manera.az
manera.az

Beynəlxalq elmi-praktik seminarın açılışı olub - MANERA.AZ

Beynəlxalq elmi-praktik seminarın açılışı olub - MANERA.AZ

“Azərbaycanın orta və ali məktəblərində rus dilinin tədrisi: xüsusiyyətlər və tələbat”

MANERA.AZ xəbər verir ki, dekabrın 7-də Bakı Slavyan Univeristetinin Beynəlxalq Rus Dili və Ədəbiyyat Müəllimləri Assosiasiyası (MAПРЯЛ) və “Russkiy mir” Fondu (Rusiya) ilə birgə keçirdiyi “Azərbaycanın orta və ali məktəblərində rus dilinin tədrisi: xüsusiyyətlər və tələbat” mövzusunda iki günlük beynəlxalq elmi-praktik seminarın açılış mərasimi olub. Tədbirdə çıxış edən rektor, professor Asif Hacıyev seminarın mahiyyətindən söz açıb, habelə BSU-nun çoxşaxəli fəaliyyəti barədə iştirakçıları məlumatlandırıb. Bildirib ki, universitetdə slavyanşünaslığın müxtəlif sahələri üzrə kadr hazırlanır, növbəti tədris ilindən isə serb və makedon dillərinin də tədrisinə başlanacaq. Rektor BSU-nun fəaliyyətində rusistikanın əsas yer tutduğunu, rus dili və ədəbiyyatı, rusiyaşünaslıq, tərcümə və başqa sahələr üzrə mütəxəssis hazırlandığını, habelə rusistikaya aid fundamental elmi tədqiqatlar aparıldığını qeyd edib. Qonaqların diqqətinə çatdırılıb ki, BSU Rusiyanın bir çox nüfuzlu ali məktəbləri ilə əməkdaşlıq edir, birgə elmi konfranslar, ixtisasartırma kursları, tələbə mübadiləsi həyata keçirilir. Professor A.Hacıyev BSU-nun xarici ölkələrin universitetləri ilə müştərək elmi layihələrindən, universitet tərəfindən xaricdə, o cümlədən Moskva Dövlət Linqvistik Universiteti və Ural Federal Universitetində azərbaycanşünaslığın tədrisinin təşkilindən də danışıb.

Rektor ölkəmizdə rus dilinə böyük maraq olduğunu və bunun dövlət tərəfindən dəstəkləndiyini Azərbaycanın bir çox orta təhsil müəssisələrində və universitetlərdə rus dilli bölmələrinin, Moskva Dövlət Universitetinin Bakı filialının, Rus Dövlət Dram Teatrının, müxtəlif mətbu orqanların uğurla fəaliyyət göstərdiyini vurğulayıb.

Azərbaycanda olmaqdan məmnunluğunu bildirən Beynəlxalq Rus Dili və Ədəbiyyat Müəllimləri Assosiasiyasının prezidenti, Sankt-Peterburq Dövlət Universitetinin və Rusiya Təhsil Akademiyasının prezidenti, “Русский мир” Fondunun Himayədarlar Şurasının sədri, görkəmli alim, akademik Lyudmila Verbitskaya Azərbaycanın sürətli inkişafına, Bakının gözəlliyinə heyran olduğunu deyib. Rus dilinin tədrisi metodikası, dərslikləri ilə bağlı məsələlərə toxunan L.Verbitskaya seminarda bu vacib məsələlərin müzakirə ediləcəyini bildirdi.

O, həmçinin Azərbaycanda rus dilinə olan münasibətdən, rus dilinin təhsildə, cəmiyyətdə tutduğu mövqedən, BSU-nun təhsil və elmi fəaliyyətindən dərin razılığını bildirib. Azərbaycanda rus dili ilə bağlı vəziyyətin digər ölkələr üçün nümunə olduğunu qeyd edib.

Seminar çərçivəsində professorlar A.Hacıyev və L.Verbitskayanın moderatorluğu ilə “Rus dilində təhsil alan xarici məktəb şagirdlərinin şifahi nitqinin qiymətləndirilməsi meyarları” mövzusunda dəyirmi masa, rusiyalı mütəxəssislər tərəfindən ustad dərsləri, mühazirələr keçirilib. Dəyirmi masada və digər tədbirlərdə rusiyalı mütəxəssislər – Rusiya Xalqlar Dostluğu Universitetinin professoru Olqa Rudenko-Morqun, Moskva Dövlət Universitetinin professoru Andrey Boqomolov, Sankt-Peterburq Dövlət Universitetinin professoru Tatyana Popova və bu universitetinin müəllimi Arseniy Parfyonov, MAПРЯЛ-ın katibliyinin direktoru Aleksandr Korotışev çıxış ediblər. Müzakirələrdə azərbaycanlı alimlər – BDU-nun kafedra müdiri, professor Ədibə Paşayeva, BSU-nun professoru, “Azərbaycanda rus dili və ədəbiyyatı” jurnalının baş redaktoru Flora Naciyeva, «Россотрудничество»nın nümayəndəsi Lyudmila Yakunina, ATU-nun professoru Alimə Osmanzadə, BSU-nun kafedra müdiri, professor İlyas Həmidov və başqalarının çıxışları da maraqla qarşılanıb.

Qonaqlara BSU nəşrləri, o cümlədən “Azərbaycanda rus dili və ədəbiyyatı” yeni nömrələri, rusistikada ilk dəfə hazırlanaraq çap edilən yeddi cildlik “Sergey Yeseninin dilinin lüğəti” və BSU tələbələrinin İsmayıllı rayonunun İvanovka kəndindən topladığı folklor nümunələri məcmuəsi təqdim edilib.

Aytəkin Qardaşova







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2025    »
 123456
78910111213
14151617181920
21222324252627
282930