Gülə-gülə irəliləyən optimist - (HEKAYƏ) - MANERA.AZ
manera.az
Bu gün yazıçı Murad Köhnəqalanın doğum gündür. Manera.az bu münasibətlə Murad Köhnəqalanı təbrik edir və onun “OPTİMİST” hekayəsini təqdim edir.
Səhər tezdən oyanan kimi yorğanı üstündən atıb yerində gərnəşdi. Günəşin şəfqətli şüaları onun yatağına düşürdü. Parlaq və aydın şüalar altında yüngülvari idman eləyib əl-üzünü yumağa getdi.
O, güzgüdə özünə baxıb fərəhlə gülümsədi və dişlərini yumağa başladı. İri ağ dişləri ona hər an optimist olmaqda yardımçı olurdu. Əynini geyinib şəhərə çıxdı. Sevinə-sevinə, gülə-gülə irəliləyən optimistin ayaqları onu haralarasa aparırdı.
Xeyli getmişdi ki, qəfil tindən bir qoca çıxıb onu danlamağa başladı:
- Arsız-arsız nə gülürsən əə, kişi deyilsən? Kişi xeylağı da belə hırıldayarmı?
Optimist bu sözlərin yanından qaçaraq gülə-gülə oradan sürətlə aralandı. Qocanın əlindən birtəhər çıxıb yoluna davam eləyən optimistə bir qarı yaxınlaşıb:
- A bala, cavan oğlansan, nəyə gülürsən? Gülməli bir şey varsa de, biz də gülək! - dedi.
Optimist qarının sözlərindən incimədən yumuşaqca burulub yolun o biri tərəfinə keçdi. O, yol kənarındakı ağaclara baxıb gülümsəyir, fərəhlə addımlayırdı. Günəşli yaz havası optimistin damarlarında qanını coşdurur, ciyərlərini vətən eşqi ilə doldururdu. O, fərəhinə darlıq edən köynəyinin bir düyməsini açaraq sinəsini irəli qabartdı.
Bu zaman tindən bir gənc çıxıb onun qarşısını kəsərək:
- Alə, bu nədi, hırıldaya-hırıldaya gedirsən? Sənin abır-həyan, namus-qeyrətin yoxdu? – deyib, optimisti biabır elədi.
Optimist onun hikkəsinə məhəl qoymadan irəliləməyinə davam elədi. O, çala-çuxur yollara, siqnal verən maşınlara, zibil qablarına, kirli pişiklərə, dönər iyinə baxıb gülümsünürdü. Bu dəfə onun qarşısına gənc bir xanım çıxdı. Optimist xanımın günəş şüasından parıldayan yumru çöhrəsinə baxıb fərəhlə gülümsədi. Gənc xanım qarşıdakının bu hərəkətindən hirslənərək ağzını açıb gözünü yumdu:
- Nədi, əə, həyasız kopayoğlu, üzümə nə hırıldayırsan? Məni tanıyırsan? Yox, məni tanıyırsan? Kişiliyin çatır burda dayan indi zəng eləyib çağırıram, qoy gəlib səninlə danışsınlar! Oğraş alçaq! Bunun mənə hırıldamağına bax, ağzına, burnuna bax! Kişisənsə dayan burda, sənin bağırsaqlarını asfalta tökdürməsəm atamın qızı deyiləm!
Optimist qadının qışqır-bağırından hörmətlə ayrılaraq fərəh dolu sinəsini qabağa verib yoluna davam elədi.
Gülümsəyən optimiztin bəxtinə bu dəfə bir dəstə tələbə çıxdı. Tələbələrdən bir canlısı onun üstünə yeriyərək:
- Kimə gülürsən, a kişi, bizə? Elə bilirsən savadsızıq, bizə dərs-zad keçmirlər, həə? Bəlkə kəmərin altına keçirtdiyimiz dəftərimizə gülürsən? Sən öl, səni buradaca yaranmağına peşman eləyərəm! Döyün, əə, bunu! – dedi. Tələbələr optimisti qamarlayıb yerə yıxaraq onu xeyli döydülər. Onlar səkiyə uzanan optimistə bir-iki təpik də vurub ordan aralandılar. Optimist birtəhər ayağa qalxıb üst-başının tozunu çırpdı və qanlı dişləri ilə gülə-gülə gedib su krantında ağız-burnunu yudu. Bir ovuc su içib özünə gəldikdən sonra yenə fərəhlə yoluna davam elədi. Olmuş hadisəni dərhal unudan optimist gülümsəyə-gülümsəyə krantın yanından bir az aralanmışdı ki, qarşıdan gələn bir dəstə şagird onu öz dövrəyə aldı. Şagirdlərin arasından bir gonbulu irəli durub optimistə:
- Daydayı, nəyə gülürsən, dişlərini niyə ağardırsan? Biz sənin uşağın yaşındayıq, utanmırsanmı? A kişi, adam ciddi olaree! Ayıb olsun sənə!” – deyib, onu daşlamağa başladılar. Uşaqlardan birinin atdığı daş onun başını yardı. Optimistin başından axan qan güllü köynəyini daha da allandırdı. Optimist gülə-gülə əlini başının yarılmış yerinə sürtüb barmaqlarındakı qana baxdı. Sonra gülə-gülə uşaqlardan ayrılaraq fontana tərəf getdi. Başının qanı kəsdikdən sonra köynəyini çıxarıb fontanın hovuzunda yumağa başladı. Bu zaman iki gənc polis nəfəri ona yaxınlaşıb köynəyinin nədən qan olmasını soruşdu. Optimist gülərək əhvalatı polislərə söylədi. Polislər onun qollarından yapışıb arxasına buraraq:
- Gedək şöbəyə, hər şeyi orda araşdıracağıq! – dedilər və onu qabaqlarına salıb dümsükləyə-dümsükləyə haylamağa başladılar. Bu zaman yekəqarın bir kişi yaxınlaşaraq polislərə:
- Evimiz şöbənin yanındadı, icazə verin evə qədər bu optimisti minim - dedi.
Kişi polislərin köməyi ilə optimistin boynunda oturdu. Optimist yekəqarının ağırlığından rahat gülə bilməsə də birtəhər qımışırdı...