Vətən müharibəsinə həsr olunan filmin təqdimatı olub
![]()
İyunun 26-sı - Silahlı Qüvvələr Günündə Heydər Əliyev Sarayında Mədəniyyət Nazirliyinin dəstəyi ilə Bakı Media Mərkəzinin C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası ilə birgə istehsal etdiyi, Azərbaycanın Vətən müharibəsində şanlı Zəfərinə həsr olunan "BİZ" tarixi-sənədli filminin təqdimat mərasimi keçirilib.
Manera.az xəbər verir ki, ilk olaraq qapalı baş tutan filmin premyerasında mədəniyyət naziri Anar Kərimov, silahlı qüvvələrin müxtəlif qoşun növlərini və hərbi birləşmələrini təmsil edən zabit və əsgər heyəti, Müdafiə Nazirliyinin nümayəndələri iştirak ediblər.
Təqdimat mərasiminə Bakıda səfərdə olan Türkiyə, Rusiya və Avropanın aparıcı kino mütəxəssisləri, o cümlədən Türkiyənin mədəniyyət və turizm nazirinin müavini Ahmet Misbah Demircanın rəhbərlik etdiyi nümayəndə heyəti də qatılıb.
Sonra filmin yaradıcı heyəti səhnəyə dəvət olunub.
Filmin ideya müəllifi və rejissoru, Bakı Media Mərkəzinin icraçı direktoru Orman Əliyev ekran əsərinin ərsəyə gəlməsi ilə bağlı fikirlərini bölüşüb.
Sonda ekran əsəri nümayiş olunub.
Qeyd edək ki, filmin prodüseri C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının direktoru Fariz Əhmədov, operatorları Əli Əliyev, Ziya Babayev, səs rejissoru Azad Vəliyev, redaktorları Ayaz Mirzəyev və İlham Bərxudar, montajçı Əsgər Rəhimovdur.