manera.az
manera.az

“Mədəniyyət” jurnalının “Zəfər” sayı çapdan çıxıb

📅 08.01.2021 09:31

“Mədəniyyət” jurnalının “Zəfər” sayı çapdan çıxıb
Jurnal Xarı Bülbül emblemi ilə yeni ilin ilk həftəsində salamlayır oxucularını. Üz qabığı “8 noyabr - Zəfər günü, Qarabağ Azərbaycandır” şüarı ilə süslənib, forzas isə Qələbə Paradının və bütün hadisələrin kvintessensiyasını təşkil edən fotoreportajla maraqlıdır.

Kontenti “müharibə və mədəniyyət” təzadının üzərində qurulan baş redaktor sözü bu anlayışların fəlsəfəsindən, sahə cameəsinin vəzifələrindən bəhs edir. Davamında Zəfər Gününün mahiyyəti və Zəfər Paradının ehtişamı anladılır, daha sonra taleyüklü 44 gündə həm döyüş meydanında, həm də mədəniyyət müstəvisində həyatlarını, çalışmalarını Vətən yolunda əsirgəməyən insanımızdan bəhs edilir. Azərbaycanın qədim mədəniyyətini mənimsəmək, mümkün olmayanda isə məhv etmək xülyası ilə yaşayan erməni faşizminin dar düşüncəsinə qarşı bütün müstəvilərdə mübarizə aparan xalqımızın mədəniyyət sahəsində çalışan sıravi fədailərindən söz açılır. Mədəniyyət sahəsindən cəbhəyə gedib hərəsi bir dünya olan gənc şəhidlərin hekayələri oxunur - ictimaiyyətdə adları yaxşı tanınan sənət adamlarının, istedadı ilə hamını təəccübləndirən gənclərimizin Şəhidlik zirvəsinə ucalan müqəddəs ruhları anılır, yaddaşlarda yaşaması üçün yazılarda əbədiləşdirilir. Şuşanın azad olunmasında iştirak edən qazimiz də unudulmur.

Mədəniyyət xadimlərimiz öz təəssüratları, düşüncələri, planları ilə bölüşür, II Qarabağ müharibəsinin qəhrəmanlarına ithaf olunan əsərlər ortaya çıxır, Vətən müharibəsinin kino salnaməmizə yazılacaq işlərin konturları cızılır, artıq Şuşa səfərinə hazırlaşan Üzeyir həsrətli eksponatların yolda olan gözü dolur, Qarabağ savaşı rənglərin dili ilə danışır. Mədəniyyət nazirliyinin bu günlərdə hadisələrə operativ yanaşması, beynəlxalq təşkilatlara və ictimaiyyətə ünvanlanan məktubları barədə oxucuya məlumat əsnasında UNESKO-da şəxsiyyət vəsiqəsi alan Nar bayramı və Miniatür sənətinin qeyri-maddi mədəni irs siyahısına daxil edilməsi də təqdim olunur oxucuya, Təbriz ustalarının miniatür məharətindən bəhs edən məqalə isə bu məqamda lap yerinə düşür. Rəssamlarımızın virtual sərgilərinə də Vətən sevdalılarına bir töhfə kimi baxılır.
Jurnalın bu sayının bir neçə səhifəsi həmkar fotoqraflara ayrılıb: fotolarda yaşayacaq 44 günün xronikası hər baxışda yaddaşları təzələyəcək, həmçinin, həmkarlarımızın da fədakarlığının sübutu olacaq.

Azərbaycan rəssamlarının Şuşa arzuları dil açır növbəti yazıda. Daha sonra Mədəniyyət Nazirliyinin hadisələrin ilk günlərindən başlayan tarixi layihələrinin –“Qarabağ - mədəniyyətimizin beşiyi”, “Xristian abidələrimizi tanıyaq” layihələri təqdim olunur.
Jurnalın və baş redaktorun “Humay” milli mükafatına layiq görülməsi xəbəri də oxucunun təqdirinə səbəb olacaq məqamdır.
Qeyd etmək lazımdır ki, bu sayın bütün elmi məqalələrində Qarabağ mövzusu, vətənpərvərlik motivləri tədqiqat predmeti olaraq ən başlıca mövzu kimi önə çıxır.

“Mədəniyyət/Culture” jurnalının 2021-ci il üçün mövzuları isə əslində artıq Azərbaycan Respublikasının Prezidenti, cənab Ali Baş Komandanın çıxışlarında müəyyən olunmuş, Azərbaycan Respublikasının yeni təyin edilən Mədəniyyət nazirinin məruzəsində öz əskini tapmışdır...
Yola davam... Uğurlu ol, 2021!

MANERA.AZ


Baxış sayı - 532 | Yüklənmə tarixi: 08.01.2021 09:31
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031