manera.az
manera.az

Həyatı mühakimə edən şair - Heydər Ələddinoğlu yazır

📅 03.05.2021 21:54

Həyatı  mühakimə edən şair - Heydər Ələddinoğlu yazır
Hikmət Məlikzadə ilə ilk tanışlığım 1997- ci ilin dekabr ayına təsadüf edir. Tarix ona görə dəqiq yadımda qalıb ki, həmin vaxt görkəmli şairimiz Fikrət Qoca 19 dekabr 1997-ci il tarixli “Ədəbiyyat qəzeti”ndə haqqımda “uğurlu yol” yazmışdı və mən də qəzet köşkündən həmin qəzeti alıb vərəqlədikdən sonra elanda M.F.Axundov adına Azərbaycan Dövlət Kitabxanasında keçirilən adı yadımda qalmayan bir müəllifin kitab təqdimatına getmişdim.

Oraya çatanda təqdimat artıq bitmişdi və kitabxananın foyesində üç-üç, dörd-dörd yığışıb söhbət edən insanlara yaxınlaşdım və söhbətin nədən getdiyi ilə maraqlandım. Gendən diqqətimi ətrafına bir neçə gəncin yığışdığı qara qaş, qəhvəyi gözlü, müasir Azərbaycan kişilərinə yaraşan “kərpic bığlı”, gur saçlarını arxaya daramış yaraşıqlı bir gəncin danışığı cəlb etdi. Ona yaxınlaşanda ürəyimdən Azərbaycan ədəbiyyatı haqqında çılğınlıqla danışan, gözəl nitqə sahib olan bu gənclə tanış olmaq hissi keçdi. Səmimi tanışlıq vaxtı kimliyimi soruşdu. Əlimdə bükülmüş vəziyyətdə olan “Ədəbiyyat qəzeti”ni ona uzatdım. Şeirlərimdən bir neçəsini oxuduqdan sonra başını qaldırdı və heyrətqarışıq təbəssümlə məni təbrik edərək uğurlar dilədi.Biləndə ki, mən də Şamaxıdan-onun doğulduğu rayondanam, lap çox sevindi...

Hikmət Məlikzadənin hər şeydən əvvəl bir insan kimi xarakterik xüsusiyyətlərindən biri onun insanlığından, xeyirxahlığından və təəssübkeşliyindən istifadə etmək bacarığıdır.

Vaxtilə Laroşfuko yazırdı: “Ləyaqət sahibi olmaq azdır, ondan istifadə etməyi bacarmaq lazımdır.” Hikmət bu xüsusiyyətləriylə mənə uzun illərin dostu kimi çox əzizdir. Rayonda yaşadığımdan Bakıyla bağlı nə işim olarsa, o, canla-başla yerinə yetirib.

Hətta elə vaxt olub ki, rayonda olan bəzi qələm dostlarımın nəşriyyatla, çapla əlaqədar hansısa problemləri olubsa, onları Hikmətə tuşlamışam. O da həm mənim xahişimə görə, həm də ona müraciət edənlərin öz yurddaşları, qələmdaşları olması səbəbindən əlindən gələni əsirgəməyib. Bəli, hər şeydən əvvəl əlbəttə ki, insanlıqdır. Amerika yazıçısı Henn Toro deyirdi: “Gəlin əvvəlcə insan olaq, amerikalı isə sonra, daha əlverişli vaxtlarda olarıq.”
Həyatı  mühakimə edən şair - Heydər Ələddinoğlu yazır
İndi də istərdim ki, Hikmət Məlikzadənin ədəbi və publisistik fəaliyyəti ilə bağlı yazım. Hikmət yaradıcılığa uşaqlıq və yeniyetməlik çağlarından şeirlə başlayıb. Bakıya gəldikdən sonra isə müxtəlif mətbuat vasitələrində çalışaraq, nəhayət bu sahədə də yetkinləşmiş, “bişmiş” bir qələm sahibi olub.

Şeir, poeziya hər ikimizin ortaq varımız olduğuna görə daha çox onun ədəbi fəaliyyəti ilə bağlı yazmaq istəyirəm. Hikmət Məlikzadə xalqın özəyindən, kəndin palçığından, bir sözlə, millətin içindən çıxan şairdir. Ona görə də o, hansı üslubda yazırsa yazsın, yazdıqları milli sənət tərzinə çevriləcəkdir. Orxan Paşa təxəllüsü ilə yazan tanınmış alim Məhərrəm Qasımlı yazır: “Milli kimliyini bilməyən xalq yanacağı çıxarılmış tank kimidir. O, böyük gücə malik olsa da, bu halı ilə dəmir yığınından başqa bir şey deyildir.”

Hikmət Məlikzadə ədəbiyyata gəlişiylə sözə, sənətə yeni bir nəfəs gətirdi.O, yazdıqlarıyla, yaradıcılığıyla heç kimə bənzəmədi, heç kimi təqlid etmədi, yalnız özü oldu və özü olmağa çalışdı. Onun şeirləriylə ədəbiyyatımız yeni kəlmələr, ifadələr qazandı, ədəbiyyatımızda yeni situasiyalar yarandı.Onun şeirlərindəki maddi aləm, təbiət-Göy, Yer, dağ, dərə, çəmən, çiçək fərqli çalar, fərqli xüsusiyyət daşıyır. Dağ dağlığından, çiçək çiçəkliyindən çıxır. Bunların hər biri sanki öz missiyalarından ayrı bir xarakter daşıyır. Şair şeirlərinin əksəriyyətində Göyün “yaxasından yapışır”, fələyi sıxma-boğmaya salır, həyatı mühakimə edir. Mənim fikrimcə bu da onun erkən yaşlarından valideynlərini itirməsi, həyatın vurduğu zərbələrin taleyinə təsir etməsi səbəbindən irəli gəlir. Müəllif şeirlərinin birində poetik cizgilərlə bu fikri qələmə alır:

...Öldüyü gündü bəlkə
Atamın ən dar günü...
Təqvimdə ağ rəngdədi
Ömrümün bazar günü.


Şair bütün bu olanların fövqündə yenə də bəndə və Allah amilini ortaya çıxarır. Ona biganə olan, zəhmətinin və layiq olduğunun qarşılığını verməyən insanlara sanki intihar qisası olaraq bunları söyləyir:

...Bu boyda göyün altında
Bir dam yox başımı soxum.
Qəbrimdən bir az aralı
Yer qoyun daşımı soxum.

Amma nə fayda...Sanki həyatın nəbzini tutmağı bacaran insanlar onu eşitmir, harayına hay verməyəndə şair hayqıraraq,fəryad qopararaq, onu Yaradana üz tutur. Bütün bunlara çarə qılmasını Böyük Yaradandan diləyir:

Zatından qopuram,Tanrı,
Mən insan deyiləm,yəni?
Ya Allahlıq eylə ya da
Burax öz başıma məni...


Hər şeydən əli üzülən şair son əlacını son düasını etməsində görür:

Mən ta son duamı etdim,
Sonuncu tikə yeyildi...
Ölsəm başdaşına yazın:
“Kasıbdı,adam deyildi...”


Bəli, əziz oxucu, mən bu yazını Hikmət Məlikzadənin 50 yaşını təbrik etmək münasibətilə yazıram.Ona görə də reqlamentə az da olsa riayət etməli olduğumu düşünürəm.Amma Hikmətin şeirləri, həmçinin jurnalistika fəaliyyətinin nəticəsi olan publisistik yazıları ayrıca bir yazının, ayrıca bir mövzunun tədqiqat predmetidir.Bu isə nəinki bir neçə yazını əhatə edər, hətta bütöv, sanballı bir kitabı əhatə eləyər.

Yazımın sonunda əziz dostum, tanınmış şair və publisist, Prezident mükafatçısı Hikmət Məlikzadəni qarşıdan gələn 50 illik yubileyi münasibətilə səmimiqəlbdən təbrik edir, ona uzun ömür, cansağlığı, ailə firavanlığı və yeni-yeni uğurlar diləyərək, bu kiçicik yazımı elə onun öz şeiri ilə tamamlamaq istəyirəm.

Mən nahaq üz verdim əcələ, nahaq...
Yaxşı ki, görmürəm boyunu hələ.
Əzrayıl mənimlə beşdaş oynayır,
Şükür, mən uduram oyunu hələ!

Əziz dostum, bundan belə də yarım əsri oyunu udmağını arzu edirəm!..
04.05.2021

P.S: (Yazı Hikmət Məlikzadənin qarşıdan gələn 50 illik yubileyi münasibətilə ona həsr edilən kitaba daxil edilib)

Heydər ƏLƏDDİNOĞLU,
şair-publisist
AYB və DGTYB üzvü


Baxış sayı - 1 135 | Yüklənmə tarixi: 03.05.2021 21:54
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031