manera.az
manera.az

Bakıda Səbri Quşqonmazın şeirlər kitabı çap edilib: "Gecədən Gündüzə"

📅 13.07.2018 15:48

Bakıda Səbri Quşqonmazın şeirlər kitabı çap edilib: "Gecədən Gündüzə"
Bakıda tanınmış türk şairi Səbri Quşqonmazın "GECƏDƏN GÜNDÜZƏ" şeirlər kitabı nəşr olunub.Kitabın redaktoru və şeirləri Azərbaycan türkcəsinə uyğunlaşdıran Nazilə Gültacdır.

Səbri Quşqonmaz 1962 ci il 15 martda Muğlanın Fəthiyə şəhərində doğulub.
İstanbul Universitetində hüquq fakultəsini bitirmşdir. İxtisasca hüquqşünasdır. Uzun illər vəkil kimi çalışıb.
Mərmərə Universitetində Radio və Televiziya flmləri çəkilişi ixtisası üzrə magistr təhlsili almışdır.
Hal hazırda notariusda işləyir, həm də televiziya filmləri çəkir.
Şeir, roman və təqiqat əsərlərindən ibarət çox sayda kitabları nəşr olunmuşdur.


***
“Bu qadalı, qovgalı dövranda təmiz ürəklərə və təmiz şeirlərə daha çox möhtacdı dünya. Döşəyimiz sərt, yorğanımız qayğı , yuxularımızda yetim, kimsəsiz uşaqların çığırtıları olan zamanda, şeir də, şair də yatmamalı!”- belə deyir şair Səbri Quşqonmaz.

Səbri bəy, müasir Türk ədəbi mühitinin fəlsəfi düşüncələrə sahib bir şairidir. Şeir onunçün daxili düşüncə tərzidir, obrazdır, həyata və insanlığa bir dərsdir. İxtisasca hüquqşünas olan Səbri bəy şeirlərində də haqqın və ədalətin insan həyatında nələrə qadir olduğunu sətiraltı ifadələrlə göstərir.

Yaradılanları məhv etmək, parçalamaq istəyənlərə üzünü tutub deyir ki, siz dünyanı deyil, bu günü və sabah yaşayacağınız zamanı parçalayıb məhv edəcəksiniz. Yəni , öz ömrünüzün saatları donub qalacaq, indiki zamanın parçalanması ilə birlikdə gələcək də məhv olacaq.
Yalanlara, pis əməllərə qarşı vuruşan hüquqşünas Səbri bəy ürəyinin səsiylə, şeirləriylə insanın estetik dünyasına baş vurur , gerçəklərin təməlinin necə qoyulduğunu israr edir. Səsin uca yaradanın bir möcüzəsi olmasını , Tanrının səsi özünə dua üçün yaratmasını söyləyir:

Səsləri insana verdi Tanrılar!
Yalvarışlar Tanrıya əsa.
İnsan dağlara səs saldı,
dağları, dünyayı,
kainatı səsiylə aşdı.

Dünyanın gözünə güzgü tutmaqla, dünyanın üzünü onun özünə göstərmək, dağlara gül yollayaraq, onu qış yuxusundan ayıltmaq deyil, insanı qəflətdən, içini gəmirən şərlərdən uzaq olmağa çağırır.

Şair böyük arzularla yaşayır, xəyal etdiyi bir şəhərin sorağındadır. Onun həyat fəlsəfəsidir bu- qurmaq , yaratmaq, həm yer üzündə, həm də ürəklərdə yeni, pas atmış intiqamlardan uzaq, gözəl və bəxtiyar bir şəhər salmaq! Elə bir şəhər ki, orada hər şey sevgi ilə əhatələnmişdir. Və o şəhər də böyüyüb, mütləq bir ölkə olacaq sonradan.

Böyütsəm, böyütsəm bu şəhəri,
ərazini, küçələri,
yeni bir ölkə olar mənə
pas atmış intiqamlardan uzaq!
İnsanın taleyi, bəxti onun alnına yazılıb deyirlər.

Alnı kədərə ev sayan , alnında bir ömürlük yük , yorğun atlar daşıyan şair, atları yığmanın vaxtıdır, deyir. Qəmə, kədərə, zamanın hökmünə üsyan edir. Zamanı “ikiayaqlı “ atların ayaqları altında inlədən tarix, dördayaqlı atların dırnaqları ilə yeni əsr yazır həm də.

Zamanın arabasına qoşulan at,
sürətlə döndərib təkərləri,
yel kimi uçurduqca arabanı,
öz boynuna kəmənd keçirirdi.
Sıxır, ha sıxırdı.
At arabanı deyil,
araba atı yeni bir çağa,
qürbətə götürürdü...


Səbri Quşqonmaz zamanın daş yaddaşını əridir şeirlərində.Yazır ki, daş təqvimlərə həkk olunur insan ömrü. Hər bir insanın, ömrünün sonuna atacağı tək bir daşı var. Daşın ağlında qalan ünvan insanın son ünvanıdır.

Xatirələrinin yaddaşını vərəqləyərək, şeirlərə çevirən şair, dağlarda uşaqlığının rəngini görür, təmiz qəlbli sularda durulur. Səbri bəy bildirir ki, yaşlandıqca, insanın zehni də çirklənir, uşaqlıq xatirlərini tez- tez anın ki, o illər sizi təmizləsin. Çünki insan təbiətin özüdür elə.

Uşaqlığımın səsini duydum dağlarda,
Açıldı yağmurda unudulmuş qapısı.
Hər damla keçmiş qoxularla yüklü,
Quzu, çəmən, hisli çıraq, daş xına.


“Gecədən gündüzə” şeirlər kitabı Səbri bəyin Azərbaycan oxucuları ilə ilk görüşüdür. Bu kitabda şairin uzun illər qələmə aldığı, Türkiyədə çap olunan şeir kitablarından seçmələr yer almışdır.

İnanıram ki, Azərbaycan oxucuları da, Səbri bəyin şeirlərini dəyərləndirəcək, onun şeirlərindəki bədiilik, ziddiyyətlərin mübarizəsindən doğan həqiqət , daxili möhtəşəmlik oxuyan hər kəsi düşündürəcəkdir. Ağlın və zəkanın vəhdətindən qaynaqlanan, dərin mənalara yüklənmiş misralardan zövq alacaqlar.

Nazilə GÜLTAC



Səbri Quşqonmazın şeirləri:

Bağırtı taciri

Bu dünya necə çoxaldı blmək istəsən,
Bir gecədə yetişmədi böyürtkən.
Sarıldı özünə, tikanlarla silahlandı,
Qırmızıdan qaraya uzun bir yoldur hekayəsi.

Bu dünya böyürtkənlərdən öncə də vardı.
Necə çoxaldı bilirik.
Hər şirin meyvəyə uzanan əl qanadı.
Necə dönməyə başladı bu dünya bilirik-
bağırtılarla, acılarla.
Əyilib torpağı qarışdırıram.
Bir tutanaq tapmaq istəyirəm,
bəlkəylə başlayan səhifələrə.
Əlimə keçən kiçik bir sümük.
Təcrübə edirəm əllərimin üstündə durmağı,
qulağım, gözüm torpağa yaxın.
Qırıq bir nal dəyir gözümə torpağın altında.
Çaşdırır ağlımı, yıxılıram böyürtkən kolluğuna.
Canlar çoxdan lal olub,
tək duyduğum torpaqda səssiz bir uğultu.
Böyürtkən satır uşaqlar.
Acısı kollara taxılıb kiçik dadların.
Yol gözlənilməz...
Yol sürətli..
Barmaq uclarında göyərir bağırtılar.
Tikanlardan qalma bir dirənmə alışqanlığı.
Uşaqlar böyürtkən bağırtısı satırlar.
Yoldan keçən böyük maşınlar,
içində saysız bağırtı tacirləri.
Asfaltda minlərcə böyürtkən ləkəsi.

Uzaqdakı uzaqlıq

Əritdi qoca- qoca illəri,
zamana boyun əydirənlərin
arasına girmək istərkən
iti addımlarla.
Bir qadına görə yanıldı yolunu
dala qaldı, indi yaşlı, tək başına.

İstənən uzaqlığın o üzündə
buz kimi soyuqdur bədənləri.
Eşqi kəsər dillərinin qırovu,
əlləri nə öpüləsi, nə tutulası,
acı və sürüşkən bir sabun.
Eşqin mütləq əfəndisi qadınlar!

Təbiət

Nədir içimdən keçən bu quşların dərdi?
Haraya sürükləmək istər məni,
hansı pərvazsız buluda ?
Çırpındıqca içimdə qan,
parçalanır buludlar.
Çırpındıqca içimdə
qanadından vurduğum bəyaz göyərçin.
Qanım dayanır!
Çırpınır dilimdə qanlı sözcüklər.
Illər öncə silinmiş bir iz düşür yenidən qəlbimə.
Nədir içimdən keçən? -
Bu quşların bitməz dərdi .
Bilirəm.

Paslı intiqamlar ölkəsi

Qalsın küçələrdə qoy əl izimiz,
gözəl bir şəhər quraq biz indi.
Yad olan küçələr çeynəyir bizi,
Qapazlar vurulur sözcüklərimə.
Hər vurmada dilimdən
bir ah düşür səkiyə.
Sevinclərimi soyundum,
yox bir geyimim
çılpaq həyatımdan başqa.
Yoxdur içimdə gizli saxlancım.
İçimdə bir eşqin üşüyən, tənbəl cismi.
Buralara insan əli dəyməli,
əzilərək çörək gözləyənlər var.
Həyata qarşı paslanmış bir intiqam.
Gözəl küçələr salaq şəhərə əllərimizlə.
Betonlar sonsuz deyil,
gedər- gedər torpağa sancılar.
Ovcumda qoxladığım bu torpaq,
ölkə olar mənə bir gün, böyüyüncə.
Torpağa uzanan yeni bir əl,
yanağıma toxunan bu sevgi
eşqin ölkəsinə bir açar olar.
Böyütsəm, böyütsəm bu şəhəri,
ərazini, küçələri,
yeni bir ölkə olar mənə.
Pasllı intiqamlardan uzaq.

İstifadə olunmuş eşq

Məktublarımı geri verin, xanım.
Gərəksiz sözlərimi,
şəkillərimi,
atılmış bədənimi
geri verin.
Öpüşlərimi həmən verin, xanım.
Tutmamış mayadır göyüzünə.
Eşqimi də, xanım.
Təkcə istifadə olunmayan sifətimi istəməm,
qalsın sizdə.
Asan silinən üzümü dəyişdirin,
onsuz da olmayacaq gərəyim.
Üzümdən qalan boşluğa
son aldanışı çəkin, xanım!

Üz və alma

Üzün yer üzündən bir hissə.
Yaxşı hissədi, amma.
Üzün yer üzündə dərin bir hüzn.
Gözəl dərinlikdi amma.
Üzün bir işıltı yer üzündə.
Isidən bir günəş amma...
Üzün yer üzündə bir alma.
Nə dəyişdi, amma?
Girdi araya alma.
Fəsillər, dəyişdi...
Fəsillər...


Baxış sayı - 2 055 | Yüklənmə tarixi: 13.07.2018 15:48
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031