Prezident mükafatı alan 10 gənc - onlar kimlərdir?
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev elm, təhsil, mədəniyyət, gənclər siyasəti və gənclərlə iş, ictimai və sosialyönümlü fəaliyyət, innovasiya və sahibkarlıq sahələrində xüsusi fərqlənən şəxslərə 2024-cü il Gənclər üçün Prezident mükafatlarının verilməsi ilə bağlı sərəncam imzaladı. Sadalanan sahələr üzrə il ərzində fərqlənən on nəfər gəncin təltif edilməsi ölkə ictimaiyyəti tərəfindən olduqca müsbət qarşılandı.
2024-cü ildə Prezident mükafatına layiq görülən gənclərin fəaliyyəti ilə bağlı qısa araşdırma apardıq. Məlumatlar geniş olsa da, onların hər biri haqqında qısa informasiyanı oxuculara təqdim edirik.
Gülnar Abdullayeva 1995-ci ildə Bakı şəhərində anadan olub. 2012-2016-cı illərdə Bakı Dövlət Universitetində təhsil alıb, təhsilini fərqlənmə diplomu ilə başa vurub. 2016-2018-ci illər ərzində Azərbaycan Milli Elmlər Akademiyasının Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda "Molekulyar biologiya" ixtisası üzrə magistr təhsili alan G.Abdullayeva daxil olduğu ildən etibarən institutda böyük laborant vəzifəsində çalışıb. 2018-ci ildən isə Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Bioloji məhsuldarlığın fundamental problemləri şöbəsində kiçik elmi işçi kimi işləyib. G.Abdullayeva İslam İnkişaf Bankının 2018-2019-cu tədris ili üçün PhD üzrə təqaüd proqramının qalibi seçilib. Hal-hazırda Böyük Britaniyanın Oksford Universitetində Onkologiya ixtisası üzrə doktorantdır.
Rəvanə Ağamirova 2005-ci ilin iyun ayının 17-də İsmayıllı rayonunda anadan olub. Lap kiçik yaşlarından musiqiyə böyük həvəsi olan R.Ağamirova 2012-ci ildə Görmə məhdudiyyətli uşaqlar üçün 5 nömrəli xüsusi internat məktəbində itidai təhsilin ilk pilləsinə qədəm qoyub. Paralel olaraq Görmə məhdudiyyətli uşaqlar üçün 38 saylı musiqi məktəbində sənətin incəliklərinə yiyələnməyə başlayıb. Bu illər ərzində R.Ağamirova onlarla tədbirdə, festivalda çıxış edib, müsabiqələrə qatılıb, müxtəlif diplomlarla, fəxri fərmanlarla təltif olunub. O, bir ildən çoxdur ki, Dost İnklüziv İnkişaf və Yaradıcılıq mərkəzində vokal dərsi alır. R.Ağamirovanın məqsədi Milli Konservatoriyaya sənəd verməkdir. R.Ağamirova peşəkar xanəndə kimi püxtələşərək Azərbaycan musiqisinə töhfələr vermək arzusundadır. O, gələcəkdə pedaqoji fəaliyyətlə məşğul olmağı planlaşdırır. Birinci dərəcəli görmə məhdudiyyətli R.Ağamirova "Əngəl sərhəd tanımır!" şüarı ilə daim fiziki məhdudiyyətli yaşıdlarına stimul verib, onlarda müxtəlif sahələrə həvəs yaradıb.
Tariyel Ağazadə 1998-ci ildə Ağcabədi rayonunda anadan olub. 2016-2021-ci illərdə Bakı Mühəndislik Universitetində təhsil alıb. 2018-2021-ci illərdə İnkubasiya və Akelerasiya Mərkəzində çalışıb. 2021-ci ildə Türkiyənin ən böyük fintex texnologiya şirkəti olan "Paymes"in Azərbaycan bölməsində "Growth Manager (inkişaf üzrə menecer)" olaraq fəaliyyət göstərib. 2022-ci ildən isə "Kapital Bank" şirkətinin İnnovasiyalar üzrə rəhbəri vəzifəsində çalışır. İlk ərsəyə gətirdiyi "Webspace" texnoloji media platformasının həmtəsisçisi kimi 2019-cu ilə qədər texnoloji media sahəsində uğurlu addımlar atıb. 2020-ci ildə Azərbaycan və dünyada baş verən texnologiya xəbərlərinin dərc olunduğu "techland.az" texnoloji jurnalını təsis edib. 2021-ci ildə isə "tech.az" texnologiya mediasının həmtəsisçisi və idarəçi partnyoru kimi fəaliyyətini daha da təkmilləşdirərək 1 il davam etdirib. 2022-ci ildən isə sıfırdan yaratdığı və bu gün ölkənin ən böyük elmi-texnoloji və startap media platforması olan "Tedroid Media Group"un qurucusu və həmtəsisçisidir.
Ayxan Allahverdiyev 1999-cu ilin dekabr ayının 13-də Bakı şəhərində anadan olub. 2016-2020-ci illərdə Azərbaycan Texniki Universitetində Metallurgiya fakültəsinin "Dağ-mədən mühəndisliyi" ixtisası üzrə təhsil alıb. 2020-ci ilin iyul ayında hərbi xidmətə yollanıb. 44 günlük Vətən müharibəsində Füzuli, Cəbrayıl, Xocavənd rayonları istiqamətində gedən döyüşlərdə iştirak edib. Ali Baş Komandan İlham Əliyevin müvafiq sərəncamları ilə "Füzulinin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Vətən müharibəsi iştirakçısı" medalları ilə təltif olunub.
2022-ci ilin yanvar ayından 2023-cü ilin mart ayına qədər "Böyük Qayıdış" Gənclər Təşkilatında layihə meneceri vəzifəsində çalışıb. 2023-cü ilin fevral ayında qardaş Türkiyədə baş verən şiddətli zəlzələnin fəsadlarının aradan qaldırılması məqsədilə Prezidentin çağırışına əsasən Azərbaycan könüllülərinin Kahramanmaraş, Hatay, Adıyaman və Malatya rayonlarındakı humanitar yardımlarında iştirak edib, Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən "Türkiyə Dövlət Üstün Fədakarlıq nişanı" ilə təltif edilib. 2023-cü ilin mart ayından etibarən Azərbaycan Könüllü Təşkilatları İttifaqında layihə meneceri olaraq çalışır.
Kimyəxanım Baxışova Rzayeva 2013-cü ildə Bakı Mühəndislik Universitetinin Fizika (ingilis bölməsi) ixtisasına qəbul olub. 2018-ci ildə bakalavr təhsil pilləsini fərqlənmə ilə bitirib və 2019-cu ildə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Radiasiya Problemləri İnstitutunun "Radiasiya materialşünaslığı" ixtisasına qəbul olub, 2021-ci ildə fərqlənmə diplomu ilə magistr dərəcəsini alıb. Kimyəxanım Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) Mariya Skadlovskaya-Küri Təqaüd Proqramını qazanan ilk azərbaycanlı tələbədir. Elm və Təhsil Nazirliyinin Radiasiya Problemləri İnstitutunun dissertantı olan Kimyəxanım 19 sentyabr 2023-cü il tarixindən "Epitaksial təbəqənin və piksellərin ölçülərini dəyişməklə radiasiya davamlı selvari silisium detektorların işlənməsi" adlı dissertasiya işinin tədqiqatına başlayıb.
Zərifə Məhərrəmova Naxçıvan şəhərində doğulub. O, ADA Universitetində bakalavr səviyyəsinin Beynəlxalq əlaqələr ixtisası üzrə təhsil alıb. Z.Məhərrəmova, eyni zamanda, ADA Universiteti və BERGAMO Universitetinin "MaRTE" II səviyyə peşəkar səviyyə artırma proqramını başa vurub. O həm də Sankt-Peterburq Dövlət Universitetinin İctimai siyasət və qlobal idarəçilik fakültəsini magistr dərəcəsi üzrə bitirib. Z.Məhərrəmova COP28 İqlim Konfransı və ECOSOC (BMT-nin İqtisadi və Sosial Şurası) Gənclər Forumu çərçivəsində paralel yan tədbirin ideya müəllifi və təşkilatçısı, BƏƏ-də COP28 İqlim Konfransında UNICEF, BMT-nin Uşaq Fondu tərəfindən təşkil edilən yan tədbirin, Bosniya və Herseqovinada BMT-nin Əhali Fondu (UNFPA) tərəfindən təşkil olunan Beynəlxalq Forumun, BMT Gənclərin İqlim Sammitinin Azərbaycan təmsilçisi və çıxışçısı olub. O həm də Azərbaycan və ingilis dillərində çap edilən "Azərbaycan BMT Model Hərəkat" jurnalının ideya müəllifi və qurucusudur.
Ulucay Məmmədov 1995-ci il mayın 14-də Bakı şəhərində anadan olub. O, 2013-2017-ci illərdə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin Rus dili bölməsində bakalavriat pilləsi üzrə təhsil alıb. 2017-2019-cu illərdə həmin fakültədə "Publisistik jurnalistika" ixtisası üzrə magistr təhsili alıb. 2013-cü ildən Ulucay Akif imzası ilə mətbuatda dərc olunmağa başlayıb. III "Gənc ədiblər məktəbi"nin məzunu olan Ulucay Akif 2016-cı ildən Azərbaycan Yazıçılar Birliyinin və Dünya Gənc Türk Yazarlar Birliyinin üzvüdür. Tələbəlik illərindən "Ədalət" qəzetində və bir sıra xəbər saytlarında fəaliyyət göstərib. 2021-ci ildə "Ulduz" jurnalının redaksiya heyətinə üzv seçilib. 2021-ci ildə Kulis.az ədəbiyyat və mədəniyyət portalının baş redaktoru təyin olunub. 2016-cı ildə "Günəşə atılan mərmilər" adlı ilk şeirlər kitabı nəşr olunub. 2020-ci ildə Ulucay Akifin "Gizlənqaç" adlı şeirlər kitabı işıq üzü görüb.
Dinara Məmmədova (Şirinova) 1998-ci ilin aprel ayının 6-sı Bakı şəhərində anadan olub. 2006-2017-ci illərdə Bakı Xoreoqrafiya Məktəbində təhsil alıb. 2017-ci ildə "Qəmər Almaszadə" müsabiqəsində 3-cü yerə layiq görülüb. Hesabat konsertində "Yeddi gözəl" baletində Aişə rolunu ifa edib.
Elə həmin il Dövlət Akademik Opera və Balet Teatrının xidmətinə balet artisti kimi daxil olub. 2019-cu ildən baş rolları ifa etməyə başlayıb.
"Leyli və Məcnun" baletində Leylinin, "Şelkunçik"də Maşanın, "Eşq və Ölüm"də Baijanın, "Məhəbbət tanqosu"nda Teresanın, "Min bir gecə"də birinci nağıl: qızın, "Yeddi gözəl"də Alovun, "Qu gölü"ndə 4 kiçik qu quşunun, "Corsair"də 3 odaliskin, "Don Kixot"da Amurun, "Məhəbbət əfsanəsi"ndə Şirinin partiyalarını məharətlə ifa edib.
Fatimə Məmmədova 2002-ci ilin sentyabr ayının 22-də Bakı şəhərində anadan olub. 2019-cu ildə Bakı Ali Neft məktəbinin Kimya mühəndisliyi ixtisasına qəbul olub və hal-hazırda 5-ci kurs tələbəsidir.
2022-ci ildə hazırladığı layihə ilə Heydər Əliyev adına təşkil olunmuş konfransda 1-ci yerə layiq görülüb. Eyni ildə Azərbaycanda ilk dəfə keçirilən TeknoFest yarışmasında "Yaşıl texnologiyalar" kateqoriyasında qızıl medal qazanıb. Eyni layihə ilə dünyanın ən böyük "Yaşıl biznes ideaları" müsabiqəsi olan "Climate LaunchPad"də region üzrə 3-cü yerə layiq görülüb. Bundan başqa, 2023-cü ildə Türkiyənin Orta Doğu Texniki Universitetində bir semester təhsil alıb. 2023-cü ildə "KOBİA" tərəfindən təşkil olunan 3-cü qrant müsabiqəsinin qalibi olub. Hal-hazırda "Günəş panellərinin effektivliyin artırılması" ideyasını biznesə çevirmək üzərində çalışır.
Pərviz Mirələmli 1995-ci il avqust ayının 5-də anadan olub. 2013-cü ildə ADA universitetinin "Dövlət və İctimai Münasibətlər" fakültəsinə daxil olub. P.Mirələmli 2014-cü ildə Avropa Birliyinin Azərbaycan Nümayəndəliyində könüllü olaraq fəaliyyətə başlayıb, 2017-ci ildə Avrasiya Əməkdaşlıq Fondu/Qafqaz Tədqiqat Resurs Mərkəzində təcrübəçi olaraq işləyib. 2019-cu ildən Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətində (GIZ) layihə konsultantı vəzifəsində çalışıb. 2020-ci ilin dekabrında ATGTİ-nin idarə heyətinin sədri seçilib. Hazırda Bakı Dövlət Universiteti Beynəlxlaq Münasibətlər və İqtisadiyyat fakültəsinin "İctimai Siyasət" ixtisası üzrə II kurs magistr tələbəsi kimi təhsil alan Pərviz Mirələmli 2023-cü ilin iyul ayınadək Fövqəladə Hallar Nazirliyi yanında İctimai Şurasının üzvü kimi, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 7 iyun 2022-ci il tarixli Sərəncamına əsasən isə Azərbaycan Respublikasının Gənclər Fondunun yenidən formalaşdırılmış Müşahidə Şurasının 9 üzvündən biri kimi fəaliyyət göstərir.
525.az