manera.az
manera.az

Kino və ideologiya - Sevda Sultanova yazır

Kino və ideologiya - Sevda Sultanova yazır
Ötən il Mədəniyyət Nazirliyi və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə baş tutan Kinoforumda panellərdən biri ideologiya və kino mövzusunda idi. Bu, forumun sönük və qeyri-produktiv müzakirələrindən biri oldu. Çünki müzakirələrdən aydınlaşdı ki, kinematoqrafçılarımız kinoya hansı ideoloji aspektlərin gətirilməsi və onların necə həll olunması haqda dəqiq təsəvvürlərə malik deyillər.

Əlbəttə ki, mili kinomuzun hazırkı vəziyyətində ideoloji istiqamətdə atılacaq ilk zəruri addım kino sənətinin əvvəlki nüfuzunun və statusunun qaldırılması, işlək kinosənayenin qurulması, intensiv film istehsalı və sairdir. Çünki bunlar olmadan kinoda konkret ideoloji məsələlərin qoyuluşundan danışmağın da mənası qalmır.

Bununla belə, məni sözügedən mövzuda məqalə yazmağa vadar edən bir neçə faktor oldu. Öncə isə ondan başlayım ki, yaxınlarda Azərbaycan Kinematoqrafçılar İttifaqının təşəbbüsü ilə keçirliən “Kino və ideologiya” mövzusunda müzakirə zamanı yaradıcı adamlarımızın “ideologiya” sözündən ürkdüyünü gördüm. Çünki “sənətdə ideologiya” anlayışı mütləq şəkildə hansısa siyasi ideyaların, mövqelərin təqdimi-təbliği kimi başa düşülür. Halbuki, ideologiya geniş, çoxtərəfli anlayışdır və hər bir yaradıcı insanın özünün yaradıcılığında sadiq olduğu ideoloji düşüncə (sadə dillə desək, müəllifin ideyası, dünyagörüşü, baxış bucağı, prinsipləri və s) xətt vardır. Məsələn, rejissor Andrey Zvyagintsev, yaradıcılığında bir qayda olaraq, ailə modelindən yola çıxaraq, ordakı münasibətlərlə, altmənalarla rus cəmiyyətinin diaqnozunu qoyur.

Yaxud “Doqma-95”in ideoloqları müasir kinoda mövcud tendensiyalara qarşı alternativ kino hərəkatını təklif edirdi ki, bu da özlüyündə bir ideoloji yanaşmadır. Yəni, ideologiyanın konkret siyasi məzmun daşıması mütləq deyil.

Mən isə kinoda ideoloji xəttin vacibliyindən danışanda, əsasən, siyasi və milli xətti nəzərdə tuturam. Beləliklə, son illərdə nüfuzlu beynəlxalq kinofestivallarda göstərilən və mükafat qazanan erməni filmlərində bəzən açıq, bəzən dolayı mesajlarla Azərbaycan (həmçinin, Türkiyə) əleyhinə aparılan təbliğat-təşviqat məni bu mövzuda yazmağa vadar edən əsas səbəbdir. Həmin filmlərdə milli mədəniyyətimizin elementləri erməni milli kimliyininin özəlliyi kimi göstərilir və erməni kinematoqrafçıları siyasi niyyətlərini süjetlərdə universal dəyərlər altında sırıyırlar.

Hər il Ermənistan Milli Kino Mərkəzinin sifarişilə ildə 5-6 tammetrajlı bədii film istehsal olunur ki, onun ən azı 2-si mütləq şəkildə ideoloji məzmun daşıyır. Erməni kinosunda ideoloji prioritetlər əsasən bunlardır: 1915-ci il hadisələri fonunda qurban obrazı və guya zərər çəkməklərinə rəğmən sarsılmaz erməni ruhunun saxlanılması, Azərbaycan musiqisini, rəqslərini, mətbəxini mənimsəyərək qədim erməni mədəniyyəti kimi təqdimatı, Qarabağda yaşamış ermənilərin mifik cəngavər, sülhsevər, ailə dəyərlərinə, milli köklərinə sadiq obrazının yaradılması, Qarabağ müharibəsinin əzəldən başladan tərəfin azərbaycanlıların olması və bizim bədheybət, qorxaq obrazımızın yaradılması, erməni sənətkarlarının, mədəni irsinin təbliği və s.

Bu il Oskar mükafatının qısa siyasına düşən (Oskarın qısa siyahısına düşmək çətindir və böyük uğurdur) “Amerikatsi”, 2020-ci ildə Kann festivalının debüt proqramında yer alan və Xocalı hava limanından bəhs edən “Külək sakitləşərsə” (“Should the Wind drop”), Almaniya və Litvanın birgə əməkdaşlığı çərçivəsində çəkilən “Aurora’s Sunrise” sənədli animasiyası, ötən il dünyanın nüfuzlu sənədli film festivalında İDFA-da əsas mükafata layiq görülən, 44 günlük Qarabağ müharbəsindən danışan “1489” və digərləri yuxarıda sadaladığım məqsədlərə xidmət edir. Bu faktı da deyim ki, “Külək sakitləşərsə”, həmçinin, Birinci Qarabağ müharibəsindən bəhs edən və ölkəmizə qarşı təbliğatın yer aldığı “My Gross” (2019), “Eva” (2017), “The Last Inhabitant” (2016), “Gate to heaven” (2019) və digər filmlər Qarabağ ərazisində çəkilib.

Bu halda, kinomuzda hansı ideoloji xətlər qabardılmalıdır? Dövlət başçısı İlham Əliyev yanvarda yerli televiziya kanallarına verdiyi müsahibədə ideoloji kontekstdə toxunduğu məsələlər kinoda da bu diskursu aktual edir:

“Bizim əsas milli ideyamız ərazilərimizi azad etmək idi. Yəni, bütün xalq bu ideya ətrafında, bu amal ətrafında birləşmişdi, biz bunu artıq əldə etmişik. Ona görə, gələcək inkişafla bağlı, əlbəttə ki, mənim fikirlərim var və bir çox hallarda onlar həlledici olacaq təbii ki. Ancaq mən istərdim ki, cəmiyyətdə də bu məsələ ilə bağlı diskussiyalar getsin, siyasətçilər, politoloqlar, elm adamları, ziyalılar, yəni, bizim gələcək inkişafımızla bağlı əsas milli ideyalarımız nə olmalıdır. Bu bir ictimai müzakirə mövzusu olmalıdır.

… Cəmiyyətdə elə bir sakitləşmə ovqatı da yaradılmamalıdır. Birincisi, biz hər zaman çox ayıq olmalıyıq, çünki bizə qarşı olan hərəkət, dediyimiz bu məsələlərlə bitməyəcək, bundan sonra da davam edəcək. Çünki biz dünya miqyasında çox böyük layları tərpətdik…

…Ermənistanda yersiz illüziyalar yarana bilər ki, nə vaxtsa onlar Qarabağı yenidən bizdən qopara bilərlər. Belə fikirlər onların cəmiyyətində dolaşır, o cümlədən rəhbər qruplaşma daxilində də belə fikirlər var. Mən istisna etmirəm ki, bu fikirlər, necə deyərlər, getdikcə daha geniş yer tutacaq”.

Prezidentin müsahibəsində və digər çıxışlarında səsləndirdiyi fikirlər ideoloji istiqamətdə kinomuz üçün də vacib ipucları verir; yəni biz Qarabağ mövzusunun, həmçinin, Qərbi Azərbaycandan deportasiya edilmiş insanların hekayələrinin, dini, mədəni müxtəliflyimizin, tolerantlığımızın, dəyərlər sistemimizin, mədəni-tarixi irsimizin universal hekayələr vasitəsilə uğurlu ekran həllini tapmalıyıq. Misalçün, Üzeyir Hacıbəylinin həyat hekayəsi həm də milli mədəniyyətimizin tanınması və təbliğidir. Və ya Azərbaycanda realist aktyor məktəbinin banisi Cahangir Zeynalovun həyatı ekranlaşdırıla və 1918-ci il ermənilərin törətdiyi vəhşiliklərdən onun və ailəsinin zərərçəkməsi yer ala bilər.

Rejissor Tahir Tahiroviçin çoxdan yazdığı “Teatr” adlı maraqlı bir film layihəsi var. Həmin ssenariyə əsasən, azərbaycanlıların fəaliyyət göstərdiyi teatr klassik bir tamaşanı hazırladığı dönəmdə, Yerevanda etiraz mitinqləri başlayır, tamaşanın məşqləri yarımçıq qalır və yaradıcı heyət vətənindən pərən-pərən düşür. Bu, universal dəyərləri daşıyan çox təsirli deportasiya hekayəsidir. Qısası, onlarla analoji hekayə keyfiyyətli vizual materiala çevrilə bilər.

Milli-tarixi mövzuların kinoda həlli üçün uyğun sənaye mexanizminin olmaması və başqa problemlər səbəbindən biz erməni kinosuna ideoloji cəhətdən uduzuruq. Qeyd etdiyim problemlər, həmçinin, aşağıdakı suallara cavab tapmaq daha çox ölkənin humanitar siyasətinə cavabdeh məmurların üzərinə düşür:

– Kinoda necə bir azərbaycanlı obrazı yaradılmalıdır?

– Qarabağ mövzusu ilə bağlı hansı xətlər qabardılmalıdır?

– Qloballaşan dünyada milli kimliyimiz hansı formada ifadə olunmalı və mesajlarımız nə olmalıdır?

– Kinomuz Ermənistana münasibətdə sülh, birgəyaşayış ideyasını dəstəkləməlidirmi? və s.

Çünki dünya praktikasında kinoda ideoloji istiqamətlər bir qayda olaraq, ölkənin humanitar siyasətinə məsul şəxslər, ideoloqlar tərəfindən təyin olunur.

2001-ci il sentyabr hadisələrindın sonra Ağ Ev rəsmiləri kinematoqrafçılarla görüşərək Hollivud filmlərində bu ideyaların vizual olaraq təbliğini təklif etmişdi:

– Amerika Əfqanıstanda İslamla yox, terrorizmlə mübarizə aparır.

– Amerika ordusunun dünyanın hər yerinə hərbi müdaxiləyə haqqı var və bu, xoş məqsəd daşıyır.

– Amerika bütün dünyada milyonlarla adamı qarşılıqsız şəkildə yedirib-içirib, onlar bizim universitetlərdə təhsil alıblar və s.

…İncəsənət növləri arasında ən çox kino, güclü ideoloji silah, effektiv yumşaq güc aləti sayılır. Müasir dövrümüzdə bunun ən bəsit nümunəsi xarici ölkələrə satılan, brendə çevrilən türk seriallarıdır. Kinoda ideoloji diskurs deyəndə, həmçinin, uşaq kinosunun, animasiyanın inkişafı, dilimizin saflığı, mədəni irsimizin, ailə dəyərlərinin – ailədə sevginin, etibarın, qarşılıqlı hörmətin, fərdin xoşbəxtliyin cəmiyyətin xoşbəxtliyi ilə bağlı olmasının təbliği və s. nəzərdə tutulmalıdır. Amma əlbəttə ki, ilk növbədə yerli tamaşaçıda kinomuza tələbat, sevgi, hörmət yaradılmalıdır.

Sevda Sultanova
kinoşünas
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
1234567
891011121314
15161718192021
22232425262728
293031