Dünya yoldu, bəşər yolçu - Güneyli şairin şeirləri

Musa Səlim oğlu Səlimpur 1980-ci ildə Güney Azərbaycanın Qaradağ vilayətinin Xarvana rayonunda anadan olub. 1995-ci ildən Təbriz şəhərində yaşayır. Şeirlərinə bir çox mahnılar bəstələnib.
2013-cü ildə “Yaz, oyat məni”, 2019-cu ildə “Həqiqətin vurğunuyam əzəldən” adlı şeirlər kitabı işıq üzü görüb.
Müəllifin “Sözüm məni yaşatmasa, söz deyil” və “Divannamə” kitabları çapa hazırlanır.
Doğulduğu kəndin adını özünə təxəllüs götürüb və şeirlərini Gallı Musa imzası ilə yazır.
MANERA.AZ Gallı Musanın şeirlərini təqdim edir:
Şair deyil
El içində haqq sazını çalmayan şair deyil,
Dərin-dərin dəryalara dalmayan şair deyil,
Nəsimitək zülm önündə durub üsyan etməsə;
Haqq danışıb, haqq yolunda solmayan şair deyil.
Sərraf olub daş içində ləli gendən seçməsə,
Arif olub yar əlindən cami-eşqi içməsə,
Düz danışıb haqq yolunda, başü-candan keçməsə,
Doğma vətən qayğısına qalmayan şair deyil.
Haqq eşqindən sərməst olub yar əlindən cam ala,
Mərifəti kəsb eyləyə həqiqətdən kam ala,
Dərya kimi sakit axa yetişdikcə kamala,
Anasından bəlkə şair olmayan şair deyil.
Haqqı duyar öz üzündə öz-özünü öyməsə,
Hörmət tapar xalq içində ürəklərə dəyməsə,
Ucalacaq zalımlara qorxub boyun əyməsə,
Zülm önündə saçlarını yolmayan şair deyil.
Söz götürə, öyüd ala ataların sözündən,
Gallı Musa nur ələnə baxışından, gözündən,
Qələmindən od püskürə nəğmə yağa üzündən,
Həqiqətdən odlu ilham almayan şair deyil.
Gələr
Bir görüşdə könüllərə məhəbbət gözdən gələr,
Ürəklərin varlığına sədaqət sözdən gələr,
Soyuq küldən isti umma, gileylənmə ocaqdan;
Alovlanar odun olsa hərarət közdən gələr.
Qiymət axtar danışdığın hər söhbətə, hər sözə,
Tanı, deyim adamını danışanda üz-üzə,
Yol dönəndə üz yenişə yorğunluq gəlməz üzə,
Yol yoxuşda can ağrıyar şikayət dizdən gələr.
Dünya yoldu, bəşər yolçu, gələr-gedər karivan,
Kimi rahat köçüb gedər, kimi köçər nigaran,
Dildə şirin söhbət açıb yola qoysan nərdivan,
Məsəl var, hey doğular, hekayət dizdən gələr.
Yaşa deyim şən ömrünü başı uca dünyada,
Oyun açıb hey uduzma başı uca dünyada,
Getmə vəfasız dalınca gəl bu qoca dünyada,
Ürəkdən olmaz səninlə nəhayət üzdən gələr.
Gallı Musa vətən varıb yaylaqların seyrinə,
Addım başı coşub-daşan bulaqların seyrinə,
Yal-yamacı çiçək alar təravət dizdən gələr.
Azərbaycan əlifbasına uyğunlaşdırdı: Əli Nurvəş (Çağla)