Magistraturaya boş qalan yerlərə qəbul elan edildi
Dövlət İmtahan Mərkəzi (DİM) 2022/2023-cü tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA-nın) magistraturalarının boş qalan yerlərinə qəbul olmaq üçün 2022-ci il avqustun 8-dən 14 dək ixtisaslaşma seçimi elan edib.
Bu barədə MANERA.AZ-a DİM-dən məlumat verilib.
Bildirilib ki, boş qalan yerlərə qəbul 20 fevral və 29 may 2022-ci il tarixlərində keçirilmiş qəbul imtahanının birinci və ya ikinci cəhdində toplanılmış ballar əsasında müsabiqə yolu ilə aparılır (müsabiqə şərtləri). Boş qalmış ixtisaslaşmaların seçiminə magistraturaya qəbul imtahanının birinci və ya ikinci cəhdinin (bəzi proqramlar üzrə həmçinin qabiliyyət imtahanının) nəticələrinə əsasən, müəyyən edilmiş minimal tələbləri ödəyən və ixtisaslaşma seçimində iştirak etmək hüququ qazanan bakalavrlar buraxılırlar.
Həmin bakalavrlar boş qalan yerlərə keçirilən müsabiqədə iştirak etmək üçün 14 avqust saat 23:59-dək DİM-in internet saytının müvafiq səhifəsinə daxil olaraq seçdikləri ixtisaslaşmaların kodlarını "Bakalavrın elektron ixtisaslaşma seçimi ərizəsi"ndə qeyd edib təsdiqləməlidirlər.