Mən həm də çox gözəl şəkil çəkənəm, çox gözəl çəkirəm sözün şəklini...-ŞEİRLƏR

Manera.az tanınmış şair Kəmaləddin Qədimin şeirlərini təqdim edir:
60 YAŞIMA
Baxın bəslədiyim bu quru cana,
Görün, qoruduğum başın gününü.
Qutlayın bu ömrün-günün yaşını,
Qutlayın bu altmış yaşın gününü.
Bir vaxt güvəndiyim dağı dağımdı,
Kədər məskənimdi, qəm oylağımdı.
Qırılan, tükənən,bitən çağımdı,
Görənlər çox olub qoşun günümü.
Bu boyda dərd-qəmim, qeylü-qalımla,
Dil tapa bilmədim dünya – zalımla.
Hər yağan yağmurda kəsək halımla,
Durub ağlamışam daşın gününü.
Arxam yoxdu daha, qarşım, önüm var,
Nə yaxşı öz təbim, səsim-ünüm var.
Üzə tutulası beş-on günüm var,
Götürüb gedirəm beş-on günümü...
MƏNİM ÜRƏYİMİN ÇƏTİRİ YOXDU
Hələ özün yazır, özün oxuyur,
Hələ özü boyda qədiri yoxdu.
Ayrılıq qoxuyur, həsrət qoxuyur,
Bir özgə qoxusu, ətiri yoxdu.
Elə biri vardı...biri var yenə,
Birinin dərdi var, səri var yenə.
Dəyib, toxunası yeri var yenə,
Dəyib, toxunası xətiri yoxdu...
Yapsa da özünə hasar özünü,
Bir coşqun sel olsa basar özünü.
Hər gün dara çəkər, asar özünü,
Baxmayın kəndiri, kətili yoxdu...
Canı canımnandı, qanı qanımnan,
Baxılsa görünər baxışlarımnan...
Axdıqca islanar göz yaşlarımnan,
Mənim ürəyimin çətiri yoxdu...
***
Mən bir az tələsik adamam, canım,
O boyda göylərdən yerə tələsən...
Yarıyıb işinə elin, obanın,
Xeyirə tələsən, şərə tələsən...
Gecəni gecəylə yola verən mən,
Səhəri səhərlə açan da mənəm.
Nəyi var tələsib yelə verən mən,
Elə, qovan da mən, qaçan da mənəm.
Tez yapdım toyunu balalarımın,
Tələsdim bir az tez nəvə görməyə.
Tələsib aldığım yaralarımın,
Göynəyər, hələ çox yeri göynəyər...
Sən demə tələsib könül açdığım,
Elə gecikdiyim xanımmış, xanım.
Tez ötüb keçəndi hirsim, acığım,
Mən bir az tələsik adamam, canım...
Dünyanın bu boyda dərdi çiyində,
Dolaşıb dörd yan, dörd qütb keçmişəm.
Bəlkə aradığım xoşbəxtliyin də,
Yanından tələsik ötüb keçmişəm...
Yoxuşa atmaqda başımın qanı,
Bir başdı, uzağı kəndirdən keçər.
Mən bir az tələsik adamam, canım,
Yolum da bir yanar təndirdən keçər...
DƏRDİNDƏN ÖLDÜYÜM BİR QADIN OLUB...
Baxma ki ən çətin oxunan kitab,
Ən çətin çözülən sirr qadın olub...
Adına həmişə and içiləsi,
Ən təmiz, ən qutsal yer qadın olub...
Qadın təbəssümü, qadın gülüşü,
Tanrının ən gözəl rəsmi, əl işi.
Adəmdi bəlkə də ən azad kişi,
Həvva da ən azad, hürr qadın olub...
Gəlmişəm, gələsi bu dağılmışa,
Nə ürək yaxıb, nə könül qırmışam.
Sevib ətəyində namaz qılmışam,
Olub da bir ocaq, pir qadın olub...
Gəlsin Tanrı haqqı gözümdən desəm,
Nəyi kəsir desəm, nəyi kəm desəm...
Kimsə inanmasın sevirəm desəm,
Dərdindən öldüyüm bir qadın olub...
MƏN KİMƏ YAZIRAM BU ŞEİRLƏRİ?..
Ağlatdı özünü, güldürdü yadı,
Çatmır, bir kimsənin karına çatmır.
Üstündə ünvanı, üstündə adı
Nədən məkanına, yerinə çatmır.
Mən kimə yazıram bu şeirləri?..
Yoxdu əl uzadan meyvəsinə də,
Güman ki, bənzəmir bar ağacına
Nə orden, medala dönür sinədə,
Nə də ki, çıxarır dar ağacına,
Mən kimə yazıram bu şeirləri?..
İki üstə gələk ikinin həlli
Dördsə də, bu dördlə barışan da yox.
Səsimə səs verən tapılmır, bəlli,
Yapışıb yaxamdan soruşan da yox,
Mən kimə yazıram bu şeirləri?..
Xeyirmi gətirir, xeyir, yazdığım
Yenə də bir başım, əlim olacaq..
Adına hələ də şeir yazdığım
O qızın nəvəsi gəlin olacaq...
Mən kimə yazıram bu şeirləri?..
Gedib şəhid olsa bir gün yeriydi
Daha dolub-daşmır səbirlər indi
Bir vaxtlar, zamanlar sürgün yeriydi
Qazanc yerləridi sibirlər indi.
Mən kimə yazıram bu şeirləri?..
Hələ ki, çıxara bilmirəm taxta,
Didir də ətini qardaş-qardaşın.
Dayana bilməyir ayaq ayaqda
Başı öz başına qarışıb başın.
Mən kimə yazıram bu şeirləri?..
Tabla görə-görə, döz görə-görə,
Bax da bu torpağa, daşa, can verir.
Ay ellər-obalar, göz görə-görə,
Laçın ölüb gedir, Şuşa can verir...
Mən kimə yazıram bu şeirləri?...
Gəlir yazdığımdan qan iyi daha
Çətin ki, gül-çiçək qoxuya bir də.
Nə qalıb vəzirə, nə qalıb şaha,
Mənim kitabımı oxuya bir də.
Mən kimə yazıram bu şeirləri?...
Ağladır özünü, güldürür yadı,
Çatmır, bir kimsənin karına çatmır.
Üstündə ünvanı, üstündə adı,
Nədən məkanına, yerinə çatmır,
Mən kimə yazıram bu şeirləri?...
MƏN ADDA BİRİ
VAR‐DAŞ TƏRƏZİDİ...
Kim deyir, tək elə fikir çəkənəm,
Çəkir də gözümə gözüm şəklini.
Mən həm də çox gözəl şəkil çəkənəm,
Çox gözəl çəkirəm sözün şəklini...
Gündüz gülər görüb surətimi də,
Aldanma, nə çəksəm gecə çəkirəm.
İllərdi mən sənin həsrətini də,
Gülüm, bilirsən ki, necə çəkirəm...
Canımın bir gizli sirri yox artıq,
Vicdan dedikləri baş tərəzidi.
Dünyada mən adda biri yox artıq,
Mən adda biri var‐daş tərəzidi...
Dərdi də tuturam dilə, çəkirəm,
Kənardan eşidib, duyanı olmur.
Vallah, ağrını da elə çəkirəm,
Bir qram o yanı, bu yanı olmur...
GÖRÜNÜR HƏMİŞƏ
YOL MƏNDƏN QABAQ
Canım, bircə kəlmə sözə dəymərəm,
Qabaqdı, bir kəlmə «OL» məndən qabaq.
Tək elə yer olsa, göy olsa, nə qəm,
Ot məndən qabaqdı, kol məndən qabaq.
Bu çapar könlümə, atdı könlümə,
Yaddı sən çəkənlər, yaddı könlümə.
Nə sağım, nə solum yatdı könlümə,
Sağ məndən sonradı, sol məndən qabaq.
Almadım vecimə şah oğlu şahı,
Köləsi olmadım, sevdim Allahı.
Mən könlüpaşanın biriyəm axı,
Olmaz kölə məndən, qul məndən qabaq.
Özünü özündə gəl də ram elə,
Həm ovam, həm də ki, ovçuyam elə.
Mən ana bətnindən yolçuyam elə,
Görünür həmişə yol məndən qabaq...
ÖZÜ GEDİR,YERİ QALIR ADAMIN
Heç bitmir ki, bu boşda, bu fanidə,
Yenə dərdi-səri qalır adamın.
Qoysalar da bir üzünü torpağa,
Bir üzü də bəri qalır adamın.
Yollarında boran olur, qar olur,
Gün başına, ay başına dar olur.
Gör nə boyda aşkar olur, car olur,
Nə boyda da sirri qalır adamın...
Dağa dönür, zirvəsində çiskini,
Əskik olmur duman günü, sis günü.
Dostları var yaxşı günün, pis günün,
Biri gedir, biri qalır adamın...
Koru elə kor kimi də can verir,
Buna bir bax, gör kim idi...can verir.
Göz önündə son ümidi can verir,
Görən nəyi diri qalır adamın?..
Lap olsa da ocaq belə, pir belə,
Bəzənməz ki, düzənməz ki, bir belə.
Bildim nədən sevilirmiş yer belə;
Özü gedir, yeri qalır adamın...
DÜŞMÜŞƏM
Dünya, bir vaxt xoş xəbərin olmuşam,
Bir vaxt sənin xoş vaxtına düşmüşəm.
Doğulmuşam, baş xəbərin olmuşam,
Lap yuxarı, baş vaxtına düşmüşəm...
Üç bacıya qardaş olub bir də bir,
Gəzməmişəm ürəkdə bir, dildə bir.
Orucunu qarşılayıb ildə bir,
Namazının beş vaxtına düşmüşəm...
Göylərində qanad çalan quşam mən,
Öz könlümə ağam mənəm, paşam mən.
Sorma nədən faniyəm mən, boşam mən,
Yaradanın boş vaxtına düşmüşəm ...
Sayıb adam, bəndə, məni sevərdin,
Lap salardın bəndə məni, sevərdin.
Bilirəm ki, sən də məni sevərdin,
Ürəyinin daş vaxtına düşmüşəm...
GÖZÜMÜN ALTINA YIĞIRAM ÖMRÜ...
Səhmana salıram, daha nizamın,
Düzümün altına yığıram ömrü.
Toplayıb, gəlirəm əllimin üstdə,
Yüzümün altına yığıram ömrü...
Baxmıram hardasa "xala-xətir"di,
Hardasa başıma nələr gətirdi...
Elə misra-misra, sətir-sətirdi,
Sözümün altına yığıram ömrü...
Boşuna açılıb, örtülmür qapım,
Bitməyir özümlə hesab-kitabım.
Səbr oğlu səbirin, tab oğlu tabın,
Dözümün altına yığıram ömrü...
Əlində gündüzüm, gecəm doğrumun,
Bu bütöv doğrumun, bu cəm doğrumun.
Ələnib ələkdən keçən doğrumun,
Düzümün altına yığıram ömrü...
Mənimdi, tanıyar görən uzaqdan,
Qorudum min cürə fənddən, duzaqdan.
Çəkib qurtarıram küncdən, bucaqdan,
Gözümün altına yığıram ömrü...
O NECƏ GEDİŞDİ,BU NECƏ GƏLİŞ…
O necə gedişdi,bu necə gəliş,
Gərək elə gedən belə gəlməyə…
Tutub da yükünü dərddən,kədərdən,
Çiynində dağ boyda şələ gəlməyə…
Satılıb getsən də bahadan-baha,
Çevrilib,dönsən də şah oğlu şaha.
Elə gələsən ki,dalınca daha,
Bəla arxasınca bəla gəlməyə…
Demirəm çevrilib qula gələsən,
Gözlərin bulud tək dola,gələsən.
Lap,elə əcəlin gələ,gələsən,
Baxasan…Ölümün gələ,gəlməyə…
Olub da belə car qayıtmayasan,
Çuğlaya boran,qar,qayıtmayasan.
Bu qədər tarimar qayıtmayasan,
Nəyinsə tapıla ələ gəlməyə…
Axtarma,nəyini qoymusan kəsir,
Bıçaq saplamağa kürək nə gəzir?..
Məndə o əvvəlki ürək nə gəzir,
Dilə tutulmağa,yola gəlməyə…
SAHİBLİK HAQQI YOX QONAĞIN ÜSTDƏ...
Köklə, ürəyini dərdinə köklə,
Din ağrı-acının, din ahın üstdə.
Ya ahı sinənə çəkib də bəklə,
Ya da ki ram elə, min ahın üstdə.
Sən ki öyrəşmisən lap birincidən,
Daha çətin dəyə, çətin incidə.
Qoy gəlsin lap elə minbirinci də,
Bir ah yük olmaz ki min ahın üstdə.
Sağ ol haqq başına təvafa görə,
Üzülmə aldığın cavaba görə.
Nə ənam verən var savaba görə,
Nə də dara çəkən günahın üstdə.
Fırlatma sözü də dönüb, döndərib,
Dön bax, arxa qərib, yürü, ön qərib.
Göndərən səni də qonaq göndərib,
Sahiblik haqqı yox qonağın üstdə...
ÇIXAR BU QADINI,ÇIXAR İÇİMDƏN...
Könlümdə taxtını qurub bir gözəl,
Boylanar içimdən,baxar içimdən...
Dayanıb,qəsdimə durub bir gözəl,
İçimi yandırıb,yaxar içimdən...
Dünyanın ən fani,puç adamıyam,
Günah adamıyam,suç adamıyam.
Mən elə olandan iç adamıyam,
Yıxan elə məni yıxar içimdən...
Mənim itən canım,itirən canım,
Özünü tükədib,bitirən canım.
Aşkarda nə qanlar yatıran canım,
Gizlincə nə qanlar axar içimdən...
Yazdım da,görmədim xeyrini,Tanrım,
Özümün ən gözəl şeirini,Tanrım.
Gəlib dar eyləyib yerini,Tanrım,
Çıxar bu qadını,çıxar içimdən...
YAXANDAN AS ÜRƏYİMİ...
Hardasan,bircə yol səsini çıxar,
Üzməsin hər qəfil səs ürəyimi.
Qayıt da bu yasın yasını çıxar,
Tükətdi,bitirdi yas ürəyimi...
Aldığı nəfəsdin,havası çatmır,
Dərdlidi,sən adlı davası çatmır.
Nə vaxtdı gör ipə-sapa da yatmır,
Gəl oxşa,bağrına bas ürəyimi...
Heç bəla yox imiş gözəllik kimi,
Gızəlsən dünyaya təbərrik kimi.
Qorusun qoy səni üzərrik kimi,
Çıxarıb yaxandan as ürəyimi...
AKİF SƏMƏDİN
Sözü, dərvişliyi şahanəsinə,
Başqaydı nəfəsi Akif Səmədin.
Nə vardı getməyə bəhanəsi, nə
Qalmağa həvəsi Akif Səmədin.
Kasıb komasının dirəyi çatdı,
Özünü biləndən ürəyi çatdı.
Yeməyə bir tikə çörəyi çatdı
Çatmadı havası Akif Səmədin.
Özünə sultandı, paşaydı dərdi,
Nə özü sındı, nə baş əydi dərdi.
Şuşaydı qədəri, Şuşaydı dərdi,
Dərmanı-davası Akif Səmədin.
Bir O-na özü tutdu, bir dinə baxdı,
Bir də yaşamağın şərtinə baxdı...
Azaddı nə vaxtdı, hürrdü nə vaxtdı,
Dünyaymış qəfəsi Akif Səmədin..
BU DA YENİ VƏTƏN ŞEİRİM...
Nə sən elə əvvəlkisən,
Nə mən o kefinəm,Vətən...
Nəyinə üzüləm daha,
Nəyinə sevinəm,Vətən?..
Bir yarasan,bitişməyən,
Bir sevdasan,ötüşməyən.
Sən, ey əlim yetişməyən,
Sərvətim,dəfinəm Vətən...
Beşindən üçün yad olub,
Bilmirəm neçün yad olub?..
Girirəm,için yad dolu,
Çıxıram,çevirən,Vətən...
Məğlubuyam bir savaşın,
Daş üstə qalmayıb daşım.
Başınam,əyilən başın,
Yıxılan evinəm,Vətən...
Neynirəm hökmü,fərmanı,
Olum gözlərin qurbanı.
Gör nə vaxtdı elə canı
Şuşada devinəm,Vətən...
Səni səndə gəzəndə heç,
Bitmədi nırx,məzəndə heç...
Sən məni sevməsən də heç,
Mən səni sevirəm,Vətən...
Naxçıvan