manera.az
manera.az

Kino və ədəbiyyat - Sevda Sultanova yazır

Kino və ədəbiyyat - Sevda Sultanova yazır
MANERA.AZ kinoşünas Sevda Sultanovanın "Kinonun ədəbiyyatla vəhdəti" yazısını təqdim edir:

Müasir dövrdə kino ilə ədəbiyyatın itmiş əlaqəsi mövzusu müxtəlif səviyyələrdə ara-sıra müzakirə olunsa da, məsələ praktiki həllini tapmır. Və bu suallar hələ də açıq qalır: kinematoqrafiya ilə ədəbiyyat arasında qırılmış bağların bərpası üçün nə etmək lazımdır? Bu bağların bərpası kinomuza nə qazandıra bilər? Kinorejissorlarımızın ədəbiyyat bilgisi hansı səviyyədədir? Yaxud müasir dövrün yazıçıları ssenari texnikasına nə qədər bələddirlər?

Sovet dönəmində ədəbiyyatın kinoya əhəmiyyətli təsiri vardı. Məsələn, Azərbaycan kinosunun ilk dövrü məhz Cəfər Cabbarlının yaradıcılığı və şəxsiyyəti ilə sıx bağlıydı. C.Cabbarlı "Sevil" pyesi əsasında ssenarinin yazılmasında nəinki yaxından iştirak etmişdi, hətta filmin vizual dilinin tapılmasında da rolu böyük idi. "Sevil" filminin rejissorlarından biri Beknazarov da bunu etiraf edirdi: "Filmin elə bir kadrı yox idi ki, Cəfər Cabbarlı orada mənimlə birgə işləməsin. Biz çox vaxt çəkəcəyimiz kadrların daha canlı və inandırıcı çıxması üçün saatlarla düşünərdik. C.Cabbarlının kino sənəti sahəsində az müddət çalışmasına baxmayaraq, onun bir sıra kinematoqrafik hökmlər vermək qabiliyyəti məni doğrudan da heyran edirdi".

C.Cabbarlı yaxşı ssenarist olmaqla yanaşı, bir rejissor üçün vacib olan xüsusiyyəti - təsvir duyumu da vardı. Ona görə "Almaz" pyesinə özü quruluş vermək istəyirdi; ssenarini yazır, yaradıcı heyəti formalaşdırır, aktyorları seçir, sınaq çəkilişləri aparır, amma qəfil ölüm istəyini reallaşdırmağa mane olur. Ümumiyyətlə, C.Cabbarlının kino işinin təşkilində xidmətləri əvəzsiz idi. Bu mənada indiyə qədər "Azərbaycanfilm" kinostudiyasının məhz ədəbiyyatçı Cəfər Cabbarlının adını daşıması da təsadüfi deyil...

Sonrakı dövrlərdə də yazıçıların və ədəbiyyatın kinoya əhəmiyyətli təsiri oldu. 1930-cu illərdə ssenaristlərin əksəriyyəti qeyri-millətlərin nümayəndələri idi. Amma 1940-cı illərdən başlayaraq ssenari sahəsinə milli kadrlar gəlməyə başladı. Bu faktorun önə çıxmasında, ədəbiyyatla kinonun sıx təmasının yaranmasında ayrı-ayrı vaxtlarda kinostudiyaya rəhbərlik etmiş nasir-şairlərin əməyi danılmaz idi: Şəmsəddin Abbasov (1939-41), Rəsul Rza (1942-44, daha sonra - 1946-49-cu illərdə Azərbaycanın kinematoqrafiya naziri), Mehdi Hüseyn (1944), Cəmil Əlibəyov (1974-84)...

Kinoşünas Aydın Kazımzadə bir araşdırmasında yazır: "Rəsul Rza kinematoqrafiya sahəsində, ilk növbədə, ssenari yoxluğunun aradan qaldırılması və ssenarilərin keyfiyyətlə hazırlanıb istehsala buraxılmasında, müharibədən sonrakı film qıtlığı dövründə kino istehsalının qaydaya salınmasında, kinostudiyanın maddi-texniki bazasının möhkəmləndirilməsində böyük zəhmət çəkmişdir. 1946-cı ildə onun sədrliyi ilə neft mövzusunda ədəbi ssenarilərin respublika müsabiqəsi keçirilmişdir".
Kino və ədəbiyyat - Sevda Sultanova yazır
Beləliklə, bu sahədə yazıçıların fəaliyyəti nəticəsində kinomuzun çox maraqlı nümunələri ortaya çıxdı: "Səbuhi" (Mikayıl Rəfili), "İnsan məskən salır" (İmran Qasımov), "Bir ailə" (Mir Cəlal), "Fətəli xan" (Mehdi Hüseyn, Ənvər Məmmədxanlı), "O olmasın, bu olsun" (Sabit Rəhman), "Yenilməz batalyon" (Qılman İlkin), "Bir qalanın sirri" (Məmmədhüseyn Təhmasib), "Axırıncı aşırım" (Fərman Kərimzadə) və digərləri.

...Kino sintetik sənət olsa da, onun başlıca komponenti təsvirdir. Başqa cür desək, hər şey - musiqi də, ssenari də təsvirə tabe olmalı, onun diliylə danışmalıdır və bunun üçün ssenaristin kinoestetikanı dərindən dərki vacibdir. Bu mənada hər istedadlı, peşəkar yazıçı yaxşı ssenarist ola bilmir. Məşhur Amerika yazıçısı Frensis Skott Fitscerald Hollivudda ssenarist kimi uğur qazana bilməmişdi, onun yazdığı ssenarilər prodüserlər və rejissorlar tərəfindən yenidən işlənirdi. Ssenari işi üzrə mütəxəssis, amerikalı Sid Fild, Fitsceraldın nümunəsində problemi belə izah edir: "Universitetdə ingilisdilli ədəbiyyatı öyrənəndə bir seminar üçün Fitsceraldın "Gecə zərifdir" romanının birinci və ikinci nəşrini oxudum. Süjetə görə, psixiatr öz pasiyentilə evlənir, qadın sağaldığı müddətdə kişini tükədərək, bütün həyat enerjisini əlindən alır. Əsərin birinci hissəsi Rozmerinin gözündən göstərilir və o, Dayverlər ailəsini ideal, xoşbəxt hesab edir. Əsərin ikinci hissəsində isə Rozmerinin gördüyü ideal ailənin, əslində, ciddi problemləri olduğunu oxuyuruq. Birinci nəşr satılmayanda Fitscerald Hollivuddakı təcrübəsinə əsaslanaraq, uğursuzluğunun səbəbini romanda Dayverlər ailəsini gec təqdim etməsində görür. Ona görə kitabı yenidən işləyir və Dayverlər ailəsinin həyatını ilk hissəyə salır. Amma roman yenə populyarlaşmır. Məni isə Fitsceraldın bir şeyi görməməsi heyrətləndirir: romanın Rozmerinin Dayverlər ailəsini müşahidəsi ilə başlaması ədəbiyyatdan çox kinoya yaxın idi. Kinematoqrafik baxımdan bu, möhtəşəm başlanğıc idi - baş qəhrəmanları digərlərini necə görməsi. Fikrimcə, Fitsceraldın ssenarist kimi özünəinamı olmadığından o, belə bir gözəl başlanğıcı dəyişir".

Sovet dövründə kinonun dilini yaxşı mənimsəmək üçün bir qisim yazıçı ssenari üzrə təhsili almışdılar. Ənvər Məmmədxanlı, Mehdi Hüseyn, İmran Qasımov, Fərman Kərimzadə Moskvada Dövlət Kinematoqrafiya İnstitutunun nəzdində kinossenari kursunu bitirmişdilər. Daha sonra Anar, Ramiz Rövşən Moskva Ali ssenari kurslarında təhsil almışdılar ki, onların fəaliyyəti kinomuza bir növ fərqli nəfəs gətirdi: "Gün keçdi", "Dədə Qorqud" "Dantenin yubileyi" (Anar), "Babamın babasının babası", "Özgə vaxt", "Süd dişinin ağrısı" (Ramiz Rövşən).

Lakin peşəkar ssenari təhsili almayan yazıçıların da rejissorlarla işbirliyi nəticəsində keyfiyyətli ekran əsərləri yaranırdı: "Nəsimi", "Tütək səsi" (İsa Hüseynov), "Yeddi oğul istərəm" (Yusif Səmədoğlu), "Arxadan vurulan zərbə", "Bağ mövsümü", "Milli bomba" (Elçin), "Gümüşgöl əfsanəsi", "Kişi sözü" (İsi Məlikzadə), "Fransız" (Əmir Pəhələvan), "Yaşa, qızıl balıq" (Natiq Rəsulzadə). Bu əməkdaşlığın uğurlu alınmasında ssenaristlə rejissorun bir-birini anlaması, zövq, fikir və dünyagörüşlərinin ortaq nöqtədə kəsişməsi mühüm rol oynayırdı.

Yazıçılar təkcə müstəqil ssenarilər yazmırdılar, eyni zamanda ədəbi əsərlərin və ya populyar romanların, hekayələrin ekranlaşdırılması, kinoya adaptasiyası da sovet dönəmində yayılmış tendensiya idi.

...Maraqlı bir faktı deyim ki, Azərbaycan kinosuna yeni mövzular və obrazlar gətirən Həsən Seyidbəyli kinoya məhz ədəbiyyatdan gəlmişdi. İlk filmini isə 41 yaşında çəkmişdi. Yazıçı kimi fəaliyyətə başlasa da, o, kinonun vizual mahiyyətini başa düşmüşdü, təsviri hiss edirdi. Hətta Həsən Seyidbəyli "raskadrovkaları" belə özü edirdi.

Təbii ki, yazıçıların ssenarist kimi rejissorlarla əməkdaşlığının nəticəsi həmişə uğurlu olmayıb. Ortaya çox zəif, uğursuz işlər də çıxırdı. Bəzən də yazıçı öz əsərinin kino dilinə uyğunlaşdırmaqda çətinlik çəkirdi. Süleyman Rəhimovun "Mehman" əsəri əsasında Muxtar Dadaşovun çəkdiyi "Qanun naminə" maraqlı təsvir həlləri baxımından yaxşı filmlərimizdən biridir. Ssenarini əvvəlcə Süleyman Rəhimov Firudin Aşurovla birgə yazsa da, "Azərbaycanfilm"in rəhbərliyi tərəfindən bu versiya qəbul olunmamışdı. Səbəb - kino dilinin yoxluğu, bütöv epizodların ssenariyə köçürülməsiydi. Çünki film bədii mətndən asılı olmamalı, illüstrasiya xarakteri daşımamalı və tam müstəqil əsər kimi çəkilməlidir. Sonradan ssenarini Muxtar Dadaşov moskvalı Maro Erzinkyanla birgə işləyir. Bır sıra epizodlar ixtisara salınaraq, süjet yığcam hala gətirilir.

Eldar Quliyevin ekranlaşdırdığı "Babək" filmini isə əslində Həsən Seyidbəyli çəkməliydi. H.Seyidbəylinin "Babək" filmindən imtinasının səbəblərindən biri ssenarist Ənvər Məmmədxanlı ilə arasındakı fikir ayrılığıydı. Çünki H.Seyidbəylinin mövzuyla bağlı öz baxışı, konsepsiyası vardı və o, ssenarini dəyişdirməyə çalışıb.

Rejissor Ziya Şıxlinskinin sözlərinə görə, H.Seyidbəyli "Babək"in ssenarisində ilk epizodu fərqli işləmişdi: "İlk səhnə Babəkin uşaqlığından başlayır, onda nə islam, nə xristianlıq dini qəbul edilmişdi. Zədrüştlüklə bağlı hansısa bayram keçirilir. Bu zaman ərəblər hücuma keçərək vəhşilik törədir, kişiləri göldə boğur və Babək bunun şahidi olur. Yəni ondan sonra o, Babək olur, mübarizə aparır".

Lakin Mərkəzi Komitənin mədəniyyət şöbəsinin müdiri Azad Şərifov H.Seyidbəyliyə ssenarinin strukturunun dəyişdirilməsinə icazə verməyib.

Bununla belə, "Babək" milli kinomuzun ən uğurlu filmlərindən biridir. Amma hər halda H.Seyidbəyli kimi peşəkarın gözlərindən də Babəkin həyatını, şəxsiyyətini görmək maraqlı olardı.

Ssenaristlərlə rejissorların konflikti məsələsinə böyük rus rejissoru Andrey Tarkovski bu rakursdan yanaşırdı: "Yazıçı ilə rejissorun estetik meylləri bir-birindən fərqlənəndə heç cür kompromisə gəlmək olmur. Bu isə quruluş ideyasını yerlə bir edir. Film, sadəcə, alınmır. Müəlliflə rejissor arasında bənzər konflikt yaşananda bircə çıxış yolu qalır - ədəbi ssenarinin yeni quruluşa köçürülməsi... Ssenaristin ədəbiyyata dəxli yoxdur, o ya kinonu yaxşı bilən yazıçı, ya da yazmaq qabiliyyətinə malik rejissordur".

Rüstəm İbrahimbəyov da kinoda əsas müəllif kimi rejissoru qəbul edirdi: "...Başa düşmək lazımdır ki, filmdə əsas sima rejissordur. Əgər kimsə özünü ədəbiyyatda lazımınca ifadə etmək istəyirsə, nəsr, pyes yazmalıdır. Mən məhz bununla məşğulam".

Rüstəm İbrahimbəyovdan söz düşmüşkən... Təəssüf ki, kinomuzda Rüstəm İbrahimbəyov kimi dünya miqyasında ssenarist yetişmədi və bu, başqa bir məqəlanin mövzusudur... Azərbaycan kinosunda, Rüstəm ibrahimbəyovdan başqa, əsasən ssenari işi, kinodramaturgiya ilə peşəkarcasına məşğul olan, intellektual, kinoyla yanaşı, ədəbiyyatı da bilən, duyan digər ssenaristlər yetişdi: Ramiz Fətəliyev ("Burulğan", "Aşkarsızlıq şəraitində"), Maqsud İbrahimbəyov ("Uşaqlığın son gecəsi", "Bizim Cəbiş müəllim"), Eldəniz Quliyev ("Cansıxıcı əhvalat", "Pirverdinin xoruzu"), Alla Axundova ("Şərikli çörək", "Bizi bağışlayın")...

İndi isə elə vəziyyət yaranıb ki, rejissorlar ədəbiyyatdan, yazıçılar kinoda gedən proseslərdən məlumatlı deyllər. Rejissorlar və yazıçılar arasında yadlaşmanı aradan qaldırmaq məqsədilə Azərbaycan Kinematoqrafçılar İttifaqı belə bir layihə üzərində işləyir: Azərbaycan nasirlərinin kinoya asanlıqla adaptasiya oluna bilən, kinodilinə yararlı hekayələrinin silsilə şəklində nəşri.

Hərçənd, bu işbirliyini intensivləşdirmək üçün digər addımlar da atılmalıdır. Əlbəttə ki, kino məmurları, prodüserlər ədəbiyyatımızda baş verən proseslərlə, yeni əsərlərlə maraqlanmalı, onları diqqətdə saxlamalı, ssenari işinə yazıçıları cəlb etməli, sseanri texnikası istiqamətində emalatxanalar təşkil olunmalıdır. Kino Agentliyi rəsmi qurumdan çox, yaradıcı şəxslərin - rəssamların, yazıçıların, bəstəkarların, rejissorların ünsiyyət məkanına, doğma təmas yerinə çevrilməlidir. Çünki yaradıcı sahələrin əlaqəsi, ünsiyyəti, fikir mübadiləsi kinoda yenilənmə, fərqli fikirlər, obrazlar, mövzular, yeni imzalar deməkdir. Sovet dönəmindən fərqli olaraq, müasir kinoda yazıçıların əsərlərinin ekranlaşdırılması barmaqla sayılacaq qədərdir. Lakin kinoyla ədəbiyyatın təması təkcə ona görə vacib deyil ki, hansısa yazıçının ədəbi əsəri ekranlaşdırsılsın. Həm də ona görə vacibdir ki, rejissor yazıçının əsərini ekranlaşdırmasa belə, hansısa motivindən bəhrələnə, yaxud bu, ona nəsə bir ideya verə bilər.

Fransız rejissoru Jan Lyuk Qodar kino təcrübəsi ilə bağlı belə bir fikri bölüşür: "Bir kinematoqraf üçün əsas başlıca cəhətlərdən biri fikir mübadiləsi apara biləcəyi adamları öz çevrəsinə toplaya bilmək bacarığıdır. Sartırn yazdıqları belə, qırx-əlli adamla aparılan müzakirə və mübahisələrin nəticəsiydi. O, əsərlərini təkbaşına otaqda yaratmamışdı. Ən yaxşı filmlər qarşılıqlı fikir mübadiləsi nəticəsində ortaya çıxan filmlərdir".

Yaxud "Nəsimi" filminin yaranmasında İsa Hüseynovla Həsən Seyidbəylinin dostluğunun, uzunmüddətli müzakirələrinin payı xüsusidir.

Və ya gənc rejissor Amil Amalın müharibədən bəhs edən "Titrəmə" adlı qısametrajlı bədii filmi şair Aqşin Evrenlə söhbətləri sayəsində yaranıb...

Bu il Azərbaycan Kinematoqrafçılar İttifaqının layihəsi çərçivəsində Şahmar Ələkbərovun Elçinin "Toyuğun diri qalması" povesti əsasında çəkdiyi film nümayiş olundu. "Sahilsiz gecə" təsirli ifadə vasitələri, kino dili, bədii yozumu baxımından keyfiyyətli ekranlaşdırmadır. Tədbirə dəvət olunan filmin ssenari müəllifi Elçinə öz təcrübəsindən çıxış edərək, kino ilə ədəbiyyatın əlaqəsinin yenidən bərpası üçün nələr etmək lazımdır sualını ünvanladım. Bu yazına da elə onun cavabı ilə bitirmək istəyirəm: "Hər şeyi istedad həll edir. İstedadlar bir-birini tapmalıdır. Tapırsa, yaxşı kino yaranacaq. Rejissorun daxili aləmi ssenaristin daxili aləmi, estetik duyumu üst-üstə düşməyəcəksə, onda heç nə yaranmayacaq. Amma nə etmək lazmdır ki, bunlar üst-üstə düşsün? Cəmiyyətdə bu gün müasir milli mədəniyyətimiz özünü axtarır. Geniş mənada deyirəm, özünüaxtarış gedir. Mütləq özünüaxtarış o istedadların bir-birini tapması ilə yekunlaşacaq. Başqa cür mümkün deyil. Bu gün niyə belə deyil? Səbəbləri çoxdur. Axıra qədər belə davam edə bilməz".

525.azБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI