manera.az
manera.az

Hamıdan da Vətən üstün! - Nazim Hüseynlinin şeirləri

Hamıdan da Vətən üstün! - Nazim Hüseynlinin şeirləri
Nazim Hüseynli - Azərbaycan Jurnalistlər və Yazıçılar Birliklərinin üzvü, Prezident təqaüdçüsü Nazim Hüseynli “Gözün aydın, xalqım, Şuşa alındı!” adlı yeni kitabını çapa hazırlayıb. Kitaba müəllifin müxtəlif illərdə qələmə aldığı vətənpərvərlik ruhlu şeirlərdən nümunələr daxil edilib. Onların böyük bir hissəsi Qarabağ savaşı, şəhidlərimiz, Şanlı Zəfərimizlə bağlı şeirlərdir.

MANERA.AZ Nazim Hüseynlinin həmin kitabda verilmiş bir neçə şeirini oxucularımıza təqdim edir.

GÖZÜN AYDIN, XALQIM, ŞUŞA ALINDI!

“İrəli!” əmrini verib Komandan,
Vətən dardadırsa kim əsirgər can,
Hər yerdə yağıya qusdururuq qan...
Sərkərdə danışır:-Zəfər çalındı,
Gözün aydın, xalqım, Şuşa alındı!

Qələbə ulayır o Boz Qurdumuz,
Tapdaqdan qurtulur ana yurdumuz,
Yeni tarix yazır Şanlı Ordumuz,
Sərkərdə danışır:-Zəfər çalındı,
Gözün aydın, xalqım, Şuşa alındı!

Ürəyində cəngi, beynində cəngi,
Hərəsi bir şirdi, pələngdi sanki,
Yaşa Şanlı Ordum!Gəldi o an ki
Sərkərdə danışır:-Zəfər çalındı,
Gözün aydın, xalqım, Şuşa alındı!

Düşmən məhv edilir, daim xar olsun,
Milli Ordumuza tanrı yar olsun,
Ali Baş Komandan İlham var olsun!
Sərkərdə danışır:-Zəfər çalındı,
Gözün aydın, xalqım, Şuşa alındı!

Paytaxt etdiyiniz Yerevan bizim,
Gözəllər gözəli o Sevan bizim,
Zəngəzur, Dilican, Berd, Qafan,.. bizim,
Sərkərdə danışır:-Zəfər çalındı,
Gözün aydın, xalqım, Şuşa alındı!
8 noyabr 2020-ci il

DALĞALANIR BAYRAQ KİMİ O YUMRUQ!

O yumruq-bütövlük, birlik rəmzimiz,
İnkişaf rəmzimiz, dirlik rəmzimiz,
İmzamız, möhrümüz, varlıq rəmzimiz,
Dalğalanır Bayraq kimi o yumruq!

O yumruq-gücümüz, dronumuzdur,
O yumruq-bir olan zamanımızdır,
O yumruq-Kəbəmiz, Quranımızdır,
Dalğalanır Bayraq kimi o yumruq!

O yumruq düşmənin əzir başını,
Daş üstə yağının qoymur daşını,
Səfərbər eyləyir xalqı, qoşunu,
Dalğalanır Bayraq kimi o yumruq

O yumruq-gücü dağ, Azərbaycandır!
O yumruq-Qarabağ Azərbaycandır!
O yumruq-hər bir çağ Azərbaycandır!
Dalğalanır Bayraq kimi o yumruq!

O yumruq-düşməni yerlə bir edər,
O yumruq-bir Günəş, yolu nur edər,
O yumruq-yurdumu bütöv, hür edər,
Dalğalanır Bayraq kimi o yumruq!

O yumruğa Allah qüvvət, boy verir,
Bakı, Təbriz, Kərkük, Dərbənd,... hay verir,
Soydaşlarım-60 milyon oy verir,
Dalğalanır Bayraq kimi o yumruq!
8 noyabr 2020-ci il

ŞƏHİD VERMƏSƏK

Kölə olluq, qul olluq,
Ayaq altda çul olluq,
Əsir ölkə, el olluq
Şəhid verməsək!

Xarıbülbül ağlayar,
Naləsi qəlb dağlayar,
Bulaqlar qan çağlayar
Şəhid verməsək!

Şuşanı fəth etməzdik,
Kəlbəcərə getməzdik,
Zəngəzura çatmazdıq
Şəhid verməsək!

Necə torpaq alardıq,
Necə qalib olardıq?
Xankəndisiz qalardıq
Şəhid verməsək!

Araz dərdi bitərmi,
Həsrət sona çatarmı,
Xalq birliyə yetərmi
Şəhid verməsək!

Vətənimiz hürr olmaz,
Bütöv olmaz, bir olmaz,
Bizə Yerdə yer olmaz
Şəhid verməsək!
2023

HAMIDAN DA VƏTƏN ÜSTÜN!

Nə mən üstün, nə sən üstün,
Döyüşlərə gedən üstün,
Yağıyla cəng edən üstün,
Hamıdan da Vətən üstün!

Qıydı igid cana-üstün,
El borcludur ona-üstün,
Oğlu şəhid ana üstün,
Hamıdan da Vətən üstün!

Ömrü şam tək sönən üstün,
Qazi kimi dönən üstün
Düşmənləri yenən üstün,
Hamıdan da Vətən üstün!

Planları cızan üstün,
Yağıları əzən üstün,
Zəfərləri yazan üstün,
Hamıdan da Vətən üstün!
2020

AZƏRBAYCAN BAYRAĞI

Keçmişlərdən dikəlir,
Min illərdi yol gəlir,
Arxasınca el gəlir,
Azərbaycan bayrağı!

Zirvələrə dikiləndi,
Önündə diz çöküləndi,
Tabutlara büküləndi,
Azərbaycan bayrağı!

Bir məşəldi-gur, sönməz,
Yüksəlibdi, heç enməz,
Qələbəsiz geri dönməz
Azərbaycan bayrağı!

Qarabağa el-el dönür,
Səcdəsinə dağlar enir,
Xankəndidə dalğalanır
Azərbaycan bayrağı!

Ana Təbriz yolun gözlər,
Göyçə sənə baxıb sızlar,
Dərbənd həsrət, zaman izlər,
Azərbaycan bayrağı!

Hifz eyləsin daim xuda,
Əydirmərik heç vaxt yada,
Uğrunda can olsun fəda,
Azərbaycan bayrağı!
2024

ÖLMƏYİ ƏMR EDİR MUSTAFA KAMAL

Mustafa Kamal Çanaqqala savaşı zamanı 57-ci alaya bu əmri verir: “ Ben size taarruz emretmiyorum, ölmeyi emr ediyorum. Biz ölünceye kadar geçecek zaman zarfında, yerimize başka kuvvetler ve komutanlar kaim olabilir.”

Çanaqqala- türkün sınaq meydanı,
Məğlub olsa olar qınaq meydanı.
Qovmaq üçün ana yurddan şeytanı,
Ölməyi əmr edir Mustafa Kamal.

Düşmənin qoşunu gör bir hardadır,
Gözü İstanbulda, boğazlardadır,
Dünyanın ən böyük cəngi burdadır,
Ölməyi əmr edir Mustafa Kamal.

Mehmetciyin aslan gücü qolunda,
Qarı düşmən at oynatsın elində?
Əsgərlərə ana Vətən yolunda
Ölməyi əmr edir Mustafa Kamal.

Bir qarış geriyə çəkilmək olmaz,
Sadəcə dayanmaq, dikilmək olmaz,
Düşmən öldürmədən, bil, ölmək olmaz...
Ölməyi əmr edir Mustafa Kamal.

Türkün taleyidir burda yazılan,
Turanın yoludur burda cızılan,
Düşmən planıdır burda pozulan,
Ölməyi əmr edir Mustafa Kamal.

Turanın məşəli sönməsin deyə,
Ulu bayrağımız enməsin deyə,
İrqimiz köləyə dönməsin deyə,
Ölməyi əmr edir Mustafa Kamal.

İki yüz əlli min -hamsı qəhrəman,
İgidlik göyərdər o müqəddəs qan,
Türk oğlu basılmaz daha heç zaman,
Ölməyi əmr edir Mustafa Kamal.

Göyündə hilallı, ulduzlu bayraq,
Dunaydan Kaşqara bir ucsuz torpaq...
Uğrunda ölərik hər zaman , hər çağ,
Ölməyi əmr edir Mustafa Kamal.

Amansız yağıdan öc alsın deyə,
Türk qövmü yaşasın, ucalsın deyə,
Dünya var olduqca o qalsın deyə,
Ölməyi əmr edir Mustafa Kamal.

Qeyd: Nazim Hüseynli 2022 ci il noyabrın 25- 29-da Türkiyənin Adana şəhərində keçirilən 7-ci Uluslararası Türk Dünyası Şeir və Müsiqi Festivalında iştirak edərək türk dünyası şairləri arasında keçirilmiş Mustafa Kamal Atatürkə həsr olunan şeir müsabiqəsinin qalibləri sırasında Mustafa Kamal ödülünə layiq görülüb.

Xeyirbəylər ölməz, Vətən yaşasın!

Vətənpərvər şair, şəhid atası Cəlil Xeyirbəyə

Cəlil qardaş, Xeyirbəyin atası,
Qəlbiniz bir nisgil, qürur adası,
Yurdun harayına kimlər çatası,
Xeyirbəylər ölməz, Vətən yaşasın!

Elimizin vətənpərvər şairi,
Sözü süngü, özü bir ər şairi,
Uca tutar daim göy, yer şairi,
Xeyirbəylər ölməz, Vətən yaşasın!

Qorxubilməz könüllü, nər olubdu,
Suqovuşan döyüşündə şir olubdu...
Məzarı bir səcdəgah, pir olubdu,
Xeyirbəylər ölməz, Vətən yaşasın!

Səngərdəydi , avtomatı əlində,
Qisas sözü ürəyində, dilində,
Şəhid oldu oğlun Laçın elində,
Xeyirbəylər ölməz, Vətən yaşasın!

Vətən eşqi ilə yanar şəhidlər,
Düçmənləri bir heç sanar şəhidlər,
Bir qalxana, səddə dönər şəhidlər,
Xeyirbəylər ölməz, Vətən yaşasın!

Əziz ana! Oğul arxan, dirəyin,
Deyidin ki, bir toyunu görəyin,
Gətirdilər-parça-parça ürəyin,
Xeyirbəylər ölməz, Vətən yaşasın!

Qardaş dağı acıların acısı...
Ağlama, dur, toxda şəhid bacısı,
Sizlər bizim başımızın tacısız,
Xeyirbəylər ölməz, Vətən yaşasın!

Neçə gözəl toysuz, ərsiz qalıbdı,
Beşik səssiz, ocaq qorsuz qalıbdı,
Xeyirbəyin yarı yarsız qalıbdı,
Xeyirbəylər ölməz, Vətən yaşasın!

Şəhid olan 3 min əsgər sayı var,
Hər birinin Qələbədə payı var,
Erməninin 10 mindən çox vayı var ,
Xeyirbəylər ölməz, Vətən yaşasın!
2021

TURAN DEYİB ULAR, ULAR BOZ QURDUM

Türk torpağı bölüm-bölüm bölündü,
Ürəyimiz dəlim-dəlim dəlindi,
Sərvətimiz elim-elim talandı,
Turan deyib ular, ular boz qurdum!

Macaristan Uyğuristan arası,
Göynər türkün neçə-neçə yarası,
Bir soralım, nədir onun çarası?
Turan deyib ular, ular boz qurdum!

Uyğur dərdi, Kərkük dərdi bitmədi,
Araz dərdi, Mencük dərdi bitmədi,
Əsarətə son, türk dərdi bitmədi,
Turan deyib ular, ular boz qurdum!

Mavi bayraq dağ, dənizlər aşacaq,
Çox ellərdən çox ellərə qoşacaq,
Düşmən qorxub uzaqlara qaçacaq,
Turan deyib ular, ular boz qurdum!

Diləyimiz öz yerini bulacaq,
Çox dövlətlər bu birliyə gələcək,
Göy üzü bir Turan çadrı olacaq,
Turan deyib ular, ular boz qurdum!
2022

SƏN ÖZÜN BİR BAYRAQ OLUBSAN, NAİL

Vətən Müharibəsi Qəhrəmanı Nail İbrahimliyə

Vətən savaşında birinci gündən
Sən ön cəbhədə yer bulubsan, Nail.
Qanlı döyüşlərdə qisasımızı
Xain daşnaqlardan alıbsan, Nail.

Azadlıq savaşı ər meydanıdır,
İgidlik meydanı, nər meydanıdır,
Kişilik meydanı, zor meydanıdır,
Hər döyüşdə zəfər çalıbsan, Nail.

Öndəki postları tam yox etdiniz,
Neçə-neçə hakim mövqe tutdunuz,
Murov zirvəsində tonqal çatdınız,
Qartal kimi qanad çalıbsan, Nail!

Sənin “Hücum”, “PK” pulemyotların,
Qənimi kəsildi xain yadların,
Neçə-neçə qatil daşnaq adların,
Ana torpağımdan silibsən, Nail.

Əlində pulemyot qabaqda getdin,
Döyüşləri öndən idarə etdin,
Neçə yüksəkliklər, kənd, şəhər tutdun,
Tanrı şahiddir sən qalibsən, Nail.

Ürəkləri işğal dərdi dağladı ,
O tay-bu tay gecə-gündüz ağladı,
Xudafərin azad oldu, toxdadı,
Baxıb xəyallara dalıbsan, Nail.

Hazırlayıb gözəl taktika və fənd,
Azad etdiz neçə post, şəhər, kənd:
Füzuli, Cəbrayıl, Zəngilan, Ağbənd,
Hayların sinəsin dəlibsən, Nail

Yara aldığın bir mövqe, yer vardı,
Sifətində işıq vardı, nur vardı,
Gözündə ölməyən bir qürur vardı,
Son nəfəsdə sanki gülübsən, Nail!

Eşq olsun, Vətənim, şanlı orduna,
Eşq olsun döyüşən hər boz qurduna,
Bayrağa bükülü döndün yurduna,
Sən özün bir bayraq olubsan, Nail!

Atanın, ananın gözünün nuru,
Ana yurdumuzun fəxri, qüruru,
Ən uca qatdadır şəhidin yeri,
Bu uca qata xoş gəlibsən, Nail!

Vətən savaşının qəhrəmanısan,
Qalib ölkəmizin fəxri, şanısan,
Elim, igidini yaxşı tanı sən:
Hərb tarixinə iz salıbsan, Nail!
2020

Tural Adışirinin təqdimatında..Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
 12345
6789101112
13141516171819
20212223242526
2728293031