manera.az
manera.az

Azərbaycan teatrının aktual problemləri - Teatrşünas Elçin Cəfərov yazır

Azərbaycan teatrının aktual problemləri - Teatrşünas Elçin Cəfərov yazır
Azərbaycan teatrının problemləri kompleks xarakter daşıyır və onları bir-birindən ayırmaq doğru olmaz. Bu gün Azərbaycan teatr sənətinin qarşılaşdığı əsas problemlər sırasında yaradıcılıq, menecment və idarəetmə, kadr potensialı, PR və kommunikasiya, marketinq, dramaturgiya və repertuar siyasəti, teatr nəzəriyyəsi və digər məsələlər dayanır.

MANERA.AZ xəbər verir ki, bu fikirləri sənətşünaslıq üzrə fəlsəfə doktoru, teatrşünas Elçin Cəfərov bildirib.

Onun sözlərinə görə, mövcud problemlərin mərkəzində yaradıcılıq dayanır, lakin teatrın sağlam yaradıcılıq mühitinin formalaşması üçün sadalanan bütün digər məsələlər də bir o qədər əhəmiyyətlidir: “Düşünürəm ki, Azərbaycan teatrının ən böyük problemlərindən biri alternativlərin olmamasıdır. Ölkədə faktiki olaraq yalnız bir teatr sistemi – dövlət teatrları sistemi fəaliyyət göstərir və əsas diqqət də məhz dövlət teatrlarının qorunması və fəaliyyəti ilə bağlı tədbirlərə yönəlib. Müstəqil teatrlar şəbəkəsi isə demək olar ki, diqqətdən kənarda qalır. Azsaylı müstəqil teatr kollektivləri minimal resurslarla bacardıqları qədər maraqlı işlər görməyə çalışırlar, bəzi hallarda hətta dövlət teatrlarından daha uğurlu nəticələr əldə edirlər. Lakin gördükləri işlər rentabelli deyil və əsasən ayrı-ayrı şəxslərin şəxsi təşəbbüsü, hətta deyərdim ki, fədakarlığı hesabına mümkün olur”.

Teatrşünasın fikrincə, teatrların maliyyələşmə strukturları və idarəetmə sistemləri hələ də müasir tələblərə tam uyğunlaşmayıb. Bu isə yaradıcı risklərin alınmasını, yeni ideya və formaların sınaqdan keçirilməsini, innovativ layihələrin irəli çəkilməsini xeyli çətinləşdirir: “Repertuar siyasətində klassika ilə müasir dramaturgiya arasında sağlam balans tam formalaşmayıb. Yeni müəlliflərin irəli çəkilməsi, eksperimental formaların, müasir rejissor texnikalarının tətbiqi hələ istənilən səviyyədə deyil. Teatrların rəqəmsal kommunikasiya və marketinq strategiyaları zəif olduğundan, geniş auditoriya ilə davamlı əlaqə, brend quruculuğu və tamaşaçı loyallığı kifayət qədər formalaşmır”.

Onun sözlərinə görə, ölkədə hər il Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində teatrşünaslıq ixtisası üzrə 15–20 tələbə məzun olsa da, onların işlə təminatı məsələsi demək olar ki, heç kimi maraqlandırmır: “Bu gün ölkədə istisnasız olaraq heç bir teatrşünas sırf teatrşünas kimi fəaliyyət göstərdiyinə görə məvacib almır. Peşəkar teatr məqalələrinin dərc olunduğu, müəlliflərə qonorar verən bir mətbu orqan belə yoxdur. Teatrşünaslıq teatr prosesinin diaqnostikasıdır. Təsəvvür edin ki, teatrımız bu gün diaqnostikasız fəaliyyət göstərir. Buna baxmayaraq, son illərdə bu sahəyə həqiqi sevgisi və marağı olan istedadlı, savadlı gənclər yetişir. Amma onlar da yuxarıda qeyd etdiyim səbəblərə görə müxtəlif sahələrə yönəlir, nəticədə Azərbaycan teatrını irəli apara biləcək çox perspektivli kadrları itiririk”.

Elçin Cəfərov qeyd edib ki, ümumiyyətlə, qlobal miqyasda teatrın cəmiyyətdə rolu dəyişməkdədir. Əvvəllər teatr həm informasiya, həm də əyləncə mənbəyi rolunu oynayırdısa, bu funksiyaların əksəriyyətini bu gün rəqəmsal media, sosial şəbəkələr və müxtəlif platformalar öz üzərinə götürüb: “Bu şəraitdə teatr daha çox düşüncəyə xitab edən, müzakirə açan, sosial və mənəvi mövzuları aktual edən bir məkana çevrilib. Müasir tamaşaçı vizual estetikanın güclü olduğu, hekayənin sürətli, emosional və səmimi təqdim olunduğu tamaşalardan ilham alır. Real hekayələr, sənədli yanaşmalar, multimedia, performans sənəti və texnologiya ilə inteqrasiya edilmiş formalar tamaşaçı üçün daha cəlbedicidir. Tamaşaçı artıq yalnız passiv izləyici olmaq istəmir, o özünü hekayənin bir hissəsi kimi hiss etmək istəyir. Ümumiyyətlə, müasir insan özünü dünyanın mərkəzində görür”.

Onun fikrincə, bu gün incəsənətin, o cümlədən teatrın simasını müəyyən edən əsas faktorlardan biri informasiya-kommunikasiya texnologiyalarının, sosial medianın və süni intellektin cəmiyyət həyatına təsiridir: “Dünya teatrı müasir texnologiyalardan, multimediadan, süni intellektin imkanlarından geniş istifadə edir. Bizdə isə, yumşaq desək, vəziyyət bir qədər fərqlidir. Teatrlarımız bu texnologiyalara təhlükəli rəqib və ya düşmən kimi baxdığı, onların yaratdığı imkan və fürsətlərdən bixəbər qaldığı müddətdə inkişafdan geri qalmaq labüddür”.

Eyni zamanda teatrın təbiətinə xas olan canlı, təkrarsız məqamların bu gün də onun əsas üstünlüyü olaraq qaldığını vurğulayan teatrşünas deyib:

“Rəqəmsal platformalarda hər şey təkrarlana, kopyalana bilir. Teatrda isə hər tamaşa unikal hadisədir – aktyorun nəfəsi, zaldakı enerji, ani improvizasiya və emosional kontakt yalnız həmin məqamda, həmin məkanda yaranır. Bu “burada və indi” prinsipi teatrı digər sənət növlərindən fərqləndirir və bu gün də tamaşaçıya daha dərin təsir bağışlayır. Teatr həmişə var olub və həmişə də olacaq. Ola bilər ki, bu gün teatr dediyimiz sənət növü əvvəlki dövrlərin teatrından kəskin şəkildə fərqlənsin, lakin bu da tamamilə təbiidir və qanunauyğundur”.

Teatrşünas qeyd edib ki, bu gün Azərbaycanda teatr auditoriyasının say göstəricilərində kəskin artımdan çox, keyfiyyət dəyişiklikləri nəzərə çarpır. Ənənəvi anlamda mütəmadi olaraq teatr izləyənlərin sayı qismən azalsa da, eksperimental tamaşalara, alternativ məkanlarda keçirilən performanslara, multimedia və interaktiv layihələrə maraq artıb: “Xüsusilə gənclər üçün teatr artıq təkcə klassik sənət məkanı deyil, həm də müasir fikir mübadiləsi və sosial dialoq platformasıdır. Sosial mediada teatrların daha aktiv olması, PR işinin, rəqəmsal kontentin paylaşılmasının genişlənməsi tamaşaçı marağının stimullaşdırılmasına təsir göstərir. Riyazi baxımdan böyük artım olmasa da, auditoriyanın profili dəyişir. Bu isə, məncə, teatrın gələcək inkişafı üçün daha perspektivli istiqamətdir”.


Baxış sayı - 150 | Yüklənmə tarixi:




Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2025    »
1234567
891011121314
15161718192021
22232425262728
293031