Türk Dünyasının ürəyi Ərzincanda döyündü
Beynəlxalq Türk Dünyası Simpoziumu Yeni Əsrin Xəbərçisidir.
Yeni Əsrdən -Türk Əsrindən xəbər verən bu simpozium 09-12 oktyabr 2022-ci il tarixində, Ərzincan Binəli Yıldırım Universitetinin ev sahibliyində Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının sədri Binəli Yıldırımın rəhbərliyi və Türkiyə Cümhuriyyətinin Mədəniyyət və Turizm Nazirliyinin himayəsində keçirildi.
Bu nüfuzlu elmi toplantıda Azərbaycanı Milli Məclisin deputatları, akademiklər, elm və sənət adamlarından ibarət böyük heyət təmsil edirdi.
Simpozium Ergan dağından başladı.Türk Dünyasının Məşəli yandırıldı.Birlik,mehribanlıq rəmzi olan bu məşəl,ətrafına türk soylarını ,türk birliklərini topladı.Ergenekon yaddaşımız baş qaldırdı. Sönməz,əbədi gurlayacaq Türk Dünyasının Məşəlinin işığında Mehtər Marşını seyr etməyin həyəcan və coşgusu yaşanıldı.
Simpoziumun açılış mərasimində Türkiyə Cumhurbaşkanı Rəcəb Tayyib Ərdoğanın iştirakçılara məktubu ünvanlandı.Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının sədri Binəli Yıldırımın Ulu Öndər Heydər Əliyevin “Bir millət iki dövlət” konsepsiyasından qaynaqlanan açılış nitqini “Simpoziumun Manifesti” hesab etmək olar. “Deyirdik ki, biz bir millət, iki dövlətik. İndi biz bir millət, yeddi dövlətik. Bəlkə daha da artacağıq.
Ərzincanda keçirdiyimiz bu milli simpozium yeni əsrin xəbərçisidir”.
Açılışda çıxışçıların hər biri,Türk Dövlətləri Təşkilatının Baş katibi Bağdad Amreyev, Binəli Yıldırım Universitetinin rektoru ,professor Akın Levent,Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatar ,Türk Dövlətləri Təşkilatının Ağsaqqallar ŞurasınınAzərbaycan üzrə sədri Həsən Həsənov türk birliyinin gücünü, əhəmiyyətini və ortaq hədəfləri vurğuladı.
Dünyanın hər bir tərəfindən 900-ə yaxın elm, siyasət və sənət adamının iştirak etdiyi bu tədbirdə dinlənilən məruzələrdə türk tarixi, ədəbiyyatı və mədəniyyəti, eləcə də onun keçmişi, bu günü və gələcək perspektivləri ilə bağlı dəyərli məlumatlar verildi, fikirlər irəli sürüldü.
Tədbir çərçivəsində simpoziumun birinci günündən başlayaraq keçirilən bütün panel və iclaslarda ortaq əlifba, ortaq terminalogiya, ortaq ünsiyyət dili, ortaq ədəbiyyat, ortaq tarix, ortaq musiqi, ortaq təhsil və təlim mövzuları müzakirə olunaraq, elmi araşdırmalarda ortaq platforma yaratmağın vacibliyi qeyd olundu.
Beynəlxalq Türk Dünyası Simpoziumunun Təşkilat Komitəsinin üzvü professor Əli Kafkasyalı Ərzincanda keçirilən bu böyük miqyaslı proqramın bir çox cəhətdən əhəmiyyətini vurğulayaraq,fikirlənini bizimlə bölüşdü.“Türk dünyasından yüzlərlə dəyərli elm insanı və müdrikləri Anadolunun tarixi şəhəri olan Ərzincanda bir araya gəldi. Türk Dünyasına xitab edilən bu çox geniş miqyaslı proqramı 1926-cı il Birinci Bakı Türkoloji qurultayının ikincisi hesab etmək olar.
Bu günə qədər keçirilən proqramlardan fərqli olaraq, Türk Dünyası Simpoziumu beynəlxalq olsa da, tamamilə türkdilli bir simpozium olmuşdur. Bu xüsusiyyət bəlkə də ən əhəmiyyətlisidir. Onu da deyim ki, bizim məqsədimiz təkcə türkçülük və millətçiliyi təbliğ etmək deyil. Məqsədimiz dünyada bir çox problemlərlə mübarizə aparan məzlum insanların ümid yeri, sığınacağı olan Türkiyəni gücləndirmək, dünyanın qlobal problemlərinin həllinə töhfə vermək üçün qardaş və qohum xalqlarla ortaqlıqlar qurmaqdır”.
Simpoziumun Təşkilat Komitəsinin sədri professor Abdulkadir Gül qarşıya qoyulan məqsədin nəticə verdiyini qeyd etdi.“Bu elmi toplantıda Türk Dövlətləri Təşkilatının 2040-cı il vizionu əsas götürülərək, ortaq bir ağıla əsaslanan səmərəli təklif və layihələrin həyata keçirilməsi üzərində iş aparılması planlaşdırıldı. Bu planın həyata keçirilməsi ilə Türk dünyasındakı işgüzar əməkdaşlıq çoxölçülü şəkildə möhkəmlənəcək və dərinləşəcəkdir”.
Simpoziumda Türk Dünyasındakı problemlərin müəyyənləşdirilməsi, daha sonra isə onların həlli yolu ilə bağlı təkliflər diqqət mərkəzində oldu və türk xalqlarının tarixi, gələcəyi baxımından son dərəcə səmərəli təkliflərə imza atıldı.
Biz məfkurə insanları tarixə yazılacaq bir simpoziuma şahidlik etdik,bir parçası olduq və Turanın İstiqlal beşiyi olan Bakıya döndük. Qəlbimizdə Ergan dağının Turan Məşəlinin Altun İşığı. O işıq ki, əzəli və əbədi Turanın İşığıdır!
Aynur Aydın qızı İbrahmova
AMEA Folklor İnstitutunun aparıcı elmi işçisi,
filologiya üzrə fəlsəfə doktoru, dosent.