Əhməd Cavad haqqında kitab işıq üzü gördü - FOTO
Göyərçin Abidqızının (Mustafayeva) istiqlal şairi Əhməd Cavada həsr olunmuş "Türkün haqq bağıran səsi" adlı kitabı işıq üzü görüb.
MANERA.AZ xəbər verir ki, "Elm və təhsil" nəşriyyatında çap olunmuş 256 səhifəlik kitabın "Ön söz"ünün müəllifi akademik Rafael Hüseynov, elmi redaktoru isə Mustafa Vüqar Öməroğludur.
Kitab "Əhməd Cavadın həyat və yaradıcılığını formalaşdıran ədəbi-mədəni mühit", "Əhməd Cavad milli istiqlal şairi kimi", "Əhməd Cavad sənətkarlığının milli konteksti və şairin tərcümələri" adlı fəsillərdən ibarətdir.
Əsərdə azad düşüncəni, sərbəst yaradıcı təxəyyülü buxovlayaraq zəncirləyən sovet istila dövrünün saysız repressiya qurbanlarından biri olan Əhməd Cavadın faciəli taleyi, istiqlal yanğısı ilə dolu ədəbi-bədii irsi araşdırılır.
Kitabda şairin söz xəzinəsinə daxil olan ilk qələm təcrübələrindən tutmuş əsərlərinin nəşri və tədqiqi, yaradıcılığının mövzu və ideya istiqamətləri, poeziyasının sənətkarlıq xüsusiyyətləri və bədii tərcüməçilik fəaliyyəti əksini tapıb.
Qeyd edək ki, Göyərçin Abidqızı Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin böyük elmi işçisidir.