manera.az
manera.az

Səfalətdən əbədiyyətə...

Səfalətdən əbədiyyətə...
“Dahilərin dəyəri öləndən sonra bilinir”-deyirlər. Düzü, ətrafımızda baş verən hadisələr, gördüklərimiz, eşitdiklərimiz də bu fikri az-çox təsdiqləyir. “Öləndə badam gözlü” olan çoxlarını görmüşük. Cəmiyyətimiz itirəndən sonra qədrini bilməyə, sonra isə sanki özü çox qədir bilirmiş kimi bir-birini qədirsizlikdə günahlandırmağa həvəslidir, niyəsə. Amma tarixə nəzər saldıqda bunun təkcə bu günə xas bir “epidemiya” olmadığını görürük. Yəni tarixdən olub öləndən sonra dəyər vermək, itirəndən sonra qədir-qiymət anlamaq. Həm də bütün dünyada...

Sağlıqlarında səfalət içində yaşayıb öləndən sonra əsərləri geniş oxucu kütləsi tərəfindən sevilən, cild-cild kitabları çap olunub məşhurluğa “qovuşan” yazıçılar, şairlər də az olmayıb ədəbiyyat tarixində. Yazdıqları əsərləri ilə ədəbiyyat dünyasında iz buraxmaqlarına baxmayaraq, zamanında maddi sıxıntılar çəkən ədiblər arasında Düma, Pəyami Safa, Edqar Allan Po, Əhməd Hamdi Tanpınar, eləcə də Azərbaycan ədəbiyyatında Mirzə Ələkbər Sabir, Məhəmməd Hadi və başqalarının adlarını çəkmək olar.

Konfranslar verərək borclarını ödədi...

“Tom Soyerin macəraları” əsəri ilə tanınan və Amerikanın ən məşhur adamlarından biri olan Mark Tven varlanmaq ümidi ilə bizneslə məşğul olmaq qərarına gəlir. Bu məqsədlə bir çox işlərə başlayan Mark Tvenin bütün

cəhdləri uğursuz alınır. 1885-ci ildə qurduğu nəşriyyat iflasa uğrayır. 58 yaşlı yazıçı dəhşətli borc girdabına düşür. Beş il boyunca kitablar yazaraq və Avstraliyadan Hindistana, Cənubi Afrikadan İngiltərəyə qədər ölkələr dolaşıb konfranslar verərək borclarını ödəyir. Təəssüf ki, həyat yoldaşı Olivia bu gərgin həyata dözmür və sağlamlığı ciddi şəkildə pozulur. Çox keçmədən qadın Florensiyada ölür. Tven isə ondan altı il sonra- 75 yaşında dünyasını dəyişərkən özündən sonra 23 kitab qoyub gedir.

Kirayəni ödəyə bilməyən yazıçılar...

“Üç müşketyor” və “Qraf Monte Kristo” kimi məşhur romanların müəllifi Aleksandr Düma, əslində, kitabları böyük bir sərvət qazanmışdı. 5 milyon dollar sərvəti olmasına rəğmən, o da səfalət çəkən yazıçılar arasındadır. Belə ki, Dümanın qadın və içki düzgünlüyü, eləcə də lüks həyata olan marağı ona bu sonu hazırlamışdı. Yazıçının son illəri səfalət içərisində keçib. İş o yerə çatmışdı ki, böyük romanlar müəllifi, 5 milyonluq sərvətin sahibi artıq kirayə pulunu ödəyə bilmək üçün bütün dəyərli əşyalarını, hətta paltosunu belə satmışdı. Bioqrafiyasında yazıldığına görə, onun mağazalara olan borcunu belə qohumları ödəyirmiş...

Şeirləri və dedektiv hekayələri ilə Amerika ədəbiyyatının ən dəyərli ədiblərindən biri olan Edqar Allan Po da öz həyat tərzinə görə həmkarından geri qalmırdı. Qumar və içkinin səfil günə qoyduğu, zamanında layiq olduğu dəyəri görməyən dahilərdən olan Po da əsərlərini qarın toxluğuna satmaq məcburiyyətində qalan yazıçılardan idi. Belə ki, on ildə yazdığı “Ligeya” əsərini cəmi 10 dollara, 1845-ci ildə çap olunan “Quzğun” əsərini isə 9 dollara sata bilmişdi. Po üç dollar olan ev kirayəsini belə ödəməyə çox çətinlik çəkirdi. Həyat yoldaşı Virciniya aclıqdan vərəm xəstəliyinə tutulmuşdu. Yazıçının özü də günlərlə yeməyə bir şey tapmayıb ac-susuz otururdu. Onlara ara-bir qonşuları kömək edir, yemək gətirirdilər. Həyat yoldaşı ölərkən Edqarın onu dəfn etməyə pulu yox idi. Yazıçı ölərkən cəmi 40 yaşı var idi və son sözləri “Tanrım, mənim zavallı ruhuma yardım et” olmuşdu. Ölümündən sonra Ponun satışa çıxarılan bir neçə səhifəlik əl yazısına isə on min dollar verilmişdi.

Türk ədəbiyyatının tanınmış imzalarından olan Pəyami Safa 27 may çevrilişindən sonra sıxıntılı günlərə düçar olmuşdu. Elan tapa bilmədiyi “Türk düşüncəsi” jurnalının çapını dayandırmaq məcburiyyətində qalır. Türk Ədəbiyyatçılar Birliyindən və Türk Dil Qurumundan çıxarılır. Həyatının son illərində Adnan Mendereslə yaxın münasibətinə görə hücumlara və təhqirlərə məruz qalır. Artıq yazılarını heç bir yer qəbul etmir. Beləcə, işsizlik və maddi sıxıntılar çəkir.

Bir gün naşirin yanına gedib ev kirayəsini ödəyə bilmək üçün telefonunu satmaq istədiyini deyir. Naşir onun telefonunun tutarı qədər pul toplayıb Safaya verir. O isə borcunun qarşılığında “Şimal-Qərb sintezi” kitabını nəşriyyata təslim edir. Təəssüf ki, özü bu kitabın çapını sağlığında görə bilmir. 62 yaşında vəfat edən yazıçı ömrünün son çağlarını bu cür ifadə edirdi: “Kitablarımı çap edərək böyük pullar qazanmamış, məni yazı heyətinə alaraq sonsuz sərvət qazanmamış redaktor, qəzet sahibi, demək olar ki, yoxdur. Fəqət mənim zəhmətimin mükafatı yarım əsr sürən bir məhrumiyyət, xəstəlik və işgəncədən başqa bir şey olmadı”.

“Xəstəliyimdən əlavə, pulsuzluqla da məşğulam...”

Türk ədəbiyyatına “Hüzur”, “Saatları qurma institute” kimi bənzərsiz əsərlər bəxş edən Əhməd Həmdi Tanpınar da son illərində həm sağlamlıq, həm də maddi problemlərlə üzləşmişdi. 1962-ci ildə 61 yaşında ürəktutmasından vəfat edən yazıçı öz gündəliyində bu fikirləri qeyd etmişdi: “26 Teşrin-i Sani (noyabr) 1958. Bu gün qaraciyər müayinəsi üçün xəstəxanaya gedirəm. İçimdəki hər şey alt-üstdür. Xəstəliyimdən əlavə, pulsuzluqla da məşğulam. Cibimdə cəmi bir lirə var. Böyük xəstəliklər kimi, pulsuzluğum, demək olar ki, yoxdan başladı, böyüdü, çoxaldı və məni ağuşuna aldı. Ətrafım borcum olan adamlarla doludur. Cibimdə borc sənədləri var. Bu an yalnız borcla yaşayıram və borc məni dəli edəcək. Qurtulmaq üçün etdiyim hər cəhd yeni borcla nəticələnir”.

Səfaləti özü seçən yazıçı...

Şübhəsiz, yarımbaşlığı oxuyarkən məlumatlı oxucunun ağlına gələn ilk adlardan biri Tolstoy olacaq. Varlı ailənin övladı olaraq dünyaya gələn Lev Tolstoy yüksək təhsil aldıqdan sonra dogma kəndi Yasnaya-Polyanaya geri dönərək yoxsul kəndlilərlə birlikdə yaşamağa başlayır. Rus kəndlisinin yoxsul, pərişan vəziyyəti onu çox düşündürürdü. Ona görə də sahib olduğu torpaqların hamısını, qiymətli əşyalarını paylayır, əsərlərinin müəllif haqlarından imtina edir. Kəndlilər kimi yaşamağa başlayan Tolstoy öz ayaqqabılarını, paltarlarını da özü tikirdi. Bütün ərazilərini satan yazıçı səfalət halına düşür və ömrünün son illərində psixoloji çöküş də yaşayır. Evini tərk edən Tolstoy Astapovo Qatar stansiyasında ölərkən ondan geriyə yalnız qələmi, romanları və öz əlləri ilə tikdiyi paltarı qaldı.

Paltosuz “İstiqlal şairi”...

Türkiyənin “İstiqlal Marşı”nın sözlərinin müəllifi Mehmet Akif Ərsoy da söz illərini iztirab içərisində keçirib. Buna görə də dostu Abbas Həlim Paşanın dəvəti ilə qışı keçirtmək üçün Misirə getməyə məcbur olur. İşsiz, maaşsız olan şairi ən çox incidən isə polis tərəfindən təqib edilməsi idi. Çox böyük çətinliklə nəşr etdiyi “Sebil’ür-Rəşad” jurnalı bağlanmışdı. Şair Misirdə də ciddi yoxsulluq içərisində idi. Vəziyyətini görüb halına acımasınlar, yemək və əşya gətirməsinlər deyə ev adresini də dəyişdirmişdi. Xəstələnəndən sonra Türkiyəyə qayıdır və burada dünyasını dəyişir. Dəfninə rəsmi məmurlardan heç kim qatılmır. Məzarı isə iki il sonra universitet tələbələri tərəfindən düzəldilir.

Hətta müasirləri qeyd edirlər ki, Ərsoy “İstiqlal Marşı”nı yazarkən paltosu belə yox idi. Bununla belə, “Marş”a görə aldığı 500 lirə mükafatı cəbhəyə paltar tikən vəqfə bağışlayır. Yəni yoxsulluq, səfalət çəkməsinə baxmayaraq, “İstiqlal Marşı”nın yazarı Mehmet Akif Ərsoy çox sevdiyi xalqına qiymətli əsərlər və dürüst, qürurlu bir şəxsiyyət bəxş etdi.

Çox təəssüf ki, sonralar 1967-ci ildə böyük şairin oğlu Emin Ərsoy da səfalət içərisində acınacaqlı bir vəziyyətdə dünyasını dəyişir.

“Sabir çörəksiz yaşayar...”

Azərbaycan satirik şeirinin görkəmli nümayəndəsi Mirzə Ələkbər Sabir ömrünün son dönəmlərində ağır xəstəliklə mübarizə apararkən həm də dərin maddi sıxıntılar da yaşayırdı. Hətta vəziyyət o yerə gəlib çatmışdı ki, evdəki bütün əşyaları satan şair öz kitabxanasındakı şəxsi kitablarını da satmaq məcburiyyətində qalmışdı. Şairin qızı Səriyyə xanım atasının son günlərini belə xatırlayır:

“Evimizdə olan əşyalar satılıb qurtarmışdı. Dəllal atamın kitablarını götürüb satmaq istəyirdi. “Camaat Nizaminin “Xəmsə”sini istəyir” - deyə götürdüyü bir kitabı atama göstərdi. Atam isə Seyid Əzim Şirvaninin ona bağışladığı “Xəmsə” kitabını əlinə götürüb baxdı və dedi:

- Sabir çörəksiz yaşayar, amma Nizamisiz yaşaya bilməz!..”

Pulsuzluqdan arzusu ürəyində qalan şair...

Azərbaycan ədəbiyyatının tanınmış nümayəndəsi Məhəmməd Hadi gənclik illərində ilahiyyat elmləri ilə bərabər dünyəvi elmləri, xüsusilə dil, ədəbiyyat, fəlsəfə, məntiq, tarixi də dərindən öyrənmişdi. Şair hələ gənc yaşlarından xaricdə təhsil almaq istəsə də, maddi imkanı olmadığından bu arzusu ürəyində qalmışdı. Ədibin yaxın dostu, məsləkdaşı Seyid Hüseyn şair haqqında yazırdı:

“O, oxuduğu elmlərin kəndisinə heç bir nəticə verməyəcəyini, olsa-olsa mömin bir molla əfəndidən fəzlə bir şey olmayacağına hissi-qəbləl-vüqu ilə anladığından İstambul və Əl-Qahirə kimi islam mədəniyyəti mərkəzlərinə gedib orada təhsil almaq fikrinə düşmüşdü. Mustafa Lütfi... Hadini xarici məmləkətlərə göndərəcək iqtidarı olmadığından Hadi bir neçə zəngin əqrəbasını müraciətdə bulunmuş, təhsil arzusunda olduğunu söyləyib müavinət istəmişsə də, sözünü dinləyən və yardımda bulunan olmamışdı”.

Hadi istədiyi məktəblərdə, istədiyi elmləri oxumağa nail ola bilmədiyindən əmisi oğlunun köməyi ilə ticarət işinə əl atmış, lakin bu işə marağı olmadığından işi tezliklə tərk etmişdi. 1902-ci ildə yanvar ayının son günündə Şamaxıda təbii fəlakət baş verir. Şamaxı zəlzələsindən sonra hamı kimi Məhəmməd Hadi də köçür. Evinin qalıqlarını 200 manata satan şair Kürdəmirə gedir və iki dəfə dükan açmağa cəhd etsə də, zərərə uğrayır.

Kasıb olduğu üçün sevgilisi tərəfindən tərk edilən Məhəmməd Hadi ölənə qədər ailə qurmur.

İsinmək üçün əlyazmalarını yandırmaq...

Böyük Mirzə Cəlil də maddiyyatla sınanan yazıçılardan idi. Onun həyatını ən gözəl şəkildə təsvir edən həyat yoldaşı Həmidə xanım Məmmədquluzadənin xatirələrində bu, öz əksini tapmışdı:

“Mirzə Cəlil həmişə deyərdi ki, uşaqları yaxşı yedizdirmək lazımdır, yoxsa xəstələnib ölərlər, amma buna maddi imkan çatmırdı. Ona görə də həyəcanlanır, əsəb keçirirdi. Gedib kömək istəməyə də razı deyildi, düşünürdü ki, onu lazımınca qiymətləndirmirlər. Biz heç odun da ala bilmirdik.

Bir dekabr axşamı qar qarışıq güclü xəzri əsirdi. Mirzə Cəlil oğlanlarının otağına girdi və oradan çıxarkən dedi:

- Çox soyuqdur, bu soyuqda başlarına bir şey girməz, gərək sobanı qalayaq.

Öz otağına gedib şkafı açdı, əlyazmalarını çıxartdı. Onları bir-bir gözdən keçirib yerə atırdı. Mən narahat oldum, soruşdum ki:

- Nə etmək istəyirsən?

- Sobanı qalamaq istəyirəm.

Xahiş etdim ki, əlyazmalarını yandırmasın, gərək ola bilərlər. Ondansa taxta bir şey axtaraq. Cavab verdi ki, yandırmalı nə mümkünsə, hamısını yandırmışıq.

Mən ürək ağrısı ilə onun əli ilə yazdığı səhifələri qalaq-qalaq yığıb sobaya qoymasına və kibrit çəkməsinə baxırdım. Hiss edirdim ki, bu, çox böyük itkidir, amma mane ola bilmirdim, o, çox əsəbi idi. Nəhayət, sobanın ağzını bağladı, yenidən oğlanlarının otağına getdi və qayıdıb dedi:

- Soba istidir.

Cəlil məmnun idi və arxayın yıxılıb yatdı...”

Bəli, pul bir insanın yaşaması üçün çox vacib amildir. Bu yazıda adını çəkdiyimiz və çəkmədiyimiz bütün nümunələrdə olduğu kimi, yoxsulluq adı tarixə qazınmış dahilərin də ən böyük sınaqlarından biri olub. Amma onlar bu sınaqlardan da üzüağ çıxmağı bacarıb, özündən sonra zəngin irs qoymağa nail olublar. Sübut edirlər ki, əsl zənginlik maddiyyat deyil, ölümündən sonra da adını illər, əsrlər boyunca yaşadacaq yadigarlardır...

Şahanə MÜŞFİQ
yeniazerbaycan.com
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
 12345
6789101112
13141516171819
20212223242526
2728293031