Xocalı soyqırımına həsr edilən poemanın təqdimatı keçirilib - Fotolar

Daşkənd şəhərindəki “Turan” kitabxanasında Azərbaycanın Özbəkistandakı səfirliyi və bu qurumun tərkibində fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə Xocalı soyqırımına həsr edilən tədbir və azərbaycanlı mərhum şair Oqtay İsmayıllının müəllifi olduğu “Mələklərin soyqırımı” poemasının təqdimatı keçirilib.
MANERA.AZ xəbər verir ki, tədbirdən əvvəl Xocalı faciəsi və Qarabağ münaqişəsi ilə bağlı kitab və fotoşəkillərdən ibarət sərgiyə baxış olub.
Tədbirdə çıxış edən alim və tərcüməçi Babaxan Şərif Xocalı faciəsi haqqında məlumat verərək, soyqırımını son onilliklərdə Türk dünyasının ən böyük faciəsi kimi dəyərləndirib.
Səfir Hüseyn Quliyev 32 il əvvəl, fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələrinin həyata keçirdiyi soyqırımı haqqında danışıb.
Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov insanlığa qara ləkə olan XX əsrin dəhşətli soyqırımı - Xocalı faciəsi haqqında danışaraq, onun Xatın, Xolokost, Ruanda, Srebrenitsa kimi soyqırımlarından fərqlənmədiyini bildirib. Qeyd edib ki, bu dəhşətli insanlıq dramına dünya dövlətlərinin hüquqi qiymət verməsi önəmlidir.
Özbək alim-dosent Adxambek Alimbekov, “Kitab dünyası” qəzetinin baş redaktoru, şairə Xasiyyət Rüstəm, tarixçi alim Şuxrat Barlas, politologiya üzrə doktor Maxmud Yuldaşev və başqaları Xocalı soyqırımı və erməni təcavüzü barədə danışıblar.
Çıxışçılar Mədəniyyət Mərkəzinin layihəsi ilə nəşr olunmuş “Mələklərin soyqırımı” adlı poema haqqında da fikirlərini bölüşüblər. Əsərdə “Ulu mədəniyyət beşiyi - Azərbaycan”, “Xocalıya aparan yol”, “Azərbaycanlı ananın tərbiyəsi”, “Erməni ananın tərbiyəsi”, “Qiyamətin başlanğıcı”, “Quzğun yığnağı”, “Cənnətdə görüşərik”, “Məhşər”, “Xocalı alov içində”, “Babəkin ikinci edamı”, “Zəncirlənmiş̧ uşaq”, “Xocalı səmasında ruhların söhbəti” və digər bölmələrdə faciənin dəhşətli səhnələri canlandırılıb.
Tədbirin sonunda Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universitetinin tələbələrinin, habelə Bakı Slavyan Universitetinin Nizami Gəncəvi adına Daşkənd Dövlət Pedaqoji Universitetində təcrübə keçən tələbələrinin ifasında Xocalı faciəsi ilə bağlı bədii kompozisiyalar təqdim edilib.




Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.