Şair Əli Kərimin oğlu vəfat etdi

Şair Əli Kərimin oğlu, tədqiqatçı alim Paşa Kərimov vəfat edib.
MANERA.AZ xəbər verir ki, bu barədə AMEA-dan məlumat verilib.
Qeyd edilib ki, görkəmli filoloq, ədəbiyyat tariximizin tədqiqatçısı, mətnşünas, “Tərəqqi” medallı alim, Azərbaycan Yazıçılar Birliyinin üzvü, AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktor müavini fil.ü.e.d., professor Paşa Kərimov ömrünün 65-ci ilində vəfat edib.
Xatırladaq ki, Paşa Əli oğlu Kərimov 10 fevral 1959-cu ildə Bakı şəhərində anadan olub. Bakı Dövlət Universitetinin Filologiya fakültəsini bitirib.
1991-ci ildə “Əlican Qövsi Təbrizinin “Divan”ının tekstoloji tədqiqi və elmi-tənqidi mətni” mövzusunda namizədlik, 2012-ci ildə isə “XVII əsr anadilli Azərbaycan lirikası” mövzusunda doktorluq dissertasiyasını müdafiə edib.
Alim klassik ədəbi abidələrimizin filoloji və tekstoloji araşdırılması və nəşrə hazırlanması işi ilə məşğul olurdu. Ankara Milli Kitabxanasından Şah İsmayıl Xətainin və onun oğlu I Şah Təhmasibin ana dilində yazdıqları şeirlərinin, Tehranın Mulis kitabxanasından böyük Azərbaycan şairi İmadəddin Nəsiminin anadilli divanının – lirik şeirlər toplusu nüsxəsinin surətinin, Paris Milli kitabxanasından “Əsli və Kərəm” (“Hekayəti Kərəm” adı ilə) və “Aşıq Qərib” (“Aşıq Qərib və Şahsənəm xanım” adı ilə) dastanlarımızın XIX əsrdə ərəb qrafikası ilə yazıya alınmış variantlarının surətlərinin və s. aşkarlanmasına və AMEA-nın Əlyazmalar İnstitutuna gətirilməsinə nail olub.
Əlyazmalar İnstitutunun nəzdindəki 7213.01-“Dinşünaslıq” üzrə birdəfəlik ixtisaslaşdırılmış Dissertasiya şurasının sədri, UNESKO-nun Dünya yaddaşı proqramı üzrə Azərbaycan Milli Komitəsinin sədr müavini idi.
Allah rəhmət eləsin!