Özbək baleti ilk dəfə Azərbaycan səhnəsində

Özbəkistanın Mədəniyyət və İncəsənətin İnkişafı Fondunun dəstəyi ilə Azərbaycanda ilk dəfə “Lazgi. Qəlb və sevginin rəqsi” adlı balet tamaşasının təqdimatı olub.
Mədəniyyət Nazirliyindən MANERA.AZ-a verilən xəbərə görə, tamaşanı Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov, Özbəkistan Prezidentinin köməkçisi Saida Mirziyoyeva, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, mədəniyyət naziri Adil Kərimli, Milli Məclisin deputatları və digər qonaqlar izləyiblər.
Məşhur alman xoreoqrafı və baletmeysteri Raul Raymondo Rebekin quruluş verdiyi əsər UNESCO tərəfindən bəşəriyyətin Qeyri-maddi mədəni irs siyahısına daxil edilən qədim xalq rəqsi Lazgiyə (Ləzgi) həsr olunub.
Süjet min illər əvvəl Böyük İpək Yolu ilə Orta Asiyadan keçən karvan dövründən başlayır. Səhranın hərarətində şamanların nəğmələri altında "Sevgi" oyanır və ölümsüz "Qəlb" öz əbədi rəqsinə başlayır. Bu, keçmişdən gələcəyə fantastik səyahət, çoxəsrlik ənənələri və xalq xüsusiyyətlərini təcəssüm etdirən qəlbin və əsrlər boyu onu izləyən sevginin hekayəsidir.
Xalqın tarixi, əcdadların xatirəsi, ruhların səsi - baletin hər bir pərdəsində zamanlar arasındakı əlaqə güclənir və buna görə də finalda "Qəlb" və "Sevgi" bölünməz bir bütövə çevrilir.
Balet tamaşası üzərində dövrümüzün görkəmli rəssamlarından ibarət beynəlxalq komanda işləyib. Musiqisi bəstəkar Devidson Cakonello tərəfindən yazılıb, dünya şöhrətli yapon multimedia rəssamı Yoko Seyama heyrətamiz dekorlar və işıq effektləri yaradıb.
Librettonun müəllifi və xoreoqrafı məşhur alman rəqqası, Dortmund baletinin baletmeysteri və “NRV Junior” baletinin bədii rəhbəri Raul Raymondo Rebekdir.
Qeyd edək ki, məşhur balet tamaşası iki gün - martın 16-da və 17-də Azərbaycan Dövlət Akademik Musiqili Teatrının səhnəsində təqdim edilib.


