Kapadokyada Azərbaycan mədəni irsi təqdim edildi - Fotolar

Türkiyədə keçirilən Kapadokya Moda və Mədəniyyət Həftəsi çərçivəsində baş tutan “AFWEU Fashion Week Cappadocia” tədbirində tanınmış Azərbaycan modelyer-dizayneri Gülnarə Xəlilova iştirak edib.
Manera.az xəbər verir ki, Azərbaycan dizayner tədbir çərçivəsində Azərbaycan mədəni irsini dünya ictimaiyyətinə tanıdaraq, 30-dan artıq beynəlxalq dizayn kolleksiyasını nümayiş etdirib. Dizaynerin təqdim etdiyi kolleksiyalar arasında orta əsrlərin miniatür eskizlərindən, Qarabağın motivlərindən, xalça naxışlarından ilhamlanmış əsərlər yer alıb. Bununla yanaşı, Azərbaycanın rəmzi olan nar, qurama və ipək işlərini əks etdirən "Miniatür" və "Cizgi" adlanan iki kolleksiya da böyük maraqla qarşılanıb.
Bu təqdimat vasitəsilə Gülnarə Xəlilova, Kapadokya Moda və Mədəniyyət Həftəsinin qonaqlarına Azərbaycanın zəngin mədəni irsini və incəsənətini uğurla təqdim edib.
Qeyd edək ki, bu mötəbər tədbir bir neçə ildir ki, Aydın Açıkın təşkilatçılığı ilə keçirilir və müxtəlif mədəniyyətlərdən gələn dizaynerləri bir araya gətirir.
Şehla Aslan,
Manera.az
