manera.az
manera.az

Bəzi qurbanlar qatilin kim olduğunu bilmir, amma..| MANERA.AZ

Bəzi qurbanlar qatilin kim olduğunu bilmir, amma..| MANERA.AZ
manera.az

"Çarşablı"
(hekayə)


Bəzi qurbanlar qatilin kim olduğunu bilmir, amma hər bir qatil öldürəcəyi şəxsin kimliyini dəqiq bilir...

O, enli, ucu itilənmiş, dəstəyində xaç nişanı olan bıçağı əlinə alıb qonşuluqdakı 37 yaşlı Yeganənin həyətinə gizlincə daxil oldu. Həmin gün axşamın qaragüruh nəfsi yerini gecənin şər qarışan səhərinə təhvil vermək üçün təbiətin üzüyumşaq abu-havası ilə vidalaşırdı.

Qaranlıqda ayın ayparası uçuq-sökük evlərin damından otaqların boyasız divarlarına yarımçıq işıq saçırdı. Daxmaların bərbad halda olan tavanlarından evdəki döşəmələrə şaxıyan ay işığı az da olsa bu evlərdə məskən salan adamların güzəranına aydınlıq gətirirdi.

Yeganə doğulduğu gündən ta bugünədək “İntihar burulğanı” adlı bu küçədə yaşayırdı. Həyətindəki naməlum şəxs də 20 ilə yaxın olardı ki, onun qonşusu idi.

Onun əynindəki qara rəngli çarçab əlbisəsi zülmət qaranlıqda ətrafa vahimə yayırdı. O anda kimsə onu görsə idi, həmin kəsin mütləq yerindəcə dili tutulardı. Qorxudan qaça bilməzdi, əl-ayağı iflic olardı. Ürəyinin titrəyişindən gözləri yaşla dolardı. Ölmək üçün yalvarardı.

Tanınmayan şəxs iş başında olarkən həmişə çarşab geyinərdi. Buna görə də onun ləqəbi “Çarşablı” deyə yaddaşlarda həkk olunmuşdu. Çarşablı qonşunun həyətində olanda saat gecənin dördünü haqlamışdı. Əli bıçaqlı Çarşablını saymasaq bu vaxtda oyaq adam tapmaq çətin olardı.

Yeganənin yaşadığı üstü kürsülü ikimərtəbəli ev, geniş bağı olan həyəti tənhalığın əslini xatırladırdı. Bədbəxtçilik burada məskən salmışdı. Gündüzlər günəşin şüası, axşamlar da ulduzların parıltısı birbaşa bu qadının mənzilini müşahidə eləyirdi.

Qadın hər gün yerin də, göyün də tamaşaçı kimi izlədiyi səhnədə Yeganə obrazını yaradaraq aktrisalıq edirdi. Onun canlandırdığı obraz yer üzü və göy üzü tərəfindən alqışla qarşılanırdı. Yeganə hər dəfə günün sonunda həyətə çıxaraq eynən teatrda olduğu kimi kainatın qarşısında təzim edirdi.Rolunu uğurla canlandırmış incəsənət mənsubları kimi sağ əlini sinəsinə toxunduraraq auditoriya önündə baş əyirdi.

O dəli deyildi, sadəcə taleyi puç olan qadın idi. Yağışın yağmağını, küləyin əsməsini, bitkilərin tumurcuqlanmasını teatrdakı tamaşaçıların sağolu kimi qiymətləndirirdi.

O gecə Yeganə hər zaman olduğu kimi vəzifəsini yerinə yetirib simsiyah rəngli qaranlığın qoynunda yuxuya dalmışdı. Yeddinci aləmin cürbəcür ahəngləri onu yuxusunda rəngarəngliyin müxtəlif möcüzələri ilə əyləndirirdi.

Çarşablı isə bağda iri kötük tapıb üstündə əyləmişdi. Sağ əlindəki bıçağı sol əlindəki nəlbəkiyəbənzər dəmir parçasına sürtərək itiləyirdi. Çarşablı bıçağın kəsici hissəsini itilədikcə canından çıxan nəfəsin yaratdığı buxar da bıçağın itilənməkdən isinən hissəsinə hopurdu. Xırıltılı nəfəs isə birazdan dəhşətli hadisənin baş verəcəyindən xəbər verirdi.

Küməsdəki iri cüssəli it qış və yay fəsillərində həyəti göz bəbəyi kimi qoruyurdu. İt yaz və payız fəsillərində daha da vəhşiyə çevrilirdi. Amma indi onun yaşamaq və sahibinə xidmət etmək üçün heç bir fəsli qalmayıb. Çünki Çarşablı kötükün üzərinə oturmadan əvvəl o itin başını çoxdan kəsərək öldürmüşdü.

Yox, əsla indiyədək onun heyvanlara qarşı heç bir düşmənçiliyi olmayıb. Ancaq geridə də şahid saxlamaq düzgün olmazdı. Dili-ağzı olmayan, həm də ki hissiyatı güclü olan iti öldürməmək, sağ saxlamaq işini təmiz görən birisi üçün ağılsızlıq olardı. O çətin də olsa bunu eləməli idi. Çarşablı itin canına qəsd etdikdən sonra qara əlcəkli əlləri ilə itin cəsədini basdırmaq üçün bağda dərin və darısqal quyu qazırdı.
O itin başını elə kəsmişdi ki, yazığın bədəni küməsin içərisində, kəlləsi də küməsin çöl hissəsində qalmışdı. Çarşablı heyfslənə-heyfslənə öncə kəlləni, daha sonra da gövdəni sürüyərək quyuya atdı. Bayaq quyunu necə qazmışdısa, indi də həmin quyunun üzərinə əlləri ilə torpaq ataraq gördüyü işi ört-basdır etməyə çalışırdı.

Onun bu əməli ilə torpaq yeni bir sirr qazandı, səma yuxulu nəzərləri ilə dəhşətli hadisələrdən birinə şahid olurdu. Yalnız Yeganə bunlardan xəbərsiz halda idi. Onun isə sabaha sağ çıxıb-çıxmayacağına getdikcə ümid tükənirdi.

Əgər Çarşablı bugünlük “Əzrayıl”ın vəzifəsini özü icra etməsə və işini yarımçıq saxlasa, onda o qadın da fələkdən bircə günlük ömür oğurlaya bilərdi. Çarşablı ilk işini bitirib bağın içərisi ilə həyətə doğru asta-asta addımladı. Bıçağı sağ və sol əllərinə biixtiyar ötürərək evin pilləkənləri ilə yuxarıya sarı qalxdı.

O, dəmirdən hazırlanmış nərdivanı xartırladan səkkiz-doqquz pilləli pilləkənləri aram-aram adlayaraq evin ikinci mərtəbəsindəki çəhrayı rəngli qapını səssiz-səmirsiz açmağı fikirləşirdi.

Biraz səs-küy olsa idi, biraz da Yeganə qapının naməlum şəxs tərəfindən və ya özlüyündən hərəkətə gəldiyini eşitsə idi, o zaman Çarşablının planı iflasa uğrayardı.

Onun fikrincə buraya daha təhlükəsiz daxil olmağın başqa yolu olmalıdır. Geri qayıtmalı, yoxsa dayandığı yerdən yoluna davam etləlidir?

Belə anlarda həmişə çox düşünməyə vaxt olmur, hətta ani qərarlar vermək daha məqsədə uyğun sayılır. Bu vaxt Çarşablı sakitcə sol ayağını bir addımlıq geri çəkərək müqavimətini tarazladı. Öncə qapının cəftəsinə gözü sataşdı, deyəsən bu biraz vaxt aparacaq.

Ona görə də mütləq başqa yol fikirləşmək lazım idi. Qaranlığın içindəki uğultular bir anlıq ona boynunu əks tərəfə çevirməyi agah etdi. Bir-neçə dəqiqəlik onun bura nəzəri tuşlandı. Yavaş-yavaş əlindəki bıçağı pəncərənin divarla birgə bərkidilmiş hissəsinə toxundurdu.

O bunu edə-edə özünü bu üsulla buradan keçməyin daha asan olduğuna inandırırdı. İlk cəhdi nəticəsində pəncərəyə vurulmuş iki-üç mismarı yerindən qopara bildi. Daha sonra dörd-beş, ardınca yeddi-səkkiz mismarı qopardı. Şüşələri tək-tək götürərək pəncərənin küncünə yığırdı.

Nəhayət ki pəncərənin möhkəmliyi laxlamışdı. Nə az nə çox düz altı şüşə çıxarılmışdı, pəncərədən. Çarşablı özünəxas cəldliklə pəncərədən mənzilin içərisinə hoppandı. Bu yerdə fənər lazım idi? Olmasa daha yaxşıdır.

Gizlincə əməl törədən insanların da böyük ustalığı məhz qaranlıqda dəqiq hədəfi tapmaq və həmin hədəfi yerindəcə məhv etməkdir. Fənərin işığı ilə hədəfə yaxınlaşmaq prinsipi sadəcə həvəskarların peşəsidir.

Bura qədər Çarşablı çox şeyi hesablamışdı. Bağda 12 ağacın olduğuna, yalnız onlardan birinin də gövdəsindən biraz yuxarıya qədər əhəngə boyandığına, üstəlik həyətdə 3 ədəd rəngli boya qutusunun, 2 tay sementin üst-üstə qoyulduğuna diqqət yetirmişdi.

Bunlar onun nəyinə lazım idi ki. Yox, kim bilir, ya indi, ya da nə vaxtsa mütləq onların işə yararlı tərəfi ola bilərdi.

Bıçaq Çarşablının axırıncı dəfə sağ əlində qalmışdı. O birinci qarşısında üzünə qapalı olan qapını açıb digər otağa daxil oldu. Bu otaq çox geniş idi. Sağ tərəfdə iki, sol tərəfdə isə bir otağın qapısı gözə çarpırdı.

Çarşablı azdan başlamağı özünə məsləhət bildi. Asta addımlarla ora yaxınlaşdı. Əlini qapının cəftəsinə toxundurub sakitcə açmağa başladı.
O niyə burada idi? Niyə bura gəlmişdi? Bayaqdan bunları fikirləşə bilməzdi? Niyə məhz indi bunları fikirləşir? Vaxt itirir, axı. Bu müddətdə o qapını biraz aralamağı bacarmışdı. Beynindəki sualları qəfildən özündə rədd etdi və anidən qapını taybatay açdı.
Otaq çox qaranlıq idi. Bəyquşlar belə bu qaranlıqda beş dəqiqə dayana bilməzdi. Çarşablı əlləri ilə işığı yandırmaq üçün düyməcik axtarırdı.
Nə oldusa o anda oldu. İşıqlı otağın içərisindəki çarpayıda sanki bayaqdan can verirmiş kimi xırıltılı nəfəslə yatmağa çalışan o qadın Çarşablının qonşusu Yeganə idi.

Deyəsən, o yuxusunda dəhşətli nəsə görürdü. İşığın yanması belə onu oyatmamışdı, indiyədək. Yeganə yatağın içərisində zıqqıldayırdı.

Tənginəfəslik onu rahat yatmağa qoymurdu. Gözlərini aça bilmirdi, buna zorla cəhd etsə də heç nə alınmırdı. Arada dərindən nəfəs alırdı, sonra da köksünün dərinliklərindən qopan zarıltılar otaqdakı sükutu pozurdu. İlahi, bu nə işdir belə?

- Su! - deyə, Yeganə ilk kəlməsini söylədi. O, susuzluqdan qurumuş dodaqlarını dili ilə güclə yalayaraq islatdı və bir daha eyni kəlməni təkrarladı.
Çarşablı bu mənzərini görüb bir anlıq geri dönməyi fikrindən keçirdi. Lakin Yeganənin su istəməsində göstərdiyi inadçılıq onu həmin anda fikrindən daşındırdı.

Yeganə halsız tərzdə şəhadət barmağı ilə pəncərənin yaxınlığında olan stolun üzərinə qoyulmuş içi su ilə dolu stəkana işarə elədi.
Çarşab əlbisəli adam çaşbaş qalmışdı. Bilmirdi ki, ona su versin, yoxsa sadəcə heç nə olmamış kimi geri qayıtsın. Axı o qadın özünə qayıdandan sonra ən azından ondan onun kim olduğunu soruşacaqdı. Xeyr, o bunu eləməməlidir. Yaxşısı budur ki, geri qayıtmalı, arxasına baxmadan buradan qaçmalıdır.

Yalvarışları dinləməyərək qadına su verməyən Çarşablı əvvəlki yerə qayıtdı, pəncərənin yanına. Doldurma tütünü cibindən çıxarıb çəkməyə başladı. Dərindən bir-iki qullab alıb düşüncələrə daldı. Belə bir məqamda özünə verdiyi suallara cavab axtarırdı. Yeganə isə otağında zarıyırdı.

O, tütünü çəkib qurtarandan sonra geri, həmin otağa qayıtdı. Kim idi, o qadın? Hansı ki tanınmayan şəxs də ona bir stəkan su verəcəkdi.
Nəhayət ki, Çarşablı yataqdakı qadına su verməyi qərara aldı. Ancaq o köhnə suyu ona vermək istəmədi və stəkandakı suyu təzələdi. Sonra isə naməlum şəxs əlindəki əlcəyi çıxararaq şəhadət və orta barmağını qoşalaşdırıb qadının hərarətini yoxladı.

Yeganənin hərarəti o qədər də yüksək deyildi. Amma o tanımadığı şəxsin barmaqlarını gözlənilmədən əlləri ilə özünə tərəf çəkib ovuclarının içinə aldı. Onu yanında oturmağa məcbur elədi. Yeganə arıq qadın deyildi, sadəcə sinəsindəki bir-iki iri sümük nahiyəsi üzə çıxmışdı. Əynindəki gecəlikdən də bunu açıqca görmək mümkün idi.

Saat neçə idi, artıq unudulmuşdu. Gecə idi yoxsa gündüz? Yada düşmürdü. Halsız qadın ovuclarındakı əli buraxmaq istəmədi, əksinə o əvvəl həmin əli dərindən nəfəs alaraq qoxlamağa, sonra da öpməyə başladı.

Bütün çarpayılar kişilərə qadınları yaxından tanımaq şansı verir. Qadınlara isə çarpayılar heç nə vəd etmir. Onlara yalnız sonsuzadək ümidsiz yaşamağı və sönük həyat tərzi keçirməyi tövsiyyə edir.

Yeganə təkcə Çarşablının əlini öpməklə qane olmadı. Habelə o naməlum şəxsin qolundan tutaraq var gücü ilə yanına çəkdi. Onun qulağına asta səslə qırıq-qırıq sözlər deyirdi. Çarşablı isə sadəcə bunların sonuncusunu aydın şəkildə eşidə bildi.

Gəl, yanıma gəl. Məni yatağımda tək qoyma, deyə Yeganə bir neçə dəfə udqundu. Çarşablı təəccüblü baxışlarla gözlərini ona zilləmişdi. Yeganə isə yanında əyləşən adamı yola gətirmək üçün çarpayıda küncə qısıldı. Üzərindəki nazik yorğanı halsız canı ilə hamarladı və o, yorğanın bir künsünü yuxarı qaldırıb tanımadığı adamı yatağına dəvət elədi.

Üşüyürəm, bədənimin hər bir əzasını titrətmə tutub, yalvarıram, yanıma gəl, deyə Yeganə sanki ağlamaq istəyirdi. Çünki köksündəki hıçqırıq onun danışıq tonunda biruzə verirdi. Məgər tənhalıq insanı bu qədərmi çərasizliyə məhkum edir? Əlacsızlıq, özünə qapanmaq, xoşbəxt olmaq naminə çıxış yolu tapmamaq sevginin, sevməyin həqiqətənmi düşmənidir?

İndi hansı fəsildir? Yeganə, Çarşablı və o başı kəsilmiş it hansı fəsildə yaşayırdılar. Neçənci il idi? Günlərdən hansı gün idi? Bunların nə önəmi var ki.
Çarşablı yataqdakı qadının təklifini davranışları ilə inkar eləyirdi. Ürəyində “Yox, olmaz. Mən bunu edə bilmərəm.”, deyə bu cümlələri təkrarlayırdı.

Yeganə gözlənilmədən Çarşablının boynunu qucaqladı. Qolları ilə onun boynunu var gücü ilə sıxaraq qoxusunu ciyərlərinə çəkdi. O, çarşabı qoxlaya-qoxlaya əlbisənin yaxalıq hissəsini dodaqları ilə yaxalamışdı. Onlar bir neçə dəqiqəlik belə vəziyyətdə qaldılar. Artıq damdakı hamilə pişiyin də sancıları dinmişdi, tavandan da səs-səmir gəlmirdi. Yəqin ki, pişik balasını dünyaya gətirmişdi.

Çarpayı otaqdakı divarın yaxınlığında olduğu üçün həmin vaxt Çarşablı bir əlini divara dayamış, o biri əlini də çarpayının baş ucundakı asılqandan tutmuşdu.

Bu anda nəsə etmək mümkünsüz görünürdü. Təkcə Yeganənin Çarşablını qucaqlaması işə yaramazdı. Gərək ki, Çarşablı da buna qarşılıq verməli idi. Ya o qadını bərk-bərk bağrına basmalı, ya da ona ilk öpüşü hədiyyə etməli idi. O belə də etdi.
Biri əlini divardan, o biri əlini də asılqandan çəkərək hər iki əlini onu qucaqlayan qadının kürəyinə toxundurdu. Romantika aləminin nəğməkarları üçün arzuların, istəklərin, xoş anların ilk gecəsi artıq doğulmuşdu.

Çarpayı ehtiras dolu məşğuliyyətlərlə yırğalanırdı. Yataqda anbaan hər iki candan çıxan intim səslər şəhvət ritmi şəklində otağı bürümüşdü. Bu səslər qarşı divardan asılmış yaşlı qadın tablosunun döşəmənin üzərinə düşməsi ilə sona çatdı. Çilik-çilik olmuş ümidlər əvvəldən orta hissədən möhkəm çatlamışdı.

Onsuzda onların sevişmə anı ölənədək baş tutası iş deyildi, ancaq bəlkə də bu sevişmə ölümədək davam edə bilərdi. Sadəcə ikisindən birisinin ölümünədək.

O sevişmə ki hər ikisi də yataqda deyəsən biri-birilərini qane edirdi, hətta onlar yorğanın altında dərindən nəfəs alırdılar.
Bu dəlilik deyil, ağıllıların törədəcəyi əməl də deyil. Hələ sevgi heç deyil. Dəlicəsinə sevmək belə ağlabatan məntiq sayılmır. Bəs, indi baş verənlərə nə ad vermək olar? Heç nə.

Onlar yataqda biri-birilərini oxşayırdılar. Çarşablı Yeganənin balınca səpələnmiş saçına sığal çəkirdi, Yeganə isə onun bədənini uzun dırnaqlı barmaqları ilə cırmaqlayırdı.

Bir gecənin ərzində yaşanan eşq macərasının sonda ayrılığı da olmalıdır. Bu ayrılıq istər faciəli olsun, istərsə də can acıdan. Amma mütləq hər şeyin bir sonu var.

Çarşablı biraz yuxuladı, lakin o yuxudan oyananda artıq saat gecənin altısını keçmişdi. Yeganə isə başını Çarşablının sinəsinə dayamış halda mışıl-mışıl yatırdı. Onun sinəsini özünə yastıq etmişdi.

Gecənin bu saatında Çarşablının ağlından keçən bircə fikir öz təsdiqini tapa bilmirdi. O bu qadını öldürməli yoxsa buradan heç nə olmamış kimi çıxıb getməli və o da öz həyatını qaldığı yerdən davam etdirməli idi? Belə işlərdə tam əmin olmaq vacibdir.

Pərdənin kənarından səhərin gecəni əvəzlədiyi getdikcə məlum olurdu. Çarşablı əznik halda yataqdan ayağa qalxdı. Biraz yuxulu olsa da, əl-üzünü yumaq üçün mətbəxə sarı getdi. Orada bıçağını da yudu. O mətbəxlə üzbəüz hamam otağına qurşaqdan aşağı hissələrini yumaq üçün keçərkən hələ də Yeganə yatmışdı.

Bıçaqda qan izi qalırsa, onda o bıçaq insan nəzərində dünyanın ən iyrənc əşyasına ya da ki alətinə çevrilir. Çarşablı bıçağı tam yuyub hamamın qapısından da asılan qətifə ilə bərk-bərk silməyə başladı. Ağzından çıxardığı buxarla da bıçağı bütöv sildiyinə əmin oldu.
Qətl və ya cinayət törətmək necə də asan işdir, ilahi. O anda insan heç nəyin fərqində olmur, sadəcə kimisə öldürmək istəyir. Və yaxud da öldürdüyü şəxsin axan qanına canlı şahid olmaq istəyir.

Yeganə gözlərini tavana doğru qəfildən açıb zillədiyi anda Çarşablı da bıçağı onun qarnına sancmışdı. Bıçaq onun qarnında xırçıldayırdı. Çarşablı gah var qüvvəsi ilə bıçağı dibə qədər onun qarnına batırmaq niyyəti güdürdü, gah da əlindəki aləti hər iki əli ilə bururdu. Təki tez ölsün deyə.

O ölümlə bəlkə də insanların çoxunu bu dünyadan xilas edirdi, bəlkə də o əqli cəhətdən xəstə birisi idi. Hənüz Yeganə ölməmişdi, sağ idi, güclə də olsa, nəfəsi gedib-gəlirdi. Eynən əcəli çatmış insanların can verən vəziyyəti kimi. Döşəmə eləcə insan qanından korluq çəkmirdi. Çarpayı, çarpayının yanındakı divar bugünlük qanla əylənir, qan rəngi ilə bəzənərək vahiməli zülmətlərin hazırladıqları karnavallarda rəqs edirdilər, inandırıcı olmasa da.

Çarşablı amansızcasına bıçağı Yeganənin gövdəsindən çıxardı. Tükü ürpənmədən, qanı durulmadan qanlı bıçağı ətəyi ilə təmizlədi. Daha sonra Yeganənin cəsədini tutaraq həyətə düşürtdü. Əlləri ilə cəsədi sürüyərək kəndir axtarmağa başladı. O, beş-on dəqiqəlik vaxt itkisindən sonra küməsin yanında bilək yoğunluğunda qalın kəndir tapdı.

Kəndirin bir ucunu Yeganənin boğazına, o biri ucunu da çardağın uc hissəsinə keçirdi. Yavaş-yavaş kəndiri özünə tərəf çəkdikcə cəsəd də yuxarıya sarı dikəldi. Yeganə artıq sayılı nəfəsini içiboş havaya ərmağan edirdi. Çarşablı isə səmaya doğru baxaraq içindən dərin nəfəs aldı. Çünki onun bugünkü iki qəddar əməli də gerçək olmuşdu.

Səhər açılacaqdı, heç kim heç nə bilməyəcəkdi. Axı hansı tənha insanın, ələxsus da tək yaşayan bir qadının ölümü səhəri gün üzə çıxır ki. Əlbəttə, heç kimin.

Yersiz olar, kimsə düşünə ki Çarşablı niyə bu əməlləri törədirdi, bunları edirdi. Hər-halda o bu dünyada əzrayılın ən böyük düşməni sayılırdı. Ona görə ki Çarşablı əzrayılın işinə qarışırdı.Onun işini icra edirdi. O biri dünyada isə çarşab əlbisəli adam əzrayılın işini asanlaşdıran əvəzedilməz cəngavərlərdən idi. O axirətin elçisi idi, bəlkə də.

Manera.az
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2019    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031