manera.az
manera.az

Ürək ağrısı - Hikmət Məlikzadənin YENİ HEKAYƏsi | MANERA.AZ

 Ürək ağrısı - Hikmət Məlikzadənin YENİ HEKAYƏsi | MANERA.AZ
Hikmət Məlikzadə

Ürək ağrısı
(hekayə)


Səhər, südəmər uşaq kimi gözlərini açar-açmaz qoşa lülə tüfəngin açılması ilə Mustafanın yerə sərilməyi bir oldu. Barıtın iyi ilan kimi, alçaq təpələrin belinə dolanmış çınqıl yolları ütə-ütə Məmmədəli kişinin həyətinə doldu. Bir azdan uğultulu bir səs onun qulaqlarında cingildədi: - Mustafanı öldürüblər, ay camaat! Mustafanı öldürüblər! - Kişi dik atıldı. Səsə doğru yüyürdü. Səs onu iri qoz ağaclarının arası ilə uzanan yola dartdı. Bu ara ikinci güllə səsi ətrafı vahiməli bir çığırtı ilə diksindirdi. Bu çığırtı quşları bir anlıq yuvalarından perik saldı, sonra göyə şütüdü, təzəcə bozarmağa başlayan buludları dəlib-deşdi, göyün üstünü altına çevirib ağacdan düşən sonuncu yarpaq sürətilə yellənə-yellənə aşağıya endi, alatorandan hələ qurtulmamış vadidəki balaca bir daşın böyründə uçmaq təhlükəsi olan qarışqa yuvasına toxundu, yuva silkələndi və yorğun qarışqalar bir-birinə dəydilər. Axşamdan çırpına-çırpına qalan səhər bu qarışıqlığa təəccüb etdi.

- Ə, noolub, nə baş verib? - Məmmədəli kişi qorxu içində qışqırdı. Günəşin aşağıya yuvarlanan ilıq şəfəqlərindəki qırmızımtıl qığılcımlar bu qışqırığa qəribə bir parıltı verdi.
- Ay Allah, bu, nə zulumdu?! - deyə hadisə yerinə alt tuman-köynəkdə gəlmiş Rəşid kişi əlləri ilə üzünü qapayaraq bağırdı.

Məmmədəli kişi yerdə ilan kimi qıvrılan Əşrəfi qamarlayıb durğuzmaq istədi, gücü çatmadı, Başına bağladığı güllü yaylığı açıb onun qarnını sarıdı və: - Ə, bu ki, yaralıdı, tez çatdırın bolniskəyə, yazıqdı, ölməsin, - deyə üzünü hadisə yerinə yığışmış adamlara tutdu.
İlana oxşar çəliyinə söykənib sakit-sakit baş verənlərə tamaşa edən İmran baba onun yalvarış dolu müraciətinə cavab olaraq dedi:
- Həkimə də, polisə də xəbər eləmişik, bu saat gələrlər.
- Yazıq Mustafa! - Rəşid kişi hönkürmüş kimi oldu. - Sənə hansı nankor qıydı? Bir bölük ailəni qoydun başsız. - Sonra da yazıq-yazıq zarıyan Əşrəfə sarı çevrildi: - Bəs sənin günahın nə idi, a bala? Sizi kim bu hala saldı, kim? -Əşrəfin yaxasından tutub silkələmək istədi ki, cinayətkarın kim olduğunu öyrənə bilsin. Əlləri qana bulaşdığından fikrindən daşındı.
Camaat arasında Dəli Tapdıq kimi tanınan orta yaş adam ağzını böyründəki başı çalmalı yaşlı kişinin qulağına tutub dedi:
- Mən ona yüz dəfə dedim o çayxanaya getmə, kar eləmədi. Bu da axırı...
Yaşlı kişi heç nə eşitmirmiş kimi bərkdən dedi:
- Ucadan de, a bala, eşitmirəm. Mustafanı kim vurub?
İmran baba çəliyi ilə yaşlı adamın böyrünü bir-iki dəfə dürtmələdi və asta səslə dedi:
- Yavaş, a kişi, istəyirsən bu bədbəxt oğlunu şahid kimi apar-gətir eləsinlər?!
Kişi əlini qulağına aparanda İmran baba bildi ki, o, - nə dedin? - deyəcək və buradakıların çoxu Dəli Tapdığın Mustafanın çayxana ilə əlaqəli olduğunu bilməsindən duyuq düşəcək. Dərhal çəliyini xəstəsayaq adamlar kimi o yan-bu yana boylanan Dəli Tapdığın böyrünə dürtdü və şəhadət barmağını ağzına apardı. Dəli Tapdıq da anladı ki, susmaq lazımdır. Başını aşağı dikdi.
Əşrəf taqətsiz halda idi. Bəlkə də yerdə ilan kimi qıvrılmağından da xəbərsizdi.
Hadisə yerinə yığışanlardan kimsə maddi sübut kimi bir kənarda saxlanılan qoşalüləyə işarə edib dedi:
- Kompüter əsridi, camaat göyə çıxır, bu manqol da qoşalülə ilə adam vurur.
Ətrafdakılar sanki onun bu mənasız danışığına reaksiya verməyə qorxdular. İmran baba qıyqacı baxışlarla onu süzüb:
- Dilini farağat saxla, ə, raketlə vurmalı idi? - dedi və qalın qaşlarını acıqla bir-iki dəfə atıb-tutdu.
Ani bir səssizlik yarandı. Sanki adamlar bir-birlərindən küsdü. Köynəyinin yaxasını darta-darta qalmış üzü tüklü kişi yanındakı bəstəboy adama qısılıb sakitcə dedi:
- Ə, görəsən Rusiya indi nə fikirləşir?
Arxadakı qalınbığ kişini gülmək tutdu, birtəhər özünü sıxdı, ancaq pıqqıltısını kəsə bilmədi. Bəstəboy adam dedi:
- Dünəndən meqobaytımız qutarıb, internet şoğərib işləmir. Televizor da məlumatları özünə sərf eliyən tərzdə verir.
Mayor Həbibov artıq söz-söhbət yaradan adamları diqqətlə süzdü, qəfildən üzünü bəstəboy adama tutub soruşdu:
- Adın nədi, a kişi?
Bəstəboy adam əvvəlcə çiyinlərini çəkdi, sonra ağzını büzdü və başını sağa-sola çevirə-çevirə dedi:
- Böyükkişi.
Kimsə gülmək məcburiyyətində qaldı və güldü də. Mayor Həbibov ciddi nəzərlərlə bəstəboy kişiyə baxdı, onun adının Böyükkişi olmasına inanmayan adam körkəm aldı. Bəstəboy adam da qızardı, özünə təsəlli verirmiş kimi dedi:
- Baxma boyum balacadı, cənab mayor, özüm böyük kişiyəm.
Mayor Həbibov nəyəsə eyham vururmuş kimi dedi:
- Hə, görürəm. - Kobud barmaqları ilə alnını ovxaladı və üzünü yenidən ona tutdu, bir parça ağ kağız tutduğu əlini meyidə tərəf tuşladı: - Belə vəziyyətdə artıq söz-söhbətə lüzum yoxdur.
***
Uzaqdan günəşin təzəcə qızmağa başlayan işığında parıldayan təcili yardım maşını uğuldaya-uğuldaya, ətrafa toz püskürə-püskürə hadisə yerinə çatdı. Bir dəqiqə keçməmiş iki polis maşını da hadisə yerində dayandı. Dərhal da müayinə başlandı.
Əşrəfin iniltisi artıq ərşə qalxmışdı. Əynindəki ağ köynək də, belinə sarınan güllü yaylıq da qan içində idi. Həkimlərin ilkin tibbi yardımından sonra onu maşina qoyub apardılar. Səhərin təmiz havasına qarışan boğuq uğultu təcili yardım maşınının arxasınca asıla-asıla qaldı.
***
Mayor Həbibovun göstərişi ilə Mustafanın meyidi müayinə üçün hadisə yerində saxlanılmışdı. Bəlkə də müayinə işi ləng getdiyindən polis əməkdaşları ilə hadisə yerinə yığışan adamlar arasında mübahisə də düşdü. Bu qarışıq səs-küy mayor Həbibovu özündən çıxartdı, çəpəki dönüb barmaqlarının qanını üstünə sürtə-sürtə qalmış Rəşid kişini ayağından dəri papağına qədər hirsli-hirsli süzdü. Rəşid kişi bu qəzəbli baxışdan sanki nəsə anladı, dili dolaşa-dolaşa dedi:
- Oğul, bu hadisənin bircə şahidi var, o da yaralıdı. Artıq söz-söhbət nəyə gərəkdi axı?!
Mayor Həbibov papiros yandırdı, ancaq nədənsə çəkmədi, yerə atıb əzdi. Bayaqkı qəzəbli baxışını Rəşid kişiyə tuşlayıb soruşdu:
- O yaralı adamı dərindən tanıyırsan?
- Niyə də tanımayım, ay oğul, gözümün qabağında böyüyüb - Rəşid kişi əllərinin qanını sildiyi yaylıqla bu dəfə alnının tərini qurulaya-qurulaya cavab verdi. - Biz onun atasını da, babasını da yaxşı tanıyırdıq. Yazıq, atası öləndən fermanın qoyunlarını otarır. Bircə bacısı var, o da Küdürü qışlağında ərdədi.
Adamların içindən kiminsə səsi gurladı:
- Fermanın yox ey, bələdiyyə sədrinin qoyunlarını otarırdı.
Mayor Həbibov da, Rəşid kişi də eyni anda həmin adama sarı çevrildi. Səs yiyəsi də daha cınqırını çıxarmadı. Heç mayor Həbibov da dinmədi, qəfil kobud çöhrəsindəki iti nəzərləri hadisəyə səbəb kimi bir kənarda üzüqoylu yıxılıb qalmış qoşalüləyə dikdi. Nə fikirləşdisə, dedi:
- Bəs bu adamı? - Meyidi müayinə olunan Mustafaya işarə etdi. - Buna da yəqin ki, yaxşı adam deyəcəksiz.
İmran baba çəliyini sağ əlindən sol əlinə verib dilləndi:
- Oğul, bu adamın - Mustafanı göstərdi - necə biri olduğunu sən hamımızdan daha yaxşı bilirsən. Onun qonşu kənddəki çayxana ilə əlaqələrindən sən daha yaxşı xəbərdarsan. Bizi öz cəfəng işlərinizə qatmayın.
- Sən nə demək istəyirsən, qoca? - Mayor Həbibov özündən çıxmış kimi oldu. - Demək istəyirsən, onun narkotika aludəçisi olduğundan xəbərimiz var?
- Bunu sən dedin, ay oğul. - İmran baba çəliyini əvvəlki əlinə alıb dedi. - İlanı Seyid Əhmədin əli ilə tutmayın.
Müayinə işlərinə kömək edən polislərdən biri özünü saxlaya bilmədi, qırğı kimi İmran babanın üstünə şığıdı. Bəlkə də Rəşid kimi özünü araya atmasaydı, yazıq qoca baş-gözündən olacaqdı. Polis Rəşid kişinin başının üstündən İmran babaya hədə ilə: - Ağsaqqal adamsan, ağzının danışığına fikir ver, - dedi, sonra da üzünü mayor Həbibova tutub: - Cənab mayor, icazə ver bunu qandallayım, soxum maşına, - iştahı ilə alovlandı. Mayor Həbibov seyrək qaşlarını çəpəki tutub ona nəsə anlatdı, o da bir az incik, bir az da narazı halda üzünü yana çevirdi.
***
Bir az aralıdakı çığırtı səsləri ətrafı lərzəyə gətirdi.
- Mustafanın adamlarıdı, - deyə Məmmədəli kişi köks ötürdü.
Şivən qoparan iki qızın tükürpədən səsi təlatüm yaratdı, bu yanıqlı səsə hadisə yerinə yığışanların çoxu göynədi. Ağlayan da oldu.
Polislər müayinə aparıldığı üçün şivən qoparan qızları Mustafanın meyidinə yaxın buraxmadılar.
Göyün üzü ləpədöyən dənizə bənzədi. Külək əsdi, sanki ağı dedi, adamlara elə gəldi ki, haradasa canavar ulayır.
***
Mustafanın üçü günü əmisi Məzahirlə aparılan sorğudan aydın oldu ki, Çopur Bəylərlə aralarında düşmənçilik var. Mayor Həbibovun: - Belə çıxır ki, ondan şübhələnirsən? - sualına o, - başqası ağlıma gəlmir, - dedi.
Həmin gün Çopur Bəyləri oğlanları ilə birlikdə həbs etdilər. Bir neçə gündən sonra isə Bəylər kişini mayor Həbibovla qabaq-qənşər oturtdular. Vəkil Səmədov onun güclə nəfəs aldığını görüb təlaşlandı, bildi ki, sorğu zamanı təcavüzə məruz qalıb, göz-qaş işarəsi ilə ona nəsə anlatmağa çalışdı. Bəylər kişi də özünəməxsus əda ilə: - Sağ olsun mayor Həbibov, qabırğalarımı bir az ovxalatdırıb, - dedi. Mayor Həbibov pörtmüş kimi oldu, qəfil də ciddi görkəm aldı, vəkil Səmədov isə hay-küy yaratdı, məhkəməyə şikayət edəcəyini dedi. Sorğu kamerasına gələn iki yekəpər polis onu sakitləşdirməyə çalışsa da, hay-küy böyüdü, yalnız Bəylər kişinin adi bir əl işarəsi ilə araya sakitlik çökdü.
- Cənab mayor, neçə gündü mənim də, oğlanlarımın da qabırğalarını saydırırsan bu anasından bixəbər qaniçənlərə, - əli ilə başının üstündə cəllad kimi dayanmış yekəpərlərə işarə etdi, - sanki bizimlə düşmənçiliyin var, Mustafanın ölümünü zorla boynumuza qoymaq istəyirsən. Bir daha deyirəm, biz də həmin gün hamı ilə birlikdə hadisə yerinə qaçmışdıq təngnəfəs.
Bu ara ünvanlarına «analarından bixəbər» və «qaniçən» ifadələri işlənmiş yekəpər polislər Bəylər kişiyə diş qıcamaq, onu elə vəkilin yanındaca vurmaq fikrinə düşdülər, lakin mayor Həbibovun sərt baxışlarından ehtiyat etdilər. Vəkil Səmədov da vəziyyətdən hali oldu, üzünü onlara tutub kinayə ilə dedi:
- Sizin doğrudan da buynunuz qaşınır. Hansı haqla qanunun tələblərini pozursuz?
Mayor Həbibov nəsə demək istədi, ancaq Çopur Bəylərin boğuq səsi onu susmağa məcbur etdi:
- Qanun bunlarçun şillə-qapazdı, yoldaş vəkil. Cinayətkar qalıb kənarda, günahsız adamlara zor tətbiq edirlər.
- Biz məgər cinayətkarı axtarmırıqmı? - Mayor Həbibov qəfil dilləndi.
- Görürəm, necə axtarırsınız. - Vəkil Səmədovun xırıltılı səsi arada burulğan yaratdı. - Ahıl kişidi, qabırğalarını sındırmısız, danışmağa heyi yoxdu...
- Biz işimizi görürük. - Mayor Həbibov söz güləşdirmək istədi. Çopur Bəyləri öskürək boğdu, bir azdan özünü ələ alıb dedi:
- Düzdü, Mustafa ilə aramızda düşmənçilik olub, necə də olmasın, onun qardaşı mənim qardaşımın bircə balasını güllələmişdi, ancaq törətdiyi hadisədən sonra o, maşın qəzasında oldü. Biz də Mustafa ilə düşmənçiliyə elə o gün son qoyduq. Artıq yerə qan axıtmaq bizim nəyimizə gərəkdi, hə? - Bəylər kişi sonuncu sual dolu sözü elə ifadə etdi ki, elə bil kimisə danlayır.
Arada ani sükut gəzdi. Mayor Həbibov başı ilə bir az kənarda durmuş yekəpərlərə işarə etdi və onlar da ehmal şəkildə Çopur Bəylərin qoluna girib apardılar. Vəkil Səmədov özünü saxlaya bilmədi:
- Narahat olma, Bəylər kişi, sənin də, oğlanlarının da günahsız olduğunu sübut edəcəm.
Mayor Həbibov ayağa qalxıb otaqda var-gəl etdi və üzünü vəkilə tutub dedi:
- Onsuz da o yaralı adam hər şeyi bilir. - Yenidən o tərəf-bu tərəfə var-gəl etdi. - Ancaq hələ ki, yaraları tam sağalmayıb. - Başını qaşıdı və ciddi şəkildə vəkilə baxdı: - Bilirsiz, hələ ki, danışmaq imkanına malik deyil...
***
Aradan iki ay ötdü. Bu iki ay elə ötüb keçdi ki, elə bil ürkək bir kəklik onu hədəf almış ovçudan canını bir andaca qurtardı. Əşrəfin yaraları sağaldı. Bu, baş həkim Murtuzovla mayor Həbibovun telefon danışığında da öz əksini tapdı, baş həkim qeyd etdi ki, artıq o, sərbəst danışa bilir, beynindəki sinir sistemləri normal hala düşüb. Bunun üçün də istintaqın gedişinə müvafiq şərait yarada bilərlər.
Əşrəflə aparılan sorğudan sonra bilindi ki, hadisəni Dazbaş Kərəm törədib, Mola Xasayın oğlu Dazbaş Kərəm. Rəşid kişi bunu eşidəndə özünü saxlaya bilmədi:
- Tfu sənin dədənə! Ə, bir gör ey, kimin ağlına gələrdi ki, səhərdən-axşama əli Quranda olan Mola Xasayın oğlu belə bir qələt eləyər...
Kənardan biri də onun sözlərinə qüvvət verdi:
- Rəhmətliyin oğlu, indi elə ən yekə qələtdəri Quranla oynayanlar eləyirlər də...
İmran baba ilana oxşar çəliyini sağa-sola yellədib dedi:
- Susun, a bala, yaman-yatayır danışmayın.
***
Bəylər kişini oğlanları ilə sərbəst buraxdılar. Mustafanın əmisi Məzahir də onları qarşılamağa gələnlər arasında idi. Hamıdan qabaq Bəylər kişiyə yaxınlaşdı, peşiman baxışlarla ondan üzr istəməyə çalışdı. Bəylər kişinin oğlanları acıqlı baxışlarla ona tərəf yermək istəyəndə, özünü arada sipər elədi, üzünü oğlanlarına tutub dedi: - Biz qatil deyilik, bala, üzünüzdəki o ifadəni yığışdırın. Qoy onun cəzasını Allah versin...
Nədənsə mayor Həbibov da burada idi, o da sanki peşimançılıq çəkirdi. Bəylər kişiyə yaxınlaşıb güclə eşidiləcək bir səslə: - Keçmiş olsun, - dedi. Bəylər kişi də qıyqacı baxışlarla səliqəsiz geyimli bu adamı ani süzüb: - Bu düşmənçilik ki, üstümüzdən götürüldü, hər şeydən keçirəm, - dedi.
***
Aparılan əməliyyat nəticəsində qatili qonşu kənddəki çayxanadan tutdular. Çayxana deyəndə, əslində oranı «narkomanlar yuvası» adlandırmaq daha doğru olardı. İradəsi zəif gənclər hər gün ora toplaşır, sağlamlığa zərərli maddələrdən istifadə edirdilər. Bu, polisə də məlumdu, ancaq...
Müstəntiqin - Mustafa və Əşrəfə nə üçün atəş açdın? - sualına Dazbaş Kərəm çox rahat cavab verdi:
- Mustafanın mənə borcu vardı. Neçə dəfə eşitdirdim, məndən qaçdı. Düşündüm vermək istəmir, ona görə də boğazladım. - Ani susdu və barmaqları ilə başını sıxıb sözünə davam etdi: - Əşrəfi isə şahid olmasın deyə vurdum.
Müstəntiq bahalı qələmi barmaqlarının arasında təsbeh kimi fırlada-fırlada eyhamla soruşdu:
- Mustafaya nə vermişdin ki, ala bilmirdin: pul, ya narkotika?
Dazbaş Kərəm əvvəlcə bığaltı gülümsündü, sonra da sifətinə nifrətqarışıq qəzəb çökdürdü, qığılcım sıçrayan gözlərini ədəbaz müstəntiqə zilləyib eyhamına eyhamla cavab verdi:
- Elə danışırsız ki, guya heç nədən xəbəriniz yoxdu, Məgər bilmirsiz ki, o zəhrimar çayxanada adama ancaq narkotika verirlər?!
Müstəntiq gözlərini bərəldib hələ də acı-acı gülümsəyən qatilə baxdı, qəfildən barmaqlarını yumruq eləyib stola çırpdı, sanki bununla qəzəbini soyutdu...
***
Qonşu kənddəki çayxanada da ciddi əməliyyat-yoxlama aparıldı. Fakt təsdiqini tapdı və kənd camaatına ölüm saçan çayxananın qapılarına möhür vuruldu.
Dəli Tapdıq da özünü saxlaya bilməyib dedi ki, çayxana müvəqqəti bağlanır. Mustafanın ölüm işinə nöqtə qoyulan kimi dərhal açılacaq.
- Yəni demək istəyirsən çayçı Qənbər yenə narkotika satacaq? - Rəşid kişi təəccüblə Dəli Tapdığı süzdü.
- Hə, Rəşid əmi. Bu qudurğan məmurlar üçün pul həmişə qanundan önəmli olur. Keçən il görmədin Çakqo əminin (danışanda «ç» hərfindən çox istifadə etdiyi üçün Məmməd kişiyə bu ləqəb verilmişdi) oğlu ilə necə davrandılar?
Rəşid kişi başını qaşıya-qaşıya dedi:
- Gördüm bala, əvvəlcə tutdular, sonra da yolub buraxdılar.
Dəli Tapdıq çayçı Qənbərə eyham vurdu:
- Onu da yolub buraxacaqlar...
***
Mustafanın qəfil ölümü kənd camaatını necə sarsıtmışdısa, hamı bir-birindən şübhələnmişdi. Əşrəfin yaraları sağalmasaydı, bu şübhə bir az da böyüyəcəkdi; Bəylər kişini də nahaq yerə oğlanları ilə birlikdə basacaqdılar içəri. Qatil də kim bilir, daha neçə günahsız adamı gülləyə tutacaqdı... Və ən əsası, qonşu kənddəki çayxanada insan ölümünə səbəb yarada biləcək daha neçə-neçə cinayətlər cücərəcəkdi.
***
Göyün üzündə bir-iki qara bulud var idi. Heç kimin ağlına gəlməzdi ki, bir azdan bu iki seyrək buluddan Nuh dövrünün yağışı yağar... Kənd yağışın içində çimirdi. Sanki buludlar Bəylər kişinin narahatçılığına acıyırdılar. Yağış get-gedə güclənirdi. Sel toyuq-cücələri qucağına alıb aparırdı; kimsə evdən çıxmağa cürət etmirdi. Soyuqdan üşüyən itlər yazıq-yazıq su basmış yuvalarına baxır, aram-aram zingildəyirdilər.
Bəylər kişi pəncərə önündə dayanıb yağışdakı qəzəbi seyr edir, hərdən də alnını pəncərənin get-gedə soyumaqda olan şüşəsinə söykəyib duruxurdu. Qıraqdan baxana elə gələrdi ki, o, başının ağrılarını ovudur.
Səhər kənd camaatı yuxudan oyananda yağış kəsmiş, hava süd kimi ağarmışdı. Ahıl kişilər adəti üzrə tozanaqlı tinə yığışanda kəndin girəcəyindən bir atlı gəlirdi. Çox baxdılar, tanımadılar, yaxınlaşanda gördülər ki, Əşrəfdir.
- A bala, gecəni yatmamısan, nədi, - Məmmədəli kişi dilləndi, - Bu, nə vaxtın gəzməyidi?
Əşrəf çoban papağını bir az da yana əyib zarafatından qalmadı:
- Dovşandan çox yatan yoxdu... - Sonra azacıq ciddi görkəm alıb dedi: - Küdürü qışlağından gəlirəm, Məmmədəli dayı. Dedim, görüm bacım neyniyir. Yaxşıdılar. Pis-yaxşı dolanırlar. - Qaşları ilə qollarına işarə etdi: - Sizə də bir qucaq salam göndərdi.
***
Günortadan sonra kəndə səs yayıldı ki, Mustafanın əmisi Məzahir ürək ağrısından yatır. Ağrısı tutanda dəli kimi olur. Camaat arasında dərhal pıçha-pıç düşdü; biri dedi qorxudan ürək ağrısı tapıb, digəri dedi Bəylər kişinin qarğışı tutub, Allahın qəzəbinə gəlib... Hərə bir hava çaldı...
***
Göyün üzü tərtəmiz idi. Arabir külək əsirdi. Üfüqdə zəif gözə çarpan qızartılar vardı.
Bir az aralıya - gözlə çətin görülə biləcək vadiyə də göy qurşağı düşmüşdü...


Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
 12345
6789101112
13141516171819
20212223242526
2728293031