manera.az
manera.az

Sığınacaq - Rəşid Bərgüşadlının POVESTi

📅 16.04.2020 09:00

Sığınacaq - Rəşid Bərgüşadlının POVESTi
Manera.az Rəşid Bərgüşadlının yeni yazdığı "Sığınacaq" povestinin IV hissəsini təqdim edir:

I Hissə
II hissə
III hissə

...İtin xaltası onu qəbristanlığa sarı dartırdı. Qocanın pırtlaşıq, sudan yanıq saç-saqqalı o qədər kirliydi ki, tükləri tamam tökülmüş, dərisi gündən qızarmış it ondan abırlı görünürdü.

Günəşin şüalarını qoxlayırmış kimi başını dik tutmuşdu. Qoca yolu itin gözüylə görürdü sanki. Əlindəki rentgenmetrin qulpunu əsa kimi addımına uyğun yerə taqqıldadırdı. Yan-yörəsinə düşən mərmilər nə qocanın, nə də itin vecinə idi. Sanki qocaya mərmiötürən quraşdırmışdılar – bütün mərmilər ona tuşlanmışdı, lakin naməlum bir əl onu bəladan qoruyurdu. Görən elə bilərdi ki, qoca kordur, amma o görürdü və gözünü işığa alışdırırdı. Qəbristanlıqda ayağı daşa ilişdi və guppultuyla mərmi çalasına yıxıldı. Azca eşələndi, dura bilmədi. Çuxurun havası o qədər təmiz idi ki, yıxıldığı yerdəcə rahat uzandı.

Xaltası qocanın biləyinə dolanmış heysiz it ha çabalasa da qocanı dartıb xilas edə bilmirdi. Elə bu vaxt yaxında bir mərmi də partladı və qonşu məzarın başdaşı yıxıldı bəxtsiz qocanın üstünə. Şaqqıldayan sümüklərinin ağrısından kiprikləri yaşardı. Hardansa üç nəfər özü kimi qoca peyda oldu və himə bənd imiş kimi başladılar onun üstünü torpaqla örtməyə. Dəhşətli mənzərə idi. Həm ağrını canında duyur, həm də onu çuxurda gömənləri görürdü. Hirsindən lal olmuşdu, bağrı çatlayırdı. Barmaqlarının ucunadək buz bağlamışdı qorxudan. Oğlan özünü vaxtında yetirməsəydi, doğrudan öləcəkdi. Dostu yetişən kimi qocaların hərəsini bir yana itələyib dizlərini yerə atdı. Onun üstünü tələm-tələsik açdı, daşı yana itələdi. Qocanın sinəsi körüklənəndə oğlanı ağlamaq tutdu, – Heç nə danışma...

Qırımından hiss elədi ki, onu sığınacaqdan xilas edə bilmədiyi üçün xəcalət çəkir. “Neyləsin, təkbaşına gücü çatmayıb, şəhərdə isə ağlı başında olan cavanları hardan tapsın”... – çarəsiz oğlana rəhmi gəldi. Şəhərdə biləkdən güclü adam tapmaq müşkül iş olduğunu bilirdi. Gündə gözlərinin qabağında neçəsinin əzaları qəlpə kimi göydə uçuşan adamları necə inandırmaq olar ki, sığınacaqda bir qoca, bir köpək, bir də pişik əsir qalıb. Buna heç kimin canı yanmaz. “Çox ağır işdi” – qoca buz bağlamış əllərini yaxasına soxub isitməyə çalışdı.

– Atəşkəs razılığı imzalanıb, bilirdin? – dostu qocanın toz-torpağını çırpırdı, üz-gözünü silirdi. Atəşkəs xəbərindən sevindi, kövrəldi, amma dostunun yanında ağlayıb ikinci dəfə xəcalətli olmaq istəmədi, – Biz yerin altında olanda çöldə havalar necə keçirdi? – sual qəhərli boğazından güclə sivişib çıxdı.
– Qorabişirən, gözqamaşdıran günəşli havalar adamın nəfəsini kəsirdi.
– Günəşdən ötrü çox darıxmışdıq...
– Dur onda! Qalx ayağa! Çox tənbəlsən! Yəqin katakombada qaldığın günlərin çoxunu yatmaqla keçirmisən, – qocanın kefini qurcalayırdı.
– Mənəm tənbəl?
– Hə, tənbəlsən.

– Mən orda yuxu görmədim ki. Burda gördüklərimi yuxu əvəzinə düşünürdüm. O da, düşünə bildiyim qədər... Sən demə, yerin altında xatırlaya biləcəyim maraqlı həyat yaşamamışam... Sən də xeyli arıqlamısan. Səni çox üzmüşəm, elədir? Ceko da, mən də səninçün çox darıxmışdıq, – “Zavallı, nə bizi sığınacaqda çarəsiz buraxmaq istəyib, nə də oradan çıxarmağa gücü çatıb” – gözünə dolan torpağı silə-silə ürəyində kəkələdi. Nəfəsi tıncıxır, xışıldayırdı, sanki başdaşının ağırlığından ciyərlərinin birini itirmişdi.

– Mən heç nə edə bilmirdim. Axı mənim nəyimi sevəsən!? Heç Cekonun da üzünə baxmağa qürurum qalmayıb, – oğlan hıçqırıb onun sinəsinə qısıldı. – Tənbəl olsan da, dünyanı xilas edəcək boyda sevgi var içində. “Ən böyük güc sevgidir” – bunu sən özün demisən.

– Sus! Kişilər ağlamaz! İnsan birini sadəcə sevdiyi üçün sevər. Sevməyə səbəb olmur ki. Səni ona görə sevirəm ki, günəşin işığından daha çox sənin üzünün nuruydu məni qaranlıq sığınacaqdan çıxmağa səsləyən. Ceko da, mən də səni sevməyi öyrəndik yerin altında. Hər iynənin ucu boyda sənə yaxınlaşdıqca qoluma qüvvət gəlirdi. Elə istəyirdim ki, sənin də bizim yanımızda olmağını...

– Mən səndən betər zülm çəkirdim eşikdə... – biləyi ilə gözünün mütüyünü sildi.
– Bilirəm. Bilirəm ki, sən əl-qolunu sallayıb oturmamısan, çarələr düşünmüsən. Amma gəl bunu sonra söhbətləşək. Ceko sığınacaqda nasazlayıb, ona nəsə eləməliyik, – dostuna sarılıb ayağa qalxdı.
– Cekonun anası xərçəngdən ölmüşdü, yəqin o da bu mərəzə tutulub...
– Of, yazıq!..
– Qaranlıqda yaxşı ki dəli olmamısan... – artıq çuxurdan çıxıb yanaşı oturmuşdular.
– Dəli necə olur ki? Mən zır dəliyəm, dostum. Qulağımı məcbur edirdim ki, mənimçün yarpaqların pıçıltısını eşitsin, mən də bu səsə şəklənib təbiətin danışan dilini yadırğamayım. Sən bilirsənmi ağaclar insanların dilini anlayır? Ulduzlarla pıçıldaşan yarpaqları heç dinləmisənmi?

– Sən təbiətin dilini mənə öyrətmədən qeyb olmusan, unutmusan yoxsa? – oğlanın şirin gülümsəməsinə bu qədər həsrət qalmaq olardımı... Qocanın gözü yaşardı. Canında bir ağrı, qüssə qalmamışdı, – Bircə qaranlığın dilini anlamadım. Qulağımın dibində xəstə kimi zarıyan, qapqara ölümü aldada-aldada qaranlıqdan işığa lağım atırdım. Ölümlə göz-gözə yaşamaq bilsən necə dəhşətdir... Bu küncsüz qaranlıq mənə yalanı öyrətdi. Cekoya, pişiyə yalandan təsəlli verməkdən özüm bezmişdim. Onlar yalana alışıblar. Hətta, həvəslə məndən növbəti yalanı gözləyirdilər. İndi onlar da bizim kimi yalansız yaşaya bilməyəcəklər. Ölmək qorxusu məni insanlıqdan çıxarıb itə, pişiyə döndərdi. Orda Cekonun gözüylə özümə baxanda cılızlaşan insanlığımdan utanırdım. Onların beyni balacadır deyə elə bilirdim ki, nəyi itirdiklərini unudublar. Güman edirdim ki, nə vaxtsa azad gəzdiklərini də xatırlamırlar... Bu faciə olardı, anlayırsanmı? Yaxşı ki, insan bu cür unutqan deyil...

– Mən də fikirləşirdim ki, yəqin içəridə səni çoxdan parçalayıb yeyib.
– Ağıllı itdir, indi ən yaxın dostumdur o, – Cekonun boyun-boğazını tumarladı. – İlk günlər deyəndə ki, onları katakombadan xilas edəcəyəm, acıqlanırdı, mənimlə əylənirdi, lağa qoyurdu məni. Amma möcüzə bilirsən nədir? Onlara ötən xoş günlərindən danışanda ikisi də süst qalıb xəyallara dalırdılar. Onlar düşünməyi bacarırmışlar. Heç nəyi unutmurlar, bunu öyrəndim... İnsan kimi azadlığa çıxmağın xiffətini çəkirdilər, ölməkdən qorxurdular. Bunu biləndən sonra insanlığım geri qayıtdı, özümü bu iki məxluqun sərkərdəsi saydım yenidən. Mən onları qaranlığın zülmünə təslim olmağa qoymurdum, – qoca hər şeyi bir anda üdüləyib dostuna danışmağın həşirindəydi.

– Elə danışdın ki, adamlıqdan imtina edib it olmağım gəldi – qolunu qocanın boynuna aşırdı.
– Biz insanlar nə qədər zalım, ədalətsiz və yalançı olsaq da bütün yarıdılışı xilas etməyə qadir tək qüvvəyik. Bunun yalan olduğunu söyləyən, bizi ağılsızlıqda suçlayan kim olur-olsun, əclafın ən böyüyüdür, insanların ən haqsızı və alçağıdır. Mənə Ceko anlatdı bunu. O, ömürbillah caynaqlarından, dişlərindən qeyri silah tanımayıb. Pişik qarnının doyduğu qədər siçan yeyib sonra dincini alır. Heyvanlardakı gözütoxluq, sədaqət insan şüurunun sərhədlərini aşır. İnsanlar isə başqa cürdür. Zəiflər güclülərə tabe olsalar da, əzişdirməyə özlərindən daha zəif olanları axtarırlar. Güclülər bu haqsızlığı yuxarıdan görür, amma heç nə eləmir. Gözüyaşlı möminlər, “Ya hər şey, ya da heç nə!” uğrunda çarpışan nadürüst insanlar Cekonun bəbəklərinə diqqətlə baxsa özlərinə tüpürərlər. O gözlərdə kainatın sirri, Allahın rəhmi gizlənib, dostum. Allah bizim mühakiməmizi məsum heyvanların ixtiyarına verməsin, yoxsa cəzamız çox acı olar!..

Qocanı razı saldı ki, sağalanadək bir müddət onlarda qalsın. Çiynini qocaya dayaq verib dağıntıların arasıyla oğlangilə gedirdilər. Qocanın gözündə dostu bir az da böyümüşdü, kişiləşmişdi.

– Bilirsən səni necə tapdım? – qocanın dərisi çıxmış əlini ovurdu. – Şəhərdə danışırdılar ki, cəhənnəmdən xortlamış bir qoca öz xəstə itiylə küçəbəküçə sərgərdan gəzir. Onu da deyirdilər ki, qoca dayanmadan öz-özüylə danışır, bilmək olmur söhbətləşdiyi ruhlardırmı, Tanrıdırmı, yoxsa itiyləmi danışır... Onda ürəyimə damdı ki, bu adam sənsən. Həmişə katakombadan çıxanda pəncərədən səni izləyirdim. Elə görkəmdə olurdun, sanki cəhənnəmdən gəlirsən. İndi isə həqiqətən cəhənnəmdən qaçana oxşayırsan... – qoca bilirdi ki, onun könlünü almaq istəyir. Darıxmışdı dostunun həmyaşıd kimi ərkyana danışığından ötrü... – “Cuhud dükanı”na təzə qaysı, xurma gətirmişdilər, düz iki qutu almışam. Sənin termos çayından ötrü bilsən necə darıxmışam...

– Termos! Qaysılarım! Tərhalva! – qoca yuxu gördüyünü özü də bilirdi, amma ayılmırdı ki, hadisələri istədiyi səmtə yönəldib yuxudan doyunca kam alsın. Heç olmazsa yuxuda xoşbəxt ola bilirdi, bunu bacarırdı. Canını üzən ağrılara baxmadı, yerindən hövlnak durub küncdəki taxta dirəyi sürtə-sürtə qaxacı tapdı. – “Bu qədər vaxtda niyə ağlıma gəlməyib ərik qaysılarım!” – boyunbağı kimi sapa düzdüyü qaysını ovcunda sıxdı. Ürəyi ətirşahlı çay istədi, özü də, yaman dəhşət istədi... Xatırladı ki, axırıncı dəfə qaynar su doldurmaq üçün oğlan termosu evlərinə aparmışdı, – “Səndən ötrü lap burnumun ucu göynədi, dostum” – oğlanı hələ belə qəribsəməmişdi. Tərhalvanı necə qoymuşdusa, eləcə də küncdəki taxtın üstündəydi. Qutunu açıb bir çimdik ağzına aldı. Halva acımışdı. Qutunu şamın işığına tutdu, saxlama müddətinə baxdı. “Mənim də saxlama müddətim çoxdan bitib” – qaysının birini qoparıb dadını çıxardı, – “İşıqlı dünyadan gələn nemət, işığın bəhəri”... Birini Cekoya, birini də pişiyin qabağına qoydu.

– Dadı olduğu kimi qalıb. Demək ağız öz tamını heç vaxt itirmir... Bircə qaysı min qutu konservə dəyər. Pişik qoxlayıb kənara durdu. Amma Cekonun xoşuna gəlmişdi, pişiyin də payını udub təzəsini gözlədi. – İkisi qalıb, al, bunları da sənə verirəm, təki burda ölmə... – qaysıları öz əliylə itə yedirdi. Kiflənmiş tərhalvanın üzünü qaşıyıb siçanların yoluna tökdü, – Qoy bizi tək qoymasınlar, bu da onların ruzisidir. Bununla pişiyə qayğı göstərirəm, siçanlara qarşı günah. “Siçan öz xoşuyla pişiyin yuvasına girməz. Demək, ortada ehtiyac olmalıdır” – günah etdiyinə böyürdən Allah da şahidlik edirdi. – Halvanı siçanlar da sevər yəqin. Ruziləri təhlükənin ağzındadır, hünərləri varsa, təhlükədən yan ötüb qarınlarını doyursun – pişiyin başını sığalladı. “Cuhud dükanı”... – dilinin altında bir neçə dəfə bu sözü pıçıldadı, oraları xatırladı. Cuhudun məscidin qoltuğuna sığınıb bu vur-çatlasında qaz vurub-qazan doldurmasına o vaxtdan ikrahla baxırdı. Belə deyənlər də vardı ki, guya dükanın adı cuhudundur, işlədəni ermənidir...

Su çənini danqıldatdı, dibində azca qalmışdı. Amma iki kasset su qabı dururdu hələ. “Çölə çıxan kimi oğlandan ilk olaraq bunu soruşacağam ki, “işıq
iliylə” neçə gündür yerin altındayıq?”.

– Qorxmayın, su və qidanı azaltmayacağam. Onsuz da yetərincə korluq çəkirsiniz, amma şamı xüsusi hallarda yandıracağam... Sizin nurunuz qaranlıqda daha aydın görünürmüş, dostlar... Sizə bir şey deyim. Nədənsə mənə elə gəlir ki, əvvəllər də elə bu sığınacaqda sizinlə dustaq qalmışam. Əmin deyiləm, bunu yuxudamı görmüşəm, yoxsa, gerçəkdən yaşamışam. Hətta sabah başımıza nə gələcəyini də xatırlayıram. Sizin də içinizdə eyni hiss varmı? Yoxsa, mən havalıyam? Bəlkə də əvvəlki həyatımızdan gələn dəvətsiz siqnallardır, ya da ölümün pıçıltılarından sızır beynimə. Amma əminəm ki, Xudavənd bizim üçümüzə görə yepyeni qitə yaradıb və biz orda qayğısız yaşamışıq, ya da yaşayacağıq... – saç-saqqalını qarışdırdı.

– Heç nə yox, bircə termos dolusu çayım olaydı... – naxışlarına qədər xəyalında canlandırdı sevimli termosunu. Qoca onu dörd il bundan qabaq almışdı. Göz bəbəyi kimi qoruyurdu ki, sınığı-çatlağı olmasın. Hətta bir dəfə öz-özünə sual vermişdi, – Qoca, deyək ki, əzrail bu dünyadan axirətə keçirmək üçün özünlə bir şey götürməyə izn verdi, nə götürərsən? Azca düşünüb, – Termosumu! – deyib gülümsünmüşdü. “Bu termosda tonlarla çay dəmləyib içmişəm. Amma ömrümüzü cilik-cilik edənlər”... Qaysıları tapmağı kefini açmışdı, amma əl-qolu işdən soyumuşdu. Oyuqdan görünən daşı gözü yeyirdi, bilirdi ki, bir-iki saat döyəcləməklə daşı yerindən laxladacaq, – “Sonra da bir güclü zərbə, – damm!.. – dəlik hazırdır”. Vaxtı hədərə vermək olmazdı, indi hər dəqiqənin hökmü vardı. Armaturu götürüb könülsüz olsa da qapıya yaxınlaşdı. Şamı yandırıb növbəti “rəqibinin” üzünü sürtələdi, – Sənin dostun mərd və dözümlü rəqib idi. Sizin daş üzünüz olan kimi, əhəng üzünüz də var. Qaranızı da görmüşəm, ağınızı da.

Bilirəm, əsl-nəcabətinizi, necə bərk olduğunuzu göstərmək istəyirsiniz, amma insan biləyinin qabağında duruş gətirə bilməzsiniz. Unutma ki, insan sizlərdən ayaqyolu tikib içinə... – dodağı qaçdı. – Daş başına vur ki, səndən o üzdə həyat var, işıq var, həsrətimi çəkən dostum var. Daşdan yox e, lap dəmirdən ol, səni dişimlə gəmirməklə də olsa, dəlib o işığa, o oğlana qovuşacağam! Bu ruhumun tələbidir, həyatın qanunudur! – biləyinin ilk gücünü göstərdi daşa.

* * *

Şam elə sürətlə əriyirdi ki, elə bil qocaya acıq verirdi. “Üçcə şam qalıb. Havadan-sudan dəyərlidir”, – söndürdü şamı. Yanındakı Cekonun titrəyən belini sığalladı. Pişik son vaxtlar Cekonu qocaya yaman qısqanırdı – onu sığallayan kimi gəlib qocanın ayaqlarına sürtürdü özünü. Onun da könlünü aldı:

–Elə bilməyin ki, xəstəlik, qırğınlar, ölüm sığınacağın o üzündə qalıb. Əcəl yerin deşiyində də bizimlədir. Toxdaq olun. Burdan çıxan kimi də qaçıb bütün tayfa-törəmənizə burdakı əlbirliyimizdən, dostluğumuzdan danışarsınız... – dünən və bu gün, işıq və qaranlıq, xeyir və şər arasında xeyli var-gəl elədi.

...Təqribən iki-üç saat əlləşdi. Daşı itələyib çölə salan kimi içəriyə dolan havanı hərisliklə ciyərlərinə çəkdi. Elə bil, tələsməsə, çöldə hava tükənəcəkdi. “Burdan çıxmaq arzum bu saat həyata keçsə, qətiyyən sevinmərəm”, – düşünsə də, dərhal “lənət şeytana” dedi. Şamı yandırdı.

Sönməsin deyə əliylə küləyin qabağını tutub dəlikdən sağa-sola, aşağı-yuxarı nəzərləri çatan qədər xeyli baxdı. Pişik özünü dəlikdən eşiyə atdı. Bir az vurnuxandan sonra başladı yeri cırmaqlamağa. – Hə, məstan. Gücün, ağlın çatırsa, özünə bir dəlik tap, çıx aradan. Qorxma, səndən küsən-inciyən yoxdur. Yetər ki, ölmədiyimizi işığa xəbər ver, – künc-bucağı yoxladı. Pişik canını qurtarmaq üçün əlləşir, qocanı daha vecə almırdı.

“Qəribədir, görəsən, o niyə birdən-birə belə qızışdı ki? Siçan yemək onu bezdirib, yoxsa bu zülmətdə nədənsə qorxub? Güclü, qorxu-ürkü bilməyən, özünə tam arxayın, cəsur və dinc heyvan idi axı. Ölmək istəmir!”... – Tələsmə, indi başqa şam gətirirəm, məstan – fərdi mühafizə vasitələri saxlanan otağa keçdi ki, son qalan şamlardan birini götürsün. “Pişik düz eləyir. Mənim də səbrim çatmaz günəşi gözləməyə” – qayıdıb işığı dəlikdən çölə tutdu, – Piş-piş-piş... – pişiyi səslədi. Pişik görünürdü, panellərin arasında yeri qazırdı. – Get, get yolu tap! Yol varsa, qaç canını qurtar! Yəqin ki, oğlan eşikdə gözləyir, heç olmazsa səni görsün, bizim də sağ qaldığımızı anlasın. İndi dərddən üzülüb... Pişik başını çevirib ona sarı qayıtmaq istədi, yazıq-yazıq zarıdı. Ağrıyan əllərini bir-birinə vurub şappıldatdı – Rədd ol dedim sənə! Keçə biləcəyin dəliyi tap və canını qurtar! Biz də uzağı sabah Cekoyla gələcəyik.

Pişik ora-bura xeyli vurnuxdu, qısıldı-büküldü, miyoldaya-miyoldaya panellərin arasında xeyli sərgərdan qaldı, sonra gözdən itdi və səsi kəsildi. Qocanın içi atlandı – Dəlik var! Məstan qurtuldu! Ceko, eşidirsən, dostumuz xilas oldu!.. Ceko iki dəfə hürməyə, sevindiyini bildirməyə çalışdı, amma səsi çıxmadı, təkcə ciyərləri xışıldadı. Onun belini hövkələdi, – Çox az qalıb, dostum, azca da döz. Hörümçək toruna düşmüş arı kimi çabalamağın mənası yoxdu, – yan otaqdan yemək götürməyə getdi. İki qab yemək götürdü. Birini itin qabağına əndərəndə Cekonun halına sinəsi göynədi, – Ölümün çatıbsa, səni aparacaq, yox, əcəlin yetməyibsə, onda madyanını dəhmərlə! “Qaranlığın içinə girib uzanmaqdan ölüm yazığın canına hopub” – gözü yaşardı qocanın.

Qapının arxasını yenidən incələdi. İşığın ləkəsi də görünmürdü. Lay panellər yolu bağlamışdı. “Yəqin ki, panellərin arxasında uçqunun toz-torpağı da var hələ. Əşşi, onları təmizləmək asan məsələdir! Armaturun əlindən canlarını hara qurtarırlar!”. Dar dalanlar vardı, amma işığın ucu görünmürdü. Şamın alovu yelləndikcə içindəki ümid də rahatlanırdı. Təmiz hava onun canına yeni güc gətirmişdi və Ceko indi onun yanından əl çəkmirdi. “Bu dəfə iri dəlik açmayınca oturdu-dayandı yoxdur!” – şamı söndürüb armatur mili qapdı.

– Ey qaranlıq, sənə deməmişdimmi ciyərini sökəcəyəm! Bu yelçəkən sənin qara xəbərindir! Az sonra sən də, sənə sığınmış ölüm də, o birisi də qarşımda diz çökəcəksiniz! – qısa vaxtda bir-birinin ardınca dörd-beş daşı söküb tulladı. İndi ikisi də qapıdan çöldə idi. Nə illah elədi, uçqunun altında iynənin ucu boyda işıq sızıntısı görə bilmədi. “Axşam düşüb, eşikdə qaranlıqdır!” – Hə, axşamdır. Yatıb dincimizi alaq, işıqlananda bir də yoxlayarıq. İşığın ucunu tapsaq, canımızı qurtarmışıq demək! – qayıdıb qolunu taxtın söykənəcəyinə aşırıb oturdu. Ağrısı-filanı qalmamışdı. İnsan olaraq bacardığı işdən qürur duyurdu. Qapının yanından içəri dolan xəfif meh onun codlaşmış saqqalında, uzanmış saçında ləpələnirdi. Mehi tutub qapıyla taxtın arasındakı məsafəni gözüyumulu gedib-gələ bilirdi. Qaranlıqda xeyli vargəl elədi. “Yəqin ki, öz doğma oğlum da indi məni tanımaz”...

– uzanmış saqqalını sığalladı. “Getmədiyimə peşiman deyiləm, amma gərək o da bir xeyli israr edəydi. Elə bil burda qalmağımı istəyirmiş kimi o da soyuq tərpəndi”... – şeytan qıdıqlayırdı onu...

– Sərsəmləmə, qoca, deyəsən ağlın qaçır sənin! Oğlun bu şəhərdə sadəcə doğulmuşdu və gənc yaşında müharibə bəlasıyla üz-üzə qalmışdı. Əgər getməsəydi, ailə-uşağıyla birlikdə öləcəkdi. Sən isə burda böyümüsən, qocalmısan, burda ev olmusan, doğma məzarın bu şəhərdədir. Sən gedə bilməzdin. Oğlun da bunu gözəl anlayırdı. Ona görə də çox inad eləmədi, sadəcə, səni anladı... Görəsən neyləyir nəvələrim, babalarını xatırlayırlarmı? Burdan çıxan kimi gedəcəyəm nəvələrimin yanına. Müharibəylə savaşmaq üçün çox qoca və tənbələm... Qalan ömrümü az da olsa insan kimi yaşamaq istəyirəm.

Növbəti əsnək vaxtı bir qab yeməyi təkbaşına özü yedi. Bir qab da Cekonun qabağına tökdü, – Doyunca ye. Allah mane olmasa, bu gün bizim burdakı son günümüzdür... – əllərini adəti üzrə boynunun kökündə çataqlayıb taxtına sərildi.

– Niyə naxələf çıxdın, ay insafsız? Aramızı divar kəsdi deyə, elə bildin ki, dostun ölüb? Deyək ki, lap ölmüşəm, bəs ölən dostu axtarmazlarmı? Yoxsa meyitimi görməkdən çəkinirsən? Sənin qoca dostun ölümün qabağında diz qatlayan hərifə oxşayır heç? Sabah, Allah qoysa, sabah səninlə termos çayını birlikdə içəcəyik, hazırlaş. Onsuz da şad xəbərlər həmişə ləngiyir, sabah gün çıxan kimi qulağın şad xəbər eşidəcək... – əsən meh yanaqlarını oxşayır və qoca özünü son dərəcə bəxtiyar sayırdı. İt qapının kandarında özünə sitəm edirdi. “Qoca, nə qədər ki, işlərin yaxşı gedir, bir az yuxulayıb gözlərinin acısını al. Yatmasan, sabah dostunun qabağına çıxanda sir-sifətindən hürkəcək, ya da başın gicəllənəcək, hər şeyi yarımçıq saxlayacaqsan. Şükür Allaha ki, buradək babat işləmisən, lap maşın kimi! Amma indi yatmalısan. Özünü yatmağa məcbur elə. Eşikdə ulduzlar da, ay da, günəş də yatıb, sən də yatmalısan” – sığınacağın get-gedə artan soyuğunda büzüşüb xəlayallarındakı uzaq ulduzlara baxa-baxa yuxunu ağuşuna çəkməyə çalışdı...

Amma yuxu ona qorxunc mənzərənin qapısını açdı. Mərmilər dolu kimi yağırdı, elə bil əbabil quşları yanar daşlar tullayırdı şəhərin başına. Partlayışların arasında çığıran, ora-bura vurnuxan bir uşaq gördü. Nəsə axtarırdı. Qocanın xəyalı düşmüşdü uşağın arxasınca. Uşaq birdən yerə sərilmiş meyitə cumub onun başını qucaqladı, dizinin üstünə aldı, ağzını ayırıb qəfil vulkan kimi üzügöyə qıyya püskürdü. Hıçqırıqlara keçəndə qoca ona təsəlli vermək istədi, – Sənin adın nədir? – özü də bulud kimi dolmuşdu və bilirdi ki, bu dəqiqə uşağa qoşulub hönkürəcək.

– Bilmirəm, babacan. Məni çoxdandır adımla çağıran yoxdur...
Uşağın cavabı mərmi kimi şığıdı qocanın kürəyinə. Bütün əzələləri gərildi, qəddi əyildi, yerində büzüşdü. Qəfil gözlərini açdı ki, yuxunun gerisini qovsun. Yerində dikəldi. Bədəni suyun içindəydi. Hələ də iliyi gizildəyirdi. “Yox, ola bilməz!” – anidən üzüqoylu yerə sərildi. Ceko onun altında qaldı.

Bircə anda nərilti qopdu. Qoca az qaldı torpağı yarıb yerin altına girsin, Ceko mane olurdu. Gips arakəsmə üstünə töküldü, qaldı daş, toz-torpaq altında. Taxta, dəmir, beton qəlpələrinin ardı-arası kəsiləndən sonra belini azca dikəltdi, üstündəki yükü belindən boşaltdı. Bir xeyli sifətini yerdən üzmədi. Qulaqları tutulmuşdu. Toz-torpaqdan nəfəs alınası deyildi. Beynində dəhşət gizilti, uğultu vardı. Ehmalca gözlərini açdı. Əcəl küləyi ötmüşdü.

Tozanağın içindən sığınacağa işıq seli dolurdu. Allah ona tərəddüdlə bir eşq dilimi göndərmişdi. Mərmi sığınacağın çıxışını qapıqarışıq tər-təmiz silib-süpürmüş, vahiməli gurultusu ilə sığınacağa işıq gətirmişdi. Alnından axan təri sildi. Əlinin içinə baxdı. Qıpqırmızı qan idi. O görürdü! Qanın qırmızılığını görürdü! Qapıdan içəri axan işıq selində hər şeyi görürdü. Hətta, taxtın altında qınına girmiş Cekonun tükləri tökülmüş çılpaq, qızarmış dərisini də görürdü. Siçanların qaçışdığı dəliyəcən hər şeyi görürdü...

– Göndərdiyin mərmiyə şükür, ya Rəbb! – növbəti mərmini dinşədi, amma eşiyə qaçmaqdan özünü saxlaya da bilmirdi. Eşikdə onu dünya işığı səsləyirdi, həsrətində olduğu ağaclar, şəhərin tənha insanları gözləyirdi. Burda başına gələn hər şeyi həvəslə danışacağı dostu gözləyirdi. Qapıyadək məsafə indi ona bir kilometr qədər uzaq gəlirdi. Qəddini dikəltdi. Var gücünü toplayıb dabanlarına tüpürdü. Addım atdıqca yıxıldı, alnı, burnu, dirsəkləri, dizi, əlləri daş-qayada əzildi, yaralandı... İməklədi. Qaçaraq iməklədi. Sonra iməkləyə-iməkləyə qaçdı. Bu müddət ərzində başqa mərmi düşmədi. Əgər düşdüsə, eşitmədi – qulaqları kar olmuşdu. Çıxışa yetdikcə işıq tozdan arınır, maqnit kimi onu eşiyə çəkirdi. Ağrı-acı qocanın vecinə deyildi, ağlaya-ağlaya günəşə sarı sürünürdü.

Qaranlığın kölgəsini üstündən atıb qaçmaq istəyəndə bu dəfə mərminin açdığı çuxura yumalandı. Yarğanı cırmaqlaya-cırmaqlaya çaladan çıxdı və üzüstə katakombaya gələn cığıra sərildi. Ürəyi yerindən çıxırdı artıq. İçində zəlzələ boyda təlatüm, titrəmə vardı. Başını qaldıra bilmirdi, qaldırmaq istəmirdi. Çünki çuxurdan çıxanda anidən gözünə bir fəlakət səhnəsi sataşmışdı. Dostugilin evinə mərmi düşmüşdü. Evin çardağı uçmuş, dəmir şiferlər nar çiçəyi kimi paralanıb diklənmişdi. Dünya başına yıxıldı, – “O ölübmüş!”... Dizüstə çökdü. Qamaşan gözlərini qırpmadan günəşə zillədi:

– Günəş, istəmirəm daha səni! – ağız-burnunun mütüyü bir-birinə qarışdı, – Sənin qızılı saçların nə vaxtdandır daranmır!? Mənim kimi qaranlıq həbsdəydin yoxsa? Yox, sən Tanrısan, hər şeyi səbrlə izləyən Tanrı. Gözlərimin içinə dik bax! Mən xilas oldum, amma sən yenə də uduzmuş sayılırsan. Sən mənə azad yaşamağa fürsət vermədin. İnsan olmaq istədim, əvəzində, hər addımda əzabları şərt kimi qabağıma qoydun. İndi də xəncəri kürəyimə sapladın. Mənə gücün çatmadı deyə dostuma qıydın! Onu bir daha görmədən, sevmədən şəninə necə dua oxuyum? Səncə azadlıq nəğməsi oxuyan bülbül olub bağında cəh-cəh vurarammı? Ona dəyməsəydin məni mütləq xilas edərdi. Ona dəyməsəydin səni bağışlayardım. Qoy hamı bilsin və görsün ki, mən sənin laçın balanın ölməyini istəməzdim. Sən kəmfürsət isə mənim balamı məhv elədin, şəhərimi, ailəmi, dincliyimi, həyatımı dağıtdın.

Sən əzab çəkən kasıbların, qan içində inləyən uşaqların halına yanmırsan. Şeytannın dəyyus övladlarının kökünü kəsmək əvəzinə, sən onun yekəqarın anasının birinin yerinə minini doğmasına imkan verirsən. Günahsız insanların məhvinə arxanı çevirirsən! Qaçma! Gözümün içinə dik bax! Bax və orda öz əməllərini gör! Gecə qaranlığında günəş işığı barədə düşünmək kor olmaqdan min yol yaxşı idi. Hara itdin, bu nə qardır yağdırırsan gözlərimə! Qaçma, dur!.. – əhədini üzən ağrıları vecə almadan bütün gücünü toplayıb dostugil tərəfə qaçmaq istədi. Dostunu səsləməyə, əgər uçqun altındadırsa onu xilas etməyə tələsdi. Amma gözlərinin qabağını ağappaq qar örtmüş və bu parlaq pərdədən başqa heç nə görə bilmirdi. Biri ləhləyə-ləhləyə onun yanından ötəndə bildi ki, Cekodur, hələ sağdır.

– Qaç, Ceko, bacardıqca bərk qaç! Dostumuzun yerini tap! Mən də gəlirəm... – ayağı nəyəsə ilişdi, hönkürtüylə yerə sərildi. Uyuşan əlləriylə torpağı cırmaqladı, – Nə istəyirsən məndən?! – ürəyi qəfəsə salınmış bezgin ayı kimi tıncıxır, ciliklənən şüşə səsindən qulaqları zoqquldayır, beynində çaxnaşan vəhşi çığır-bağırdan başı partlayırdı. Nəhəng bir qartal caynaqlarını onun çiyninə keçirib havalanmaq istəyirdi, amma qaldıra bilmirdi, – Rədd ol, çək murdar caynağını məndən!.. – yerdə çabalayır, dayanmadan çiyinlərini döyəcləyirdi...

SON


Baxış sayı - 1 100 | Yüklənmə tarixi: 16.04.2020 09:00
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031