manera.az
manera.az

Ay işığı - Xuraman Hüseynin yeni hekayəsi

Ay işığı - Xuraman Hüseynin yeni hekayəsi
Məlahətli, şirin səsi olan qəssab Elman muğamları çox sevirdi. Qohumların, dost-tanışların məclisində, xeyir işində oxuması üçün ona da söz verirdilər. Elman, oğlu Turqayın oxumaq üçün səsinin olmasını çox istəyirdi.

Amma balaca Turqayın bu istedadı olmadığı üçün məktəb yaşına çatanda onu tar sinfinə qoydu. Xalq mahnılarını, muğamları, onların sirrini öyrənən Turqay bu musiqi alətinin təmirini yaxşı bacaran müəllimi İlqara da kömək edirdi. O, atasının kəsdiyi danaların ürəyinin pərdəsini qurudub tarın çanaq üzlüyünün pərdəsini hazırlaması üçün İlqar müəllimə gətirirdi.

Ruhən bağlandığı musiqinin sirrinə, sehrinə yaxından bələd olan Turqay başqa musiqi alətlərində ifa etməyi də öyrəndi. Amma tale elə gətirdi ki, orta məktəbi bitirdikdən sonra o, mühəndis ixtisasına yiyələndi. Təhsilindən, işindən asılı olmayaraq həyatını, boş vaxtlarını maraqlı, rəngarəng edən musiqidən isə heç vaxt ayrılmadı...

Universiteti bitirdikdən sonra işləməyə başlayan Turqay musiqi zövqünə korluq vermirdi. Vaxtı olanda xoşuna gələn konsertlərə də gedirdi. Aytəkinlə də getdiyi konsertlərdən birində tanış olmuşdu. Bu tanışlıq onun həyat palitrasına sevgi ilə rəng qatmasına səbəb oldu. Çox keçmədi ki, bu sevgi ailə qurmaq istəyinə çevrildi. Universiteti yeni bitirən Aytəkin ədəbiyyat müəllimi işləyirdi. Onun gözəlliyinə, qara, uzun saçlarına, işinə çoxu aşiq olsa da o, ilk tanışlıqda Turqayın xasiyyətinə, savadına, zövqünə vuruldu. Bir ananın iki balası kimi xarakterizə etdikləri musiqi ilə ədəbiyyata olan maraqları, sevgiləri onları həyatda da birləşdirdi.

Gənc yaşlarında evləndilər. Bir qızları dünyaya gəldi. Aytəkin digər səma cisminin - Günəşin adını qızına qoydu. Anası kimi gözəl olan Günəş də həyatın enişli-yoxuşlu pilləkənləri ilə yola davam etdi: orta məktəbi bitirdi, ali təhsil aldı, ürəyinin qapısı eşqə açıq oldu. Sevib-seçdi, ailə qurdu. Toydan sonra ərinin işi ilə əlaqədar onunla okeanın o tayına getdi və orada yaşamalı oldu. Turqayla Aytəkinin Günəşdən başqa övladları olmadı. Gözlərinin ağı-qarası bir övladları üçün valideyn kimi əllərindən gələni etdilər. Həmişə mehriban yaşayan, bir-birlərinə can deyib, can eşidən Turqayla Aytəkin qızları Günəşi ərə verdikdən sonra baş-başa verib mehriban həyatlarına davam edirdilər...

Ay işığı üstə hərdən bal kimi şirin mübahisələri düşürdü. Turqay sanki ömür-gün yoldaşının ay işığını bu qədər sevməsini qısqanır, gecə ilə işığın bir-birlərinə zidd olduğunu deyirdi. Aytəkin gülümsəyərək o işığın aya məxsus olduğunu bildirir və gecə olmasa ayın, onun işığının da olmayacağını deyirdi. Onlar bəzən səmaya baxanda bu səma cisimlərinin sanki bir-birləri üçün yarandıqları haqda danışırdılar. Bir-birləri üçün yarananların xoşbəxtliyi onların əsas müzakirə mövzusu olurdu. Həmişə həyatın aydınlığa olan ehtiyacı, gündüzün günəşə, gecənin isə qaranlığı nura qərq edən aya məxsus olması haqqında düşüncələrini bölüşürdülər. Həyat yoldaşının ay işığına çox baxdığını görən Turqay bəzən zümzümə də edirdi:

"Yenə gəl bizə, duraq üz-üzə
ay işığında, ay işığında..."


Aytəkin, adını daşıdığına görə ayı və onun işığını çox sevirdi. Anası ona bu adı qoyarkən sanki qızının aytək gözəl olacağını və adını daşıdığı bu səma cismini də çox sevəcəyini bilirdi. O, yay gecələrində aya tamaşa edərək düşüncələrə dalmaqdan yorulmurdu. Baxır, baxır, gözləri yol çəkirdi - əbədi xoşbəxtlik yolunu...

Yaşadığı günlərdən süzülüb gələn xatirələr nura, işığa qərq olub ömür yollarını aydınladır, işığa çıxarırdı. Həmişə deyirdi ki, ayın işığı adamı ovsunlayır elə bil. Ay işığına baxanda özünü göy üzündə, sakit bir yerdə Turqayla baş-başa hiss edirdi. Turqayın, evləndikdən sonra qadının ərinin soyadını daşımaq istəyi, onların bir-birlərinə olan sevgiləri, hətta dünyalarını dəyişdikdən sonra məzarlarının yanaşı olması haqqında dediklərini maraqla dinləyən Aytəkin, sevginin bəşəri bir hiss olduğu haqqında söhbətlərdə bəzən ona məğlub olduğunu təbəssümlə etiraf edirdi:

- Sənin kimi heç kim sevə bilməz, bəlkə də. Amma heç kim səni mənim qədər sevə bilməz...

Bu sevgini Günəş artırmış və onları bir-birlərinə daha çox bağlamışdı. Hər ikisi bilirdi ki, bu, övlad sevgisidi. Günəş dünyaya gəlməzdən əvvəl də bir-birlərini çox sevən Turqayla Aytəkin həmişə sevgidən, Leyli ilə Məcnundan danışır, onların hisslərini real həyatda yaşadıqları üçün özlərini xoşbəxt sanırdılar.

İşini yaxşı bacaran, lakin vəzifəyə təyin olunmaq üçün dost-tanışı, maddi imkanı olmayan Turqay da, Aytəkin də halal zəhmətlə xoşbəxt olmağı bacaranlardan idilər. Onlar ədəbiyyatı, incəsənəti, musiqini çox sevirdilər. Tez-tez teatrlara, konsertlərə, muzeylərə gedir, günləri mütaliə, maraqlı gəzintilər, səyahətlərlə keçirdi. Baş-başa verib yaşayır, doğmalarından, yaxınlarından kiməsə kömək lazım olanda gücləri çatan qədər onlara köməklik göstərir, dəstək olmağa çaışırdılar; xeyirdən, şərdən qalmazdılar. Hər ikisi həyatlarından çox razı idilər. Deyirdilər ki, bizi xoşbəxt edən sevgimiz və bir-birimizə olan hörmətimizdir. Turqayla Aytəkinin bir-birlərinə sevgisinə, hörmətinə həsəd aparanlar, onları gözləri götürməyənlər də vardı. Amma buna can atan heç kəs arzusuna çatmırdı. Onlar heç kimə, heç nəyə fikir vermir, hər şeyə rəğmən xoşbəxt həyatlarına davam edirdilər.

Qəfil ürəyinin sancması və halının pisləşməsi Aytəkinə xoşbəxtliyi haram etdi. Əlindən pislik gəlməyən, heç kimin xətrinə dəyməyən, qəlbini sındırmayan, təmizqəlbli, xeyirxah Aytəkinin sevən ürəyi sözünə baxmırdı. Çox çəkmədi, həkimlərin diaqnozu öz təsirini göstərməyə başladı. Ay kimi nurlu, al yanaqlı Aytəkindən get-gedə əsər-əlamət qalmadı. Bundan xəbər tutan qohumlar, tanışlar ona baş çəkməyə gəlirdilər. Qızı Günəş də həyat yoldaşı və üç yaşlı qızı Nurayla gəldi. O, anasını bu vəziyyətdə qoyub qürbətə gedə bilmədi.

Günəş və ay növbə ilə göy üzündə görünürdü. Göydə ayı gəzən Aytəkinin gözləri nəvəsini axtardı. Nuray nənəsinin ay işığına olan sevgisi haqda eşitmişdi. O da nənəsi kimi ay göy üzündə görünəndən sonra durub ona tamaşa edirdi. Balaca Nuray nənəsini görən kimi əlini göyə uzatdı. Ay görünmürdü. Sonra görünəcək, işığı göz oxşayacaqdı. Amma Nuray bu göy cismini daha tək seyr edəcəkdi. Çünki nənəsi Aytəkin ayı da götürüb getmişdi başqa dünyaya...

Sevib-seçdiyi ömür-gün yoldaşı Aytəkinin ölümündən sonra həyat Turqay üçün dəyişmiş, sanki daha ağır addımlarla, çox ləng gedirdi. Günəşli, gül-çiçəkli, al-əlvan baharı görməyə tələsən qaranquşlar kimi tez keçən vaxt, zaman keçməyə tənbəllik edirdi. Saatın əqrəbləri də tənbəlləşmişdi sanki. Hər yerdə gözləri dünyalar qədər sevdiyi Aytəkini axtarırdı. Qapı döyüləndə və telefon zəng edəndə Aytəkin olduğunu zənn edir, əvvəl sevinir, sonra isə onun heç vaxt gəlməyəcəyini və zəng etməyəcəyini düşünüb kədərlənirdi. Bu kədər göz yaşlarına dönərək onun dərdinə şərik olurdu.

Aytəkinin bu dünyadan köç etmək zamanı deyildi, hələ cavan idi. Qadın kimi özünə yaxşı baxsa, əri ilə birgə sanatoriyalardan, kurortlardan qalmasa da, çağırılmamış qonaq kimi sevən ürəyinin qapısını döyən xəstəliyin əlində aciz qalmışdı. Müalicələrin də xeyiri olmamışdı. "Kaş bu xəstəliklər olmayaydı", - deyə düşünürdü ömür-gün yoldaşı xəstəliyin qurbanı olan Turqay. Həyatın amansız qanunları isə heç kimin rəyini nəzərə almır. İnsan dünyaya gəlir, yaşayır, böyüyür, özünə gün-güzəran qurur, sevir, seçir, evlənir, sonra isə yavaş-yavaş bu dünyaya səyahət başa çatır. Həyat səyahəti başa çatanlar torpağın qoynuna köç edirlər. Ana torpaq ana sevgisini göstərərək onları qoynuna alır. Bu dünyada həyatımız, yaşayışımız, dolanışığımız bir-birinə bənzəməsə də, torpağın qoynunda hamımız onun balasına çevrilirik. Sevdiyimiz, yaşamaqdan doymadığımız həyat-günəşli, işıqlı, gül-çiçəkli, uca dağlı, təmiz havalı, buz bulaqlı dünya fanidir...

Qırx gündən sonra hər kəs çəkildi öz evinə. Arada qohumlar Turqaya təskinlik verməyə gəlsələr də, tədricən onlar da çəkilib getdilər. Nuray da atası, anası ilə birgə okeanın o tayındakı yuvalarına çəkildi. Ay üzlü Aytəkinin ruhu ilə tək qaldı Turqay.

O, tənhalığın nə demək olduğunu artıq görməyə başlayırdı. Həyatın bu amansız qanununu heç kimə arzulamır, sevginin onu yarı yolda qoymasına pərişan olur, üzülürdü. Qızını da narahat etmək istəmirdi. Günəş qürbət eldə yaşamasaydı, o da tənha qalmazdı. Amma bu, həyatdır. Alın yazısının həkk olunduğu həyat...

Qəssab Elman vaxtilə dəvə də kəsib satırdı. Hərdən ona dəvə kəsmək üçün kömək edən qonşusu, yekəpər Sahib yenə köməyə gəlmişdi. Sahib, kəsiləcək dəvənin başına balta ilə zərblə vurdu, dəvə nərə çəkdi, gözlərindən yaş axdı, sanki göy guruldadı, günlərdir, dolan buludlar yağış yükünü səpməyə başladı. Elman dəvə kəsəndə qonşu uşaqları hasarın başına çıxıb ona baxırdılar. Düşdükləri avtomobil qəzasında atası gözlərinin qarşısında həlak olan Coşqun dəvənin gözlərindən axan yaşa dözə bilmədi.

Eynək kimi dəvənin gözlərini qumdan qoruyan, qapalı vəziyyətdə də onun işığı görməsinə kömək edən şəffaf göz qapaqları və o gözləri günəş şüalarından, zərbələrdən qoruyan ətrafındakı sümüklər Elmanın baltasının zərbəsi qarşısında aciz qalmışdılar. Qurani-Kərimin ayələrində dəvənin xilqəti haqda da söhbət açılır...

Coşqun, atasını itirəndən hər gün ağlayır, gözlərinin qarşısında baş verən faciəyə dözə bilmirdi. Yenə o hadisə yadına düşdü, ağlaya-ağlaya hasardan yerə tullanıb getdi. Çörəyi qəssablıqdan çıxan, dəvə əti almaq istəyənlərin həmişə axtardıqları Elman, balaca Coşqunun Sahibin zərblə dəvənin başına vurmasına dözə bilməyərək ağladığını eşitmişdi. Ondan dəvə əti almaq istəyənlərə cavabı qısa olurdu: "Bir cüt gözün yaşını silə bilmədim. Daha dəvə ətindən pul qazanmaq istəmirəm."

Turqay, xoşbəxt dünyasının yarıda dağılmasında günahı bəzən Sahibin baltasının zərbəsinə dözə bilməyən dəvənin və Coşqunun göz yaşlarında görürdü...

Yemək-içməyini özü hazırlayan Turqay, bəzən kafeyə üz tuturdu. Evin təmizlik işlərinə də baxır, pal-paltarını yuyur, bütün işlərini özü görürdü. Kişinin qadını yarı yolda qoymağı kimi qadının da kişini yarı yolda qoymağı üzücüdür. Ömrünün, gününün yoldaşı onu yalnız qoyub gedəndən həyatın yorğun yolçusuna çevrilmişdi. Bu yol onu yoranda alnının təri göz yaşlarına qarışırdı.

Musiqinin bəzi xəstəliklərə müsbət təsiri haqda məlumatı olan Turqay, sevdiyi tar da daxil olmaqla, simli alətlərin ürəyə yaxşı təsir etdiyini bilirdi. Həkimlərin ürək ağrısından əziyyət çəkən, ürək əməliyyatı keçirən xəstələrə profilaktik məqsədlə musiqi terapiyası almağı, şən melodiyalar dinləməyi məsləhət görməsi haqda bildiklərini xatırladıqda fransızların "Bizim ümummilli Depardyemiz" adlandırdıqları aktyor və kommersant Jerar Depardye haqqında oxuduqları yadına düşürdü. Cavan vaxtlarında danışarkən kəkələyən Depardyeyə həkim gündə iki saat Motsartı dinləməyi tövsiyə edir. Motsartı dinləməklə dilindəki qüsurdan tezliklə xilas olan Depardye böyük səhnəyə doğru gedir.

O, iki əsrdir əsərləri sevilən, ruh oxşayan böyük bəstəkarın sayəsində musiqinin, xüsusən, klassik əsərlərin sağlamlığa olan faydası haqda da eşitmişdi. Klassik musiqinin insana möcüzəvi təsiri haqda məlumatı olan Turqay, alimlərin bununla bağlı araşdırmalarında Bethovenin də adını çəkdiyini bilirdi. O, müalicə almaqla yanaşı, əsərlərini sevə-sevə dinlədiyi bəstəkarlardan olan Bethovenin "Ay işığı" sonatasına da qulaq asır, sanki onunla təskinlik tapırdı. Musiqinin insana motivasiya, ilham, güc, qüvvət, bəzən təskinlik verdiyini yaxşı bilən Turqayın onu dinlədikcə gözləri önünə Aytəkin gəlirdi. Xoşbəxt günlərin xatirələri hər zaman, hər an yadına düşürdü.

"Ay işığı" sonatasının yaranması haqda oxuduğunu xatırladıqca isə lap mütəəssir olurdu: Pianoçu, bəstəkar Bethoven dostu ilə birlikdə Vyana küçələrini gəzərkən pianoda möhtəşəm ifa eşidir. O, piano çalan adamı görmək istədiyini deyir. Və məlum olur ki, bu, gözləri görməyən bir qızdır. Bethoven qızı görür və ondan nə isə istəməsini xahiş edir. O, bunun maddi nə isə olacağını düşünürdü. Gözləri işığa həsrət qalan qız isə ay işığını heç görmədiyini deyir və bəstəkardan ay işığını ona izah etməsini istəyir. Beləcə, Bethoven pianoda "Ay işığı" sonatasını birbaşa ifa edir. Turqay bu sonataya qulaq asdıqca bəstəkardan ay işığının izahını istəyən qızın nələr yaşadığını daha yaxşı başa düşürdü. O da sevdiyi insanın yoxluğu ilə zülmətə dönən həyatının ay işığı ilə aydınlanacağını düşünürdü.

Günəşgil gəlmişdi həmin vaxt. Nuray böyüsə də, nənəsini yadından çıxarmır, tez-tez əlini səmaya uzadıb babasından onu soruşurdu. Turqay isə nəvəsinin sualına əlindəki telefonda qulaq asdığı Bethovenin "Ay işığı" sonatası ilə dinib-danışmadan cavab verirdi. Bu cavab heç nə demədən uzaqlara zillənən gözlər, dərdə mübtəla olan ürəyin heç nə ilə ört-basdır olunmadığını göstərən soyuq, kədərli baxışlar idi. Artıq Nuray da ona qulaq asır, babasının kədərini anlayırdı. Bethovenin ruhu sanki həyətdə gəzir, Turqaya səbirli olmağı tapşırırdı...

Gələn gündən axşamlar həyətə çıxıb ay işığında səmanı, ayı seyr edən Nuray, babası Turqayın tənhalığını anlayırdı. Qızı Günəşlə kürəkəni Turqayı özləri ilə aparmaq istəsələr də, yola gətirə bilmədilər. Ömür-gün yoldaşı dünyasını dəyişdikdən sonra qohumları ona ailə qurmağı məsləhət görürdülər. Deyirdilər, evin-eşiyin, işin var, ailə qur, qulaq həyanın olsun. O isə razılaşmır, heç kimin üzü aytək nurlu Aytəkini əvəz edə bilməyəcəyini deyirdi.

Sevgi ilə döyünən ürəyi son vaxtlar Aytəkinin dərdindən, həsrətindən dərdlə, kədərlə, ağrı ilə döyünməyə başlamışdı. Göz yaşları yanaqlarında, ağ saçlar isə qara tellərində onsuz da iz açmışdı. İndi o izlər də çoxalırdı. Tənha qalan Turqayın kimsəsiz adanı xatırladan evinə gələn yox idi. Axşam düşürdü. Havanın qanı qaralır, göyün üzündən zəhrimar yağırdı. Yayın istisinə gilavar öz sərinliyi ilə cavab verdi. Seyrək dişlər kimi bir-birlərindən aralı düşən buludların arasındakı yerini çətinliklə axtarıb tapan ayı özünə məskən seçən Aytəkinin ruhu Turqayı tənha qalıb darıxmağa qoymadı. Ayın vətəni olan göy üzü həyəcandan əsib-coşur, titrəyir, onu çox sevən sevgililərin qovuşmasını istəmirdi. Buludlar da bunu istəməyərək Turqayın arxasınca göz yaşlarını səpdilər.

İllər öncə zaman su kimi axıb gedir, olub-keçənlər lazımsız əşya kimi geridə qalırdı. İndi zaman yük daşımaqdan yorulmuş dəvə kimi yavaş-yavaş gedir, yeriyəndə ləngər vururdu. Gələcəyi dəvə yükü kimi ömür çuvalında, sandığında, səbətində, tuluğunda gizli saxlayan həyat yola davam edirdi.

Günlər, aylar, illər bir-birini əvəz edəcək, həyat öz axarından çıxmayacaqdı. Nuray həmişə o günü xatırladıqda nənəsi Aytəkinlə babası Turqayın "Ay işığı"nın sədaları altında ay işığını seyr etdiklərini düşünəcəkdi...Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
 123456
78910111213
14151617181920
21222324252627
28293031