Mən də butasını almışam sözün - Yeni şeirlər
MANERA.az Əli Nəcəfxanlının yeni şeirlərini təqdim edir:
***
Ürəkdən su içib gəlsə cana söz,
Dolar bircə anda ətə-qana söz.
Yetər ki sən onun mənasını sez,
Söz ətir qoxuyar gülənbər kimi.
Mən də butasını almışam sözün,
Gündə qadasını almışam sözün,
Hisini, pasını almışam sözün,
Lampa şüşəsini silənlər kimi.
Yazdığım bir kəlmə çiy olsa əgər,
Misralar başına, gözünə döyər.
Sözün də uğrunda ölməyə dəyər
Vətən savaşında ölənlər kimi.
***
Ayaqlarım addım-addım öpübdü
Bu şəhəri, bu şəhəri, şəhəri.
Çox olub ki, dirigözlü açmışam
Bu şəhərdə mən səhəri, səhəri.
Vurulmuşam ağılkəsməz yaşımda,
Davalardan çapıq qalıb qaşımda.
Qadağalar qabağımı kəsməyib,
Bu şəhərin yadındadı bəlkə də
Külək olub tinlərində əsməyim.
Ömrü, günü çiçək kimi səpmişəm
Küçəsinə, dalanına, yoluna.
Bir küsəyən qızını da qıymayıb
Bu şəhər ən sədaqətli quluna.
Dönə-dönə məndən üz də döndərib,
Bir kərə qol qoymamışam tərkinə.
Sınaqlara çəkməyini yazmışam
Bu şəhərin mənə olan ərkinə.
Həmişəlik ürəyimdə təpərdi,
Bu şəhərsiz kor bilirəm gözümü.
Öləndə də toxum kimi, dən kimi
Bir yanında əkdirərəm özümü.
***
Faniyə uymamaq dünyada addı,
Mənim bu sarıdan könlüm abaddı.
Güldən gülə qonmaq ruhuma yaddı,
Kəpənək deyiləm, böcək deyiləm.
Hər kəsin ağlına batmayan lafam,
Gah qəlbi yuxayam, gah nainsafam.
Bəlkə də batində təmizəm, safam,
Zahirən qarayam, göyçək deyiləm.
Hərdən zaman çəkir məni dərinə,
Yaxa tanıtmıram şər işlərinə.
Üstümə köməyə qaçan birinə
Əltutan olsam da, əlcək deyiləm.
Halallıq adına ölən biriyəm,
Təkcə Allahıma kölə biriyəm,
Elə bilirəm ki, belə biriyəm,
Bəlkə də yalanam, gerçək deyiləm.
Gətirsin
Təcili yardıma telefon açın,
Yaralı könlümə təpər gətirsin.
Ömrümü qəm kəsir əlində qayçı,
Dərmanın bilirsə əgər, gətirsin.
Huşum başdan çıxıb səyahət eylər,
Canım cəhənnəmi ziyarət eylər.
Yardan bir soraq da kifayət eylər,
Xəbəri olanlar xəbər gətirsin.
Dua eyləməkdi ilboyu işim,
Xırda bir müjdəyə atlanar döşüm.
Əsən küləklərə minnətçi düşüm,
Bir udum ətri də yetər, gətirsin.
Sinə manqalımda ürəyim kabab,
Yeyib qurtarmışam, tükənibdi tab.
Yar özü istəsə eyləsin savab,
Gəlsin, zülmünü də betər gətirsin.
Əsgərə məktub
Salam, mənim əsgər balam, ər balam!
Daş diksinir, qaya qopur qıyından!
Qədəminçün qəribsəmiş hər qalam
Qürurlanır qamətindən, boyundan!
Sən - Şuşanı alan igid, qəhrəman,
İrəliyə şığıyırsan ürəklə!
İstiqlala, istiqbala durmadan
Yürüyürsən min arzuyla, diləklə!
Bayrağa dön zirvələrin qaşında,
Uca dağlar bir boy daha ucalsın!
Yaz yaşasın payızında, qışında,
Yurd yerləri qırımından güc alsın!
Qarı düşmən murdarlayan yerləri
Od püskürən nəfəsinlə təmizlə!
O müqəddəs ocaqları, pirləri
Öz şövqünlə, həvəsinlə təmizlə!
Nə güclüymüş millət-ordu birliyi!
Hünərinlə varlığımı sevindir!
Tank belində həyətinə girdiyin
Bələkdəykən tərk etdiyin evindir!
Hər addımda al düşmənin canını,
Duaçınam, düşməyəsən dara sən!
Yerdə qoyma şəhidlərin qanını,
Qarabağı qarış-qarış dara sən!
Sona qədər tərk eyləmə səngəri,
Hünər göstər, qurban olum boyuna!
Sağ-salamat, qələbəylə dön geri,
Baş tacı ol öz kökünə, soyuna!
08.11.20.
Dönəydin
Üz çevirib o gedənsən, o gedən,
O gün-bu gün ögey oldun ögeydən.
Xəyal kimi sən uçduğun o göydən
Sis adında, çən adında dönəydin.
Nə zamandır əsirisən əsəbin,
Nə yamandır - nə qərar var, nə səbir...
Yaxşı, deyək, aşıb-daşdı qəzəbin,
Hirsli-hirsli, cin atında dönəydin.
Min yol ölüb-dirilmişəm mən azı,
Nədir bunca tərs olmağın mənası?
Özün dönə bilmirdinsə, ən azı
Səs adında, ün adında dönəydin.
Ha gözlədim, ha boylandım, ha baxdım,
Gördüm yoxsan, gülən deyil ta baxtım...
Nə olardı, ay butalım, adaxlım,
Son ümidin qanadında dönəydin.
Tural Adışirinin təqdimatında