Azərbaycan filmi nüfuzlu beynəlxalq festivalda
Azərbaycanlı rejissor Hilal Baydarovun çəkdiyi "Səpələnmiş ölümlər arasında” filmi Venesiya Beynəlxalq Film Festivalının "Qızıl şir” mükafatına iddialıdır.
Manera.az xəbər verir ki, festival sentyabrın 2-dən 12-dək keçiriləcək.
"Səpələnmiş ölümlər arasında” filminin ərsəyə gəlməsində həm azərbaycanlı, həm də əcnəbi kinematoqrafların əməyi var.
Müstəqil kino tariximizdə ilk dəfədir ki, dünyanın ən böyük və nüfuzlu üç film festivalından biri olan (Digərləri: Kann Film Festivalı və Berlin Film Festivalı) Venesiya Film Festivalında Azərbaycan filmi əsas müsabiqəyə seçilib.
Daha əvvəl sözügedən festivallara seçilən filmlər olsa da, heç biri əsas yarışmada mübarizə aparmaq şansına sahib olmayıb.
Bu il festivalın proqramına 18 tam və 15 qısametrajlı film daxil edilib.
Münsiflər heyətinin prezidenti isə aktrisa Keyt Blanşett seçilib.