manera.az
manera.az

Mismarda - Yeni tərcümə

Mismarda - Yeni tərcümə
Anton Çexovun hekayəsi

İşdən sonra Neva prospekti ilə bir dəstə dövlət qulluqçusu və quberniya katibi gedirdi. Struçkovun doğum günü idi və yoldaşlarını evə, doğum gününü qeyd etməyə aparırdı.

- Qardaşlar, indi doyunca tıxacağıq! - Səbəbkar deyirdi. - Elə tıxışdıracağıq ki! Arvadım piroq bişirib. Unu dünən özüm almışdım. Konyak da var... Arvadım bizi gözləyir!

Struçkovun evi çox uzaq idi. Getdilər, getdilər, nəhayət, çatdılar. Dəhlizə girdilər. Piroqla qızardılmış qazın iyi burunlarına dəydi.

- İyi hiss edirsiniz? - Struçkov həzz içində güldü. - Soyunun, cənablar! Kürklərinizi sandığın üstünə yığın! Bəs Katya hardadır? Ey, Katya! Hamını yığıb gətirmişəm! Akulina, gəl qonaqlara kömək elə soyunsunlar!

- Bəs bu nədir? - Qonaqlardan biri divarı göstərib soruşdu.

Divara vurulmuş mismardan təzə, kokardası parıldayan furajka asılmışdı. Qonaqlar bir-birinə baxdılar, hamısının rəngi ağardı.

- Bu onun furajkasıdır! - deyə pıçıldaşdılar. - O... burdadır?

- Hə, burdadır, - deyə Struçkov mızıldandı. - Katyanın yanında... Gəlin çıxaq, cənablar! Bayırda gözləyək. O gedəndən sonra gələrik.

Hamı kürkünün yaxasını bağladı, bayıra çıxdılar.

- Qazın iyi əcəb iştahaçan idi! - Arxivariusun köməkçisi dedi. - O hardan gəlib çıxdı axı? Tez gedəcək?

- Tez gedəcək. Heç vaxt iki saatdan çox oturmur. Acmışam! Əvvəlcə araq içib qəlyanaltı edəcəyik... Sonra bir də araq içəcəyik... Qardaşlar, ikincidən sonra piroq. Yoxsa iştahımız qaçar... Arvadım qəşəng piroq bişirir. Şi də var...

- Sardin almısan?

- İki qutu. Dörd cür kolbasa... Yəqin, arvadım da acıb... Ay, şeytan!

Yarım saat traktirin girəcəyində oturdular, qızışmaq üçün çay içdilər və təzədən Struçkovun evinə getdilər. Dəhlizə girdilər. İy bayaqkından da güclü gəlirdi. Mətbəxin yarıaçıq qapısından bişmiş qaz və duzlu xiyar dolu qab görünürdü.

Akulina sobadan nəsə çıxardırdı.

- Qardaşlar, yenə alınmayacaq.

- Nə olub?

Hamısının qarnı quruldayırdı. Divardakı mismardansa bu dəfə başqa papaq asılmışdı.

- Bu Prokatilovun papağıdır. Bayıra çıxaq. Hardasa gözləyək... Bu da az oturur...

- Bu axmağın bəxti gətirib ki, belə gözəl arvadı var! - Qonaq otağından Prokatilovun bas səsi eşidildi.

- Axmaqlar xoşbəxt olur, cənab! - Struçkovun arvadı ona cavab verdi.

- Gedək! - Struçkov dedi.

Yenə traktirə getdilər. Pivə istədilər.

- Prokatilov gücdür! - İş yoldaşları Struçkova ürək-dirək verirdi. - Bir saat sizdə oturacaq, əvəzində... on il rahat işləyəcəksən. Bəxtin gətirib, qardaş! Nə üçün bikefsən? Təəssüflənmək lazım deyil.

- Sizsiz də bilirəm lazım deyil. Amma mən acam axı... Bu, xətrimə dəyir!

Yarım saata yenə evə getdilər, papaq mismardaydı. Yenə bayıra çıxıb gözləməli oldular.

Ev ancaq saat səkkizdə boşaldı. İndi piroq yemək olar! Piroq qurumuşdu, şi istiydi, qaz yanmışdı - hər şeyi Struçkovun karyerası məhv etmişdi! Amma iştahla yedilər. /edebiyyatqazeti.az/

Tərcümə etdi: Həmid PİRİYEVБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2021    »
 12345
6789101112
13141516171819
20212223242526
2728293031