Bağça müəllimləri bu il sertifikasiya imtahanı verəcəklər? - Rəsmi açıqlama

Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi bağça müəllimlərinin bu il sertifikatlaşdırılmaya cəlb olunub-olunmayacağı məsələsinə aydınlıq gətirib.
MANERA.AZ xəbər verir ki, Agentlik Modern.az-ın sorğusuna cavab olaraq bildirib ki, “2024-cü ildə dövlət məktəbəqədər təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırılması planlaşdırılmır”.
Bununla yanaşı, Dövlət Agentliyi məktəbəqədər təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırılmasının 2026-cı ilin sonlarınadək keçirilməsinin nəzərdə tutulduğunu da qeyd edib.
Eyni zamanda, sertifikasiya imtahanlarına cəlb olunacaq bağça müəllimlərinin sayı da açıqlanıb.
Bildirilib ki, 2026-cı ilin sonuna kimi 17000 pedaqoji heyətin sertifikasiyası nəzərdə tutulur.
Agentlikdən onu da qeyd ediblər ki, təhsilverənlərin sertifikatlaşdırılma prosesi bütün regionlar daxil eyni tarixdə həyata keçiriləcək və proses 3 gün davam edəcək.
Sertifikasiya imtahanlarının 2025 və ya 2026-cı ilin yay aylarında keçirilə biləcəyi istisna olunmur.
Xatırladaq ki, Nazirlər Kabinetinin ötən il təsdiqlədiyi Qaydalara əsasən, dövlət məktəbəqədər təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan, ali və orta ixtisas təhsilinə malik təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədilə sertifikasiya imtahanları keçirləcək.
Qaydalara görə, bağça müəllimləri 5 ildə bir dəfə sertifikatlaşdırmadan keçməlidirlər.