji fəaliyyətinə verilən qiymət idi.
Professor Camal Mustafayevi elə tələbəlik illərimdən uzaqdan-uzağa tanıyırdım, mənə dərs deməsə, aramızda ünsiyət olmasa da, haqqında yalnız xoş sözlər eşidirdim, yaxından tanıyanlar son dərəcə mədəni, nəzakətli, mərhəmətli, şəfqətli, obyektiv, həqiqətpərəst, xeyirxah, təəssübkeş, müdrik... insan olduğunu söyləyirdilər. Bəlkə də elə bu səbəbdən rastlaşanda hörmətlə salam verirdim, Camal müəllim də tələbələrindən biri sayıb salamımı özünəxas mehribanlıqla alırdı.
Onunla ilk yaxın ünsiyətim 80-ci illərin sonlarında, ictimai-siyasi vəziyyətin kəskinləşdiyi, Gürcüstan əsilli ziyalıların yığışıb ortaya çıxan problemləri çözmək üçün yollar aradıqları vaxtlarda baş tutdu. Camal müəllim meydan və kürsü ziyalılarından deyildi, amma milli dirçəlişdə, ictimai-siyasi şüurun təşəkkülündə müsbət və mütərəqqi nə vardısa, məqbul sayır, qədim yunan demokratiyasından, Şərq intibahından, xalqımızın öz istiqlaliyyəti uğrunda apardığı mübarizədən vəcdlə danışır, hər bir ziyalının üzərinə düşən vəzifələri çox dəqiq formulə eləyirdi...
6. Ömrünün müdriklik çağı
Ömrünün 70-ci ilini yenicə tamamlamış professor Camal Mustafayev 1999-cu ildə 33 il çalışdığı Bakı Dövlət Universitetindən gedəndə onu tanıyanların və sevənlərin hamısı təəssüfləndi...
Amma o, elmi-pedaqoji fəaliyyətinə ara vermədi, Kosalı kəndinin yetirməsi, Xəzər Universitetinin qurucusu professor Hamlet İsaxanlının dəvətilə “Xəzər” Tərcümə Araşdırmaları Mərkəzinə rəhbərlik elədi. 2008-ci ildə haqqında “Dədə Camal” alı toplu nəşr edildi, “Borçalı” Cəmiyyəti nəzdində “Dədə Camal Məclisi” quruldu, Musiqili Komediya Teatrında 80 illiyi ilə bağlı adına layiq, möhtəşəm yubiley tədbiri keçirildi. Azərbaycan elmi, ədəbi, ictimai mühitinin çox dəyərli nümayəndələrinin iştirak etdiyi yubiley tədbirini Xalq şairi Zəlimxan Yaqub apardı. Sonra yubiley tədbiri onun doğma kəndi Kosalıda baş tutdu. Görkəmli şair-tərcüməçi, “Borçalı” İctimai Cəmiyyətinin sədri Eyvaz Borçalı və tanınmış ziyalı Zəlimxan Məmmədliylə iştirak elədiyimiz o tədbir Camal Mustafayev – artıq Dədə Camal kimi müdrik insan - fenomenini bütün çalarlarıyla üzə çıxardı.
Professor Camal Mustafayevin o dövrdə işıq üzü görən “İdrakın şeiriyyəti” (1999) və “Fəlsəfi-tarixi araşdırmalar” (2013) kitabları da məhz böyük erudusiyanın, yetkin təfəkkürün, bənzərsiz idrdkın məhsuluydu. Onun xüsusilə, Zərdüştlük fəlsəfəsi ilə bağlı qələmə aldığı sanballı araşdırmaları (“Zərdüştlük Avropa fəlsəfəsində”, “Zərdüştçü yunan filosofu Heraklit”, “Zərdüştlüyün Demokritə təsiri”, “Hegelin əsərlərində zərdüştlük”, “Herderin zərdüştlüyə baxışları”, Volterin Zərdüşt haqqında qeydləri”, “Tarixin fəlsəfəsi”ndə zərdüştlüyün şərhi”) bütövlükdə fəlsəfəyə və zəngin ənənələri olan Azərbaycan fəlsəfi fikrinə dərindən bələdliyini aydın büruzə verir. O cümlədən, “Fəzlullah Nəiminin izi ilə”, “Nəsiminin açılmamış sirləri”, “Aşıq Ələsgər irsində sufilik” araşdırmalarında o, hürufiliyin və sufizmin təsir arealını, “Qalib gələcəkmi cahanda kamal?” məqaləsində Səməd Vurğunun “İnsan” dramında qoyduğu məşhur sualın köklərini araşdırır.
7. Riyadan və təmənnadan uzaq ömür
Xalq şairi Məmməd Arazın təbirincə desək, professor Camal Mustafayev yaxşı filosof, mərd adam, riyadan, təmənnadan uzaq, sözünü məqamında deməyi bacaran kişiydi...
Üstəlik də insanlara qarşı son dərəcə diqqətli, xeyirxah, təmənnasız insan idi. Tanıdığı, ünsiyyətdə olduğu kimsənin uğurunu nəzərdən qaçırmaz, bacardıqca xoş sözlərini əsirgəməzdi. Verdiyim kitablarımı diqqətlə oxuyar, zəng vurar, düşüncələrini bölüşərdi. Hətta ömrünün son illərində, xəstə olanda professor Asif Hacılının, yaxın dostluq elədiyi şair-tədqiqatçı Xanəli Kərimlinin kitablarını oxuyub diqtəylə məktub yazdırıb göndərdiyindən də xəbərim var.
O illərdə neçə dəfə qəsddənsəm də özümü Dədə Camalı yoluxmağa məcbur eləyə bilmədim: daim nur saçan, nikbin, həyatsevər insanı yataqda görmək məndən ötrü ağır idi. Vaxtaşırı zəng vururdum, ağrılarını səsindək gümrahlıqla ört-basdır eləməyə can atırdı
Xanəli Kərimli demiş, ömrü boyu insana və insanlığa xeyirxah əməlləri ilə xidmət eləyən Camal müəllim çox səbirli, təmkinli, şükürlü Allah adamı idi, ən çətin vaxtlarında belə, Haqqa bağlılığını, şükranlığını bir an da olsa azaltmadı, həyatda sağlığında necə məğrur, əyilməz idisə, xəstəlik qarşısında da son anadək əyilmədi, ucalığını, aliliyini qoruyub saxladı. Hətta 2016-cı il yanvarın 15-də dövlətin yardım göstərməli olduğu haqqında bir sıra saytlarda gedən məlumat heysiyyətinə toxunmuş, redaksiyaya məktub göndərib etirazını bildirmişdi. 90 yaşına bir neçə ay qalmış – 2017-ci il dekabrın 2-də - əbədiyyətə qovuşanda və doğma yurdu Kosalıya uğurlananda onu tanıyanların büruzə verdikləri böyük sevgi də bənzərsiz insanın əsl dəyəri kimi yaddaşlara qaldı.
2018-ci ildə Ankarada Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) və Borçalı Cəmiyyətinin birgə təşkilatçılığı ilə “Türk Dünyasının öncülləri” silsiləsindən tədbir keçirilməsi, 2020-ci ildə Tbilisidəki Mirzə Fətəli Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyində xatirəsinin anılması da sevənlərini Dədə Camala vəfa borcu idi...
Elə indi də müdrik insan, böyük filosof və vətəndaş Camal Mustafayev yaddaşımda nur topası kimi yaşayır...
2025, avqust
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.