Ömür baxmaq üçündü - Fərman Muradoğlunun şeirləri

Bənzərsiz insan, istedadlı şair Fərman Muradoğlu Qaxda yaşayır. Həmişə görmək istədiyim, şeirlərinə heyran olduğum söz adamlarından biridir. Qax şəhər bələdiyyəsinin sədri Eyvaz Orucovun və qələm dostum Nurafizin yardımıyla oxuculara çatdırdığımız “Bir ömür borc” adlı şeirlər kitabı böyük maraqla qarşılandı. Artıq “Kölgəsiz işıq” adlı ikinci kitabı çapa hazırdır. Həmin kitabdan götürdüyümüz bu şeirlər Fərman Muradoğlunun həyata və dünyaya tamamilə özünəməxsus münasibətini əks etdirən poetik nümunələrdir.
yazıçı-tərcüməçi
SƏHƏR
Heç nə olmayıbmış kimi,
Yuxudan oyanan səhər.
Yuvadan baxan quş kimi,
Üfiqdən boylanan səhər!
Yatmadım bütün gecəni,
Mən səni gözlədim səni.
Dünən aparıb gedəni
Gətirmədinmi sən, səhər?
Yenə gətirmədin, hanı?
Budurmu hər eşqin sonu?
Hər gün axşam aparanı,
Hər gün səhər danan səhər.
PAYIZ GÜNÜ
Bitdi, bu gün də bitdi,
Dərdi-səri bitmədi.
Yetdi, hamıya yetdi,
Yenə mənə yetmədi.
Günbatandan əsən yel,
Canımdan keçdi getdi.
Son nəfəsdi, elə bil,
Üşütdükcə, üşütdü.
Çətin bir də çıxacaq
Bu üşütmə canımdan.
Mənə bu qalar ancaq,
Son payz axşamından.
BU DÜNYA
Bu dünya beləmi idi?
Gecdi daha, üzə durma.
Başımıza nə gətirdi,
Keç, get, üstünü vurma!
Unudub, hər şeyi unudub,
Heç adam tanımır, yatıb.
Görmür…Gözünü tor tutub.
Boş yerə halını sorma.
Unut söyüş-qarğışını,
Tutmaz daha qarğış onu.
Bizə bundan yaxşısını
Verənmi var? Ümid olma!
ÖMÜR BAXMAQ ÜÇÜNDÜ
Bu dünyanın nağılları
Bir məsum uşaq üçündü.
Aldadıb tifil uşağı,
Başını qatmaq üçündü.
Son varsa hər şey qurtarar.
Son yoxdu…
Hər şeyin ilki var.
Tanrı bizi salan yollar,
Yollara çıxmaq üçündü.
Ötənlərin dalınca bax,
Ömür tamam olunca bax!
Doymaq olmaz…
Ölüncə bax!
Ömür də baxmaq üçündü.
FƏRQİ NƏ?
Baharda güllər açacaq,
Hansı tez açdı, fərqi nə?
Ağaclar yaşıllaşacaq,
Ağac, ağacdı - fərqi nə?
Açacaq bütün gül-çiçək
Hələ payız gələnəcən.
Payızda solub gedəcək,
Yarpağından gülünəcən.
Vitrinlərdə qucaq-qucaq
“Gül-çiçək” qalacaq qışa.
Birdə bir ümid qalacaq
“Yaşıllaşa-yaşıllaşa”…
AĞLAYIR
Kim belə pəsdən oxuyur?
Kədərli səsnən oxuyur.
Başımın üstən oxuyur,
Sanki uşaqdı - ağlayır.
Bir qara günə ağlayır,
Lap dönə-dönə ağlayır.
Bəlkə də mənə ağlayır?
Xəbərim yoxdu... ağlayır.
Göydən gələn səsdi bəlkə,
Son söz, son nəfəsdi bəlkə?
Necə deyim, bəsdi? Bəlkə
Lap elə vaxtdı - ağlayır.
MƏNDƏ OLAN MƏNƏ
Eşib tökdün ömrü, bəsdi!
Nə var axı, içində?!
Tanrı verən son nəfəsdi
Varı – yoxu içində!
Olmaz əcəllə oynamaq,
Oynama-oynama…
Ay uşaq !
İlandı, qalxıb sancacaq
Döz bu qorxu içində.
Getməsin uzağa. Qoyma!
Gözündən qırağa qoyma.
Qəfildən sancmağa qoyma
Səni yuxu içində.
BAXMA BU QOCANIN GÖZÜNƏ
Baxma bu qocanın gözünə,
Hamıdan qaçan çağıdı.
Bütün dünyanın üzünə,
Dişini qıcan çağıdı.
Belə dartılan, gərilən
Canda can qalıbmı görən?
Meyvəsi kal-kal tökülən
Dərd, çiçək açan çağıdı.
Hər böhtandan, şərdən qaçıb,
Üzü dönüklərdən qaçıb,
Yer adında yerdən qaçıb
Göylərə uçan çağıdı.
ADAM KÖLGƏSİ
Görən bu addakı adam
Mənəmmi, ya özgəsimi?
Özüm adam olammadım
Kölgəm adam kölgəsimi?
Nəsə, yıxmadı dərd məni,
Tutmadı bir it-qurd məni,
Saxlamadı yer, yurd məni
Heç olmasa kölgə kimi.
Qalıb, çox günahım qalıb,
Məni aparan aparıb,
Sonra bir daha qaytarıb,
Bir də geri dönəsimi?
QIŞDI DAHA
Ömür nə yaman tez keçdi,
Nə yaman tez keçdi, anam.
Elə səssiz-səssiz keçdi,
Sanki, heç olmamışdı, anam.
Olanlar oldu-qurtardı.
Solanlar soldu-qurtardı.
Ölənlər öldü-qurtardı,
Son yarpaq da düşdü, anam!
Getdi gedənlər - qayıtmaz.
Qayıtmaz nə payız, nə yaz.
Daha üfiqlər bəm-bəyaz,
Qışdı daha, qışdı, anam!
QAÇIŞ
Hər şey baş-başa, uc-uca
Kim kimin gözündən qaçır.
Qaçan bilməz ki, qaçdıqca
İz qoyub izindən qaçır.
Yer qaçır yerin altından,
Göy göyün yeddi qatından...
Bir günahın ucbatından
Milyonlar özündən qaçır.
Dünyanı “ol” sözü doğdu.
Bəs bu necə qovha qovdu?
Üz tutub Tanrıya doğru
Qaçan, “ol” sözündən qaçır.
NEYLƏYİM BU SƏHƏRİ
Bu gecə keçir beləcə,
Yenə bir səhər doğulur.
Yenə də təzə, təp-təzə
Bir nisgil, qəhər doğulur.
Nurda yoğrulan səhəri,
Gecə öpür, əzizləyir.
Təzə doğulan səhəri
Günbatanda nə gözləyir?
İndi ömrün bu çağında
Qürub getmir göz önümdən
İki gecə qabağında
Neyləyim bu səhəri mən?!
GEDİR
Bu ruh, lap Nuhdan qalmadır?
Yollar yora-yora gedir.
Hərəni bir cür aldadır,
Qonaq ola-ola gedir.
Tanrı qonağıdı, saxla,
Könlünü al, öp, qucaqla.
Sevin ki, bu əl ayaqla,
Bu bədənlə yola gedir.
Yola gedir,
Dözür, durur.
Ocaq çatır, çadır qurur.
Gedəndə sökür, uçurur,
Bükür qoyur, sonra gedir.
BÖYÜYƏR
Bitməz xeyir-şər savaşı,
Yetim körpələr böyüyər.
Böyüyər gözündə göz yaşı,
Qəlbində kədər böyüyər.
Kim gəlib nağıl danışa?
Kimi var, kimdən soruşa?
Dərdi səriylə baş-başa,
Elə birtəhər böyüyər.
Tənha qalanlar nə yazıq!
Qapıları dərdə açıq.
Harda meh əsə azacıq
Kədəri şişər, böyüyər.
Tək-tənhadan, kimsəsizdən
Adam qorxur hərdən-hərdən.
Sahibi olmayan yerdən,
Birdən kol bitər, böyüyər!