manera.az
manera.az

Dünya köhnə, dərdlər təzə - Məmməd Tahirin şeirləri

Dünya köhnə, dərdlər təzə - Məmməd Tahirin şeirləri
MANERA.AZ Məmməd Tahirin şeirlərini təqdim edir:

Son qərar

Bilirəm, susacaqsan
Eh, mən buna hazıram.
Onda görən nədəndi,
Yenə sənə yazıram.

Sən əsən küləksənmi,
Könlümü edirsən ram.
Sən bir edam ağacı,
Yenə sənə yazıram.

Mən hakim qarşısında,
Son sözümü yazıram.
Hakim son qərar verir,
Mən edama hazıram.

Çıxdım çiyninə dağların
İsmayıllı dağlarına

Sevdim, seçdim ucalığı,
Girdim qoynuna dağların.
Qulac-qulac qollarımı
Saldım boynuna dağların.

Çəpiyi oynatdı məni,
Qul eyləyib satdı məni,
Havası aldatdı məni,
Düşdüm oynuna dağların.

Demirəm ki,xiffət çəkər,
Qəm göyərdər, qüssə əkər,
Sabah cıxıb getsəm əgər
Gəlməz eyninə dağların.

Yol əyirdi köynək üçün,
Gül göyərtdi dərmək üçün,
Göy üzünü görmək üçün
Çıxdım çiyninə dağların.
19.08.2019

Yaşadan olur

Bir az sevinc düşür hərdən payıma,
Hərdən sevinmək də əlçatan olur.
Gizli baxışlara tuş olub hərdən,
Qaçaq sevdalar da baş qatan olur.

Arada tapılır sözü düzdürən,
Sözü lilləndirən, sözü süzdürən,
Beləsi ya sözbaz, ya sözgəzdirən,
Ya dost arxasıca daş atan olur.

Kölgədə atlanıb, gündə gedəni,
Ortada oynayıb gendə gedəni,
Vara həris olub öndə gedəni
Sözü boş doldurub, boş atan olur.

Nə astar gəzəsən, üz axtarasan,
Ya bir qeybanə səs, söz axtarasan,
Dünya düz deyil ki düz axtarasan,
Düzü göz oynadıb qaş atan olur.

Olur inanc yeri, ibadət yeri,
Hər qarış torpağı şəhadət yeri,
Sevilib, seçilib yüz ildə biri
Milləti millət tək yaşadan olur.

Karı olmadı

Yazda əkdiyim ümidin
Payızda barı olmadı.
Mən ha hördüm bu divarı,
Hördüm, heç yarı olmadı.

Nə qaç, gizlən, nə də yaşın,
Ağarıbdır saçın, başın,
Sən güvənən dağın, daşın
Bir kərə qarı olmadı.

Mələyi pülədi közü,
İsindi şeytanın gözü,
Vəzirin, vəkilin üzü
Heç bizə sarı olmadı.

Göz-gözü görmür tüstündə,
Əriyən əriyir istində,
Bir ev tikdik yol üstündə.
Uca divarı olmadı.

Dünya köhnə, dərdlər təzə,
Çevirmədi bir yön bizə,
Sifariş göndərdik sözə,
Sözün də karı olmadı.

Bir küncündə

Heç gözüm olmadı ki,
Nə düründə,incində.
Bax, dayanıb durmuşam
Eləcə bir küncündə.

Saçımda sığalın yox,
Dizlərimdə təpərin.
Durmuşam o üzündə
Sən çəkdiyin çəpərin

Könlüm ya bir çiçəyin,
Ya bir gülün şaxıdır.
Bu şeytan da sənindi,
Hər gün bir gül axıdır.

Məndə Musa dözümü,
Səndə min Əyyub səbri.
Mənim mələk könlümə
Çox edirsən bu cəbri.

Heç səsim duyulmur ki,
Nə dəfində, sincində.
Səssiz, sakit durmuşam,
Dünyanın bir küncündə.

Sənə gözəl demirəm

Bu gün şəklinə baxdım,
Sən ki, gözəl qadınsan.
Hayıf, mənim deyisən,
Hayıf, hayıf, yadınsan.

Saçlarına tumarı
Çəkib, özgəsi çəkib.
Bilirəm, indi çoxdur,
Bəlkə kölgəsi çəkib.

Sən də onun şəklinin
Tozunu silib hərdən.
Durub söhbət edirsən,
Dipdiri bilib hərdən.

Gəzirsən əl izini
Əli gəzən saçında.
Əlin ilişib qalır
Gecə bəzən saçında.

Göyə uzanan əlin
Göydən asılı qalır.
Yatır sinən üstündə,
Boynu qısılı qalır.

Şəkilçisi çox olur,
Hərdən hallanır adın.
Həm qadındı, həm kişi,
Ərsiz yaşayan qadın.

Daha şəklə baxmıram,
Bilirəm ki, yadınsan.
Sənə gözəl demirəm,
Sən özgə bir qadınsan.

İndi necəsən?

Nə ola, zəng vurub bir gün sorasan,
Əcəllə nəhsdəydin, indi necəsən?
Ayağın yerdəydi, ürəyin göydə,
Qulağı səsdəydin, indi necəsən?

Bir vaxt dar olardı başına dünya,
Zəhər də qatardı aşına dünya,
Gəlməzdi, o qədər xoşuna dünya,
Bir dar qəfəsdəydin, indi necəsən?

Hicrana dönürdü hər görüş sonda,
Gəlişi, gedişi bir ayrı donda,
Soruş, göy üzündə uçurdun onda,
Yaman həvəsdəydin, indi necəsən?

Mələklər müntəzir qızıl saçıyla,
Şeytanı şah idi köhnə tacıyla,
Sən bir ağrı ilə, sən bir acıyla
Nəfəs-nəfəsdəydin, indi necəsən?

Silinə ağlından məst iyi bir gün,
Dilə gətirəsən istəyi bir gün,
Alasan əlinə dəstəyi bir gün,
Sorasan, xəstəydin, indi necəsən?

İlahi, o gözlər

İlahi, o gözlər
Günəş işığıdı yağışdan sonra.
Canım qalxmaq istər göyün üzünə,
O gözəl, ilahi baxışdan sonra.

Dibsiz göy kimidi, əllərin çatmaz,
Eləcə boylanar altdan yuxarı.
Üzü yuxarıya durub daş atmaz,
Can atar yeddinci qatdan yuxarı.

İlahi, o gözlər yağışdan sonra,
Göydə yeddi rəngli qövsi-qüzeh tək.
O gözəl, ilahi baxışdan sonra,
Necə sakit durar sinədə ürək?

O ilahi gözlər, vallah, hər gecə,
Gəlib yatağımdan alıb aparar.
O gözlər hər gecə gəlib gizlicə,
Məni qadınımdan çalıb aparar.

Şəkildən boylanar, şəkildən baxar,
İlahi, o gözlər.
Hər gün yola salar, hər gün qarşılar,
Bir gün qayıtmasam, yəqin, o gözlər.
Məni gözlər.
İlahi, nə gözəl gözləriniz var,
Mən də ürəyimdən keçəni yazdım.
Bəlkə ruhunuzu oxşar bu sözlər.
28.03.2020

Kimə başsağlığı verəsən

Dünya bir həbsxana,
Hər kəs öz evində dustaqdı indi.
Əcəl, gül vur yaxana,
Bilinmir kim haqsız, kim haqdı indi.

Burda nə günahgar, burda nə günah,
Kimə yük edəsən indi dərdini.
Salmır əziyyətə özünü, vallah,
Ölüm namərdindən seçmir mərdini.

Deyirlər ölüm haqq,
Bəs niyə var oğlu varından olur.
Gör, necə ayrılır,bax, ətdən dırnaq,
Yardan yarıyanı yarından olur.

Bürüyüb dünyanı qorxu, həyacan,
Hər söz əzrayılın diqtəsindədir.
Yalqızdı, tənhadı, acizdi insan,
Dünya bir fəlakət nöqtəsindədir.

Axşam məzarıdı, səhər evidi,
Harda gecələyir görəsən indi?
Dünya yas evidi, ya şər evidi,
Kimə başsağlığı verəsən indi.
28.03.2020

Bu səhər çağı

Açılıb tökülüb günün saçağı,
Əyrilib dönübdür hər zərrə telə
Çiçəklər gözəldir bu səhər çağı,
Üstündə günəşin şəfəqi ilə.

Gilənar ağacı ərgən çağında,
Gilələr od alır, yanır, köz olur.
Quşlar üz suvarır gül yanağında.
Arılar budağa qonur, söz olur.

Kilimlər döşənib, xalı sərilib,
Gül gülü çağırır, bülbül bülbülü.
Çiçəyi savılıb, gülü dərilib,
Qalıb bənövşənin quru sünbülü.

Əyilib diliylə köz götürübdür,
Oddan köynək geyib Həmişəbahar.
Üzüm tənəyini söz götürübdür,
Dolu salxımları tutmur talavar.

Açır sinəsini tərli çiyələk,
Əncirin,Dəfnənin dodağı qaçır.
Yerin yaxasını oynadır külək,
Daş çiçək bitirir, torpaq gül açır.

Keçir baxışlarım sanki Siratdan,
Tutur əllərimdən göy mələkləri.
Əyilib boylanır yarpaqlar altdan,
Qırpır gözlərini nar çiçəkləri.

Elə gözəllik var, gizlində hələ,
Mən dünya bilirəm bu kiçik bağı.
Üzündə günəşin işığı ilə
Çiçəklər gözəldir bu səhər çağı.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2020    »
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31