Monteneqroda Qarabağ haqqında hekayələr toplusu çap olundu
Monteneqroda, Podqoritsa şəhərində “Qarabağ: Tale hekayələri” toplusu işıq üzü görüb.
MANERA.AZ xəbər verir ki, topluya Xalq yazıçısı Elçin, Azər Abdulla, Vaqif Sultanlı, əməkdar incəsənət xadimi Elçin Hüseynbəyli, Kamran Nəzirli, Günel Anarqızı, Şərif Ağayar, Ataqam, Mirmehdi Ağaoğlu və Xəyyam Rəfilinin hekayələri daxil edilib.
Kitab Podqoritsa şəhərində fəaliyyət göstərən Azərbaycan - Monteneqro Mədəni və İqtisadi Mərkəzinin iştirakı və Azərbaycan Diasporuna Dəstək Fondunun köməyi ilə ərsəyə gəlib.
Hekayələri Monteneqro dilinə Dragana Pantoviç tərcümə edib.
Toplunun tərtibçisi və “ön söz”ün müəllifi Azərbaycan Yazıçılar Birliyinin katibi, şair Səlim Babullaoğlu, məsləhətçilər Azərbaycan - Monteneqro Mədəni və İqtisadi Mərkəzinin direktoru Seyran Mirzəzadə, tərcüməçi və şair Bojidar Proroçiçdir.
Yaxın günlərdə kitabın təqdimat mərasiminin keçirilməsi və Monteneqronun təhsil müəssisələrinə, kitabxanalarına paylanılması nəzərdə tutulur.