Şurəddin Məmmədli: üç ölkəni birləşdirən ədəbiyyatşünas alim

Bədirxan Əhmədli,
filologiya elmləri doktoru, professor
Filologiya elmləri doktoru, professor, tərcüməçi, şair Şurəddin Məmmədlini çoxdan tanıyıram; tanışlığımızın dəqiq tarixini deyə bilməsəm də, onu deyə bilərəm ki, özünü tanımadan sözünü tanımışam, söhbətlərimizin də hamısı ya toplantılarda, konfranslarda, ya da necə deyərlər, ayaqüstü olub. Yaşıd olmağımıza baxmayaraq, ədəbi cameəyə məndən öncə gəlib. Bu ədəbiyyat mühiti Gürcüstandan başlayıb; o zaman mən bu mühiti yaxından izləyirdim və özümü də onun bir parçası hesab edirdim. Sonra yollarımız paralel olaraq davam etdi, əvvəlcə fəlsəfə doktorluğu, sonra elmlər doktorluğu, professor və hər hansı bir alimin ömürlüyündə qürur duyduğu cəmiyyətin təqdir etdiyi elmi işlə məşğul olmaq... Hər ikimiz ədəbiyyatşünaslıq yolunu seçdik.
Professor Şurəddin Məmmədli yazdığı elmi-nəzəri məqalələri, araşdırmaları və monoqrafiyaları ilə böyük bir inkişaf yolu keçdi. Mərhələ-mərhələ keçdiyimiz bu yolda Şurəddin Məmmədli fərqli bir tərcümeyi-hal yaşadı. Bu tərcümeyi halın özəlliyi doğulduğu torpağa, mədəniyyətə təkcə bağlılığı olmadı, həm də onu bütün yönləriylə (ədəbi, mədəni, etnik, sosial və s.) araşdırması, tanıtması oldu. Doğrusunu deyim ki, Gürcüstan türkləri Azərbaycan ədəbiyyatına böyük ədəbi şəxsiyyətlər və alimlər verib. Abdulla Şaiq, Nəriman Nərimanov, Ömər Faqi Nemanzadə, şair Nəbi, Tahir Hüseynov, Arif Mustafazadə, Eyvaz Borçalı, İsa İsmayılzadə, Zəlimxan Yaqub, Dünyamalı Kərəm və başqa onlarla şair, yazıçı və dramaturqlar Azərbaycan ədəbiyyatı tarixində özünəməxsus yer tutur. Ədəbiyyatşünaslıq sahəsində də eyni yol izlənilib; Kamal Talıbzadə, Abbas Hacıyev, Əflatun Saraclı kimi ədəbiyyatşünasların yolunu getmək onun həyat amalı olub. Tiflis ədəbi-mədəni mühitinin onun formalaşmasında rolu böyük olub.
Əgər bu ədəbi mühiti mən tarixi qaynaqlardan, xatirələrdən oxuyub öyrənirdimsə, Şurəddin təhsil illərində və sonra bu yerləri qarış-qarış gəzib, tarixin özünü görüb, onun ruhunu duyub, səsini eşidib və sözə köçürüb. Eləcə də Tiflisi mən yalnız Bakıya gələndə cəmi bir neçə saatlığa gəzmişəmsə, Şurəddin Azərbaycan ədəbi mühitini də içində qapsayan bu tarixi yerləri, küçələri indiki deyil, tarixi adları ilə tanıyır. A.Bakıxanov, M.Ş.Vazeh, M.F.Axundzadə, “Şərqi-Rus”, “Molla Nəsrəddin”in doğma , özününkü hesab etdiyi bu yerləri ən kiçik detalına qədər bilir. Dil içində dil, din içində din bəsləmək, yaşatmaq da hər ziyalıya nəsib olmur. İlk məqalələrindən tutmuş ən böyük monoqrafik araşdırmalarına qədər yaşadığı yerin tarixini, mənsub olduğu xalqın, etnosun ədəbi-mədəni həyatını araşdırmaq həyat kredosunun dəyişməz yol cizgilərindən oldu. Onu Azərbaycan ədəbi cameəsi kimi, gürcü ədəbi ictimaiyyəti də çox yaxşı tanıyır. Azərbaycan-gürcü ədəbi-mədəni əlaqələrini şifahi xalq ədəbiyyatına aparıb çıxarması bu iki xalqın ilişgilərinin uzunömürlülüyünü bir daha təsdiq etmiş olur.
Bu illər ərzində mən bəlkə də Şurəddin Məmmədliylə üst-üstə beş, ya da altı dəfə görümüşəm. Hər görüşümüzdə söhbətimiz doğma torpaqdan, ədəbiyyatdan, “ağır elli Borçalı”dan (bu məşhur ifadə mənim yaddaşıma onun bir kitabının adından qalıb!) olub. Ancaq həmişə onu mətbuatda izləmişəm, uğuruna sevinmişəm, hətta yazdıqlarına qibtə də etmişəm, bu mənada ki, yaşadığı həyatının içindən yazıb, özünü ifadə edib, yazdıqlarını yaşayıb. Bu, bizim ən yaralı yerimizdi; Gürcüstan türklərinin (mən burada Borçalı türkləri ifadəsini ona görə işlətmirəm ki, onlar Borçalıdan kənar Gürcüstanın müxtəlif yerlərində də yaşayırlar!) ədəbi-mədəni, tarixi irsini burada yaşayıb yaradanlar daha yaxşı yaza bilərlər. Şurəddin Məmmədli də məhz bu yolu seçdi. Yaxşı ki, bu yolu seçdi...Çünki onun araşdırmaları burada yaşayan türklərin mənəvi yaddaş kodunu yaşatmağa xidmət edir. Onun bir çox araşdırmaları xalqın etnogenezisini ortaya çıxarmağa hesablanıb. Bəzən bu araşdırma milli düşüncədə etnogenetik SOS həyəcanı qaldırır.
“Paralanmış Borçalı...” (1991; 1995) kitabı müəllifin yaşadığı ərazidə gedən proseslərə adekvat cavabı kimi Gürcüstanla məhdudlaşmır, həm də
Azərbaycana gərəkli mesajlar ötürürdü. “Alın yazımız” (1997) kitabında isə Gürcüstan türklərinin tarixi, etnik mədəniyyətinin bir çox aspektlərini araşdırırdı. Gürücsatanda baş verən siyasi proseslərdə bu cür yazıların ortaya çıxması həyati əhəmiyyətli məsələlərdən idi və yüksək vətəndaşlıq borcu idi. Şurəddin Məmmədlinin araşdırmaları elmi əhəmiyyəti ilə yanaşı, həm də yükəsk vətəndaşlıq borcunu ifadə edirdi. Bu cür vətəndaşlıq borcu bizə axıskalı publisist Ömər Faiq Nemanzadədən yaxşı tanışdır. Şurəddin Məmmədli də ən çətin, mürəkkəb bir şəraitdə bu vətəndaşlıq borcunun elmi yönünü ləyaqətlə təmsil etməyi bacardı. O, sübut etdi ki, sözünün baş hərfi, cümləsinin baş mübtədası Borçalıdır. Bunu onun şeirlərində də görmək olar. İlk şeirlər kitabının “Borçalıda sular axar...” (1998) adlanması da Borçalıya, onun tarixinə, mədəniyyətinə olan məhəbbətindən irəli gəlirdi. Deirlərindən ayrıca danışmaq gərəıkir; elmi yaradıcılığındakı yanğını, vətən məhəbbətini burada poetik şəkildə görmək mümkündür. Onu da deməliyəm ki, bu yaxınlaradək tanış olmadığım şeirlər məndə onun poeziyası haqqında müəyyən təsəvvür yaratdı. Bütövlükdə Borçalışünaslıq və Borçalı mövzusu, tarixi, bədii düşüncəsi onun yaradıcılığının və fəaliyyətinin mahiyyətini təşkil edir.
Şurəddin Məmmədli yaradıcılığının əsas elmi istiqamətlərindən biri Borçalı ədəbi mühitini bütün yönüylə ilk dəfə fundamental şəkildə araşdırmasıdır. Borçalı ədəbiyyatı konseptinin özü belə onun tədqiqatlarında bir neçə yerə bölünür; Borçalı ədəbi mühitinin tarixi, inkişaf yolu, Gürcü araşdırmalarında Azərbaycan ədəbiyyatı, Azərbaycan-gürcü ədəbi mədəni ilişgilərinin tarixi və çağdaş durumu. Bu istiqamətlərin hər biri öz qapsayıcılığı və gərəkliliyilə müasir ədəbiyyatşünaslığımızın qarşısında duran vacib problemlərdəndir. “Borçalı ədəbi mühiti: qaynaqları, təşəkkülü və inkişafı” (2000), “Ədəbi Borçalı: bədii ədəbiyyatda Borçalı mövzusu” (2002), “Azərbaycan ədəbiyyatının Borçalı qolu (1920-ci ilə qədər)” (2003) və s. monoqrafiyaları bu sahədə olan boşluğu təkbaşına doldurmağa xidmət edir. Onun bu araşdırmaları təkcə burada yaranan keçmiş bədii düşüncənin tarixibni və inkişaf yolunu üzə çıxarmır, həm də gələcək tədqiqatlara bir yön, istiqamət verir.Borçalı aşıqları, Gürcüstan ədəbi mühitində mətbuat, eləcə də teatr kimi ədəbi-mədəni problemlərin araşdırılması da Ş.Məmmədlinin yaradıcılığının əsas prioritetlərindəndir. “Borçalı aşıqları” (2005), “Azərbaycan ədəbiyyatı gürcü mətbuatında (1850-1905), “Gürcüstan-Azərbaycan teatr dostluğu” (XIX yüzil)” (2024) və s. tədqiatlarında elmi dövriyyəyə gətirdiyi onlarla yeni faktlar ədəbiyyatşünaslığımızı zənginləşdirir.
Professor Şurəddin Məmmədlinin bir özəlliyi də araşdırmalarının Azərbaycan və Gürcüstan arealından kənara çıxmasıdır. Uzun müddətdir Türkiyədə Qars və Ərdahan universitetlərində çalışması onun fəaliyyətinin və yaradıcılığının həm yönünü dəyişib, həm də milli ədəbiyyatımızı, ədəbiyyatşünaslığımızı kənarda təmsil etmək imkanı qazandırıb. “Türkiye türkcesi-Azerbaycan türkcesi; farklı sözcükler” (2023), “Gürcistanda türkce aşık şiir gelenekleri” (2016), “Gürcistanda türk edebiyatı” (2018), “Gürcsitan Azeri türklerinin aşık şiiri” (2016) və s. tədqiqatları Türkiyədə və Almaniyada nəşr olunub. Bundan başqa Türkiyənin müxtəlif və çoxsaylı nüfuzlu elmi dərgilərində nəşr edilən məqalələrində milli ədəbiyyatşünaslığı layiqincə təmsil edir.
Professor Şurəddin Məmmədlinin Türkiyə yaradıcılığı ilə bağlı türk alimlərindən xoş sözlər eşitmək də olduqca xoşdur. Hələ 2010-cu ildə Qars Qafqaz Universitetində işləyəndə həmyerlim haqqında universitet müəllimlərindən xoş söz eşitmək mənim üçün bir qürur mənbəyi idi. Sonra Qarsda hansısa konfransa gələndə uzun illərdən sonra bir də görüşdük. Hər dəfəki kimi, bu görüşümüz də ayaqüstü olsa da, bir çox məsələlərə aydınlıq gətirdik.
Bu cür görüşlərdə ortaq mövzumuz ədəbiyyat və Borçalıda həyat olur. Lap bu yaxınlada isə professor Şurəddin Məmmədli ilə yenidən Qars Qafqaz universitetində keçirilən konfransda görüşdük. Bu dəfə doyunca söhbət etməyə imkanımız oldu. Hətta həyat yoldaşı Ərdahan Universitetinin gürcü dili müəllimi, bütün bu yolu professorla birlikdə addımlayan Gülnarə Qoca Məmmədlidən üzr istədim ki, bir neçə saatlığa dostumu, həmyerlimi ondan ayırmalı oldum. Vəziyyət elə gətirdi ki, Azərbaycanda qalan dərmanımı Qars əczanələrində bərabər axtarmalı olduq. O zaman ikimizə də doğma Qars caddələrində və sokaklarında bərabər yürüdük. Tiflis, Bakı kimi Qarsın küçələrini də Şurəddin çox yaxşı tanıyır. Mən isə on üç il əvvəl ayrıldığım dəyişən, inkişaf edən Qarsı tanımaqda zorluq çəkirdim. Məncə bunun da bir rəmzi mənası var idi... Qars Gürcüstan türkləri üçün sovet dövründə formalaşan türklüyə, türkçülüyə və Türkiyəyə ümid qapısı idi və həmişə yaylağa çıxdığımızda Qars dağlarına həsrətlə baxar, özümüzü orada görmək istərdik...
Professor Şurəddin Məmmədlinin Türkiyə dövrü fəaliyyəti və yaradıcılığı ilə bağlı bir məsələni də qeyd etməliyəm. O da Şurəddin Məmmədlinin Türkiyədə yalnız bir alim, müəllim kimi çalışması deyil; bunu hər kəs edə bilər, necə ki, edirlər. O, Türkiyədə Azərbaycan ədəbiyyatını, mədəniyyətini tanıtmaqla yanaşı, Azərbaycanda və Gürcüstanda da türklüyü və türkçülüyü tanıtmaqla məşğul olmuşdur. Bu isə bir vətəndaşlıq borcudur. Özüm də şahidi olmuşam ki, Türkiyədə hələ kifayət qədər Azərbaycan mədəniyyəti, milli kimliyi, ədəbiyyatı haqqında geniş bilgi yoxdur. Bunun üçün o bu illər ərzində müxtəlif quruluşların, səfirlik və konsulluqların tədbirlərində yaxından iştirak edir. Onun bu sahədə gördüytü işlər, belə demək mümkünsə, bir konsulluğun işi qədər faydalı olur. Bu illər ərzində onun dərs dediyi öyrəncilər, magistrllərin hər biri zərbaycanşünas kimi yetişir və formalaşır.
Danışmanlıq yapdığı elmi işlərdə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrinin yaradıcılığı haqqında onlarla dissertasiyalar, monoqrafiya və məqalələr yazılıb.
Bu günlərdə öyrəndim ki, əziz dostum, həmyerlim professor Şurəddin Məmmədli məndən sonra yetmiş yaşına dolub. Doğrusu, bu yaş bir hesabat yaşıdır və hər bir adam bu yaşa çatdıqda mənsub olduğu xalq, doğuduğu yer, torpaq qarşısında istər-istəməz hesabat verməli olur. Mən yuxarıda professor Şurəddin Məmmədlinin gördüyü işlərin sadəcə bir neçəsini xatırlada bildim. Əslində isə onun gördüyü işlər, apardığı araşdırmalar, yazdığı məqalələr, kitablar və monoqrafiyaların hər birini təhlil etmək gələcək ədəbiyyatşünasların işidir. Məqsədimiz bunların hamısını xatırlamaq deyil; bunun üçün haqqında yazılan məqalələr, vikipediya məlumatları və tərcümeyi-halı ilə tanış olmaq yetərlidir. Bunlar görülən işlərdir.
Məni maraqlandıran filologiya elmləri doktoru, professor Şurəddin Məmmədlinin bundan sonra eyni qərarlılıqla, davamlılıq və məhsuldarlıqla görə biləcəyi işlərdir. Hansı ki, bu işləri ancaq o görə bilər, bu araşdırmaları ancaq o yaza bilər. Gürcüstandan başlayan həyat və yaradıcılıq yolu Azərbaycandan keçərək Türkiyədə davam edir. Araşdırmalarından dolayı üç ölkəni birləşdirən professor Şurəddin Məmmədli hələ bundan sonra da öz tədqiqatları ilə bu üç ölkənin elmi, ədəbi, mədəni düşüncəsini birləşdirməyə, yaymağa xidmət edəcək. Bu yolda professor Şurəddin Məmmədliyə can sağlığı və uğurlar diləyirəm.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.