manera.az
manera.az

Sığınacaq - Povest

📅 11.04.2020 16:41

Sığınacaq - Povest
Manera.az Rəşid Bərgüşadlının "Sığınacaq" povestinin davamını (III hissə) təqdim edir:

II hissə burada

– Allah!!! – elə bil qaranlığın qəzəbi tutdu, arxadan ona badalaq gəldi. Armatur əlində dalıqatda yerə səriləndə kürəyi pilləkənin küncünə dəydi. Tərpənə bilmədi, qaranlıq əl-qolunu sıxdı, bələk kimi qocanı bürədi. Çabalamaq istədi, ayağıyla şamı aşırıb söndürdü. Güc-bəla alt pillədə oturdu. Kürəyi zoqquldayırdı. – Öldüm, ay Allah! – burda ölməkdən yaman qorxurdu. Əli də çatmırdı ağrıyan yerə. Ehmalca kürəyini üst pilləyə söykədi.

Özünə gələnədək zarıya-zarıya süst qaldı. Heyvanlar yanında yox idi, yoxsa lap xəcalət çəkərdi. Arakəsmənin o üzündən sızan şam işığına divardan tuta-tuta qayıdıb keçdi taxtına. Bədəni soyuq suyun içindəydi. “Görəsən axır vaxtlar niyə bəxtim gətirmir mənim? Axı tale üzümə nə vaxt güləcək, niyə həmişə bəla dalınca bəla gəlməlidir? Bəxtim niyə daşa ilişib? Allahın işi-gücü qurtarıb, təkcə mənim dalımca düşüb yoxsa? Bircə tez qurtulsaydıq bu cəhənnəmdən”... – ayaqyoluna tələsdi.

Canını soyuq kəsirdi. “Deyəsən yenə gün batıb... Yəqin ki, indi günəş qüruba enib, buludların ətəkləri zambaq kimi qızarıb”... Şalvarının düymələrini bağlaya-bağlaya mühafizə vasitələri saxlanan anbara keçdi. Kimyəvi silahdan qoruyan rezin geyimlərdən birini götürüb əyninə keçirdi. Əleyhiqaz torbalarından birini isə boynuna dolayıb taxtına uzandı. Yerində büzüşdü, – “Bir halda ki, taleyin öz əlində deyil, ən azından sabah ölmək bu gün ölməkdən yaxşıdır. Qoy ən pis sürprizlər səndən qabaqda olsun, dərdlər isə sənə indidən dərd olmasın, qoca. Onsuz da qədərini dəyişmək iqtidarında deyilsən. Hər yaşanan gün ölümə hazırlaşmaq üçündürsə, onda gələcəyini öyrənmək, onu dəyişmək istəyən insan axmaqdır. Sən indini dəyərləndir, sabahı Allaha burax.

O, hər şeyin qeydinə qalar, çünki bu, onun vəzifəsidir”... Tir-tir əsirdi. “Axı buraya hava dolmur, niyə soyuq oldu birdən-birə?”. Dərhal da anladı ki, bu saat onu vərdişləri idarə edir, – “Hə, gecə düşüb və həmişəki isti yorğanın altına girmək vaxtıdır”... Taxta böyrünü əzsə də, özünü inandırmaq istəyirdi ki, guya yeri çox rahatdır. “Hələlik nə mən qaranlığa bir şey edə bilirəm, nə də qaranlıq mənə. Amma sabah burdan çıxmağın bir yolunu tapmalıyam, yoxsa burda bağrım çatlar”... Pişik onun sinəsi üstündə uzandı. Yorğun əllərilə heyvanın belini sığalladı, – Oğlan bizi unutsa, bax əsl həngamə onda qopacaq!..

Qorxmayın, sizi burda çürüməyə qoymaram! – amma səsinin gücünə nə özü güvəndi, nə Ceko, nə də pişik. “Ən yaxşısı xəyallar qurmaq, öz-özünlə dərdləşməkdir. Yaxşı ki bu cür yaşamağa vərdiş etmişəm” – zaman xətalarını nizamlamaq üçün bacardıqca yuxunu ləngitməyə, amma reflekslərə tabe olmağa qərar verdi. Kürəyinin küt ağrısını taxt əzirdi. “Axşam düşdüyünü yuxum gələndə biləcəyəm. Uzaqbaşı, sabah gün çıxana kimi bizi mütləq xilas edərlər”. – Yerin üstü indi cənnətdir. Çoxdandır sevinmirəm, məstan. Xilas olsaydıq doyunca sevinərdik...

3

Gözlərini açanda kürəyi hələ də zoqquldayırdı. Yuxu yatmamışdı – uzağı bir saat kiprikləri yorğunluqdan qapanmışdı. “Deyək ki, səhərdir” – çişəyə gedəndə əhənglənmiş divarda bıçaqla bir cızıq çəkdi, – “Bu birinci gün – şərin əsirliyində keçirdiyim bir qaranlıq il...”. İştahı yox idi yeməyə. Amma, – “Təbim çəkdi, ya çəkmədi, gərək hər səhər bir az yeyim. Gücümü qorumalıyam. Daha əlimi-qolumu sallayıb Allahdan nicat gözləyə bilmərəm. Bu gündən dişimlə də olsa bir dəlik açıb burdan çıxmalıyam” – bir qab yemək götürüb yarısını özü yedi, yarısını da pişiyin qabağına əndərdi. Sığınacağın havası xeyli ağırlaşmışdı. Təzə şam götürüb yandırdı. Pişik yenə həminki yeri cırmaqlayırdı. Cekonun yemək payını verəndə it hələ taxtın altından çıxmamışdı, “küsülü” idi və qocadan şad xəbər gözləyirdi. Qoca eşiyi dinşədi. Sığınacaqda yurd salmış ölümün nəfəsindən başqa heç nə eşidilmirdi.

– Yəqin ki, dostum köməyə adam tapa bilməyib və təkcanına bizə doğru uçqunu qaza-qaza gəlir – armaturun kökündən yapışdı, – “İndi sığınacaqdakı bütün avadanlıqlardan daha dəyərli bir silahım var – armatur!”. Alışqanın fənərini yandırıb qapını, onun çərçivəsini diqqətlə gözdən keçirdi. Ceko yanını kəsdirmişdi qocanın. “İşığı unutmaq istəmir, zavallı. Qaranlıqdan çox qorxur... Qapını dəlib keçməkdən başın salamat, qoca. Çıxışın yan tağları hörgü daşındandır. Çətini bunun birini yerindən çıxarmaqdır, qalanları pilə kimi söküləcək. Tağı sökəndən sonra çərçivə qapıqarışıq havada qalacaq. Sonra qapı çərçivəsini içəriyə doğru aşırmaq su içimi kimi asan olacaq. Bundan sonra isə girişi bağlayan zir-zibili eşib beton panellərin böyür-başından sivişib çıxmaq qalır. Ta nə qaldı, artıq azadlıqdayıq!” – kefi kökəldi. Cekoya baxdı, – Hə, Ceko, planım ağlına batır? Ən çətini ilk hörgü daşını tağdan söküb çıxarmaqdır. Başlayaqmı?..

Bu gün həyatdan zövq almaq günüdür! Bu gördüyün armaturla Allahın qoyduğu bütün qadağaları alt-üst edəcəyik. Gözün yeyir? Bunu bacarsaq, həyatımızın ən yaddaqalan şücaətini göstərmiş olacağıq, Allahın gözünün odunu alacağıq. Nə deyirsiniz, dostlar, mənə uğur arzulayırsınızmı?.. – şamı həmişəki yerinə qoydu, boyu hündürlüyündə iki daşın arasındakı badkeşə (Hörgü tikişlərinin suvağı) ilk cızığı atdı, – Ya Allah, sən sən ol, mən də mən! – armaturun iti ağzıyla suvağı dayanmadan bir xətt boyunca sürtdü.

Cızıq dərinləşdikcə daha həvəslə sıxırdı dəmiri, – “Çətini dəmirin ucunu sala biləcəyim yarığı açmaqdır. Ling kimi ucunu sala bilsəm, daşı qanırıb tərpədəcəyəm. Armatur yoğundur, əyilməz. Düzdür, bu hesabla səbrim-taqətim yağır olacaq, amma eybi yoxdur, daşı sökməliyəm. İstədiyim qədər səbrim var”... – Ağır çəkic, lingin nə yeridi... Bu işi yarım saata görərdim... Möhkəm ol, qoca, bircə tez “yoruldum” demə. Sənin axmaq xasiyyətlərin var, birdən bezib buraxarsan ha bu işin qulpunu! Nuhun gəmisini xilas etmək indi sənin əlindədir... – şövqlə suvağı cızmağındaydı...

Ağrıyan barmaqlarını tez-tez dəyişirdi. Armaturu badkeşin küncünə dayayıb daha iri qəlpə qoparmaq istərkən əli boşa çıxdı və divar şəhadət barmağının dərisini sıyırdı. “Lənət sənə, kor şeytan! Ehtiyatlı ol, qoca, bu hövsələsizliyin səni yarıyolda qoya bilər!” – əleyhiqazın kəmərini dəmirin başına doladı. İkiəlli güc verdi. – Hələ tezdir... – barmağını şam işığına tutdu. Azca qanamışdı. Əlini yudu, dincini almaq üçün oturdu. Barmaqlarının ucu, əlinin içi keyimişdi. – Divar, onu bil ki, nə qədər canımda can var, səndən əl çəkən deyiləm. Belə görürəm ki, sən də dözümlü daşdansan, – kürəyini taxtın başına söykədi, – “Madam ki, bəxtimiz daşa tuş gəlib, mən də bacardığım yerəcən dözməliyəm” – qoca yarasını yaladı. “İnanmıram ki, üzdə olan suvağı qoparmaqla bu daşı yerindən tərpədə biləm... Dəmiri daşın arasına sala bilsəm, bax onda laxladıb çıxararam. Oturmaq vaxtı deyil, qoca, daş səni gözləyir!” – qalxıb bu dəfə kəməri sağ əlinə doladı.

– Kaş qulaq dostum yanımda olaydı... Heç nə vecimə olmazdı! – öz-özünə danışdıqca həvəsə gəlirdi, – Amma oğlan burada yoxdur, heç olmayacaq da. Yaxşısı budur, özünə güvən. Nə qədər ki, biləyində gücün var, işə cani-dildən giriş. Cəmi bircə daş çıxara bilsən işığı görə biləcəksən. O işıq özü sənə kömək edəcək. Tələs! İndi yəqin ki, oğlan naəlac qalıb divarın o üzündə, zar-zar ağlayır... Havaçəkən yer olduğundan qapı çərçivəsinin suvağı dəmir kimi idi, çox çətin ovulurdu. Dostlarının yemək zamanı gələnədək dayanmadan suvağı eşdi. Özü də acanda itin, pişiyin yeməyini verib işinə davam elədi.

– Kömək ol, İlahi, məcbur elə ki, daş məndən tez təslim olsun! Dəmiri salmağa yer olsa, öhdəsindən gələcəyəm. “Bəlkə suvağı suyla isladım?..”. İslatdı. Yuxusu gələndə hələ yorulmamışdı. Amma “zamanın nizamlanması” başından çıxmırdı. Yarım qab konserv yeyib taxta uzandı.

“Bacaracağam, bir şey qalmayıb. Amma hələ sevinmək tezdir, çox tezdir...” – əllərini başının dalında cütləyib gözlərini yumdu. Pişik elə bil onu gözləyirdi, taxta atdanıb qucağına girdi. Sanki əlindən bir iş gəlmədiyi üçün qocaya miyoldayaraq üzrxahlıq edirdi. O isə keçən ömrün nə qədər uzun olduğunu qüssə içində düşünürdü, – “İlləri, günləri hesablamaq nə kədərli şey imiş... Oğulsan, illəri yaşadığın əzablarla say. Cavan olsaydım nə il vecimə olardı, nə də ay, gün”... Pişik xumarlı gözləriylə onu süzürdü, sanki, – “Çox yorulmusan, bizi burdan təkcanına çıxara biləcəksənmi?” – pıçıldayırdı. Pişiyin başını sığalladı:

– Arxayın ol, məstan, mən o divarı sökəcəm! Amma sevinmək hələ tezdir. Uğur səndən qaçmasın deyə tez sevinmək olmaz. Sevinc vəfasız şeydir, dostum. Onunla xeyli yol gedirsən, birdən dizlərini yerə atıb səni yarıyolda qoyur. Vaxtından əvvəl sevinsən təkrar zəhmətə qatlaşmaq həvəsin tamam ölər. Əsl bəlalar sevincə, xoşbəxtliyə əlin çatandan sonra başlar. Qorxma, burdan azad olmağın sevincini birlikdə yaşayacağıq, inan, güvən bu huşsuz qocaya... Yetər ki, vaxtından əvvəl şadlanmağa tələsməyin, yoxsa məni yorub əldən salarsınız... Pişik sığaldan xumarlanırdı, o isə qaranlığın sükutunda Allahın nəzərlərini tutmağa çalışırdı. – Ya Rəbb, hamısını edən sənsən! Zorla oturtmusan bizi avarsız qayığa, küləyin hara aparsa, qayığın da ora üzür... – Ceko da tənhalıqdan darıxıb gəlib taxtın yanında sərildi. – Ceko, sən “Qoca və dəniz” nağılını bilirsənmi?.. – itin qəmgin, ümidsiz gözlərinə baxıb köks ötürdü. – Hardan biləsən, a bədbəxt... Qulaq as... Bir qəsəbədə mənim kimi öz-özüylə danışmağı sevən qoca balıqçı varmış.., – “Deyəsən bütün tənha qocalar özüylə danışırlar”... – Elə mən yaşda olarmış, amma mənə baxanda daha diribaş qocaymış. Bu mahir və yaşlı balıqçısı günlərlə ovdan əliboş qayıtmaqdan bezir.

Allaha yalvarmaqdan təngə gəlir. Onun acığına bu dəfə qayıqla dənizin ən dərin yerinə üzür. İndi o balıq yox, Tanrının özünü ovlamağa çıxır. Balıqçının cürəti Allahın xoşuna gəlir və dənizin ən iri balığını onun qarmağına keçirir. Yaşlı balıqçı ovunu görəndə sevinir. Başa düşürsən niyə sevinir, Ceko? Çünki arzusuna çatıb. İndi qəsəbədə hər kəsə sübut edəcək ki, o, yaşlansa da, hələ bu dənizin ən iri balığını ram edəcək gücdədir. O, car çəkib hamıya anladacaq ki, Allahdan yalvarıb istəmək yox, istədiyini ondan zorla qoparmaq lazımdır. Allah onun niyyətini anlayır və balıqçının əzabları bundan sonra başlayır... Bilirsən nolur? Hardan biləsən ki, bütün əzablar arzuya çatandan sonra başlayır, zavallı it! – Ceko başını ayaqlarının arasına dürtüb yatmaq istəyirdi. Amma qoca əmin idi ki, Allah dinləyir onu. – Allah köpəkbalıqlarını göndərir ovun üstünə. Yırtıcılar qocanın balığını paramparça edir. Axırda qoca yenə əliboş, güc-bəla canını sahilə salamat çıxarır... Bax indi Tanrı bizi mərmi qurbanı olmaqdan qurtarıb, arzumuza çatdırıb. Bundan gözəl xilas ola bilərdimi? Yox. Amma əzabımıza bax bir! Sıxıcı arzumuzdan yaxa qurtarmaq üçün çabalayırıq.

Mərmilərin altına qayıtmaq və günəşi görməkdən örtü iynəylə gor qazırıq... Nə deyirsən, Allah? – arxa otağa qanrıldı, – düz başa düşürəm səni? Bəs sən özün nə gəzirsən burda? Sən də qorxursan bombalanmaqdan? Bizimlə birlikdə sən də gizlənmisən bu katakombada? Budur sənin bizi gizlətmək istədiyin ən etibarlı yer? – qulağını təkrar şəklədi ki, görsün nəfəsi yenə gəlirmi Allahın. – Niyə dillənmirsən, dilini pişik yeyib?! Niyə bu qədər hörmətsiz görürsən məni? Bəlkə bu vur-çatlasında məni bu dilsiz-ağızsız heyvanların yanında üzüqara, başıaşağı eləmək qərarına gəlmisən? Səndən nə məzə desən çıxar! Təki sənin ruhun şad olsun... Dur bir, birdən kürəyini mərmilərə sipər edib bizi qorumuş olarsan, xəbərimiz olmaz!.. Hə, məstan? Allah baba bəlkə bizim üstümüzü sinəsiylə örtüb ki, mərmilər bizi tapmasın? Yox, inanmıram... Biz bu dəyərin sahibi deyilik onun gözündə.

Sizi deyə bilmərəm, amma insan övladı bu nəvazişə, qayğıya dəyməz. Yəqin elə məni də salıb sizinlə bir it damına ki, sizə qulluq edim... Hə, başqa cür ola bilməz... Allah, bilirsənmi, səndən nicat gözləyən insanların hər naləsi bir lənətdir! Lənəti şeytana gedir, hikməti sənə... Allahmış! Sən bir bunun sığınacağına bax!.. – özünü qızışdırırdı. – Ey, Allah, burdasan? Eşidirsən məni? – yerində oturdu, – Yaratdığın itin, pişiyin, adamın qeydinə qalmaq sənin borcun deyilmi? Borcundur! Bizi niyə yaratmışdın və niyə buralarda həbs eləmisən? Anlat, biz də bilək!.. Niyə gözə görünmürsən? O qədər qorxunc və eybəcərsən? Utanma, bizi daha heç nəylə qorxuda bilməzsən. Buradasansa, çıx ortaya. Ceko səni qapmaz, mən burdayam, səni qoruyaram itdən. Qüdrətini gördük, çıx niyyətini də anlat!.. Ya da etiraf elə ki, bizim heç birimizi sən yaratmamısan. Ya da heç yerli-dibli yoxsan...

Həyatımı zəhər elədin, qorxmuram səndən. Bizi özbaşımıza buraxmısan, heç qeydimizə də qalmırsan. O başda isə hesab soracaqsan sadəcə. Dillənmirsən... Heç dillənmə! Onda mən də sabah sənə kimliyimi göstərərəm. Yaratdığın bu canlıları sənin əsarətindən xilas edim, onda görərsən nələrə qadir olduğumu! Sənin arzuladığın bəndə olmaqdan bezdim artıq! Daha sənin köməyinə möhtac deyiləm! – Ceko başını qaldırıb onun ağzına baxdı. İndi qocanın gücünə, burdan xilas olacaqlarına inanırdı, – “Sən güclü olmalısan ki, özünü sübut edəsən. İnsan olaraq mübarizə aparmağa məcbursan və bununla təbiətin üzərində mütləq hakimsən” – qoca da bunu oxuyurdu itin parıldayan gözlərindən. – Gəl, gəl yanıma, məstan. Gəl Yaradanın mehriban bəndələri kimi birlikdə yaşamağı öyrənək.

İndi ona qısılan pişiyin qoxusu da anlamlı idi. Ondan çölün qoxusu gəlirdi. – Doyunca sevişə də bilmədin, yazıq dostum... – onu sinəsinə sıxdı. – Qocalanda tək qalmaq çox pis şeydir. Yaxşı ki, sən yanımdasan... Amma mən oğlumun qayınatasıgilə getməməkdə düz elədim. Hərə gərək öz gününə ağlasın... Çox qəribə məxluqdur insan... Heç kim bilmir ki, sabah başına nələr gələcək. İnsan əvvəlcədən əcəlini bilsəydi nə dünyaya gələrdi, nə də hansısa işin qulpundan yapışardı. – özünü inandırmağa çalışdı ki, indi yorğun düşmüş dostu da kölgədə uzanıb onu düşünür.

“Adam utanır bunların gözünə baxanda”, – o istəyirdi ki, daşdan-divardan, Allahdan, ölüm qaranlığından, itdən-pişikdən adi bir cavab işarəsi duysun. Bu işarələri özü düzüb-qoşardı, yozmasını bacarardı. Yoxsa, hər şeyin susmağı onun öz-özüylə danışmasının əhəmiyyətini heçə endirirdi. Bircə pişikdə az da olsa qanacaq vardı...

– Allah özü bilən məsləhətdir. Taleyimizi yazan, sonumuzu görən tək odur. Yazdığını yazıb, pozmaq iqtidarı bizdə deyil. Belə yazıbsa, demək, biz biçarələr müharibə deyilən zillətin acısını yaşamalıyıq. Günahlarımızın bədəlidir, yoxsa qurbanlarıq – bunu bircə Yaradan bilir. Amma başqalarının, həm də buralardan çox-çox uzaqlarda yaşayan yadların qurbanı olmaq dəhşətdir. Həyat dərslərindən kafi qiymət almayan, düşünmək əziyyətinə qatlaşmayan rəhmsizlərin qurbanı... Bunlar çoxaldıqca bəşərin nəsibi çöllərdə susuz qalmaqdır. Allah niyə götürür bu haqsızlığı görəsən? Başqasının qədər-qismətinə burun soxmaq Allahın ruhunu incitməkdir axı. Onlar nə özlərini, nə də başqalarını ağ günə çıxara bilərlər. Allahı gözdən salırlar bunlar. Tanrı belələrinin cəzasını vaxtında versin! – ayaqyoluna getmək istədi, amma utandı heyvanlardan ki, deyəcəklər, bu qocanın böyrəkləri də düz-əməlli işləmirmiş...

4

Ucsuz-bucaqsız səhrada səmti itirib sərgərdan qalmışdı qoca. Göydən od yağırdı. Dodaqları susuzluqdan cadarlamış, istidən boynu, peysəri suluqlamışdı. “Sən deyən dindar adam deyiləm, amma günəşin bu adam dağlayan oxlarından canımı qurtara bilsəm, bir ilimi sənə sərasər dua etməklə keçirəcəyəm” – bunu udlağında çək-çevir edən zaman birdən qənşərində bir qırğı peyda oldu və başladı eyni nöqtədə durub qanad çalmağa. “Yerdə şikarını manşırlayıb” – əlini qaşının üstünə qoyub quşu izlədi. Qırğı qanad çalmaqdan yoruldu, bir dəfə dövrə vurub yenidən həmənki yerə döndü. – Yem görüb, yoxsa boş-boşuna bu qədər qanad çalmaz, – qoca ətrafa boylandı, qumluqda nöqtə boyda qaraltı da yox idi.

Quş azca yuxarı atıldı, sonra qanadlarını yanlarında büzdü və qəfildən aşağı şığıdı. Dimdiyi səhranın qızmar qumuna toxunan kimi arxasınca su şırnağı havaya sıçradı, kəllə vurduğu yerdə su köpüklənib ləpələndi. Qoca gözlərini ovdu. “Səhranın ortasında bu dərya hardan çıxdı belə?!” – heç on addım atmadı, iri bir qutan ağzında iri balıqla suyun üzünə çıxdı. “Qırğı dönüb qutan oldu yoxsa?!”. Hə, qutan idi! İri sazanı dimdiyində tarazlayıb havaya tulladı və göydə qapıb hulğumuna atdı. Qoca qaçaraq özünü gölə çatdırdı, üzüquyulu sərilib dodaqlarını suya dayadı. İlk qurtum udlağından keçər-keçməz dik atılıb ağzındakını sahilə tüpürdü. Qızmar qumda tüpürcəyindən buğ qalxdı. “Bu necə duzlu sudur, burda balıqmı yaşayar!?” – dodaqlarının acısını biləyilə sildi. Qutan uzun qanadlarını yelləyib havalandı. Qoca quşun arxasınca maddım-maddım baxırdı. “Səhra dəniz oldu, qırğı da qutan... Qum damlanın, səhra isə dənizin yaddaşıdır yoxsa!? Zaman hər şeyi bu tezlikdə dəyişməyə qadir olarmı görəsən?”.

Qoca gölün üzünü qızardan qırmızımtıl plankton qatını aydın gördü. Onlar gün işığında əlvan şəfəqlər saçırdı: – “Plankton varsa, mütləq balıq da olmalıdır, hələ, desən, balina da!”. Ləpələrin sahilə vurduğu həlməşik meduzalar ayağının altında fırçıldayırdı, – Ay səni, murdar ziyankarlar, dənizin acgöz qənimləri! – ayağını suya saldı, xeyli sərinlədi. Susuzluğunu unutdu. Bir gözü suda qalmışdı ki, ordan çıxacaq qırğını görsün, o biri gözüylə isə hələ də hardan çıxdığını anışdıra bilmədiyi, havada aramla süzən qutanın qaraltısını izləyirdi. İri bir balıqqulağı götürdü yerdən. “Dəniz canlısı səhrada nə gəzir?”. – Buralar vaxtilə dəniz, bəlkə də okean olub. Zaman hər şeyin yerini dəyişsə də, keçmişin ruhu heç yana getmirmiş. Dəyirman daşı kimi, qara dəlik kimi hər şeyi üyüdən, udan nəsnənin adı Zamandırmı, yoxsa, Tanrı? Zaman bizdən geridədir, ya irəlidə? Pərvərdigara, and olsun ki, bütün bu sirlər səndə gizlidir! Hər şey zamanın içində baş verir, Allah yalnız Zamanı idarə edir, qalanları öz qədərini özləri yazanlardır. Zamanı geriyə döndərmək o vaxt mümkün olardı ki, onun başlanğıcı olsun...

Gözlərini açanda od tutub yanırdı bədəni. Bərk tərləmişdi. Bayaqkı qutanı düşündü. Yuxuda ona gələn vəhyi anlamağa çalışdı. “Mən bunları dərk edəcək qədər mükəmməl yaradılmamışam axı”... Yerində oturub başını əllərinin arasında sıxdı. “Zaman – bütün sirlər bunda gizlidir”... Zamanın “Qaranlıq ili”ylə götürəndə aradan iki, uzaqbaşı üç gün keçərdi. Hələ bircə dənə də olsun daşı yerindən çıxara bilməmişdi. Zaman daşın vecinə deyildi, amma onun ölümünü yaxınlaşdırırdı. Bircə bunu anlayırdı. Bıçaq tiyəsinin çata biləcəyi dərinliyədək hörgü suvağını təmizləmişdi.

Rentgenmetrin qulpunu çəkic kimi bıçağın taxta sapına vurmaqdan bıçağın tutacağını sındırmışdı. “Çəkic”lərin çoxunu da əlinə vurmuşdu deyə sümüyü sızıldayırdı ağrıdan. Dəmiri hər vurduqca əli qorxudan titrəyirdi və əməllicə gözüqıpıq olmuşdu – “Zəhrimar, həmişə də eyni nöqtəyə dəyir!”. Tez-tez hirslənir, dəmiri, bıçağı yerə çırpıb söyürdü. Hər üçünün əsəbləri tarıma çəkilmişdi. İşığa çıxmaq ümidləri sönməyə doğru getdiyindən qoca şam, yemək və su normasını azaltmağı qərara aldı.

...İt və pişik nəcisinin qoxusuna öyrəncəli olmuşdu qoca və bu qoxuya, yeməyin iyinə sığınacağın təzə sakinləri – siçan-siçovullar peyda olmuşdu. – Yaxşı heyvanlardır, – qoca hər dəfə onların ciyiltisinə həvəslə qulaq asırdı. – Oynayırlar, zarafatlaşırlar, bunlar da biz insanlara çox yaxındır. Həm də bura gəlmək üçün dəlikləri təmizləyirlər, demək, hava kanalları açırlar. İlk vaxtlar pişik bu ciyiltilərə fikir verməsə də, qocanın öynəni kəsməyi axırda onu siçan qatili olmağa vadar etdi. Qoca daha pişiyə ancaq su verirdi. – Siçanlar bir-iki, siçovullar iki-üç il ömür sürürlər, bunu da bilmirdin yəqin, məstan? Bunlar balalayıb sığınacağı doldurmasalar yaxşıdır – bunu pişiyə deyəndən sonra məstan lap qızışmış, daha da əzazilləşmişdi. İndi siçan-siçovullar pişiyin əlindən dad deyirdilər. Bir dəfə iri bir siçovul azıb gəlmişdi otağa. Qoca hələ beləsini görməmişdi. – Nəsə çox zırpı şey idi.

Gərək ki, əti ləzzətli olsun. Ciyiltisindən və dalını sürüməyindən bilinir ki, doğmağa hazırlaşır. Heç nədən də qorxub-eləmir, səni heç vecinə də almır. Görəsən, nə qədər bala doğacaq? – elə bunu demişdi ki, elə bil pişik himə bənd imiş – atılıb siçovulu basmarladı. “Özünü əsl kişi kimi aparır. Heç nədən də qorxub-eləmir. Yediyini yeyir, yemədiyini isə boğub sonraya saxlayır. Görəsən sığınacağımızın şərəfini qoruyur, yoxsa, adi heyvani vərdişdir? Bəlkə o da elə mənim kimi baş qatmaq xatirinə, bekarçılıqdan yeyir?” – Yırtıcılıq bütün məxluqatın genində, yaddaşındadır... – bıçaqla daşın arasını qaşıyır və cavan vaxtlarında toyuq hininə soxulmuş mişovulu necə öldürdüyünü xatırlayırdı. Onda kənddə, babasıgildə olurdu. Naxıra getməyə hazırlaşırdı. Sürüyə qoşulan inəklər hələ də təzə sağılmış süd iyi verirdi. Ölürdü anasının boş məmələrini dümsükləyən buzovlara tamaşa etmək üçün.

Babasının löhrəm yeriyən atının üstündə oturub mal-heyvanı komalayırdı. Səhərin mehindən xəzəl iyi gəlirdi. Birdən yaxındakı həyətdə toyuqların hürkməsinə, basabasla perikməsinə boylandı. “Pərvərdigara!” – gördü ki, üç-dörd toyuq yerdə al qan içində partlamaya düşüb, boyunlarından axan qan yerdə lehmələnir. Bostanda ana toyuq mişovulla döş-döşə boğuşurdu. Ana toyuq cücələrinə cuman mişovulun ağzına özünü atır, imkan tapan kimi də caynağı ilə onu yaralayırdı.

Mişovul cücələrdən birinin başını ağzına alıb kəskin hərəkətlə saga-sola necə fırladısa, yazığın boynu qopdu. Növbəti cücəyə hücum çəkəndə ana toyuq qanadlarını gen açıb sinəsini “canavarın” ağzına verdi. Mişovul onun xirtdəyini qamarlayıb çabalamağı duranadək sıxıb sonra yerə buraxdı. Çəliminə görə çox ziyankar yırtıcı olsa da, heç nə yemirdi. Gücü çatdığı qədər çox toyuq-cücə boğub qanını içirdi. Onda qışqırıb hay-haray salmışdı və əlinə keçən kürək sapını mişovula tolazlamışdı. Yırtıcı özünü salmışdı qonşunun toyuq hininə. Toyuqlar hində çığırışırdılar. Heç nədən qorxmadan girmişdi hinə və arxasınca qapını bağlamışdı. Kürəyin sapı qırılanadək yırtıcını kötəkləmişdi. Düzdü, kötəyin çoxu perikmiş toyuqlara dəyib onları şil-küt eləmişdi, amma sonunda zərbənin birini caninin başından vurmağa macal tapmışdı. Mişovul canını tapşıranadək onu xırd-xəşil eləmişdi. O qədər cəld heyvandı ki, hində o vurhavurda imkan tapıb daha üç toyuğu boğmuşdu. Can hayında olan bir yırtıcının son nəfəsində yenə də öz xislətindən əl çəkməməsi sonralar onu xeyli müddət düşündürmüşdü, amma cavabını tapa bilməmişdi.

İndi quyruğu pişiyin ağzında şıdırğı tərpənən siçovula baxırdı və yadına həmin mişovul düşürdü. “Bəlkə də dönük taleyinin qısasını alır, gör necə qıvraq tərpənir! Zavallı pişik, taleyi ilə barışmağa məcbur olub. Siçanlar insanların hər cür hiyləsindən və qurduqları tələdən uzaqda yaşamaq istəyirlər. Amma onların qənimi insan və pişik bu dəfə yerin altında ürcahlarına çıxmışdı. İnsan nəfəsi dəyməyən yer varmı görəsən?.. Həqiqətən dost və düşmən olaraq bütün canlılar bir-birimizə bağlanmışıq, bir-birimizdən ayrılmazıq. Aramızdakı bu yaxınlıq bizdən əvvəllər də mövcud olub. İndi heç kim nə mənə, nə də siçana kömək edə bilər. Etsə də, bunun heç bir mənası yoxdur. Əbədi olaraq siçan pişikdən qorxacaq, pişiksə itdən – məsxərəni yazan belə yazıb. İnsanın tək qənimi isə elə insanın özüdür, nə Allahdır, nə də şeytan, insanın özüdür!”...

– Görünür Allah bizim bu halımıza sevinir, Ceko, – dilini dinc qoymurdu amma, yenə də Allahı qıcıqlandırmaqdan zövq alırdı, – Yerin altında böyük məqbərə hazırlayıb bizə. Əgər sizdən qabaq ölsəm, ətimi-qanımı sizə halal edirəm, heç nəyə baxmadan məni parçalayıb yeyərsiniz. Elə edin ki, tikəm də qalmasın, sümüyümədək gəmirib yeyin məni. Bu bədən Allaha sağ-salamat çatmamalıdır!.. Onsuz da sənin çoxdankı arzundur məni yemək... Dərhal da fikirləşdi ki, “Görəsən bu zindanda uzun müddət ac-susuz qalsam, Allah əlacımı hər yerdən üzsə, iti, pişiyi yeyə bilərəmmi? Yox! Tək çarəm olsa, yenə də bunları yeyə bilmərəm”...

– Əgər imtahandırsa, üzüağ çıxmaq lazımdır bu sınaqdan. Dünyanı fəth edə biləcəyimiz qədər sevgi hələ içimizdə durur, yaşamaq ümidi hələ içimizdən silinməyib... – qoca başa düşürdü ki, çox dincəlməyə vaxt yoxdur. Əlinin suluğunu yırtıb şalvarına silə-silə armaturu əlinə aldı.

* * *

Armatur hər dəfə daşa dəyib daqqıldadıqca Ceko bir yerdə durmur, sığınacağın içində obaş-bubaşa var-gəl edirdi. Ümidi artdıqca qocaya daha çox isinişirdi. Onu sözündən anlayır və dediyini dərhal yerinə yetirirdi. İndi söhbətləri tuturdu, qocanın onu sığallaması xoşuna gəlirdi. Aralarındakı kin-kidurət və soyuqluqdan heç nə qalmamışdı. Tez-tez sığınacağı otaq-otaq gəzir, sidiyi ilə divarları manşırlayır, işarələrini müntəzəm təzələyirdi.

“Görünür siçanlar onun sidiyinin qoxusunu dəyişirlər” – hərdən gözucu dostunun hərəkətlərinə göz qoyurdu. İşini bitirəndən sonra isə gəlib qapının yanında yerə uzanıb gözlərini qocaya marıtlayır, quyruğunu bulaya-bulaya şamın titrək alovuna diqqət kəsilir, hərdən isə qocanın ayağını yalayaraq ona ürək-dirək verirdi.

– Bəlkə də mənim heç insan olmağım lazım deyilmiş, Ceko. Mən də sədaqətliyəm, hardasa, xasiyyətlərimiz eynidir. İkimiz də oğlanı çox sevirik və onu heç nəyə dəyişmərik. Amma heyif ki, mən insan yaranmışam, səni anlamaqda səndən üstünəm... Əmin deyiləm, bəlkə də dilin olsaydı bunun əksini sübut edərdin, məni haqsız çıxarardın. Bilirəm ki, sənin də şüurun var, insan kimi düşünə bilirsən. Bircə dilin yoxdur. İstəyirəm ki, biləsən, sənsiz burdan çıxsam oğlanın üzünə baxa bilmərəm. Sən mənim sirdaşım, həm də dostumun əmanətisən... O səni yaman çox istəyir. Yəqin ki, sənsiz özünə yer tapa bilmir indi. Bircə yeməyin yaddan çıxmasın. Dostumuz siçanlarla maraqlı məşğuliyyət tapıb, indi ən çox ikimiz bir-birimizə həyan olmalıyıq.

Deyirəm, dostumuz səninlə necə mehriban olduğumuzu görəydi... O vaxt mənə görə səni kötəklədiyinə peşiman olardı... Bəs qolumu qoparmağın nə idi, hə, a cüvəllağı?.. Bağışla məni, dostum, indi mən də səni sevirəm və kötəkləndiyinə bais olduğum üçün çox utanıram. Yəqin üstümə cummaqla hansısa bəladan məni hifz etmək istəyirdin. Ya da üstümdə cin görübsənmiş. Deyirlər itlər cin-şəyatinləri görə bilirmiş. Biz isə hay-haray salıb səni qorxutmuşduq, kötəkləmişdik. Bağışla. Məni də, oğlanı da bağışla. İndi tanıdığım Ceko heç vaxt məni pis niyyətlə qapmaz, yaralamaq istəməzdi... – armaturu qoyub itin qənşərində çöməldi. Gülümsəməklə peşimanlıq arasında çaş-baş qalan gözlərini itə dikdi. Bunun adı utanmaq idi. Bu utanmaq sevginin izharıydı, peşimanlıqdan doğurdu.

Nəhayət dodaqları gülümsəməyə cürət edib aralandı – Mən çox peşimanam, bağışla... İtin ürək dağlayan, məzlum zingiltisinə gözləri yaşardı. – Gec də olsa anladım, gördün? – itin kürəyini sığalladı. “Nə vaxtdandır gözlədiyi də elə bu idi – Səhfini anlasın, peşiman olsun, üzr istəsin məndən”. Yanağını siləndə əlində qalan lopa tükə baxdı. “Tükü tökülür. Yoxsa xəstələnib!?” – fənəri yandırıb diqqətlə itin üst-başına baxdı. “Bu itin qaralı-qırmızılı xalları vardı axı, indi isə tamam ağarıb! Tükləri də qom-qom tökülür!” – daha artığını görməmək üçün fənəri söndürdü – “Qoy özü görüb-bilməsin”. Əli-qolu işdən soyudu.

Bir qab yemək qoydu itin qabağına. Kədərli Cekonun həvəssiz yeməyinə baxır, dayanmadan onu sığallayırdı. Ceko hərdən qanrılıb onun əlini yalayanda qocanın içindən məhrəm gizilti keçirdi. “İnsan belədir – əvvəlcə qiymətli daşı tapdığının sevincini yaşayır, sonra da bu dəyərli xəzinəni qorumağın qarğaşasına qatlanır” – qoca onu itirəcəyindən üzülürdü indi. “Qulaq dostuma bir şey olsa, mən də öləcəyəm. Bunu axşam ölümün özü mənə pıçıldayıb... Axı niyə sevinc özünü göstərən kimi kədər burnunu çəkə-çəkə böyürdən tələsik özünü dürtür!?”. Yenidən kəməri əlinə dolayıb armaturu götürdü, düşdü qənimi divarın üstünə. – Daşın gözünün odunu almışam, lap az qalıb, Ceko! Döz, dostum, azca da döz! – biləklərinə güc gəlmişdi elə bil.

– Ən yaxşısı sevinməməkdir. Hətta, xoşbəxt anlarda sevincini kədərin eşidəcəyi şəkildə biruzə verməməkdir. Yoxsa kədəri çox şeyə inandırmaq lazım gələcək...

Yeməkdən sonra əllərinin zoqqultusundan heç bir iş görmədi. Ağrıyan əllərini nəm əleyhiqaz kisəsiylə büküb qundaqladı, qucağına alıb uzandı. – “Ağrılarım dözüləndir, bir az da işləsəm suluqlarım döyənək olacaq və ağrı keçib gedəcək. Belə xırda ağrıları vecə almamalıyam. Amma sabahdan dayanmaq yoxdur!... Allah eləməsin ki, oğlanın başında bir qəza ola... – yanıüstə çöndü. – Sərsəmləmə, qoca, boş şeylər düşünməkdənsə, qapını açmağın bir yolunu tap. Əlin-ayağın var, daha nə gözləyirsən!.. Hələ də xəcalət çəkirəm mənim ağladığımı gördüyünə. Qadasını aldığım, elə bil məndən əlli yaş böyükdür.

Elə də mənalı, dərin gözləri var ki... Kaş yanımda olaydı, sonsuzadək burda qalmaqdan yorulub-bezməzdim. Ona ömrümün günlərini bircə-bircə danışardım... Günəşdən çıxan işığın bizə gəlib çatmağı səkkiz dəqiqə, iyirmi saniyə çəkirmiş. Dünya, səndə nə sirlər yatır... Bildiklərimizin nə qədər az olduğunu öyrəndikcə gücsüzlüyümüzü dərk edirik, cılızlığımızdan qorxuruq. Son dəfə gördüyüm işığın neçə yaşı olardı görəsən? – yorğun göz qapaqları ixtiyarsız olaraq yumulurdu. Axır vaxtlar çox işləyirdi deyə yuxu rejimini pozmuşdu. Gah çox yatırdı, yatanda oyanmaq bilmirdi, gah da gözünə yuxu getmirdi. Yuxuları düşünmək ona çox lazım olurdu, di gəl, ayılanda çoxunu unudurdu, – “Səssizlik olanda da daş kimi elə yatıram ki”...

* * *

Bu dəfə qalxanda xəyal kimi yadına saldı ki, şəhərin dağıntıları arasında gəzərkən yerdən böyrü çürümüş bir kartof tapmışdı. Onu da müharibə qurtarandan sonra əkməyə toxumluq kimi saxlamağı qərara almışdı. Amma əmin deyildi ki, bunu nə vaxtsa həqiqətən edib, yoxsa yuxuda görüb... Ceko yenə qapı tərəfdə pilləkənin üstündə ayaqyoluna gücənirdi. İtin halı ona bütün dərdləri unutdurmuşdu. Konservdən idi deyəsən – ikisi də qarınağrısına düşmüşdü. Amma Ceko həm də arıqlamışdı, narahat olduğu üzündən bəlli idi. Qoca isə onun dərdini bilmədiyi üçün üzülürdü. “Yeməkdəndirsə, yeməyini kəssəm, acından ölər; sudandırsa, iki gündür plastik qabdan içirirəm. Dili də yoxdur ki, dərdini başa salsın, yazıq... Guya başa salsa nə olacaq, əlimdən baytarlıq gəlir!?”...

Alışqanın qazı qurtarmış, fənərin işığı lap öləzimişdi. Sayanda gördü ki, cəmi on iki ədəd şam qalıb. Divarda cızdığı “şər ili təqvimi”ni dəqiq hesab etmədiyindən, indi ona da ciddi yanaşmırdı, – “Həm də adamın ruhunu öldürən məşğuluyyətdir. Xilas olmaq istəyən, gərək Zaman adlı düşmənin başını ilan başı kimi əzməyi bacarsın!”. Sağ əli sözünə baxmırdı, tez-tez keyiyib onu qorxudurdu. – Sol əlim səndən qeyrətli çıxdı, sən namərdlik edirsən. Mənə xəyanət etsən, daha heç sözüm yoxdur!.. Deyirlər sol əllə yemək günahdır, guya şeytan da yediyinə şərik olurmuş. Amma Tanrı iki əl yaradıb, mən nə edə bilərəm, birini kəsib atası deyiləm ki? Hardan çıxarırlar bu uzunluqda haram siyahısını?.. – acıqla daşı döyəcləyirdi. Çöldə dalbadal partlayan mərmi səslərinə əl saxladı.

Partlayışın küt səsi sığınacağı dördballıq zəlzələ kimi titrətdi. – Dağıdın, dağıdın, qurumsaqlar! Şəhərin altını üstünə çevirin! Qan axıtmaqdan, öldürməkdən yorulmayın, it uşağı!.. Düz deyirlər ki, insan - savaşların məhsuludur. İnsanlığa bu qədər quduzluq, harınlıq, vəhşiliyi ancaq müharibələr gətirə bilər. Ya gərək şərə qarşı hamı birləşə, ya da qırğınlar olmasın deyə şərə vaxtında təslim olasan. Şeytan tək qalsa bir gün özü öz başını yeyəcək... Görəsən Allahın ən sadiq mələyi birdən-birə niyə harınlayıb? Allahın beynini dolduran kimdir görəsən? İblisi cənnətdən qovan Allahın heçmi günahı olmayıb? Vallah, mən də İblisin yerinə olsaydım, bizim kimi bequrumları yaradan Tanrının qabağına sərilib yalvarardım ki, insan deyilən məxluqu yaratmasın... Niyə yaradıb görəsən? Tənhalıqdan, təklikdənmi bezib? İstəyib ki, Tanrıya şəriklik iddiasında olan dikbaş məxluq da olsun? Hər nədirsə, müəmmalı oyundur... Əşşi, nə işimə qalıb, özləri bilərlər!.. Amma şeytan məni burdan çıxarsa, ona biət edərəm. Əgər şeytanın ümməti olmağımı istəmirsə, qoy vaxtında imdadımıza yetişsin!”...

Yanındakı şam sönəndə sığınacaq zil qaranlığa büründü. Oturdu. Üçü də bir-birinə qısılmışdı. “Eh, dostum, sənə danışacaq o qədər söz-söhbətim var ki... Sən heç itlə pişiyin ana-bala kimi mehriban qucaqlaşdığını görmüsənmi?” – dostlarının belini-başını sığalladıqca onlar da qocanın əlini yalayırdı.
– İşığın ömrü varsa, zülmətin də ömrü var, Ceko. Gecə ipdir – gündüzləri muncuq kimi ard-arda düzən ip. Təsbehə yaraşıq verən muncuqlardır, ipi saya salan olmur. İlləri, ayları gecələrə görə sayan sərsəm gürmüsənmi heç? “Gecə düşür, şər qarışır” – gündüz xeyirin, qaranlıq isə şərin pərdəsidir. Gecələr yatmaq, gündüzlər yaşamaq üçündür. Görən hansı birinci yaranıb – xeyir, yoxsa şər?.. Xeyir şərdən yaşlı olar... Hər gecəni gündüzə, hər daşı qızıla çevirsəydik, onda nə gündüzün, nə də qızılın dəyəri qalardı. Necə də hər şey aydın dillə yaradılıb, amma biz bu dili unutmuşuq. Nadan siyasətçilərin çətin və qondarma dilini təbliğ edirik. Həyatın zirvəsinə can atanlar bilmirlər ki, orda heç nə yoxdur və dəhşət burasındadır ki, o zirvədən sonrakı yol ancaq üzüyenişədir...

Sığallamağı dayandıranda it onun yorğun əllərini yalayırdı. – Hər qaranlıq gecənin bir işıqlı sabahı var, Ceko. Ümidimizi üzməməliyik... Qış yuxusuna getmiş ayı kimiyik. Neçə şər ili sığınacaqda qalarıq səncə, Ceko?.. Heç olmazsa, təsbehim yanımda olaydı... – ayaqyoluna getdi, qayıdıb taxtına uzandı.

– Yox, burada Allahlıq bir iş yoxdur. Özümüzük günahkar! Eyni əcdaddan gələn qonşularımızın savaşda can verərkən necə zarıdıqlarını vaxtında eşidə bilmədik. Bəzən eşitsək də, buna qulaqlarımızı qapadıq – “Nə işimizə qalıb, özləri bilər!” – dedik. Unutduq ki, yanımızdakı ulaq anqırırsa, bu təkcə dişi ulağı gördüyü üçün deyil, həm də canavar gördüyü üçün ola bilər. Axı qaranquşun səsi təkcə quruca quş səsi deyil, həm də yağış yağacağının xəbərdarlığıdır. Sülhün həyəcanlı mehi üstümüzdən ötüb keçəndə anlamadıq ki, bu buludları qovan ildırımlı qara küləklər gəlir arxasınca.

Sahib olduğumuz dincliyi ona görə itirdik ki, onu itirməkdən qorxmadıq. Anlamadıq ki, bir gün Allah əlini bizdən üzə bilər – axı cəzanı da yazan odur. Əgər bütün bəşər eyni əldən çıxıbsa və eyni ruhdan yaranıbsa, sənin kimi olmaq istəyirəm, Tanrı – səbrli, müdrik! Sən nəhayət əl qatmalısan bu işlərə. Ya birdəfəlik insanların kökünü kəs yer üzündən, ya da bir abıra mindir bizi... Başqalarını bilmirəm, amma mənim ruhumun mayasında mərmi səsi, yanğınlar, insan çığırtıları və qaranlıqlar yoxdur. Cekonun və pişiyin də eynilə. Biz nə günahın sahibiyik? Yox, Tanrı, düz eləmirsən. Bu qədər səbr kimə lazımdır? Haqq-ədaləti də insanlar yoluna qoyacaqsa, onda kimə lazımsan? Bu qədər havayı duaları, yalvarışları yığıb neyləyəcəksən axı!? Pişik taxta atılıb qocanın dizi üstə oturdu, dayanmadan yaxasını cırmaqladı, – “Allahın ətəyindən əl üzsən, batıracaqsan bizi! Tanrının dincliyini insanlar pozdu. O, əməllərinizin əks-sədasıdır, əməliniz necədirsə, o cür də özünüzə qayıdır. Biz heyvanlar sizin nəfsinizin güdazına gedirik. Allahın təkliyi, dincliyi bərqərar olmayınca qan-qadalı bəlalar başımızın üstündən əskik olmayacaq!” – bu səs pişiyin qəzəbli dodaqlarında elə əks-səda verdi ki, qocanın iliyi gizildədi. Susdu. Qaranlıq küncü dinşədi. Ölümün onun tük basmış üzündəki təmasını duydu, astadan pıçıldadı, – Allah, keç günahımdan, bağışla məni. Pis-yaxşı – öz yaratdıqlarınıq... Pişik onun əlini yalayanda üzü səyridi, – Hə, səbrli olmaq lazımdır, məstan. Dözək görək bu hamilə qaranlıq nə doğacaq?.. Qüdrət onun, dünya, ölüm, tale, məhkəmə onun – özü bilər! – pişiyin başını sığalladı, lap əcəlin başını sığallayırmış kimi... Ey yerin-göyün sahibi, sən bizi görürsən, acılarımızı duyursan. Bizim şəhəri qoru. Sülh sevən yeni nəsillər yarat. Qoy hər günəş doğanda min-min uşaq doğsun qayğıkeş analar. Qoy yaşıl cığırlar artsın, çoxalsın. Qoy bütün dünyada əmin-amanlıq olsun. Hamı yaxşı və xoşbəxt yaşasın. Eybi yox, sənin iradənlə yaşasın, amma dinc yaşasın. Ya rəbb, üzünü bizə sarı çevir, halımıza rəhmin gəslin. Qoy hər cücərən ot, açılan gül-çiçək yenə xeyirxahlığına görə sənə dualar oxusun. Qoy yalan və şər haqq və ədaləti ötüb qabağa keçməsin... – qalxıb şam yandırdı, silahını götürüb kəsdirdi qapının yanını, – “İşləmək lazımdır!”...

– Daş, bilirəm, sən məndən də yaşlısan, dözümlüsən, neçə-neçə dava-şavanın şahidi olmusan, tarixlər yaşadırsan yaddaşında. Sənin tərsliyin çox xoşuma gəlir, – qoca hıqqanıb armaturu zərblə daşa vurdu. – Amma bu gün mən sənin nəfəsini kəsəcəyəm, canını alacağam sənin!.. Belə deyəndə özü də ürəklənirdi. – Allah bilir, burda hörülənədək nələr yaşamısan. Əvvəlcə balıqqulağı olmusan, külək və su səni toza çevirib. Sonra da dönüb olmusan daş. Sən Nammu ananı da görmüş olarsan... İncimə, dostum, bu saat Allahdan, günəşdən, işıqlı dünyadan məni ayıran tək maneə sənsən. Yaşına-başına baxan deyiləm. Burda öləsi olsam da canım ağzımdan çıxanadək başına-gözünə döyəcəyəm. Nə şikayətin varsa, Tanrıya edərsən... – qoca danışır, Ceko ona baxır, kəmər əlindən açılır və armaturun qana batdığını hiss eləmirdi. “Lap qaranlıq ovçusu yarasa kimi döyüşürəm” – arada daşdan qığılcım çıxanda zərbələrin tempini lap artırır, öz gücündən fərəhlənirdi. İntəhası, armaturun ucu daşa batanda qocanın ona hərdən yazığı gəlirdi. Lakin bu, onu, daşı “öldürmək” qərarından döndərmirdi. Fikirləşirdi ki, gör bu daşın çıxmağı neçə canlını işığa qovuşduracaq. Bir də biləyi ağrıyanda əl çəkdi daşdan, – Hə, daşcığaz, mən yoruldum. Bir az dinlənim. Sən də dincini al, amma yaxşı-yaxşı fikirləş...

Səni bu hörgüdən qoparandan sonra ömrümün sonunadək özümlə saxlayacağam. Əlisilahlı vuruşduğum tək Tanrı bəndəsi sənsən. Oğlana vəsiyyət edəcəyəm ki, öləndə səni yonub mənə başdaşı düzəltsin. Qoy mənim də ruhum dənizlərin, küləklərin, çöllərin səndəki ruhuna qovuşsun.
Başını qatmaq üçün məşğuliyyət axtardı. Şamı yandırıb otaqları gəzdi. Fərdi mühafizə vasitələri saxlanan otağın divarından asılmış rəngli plakatlara gözünü zillədi. Oxudu, – “Mülki Müdafiə siqnalları. Diqqət, diqqət! Hava həyəcanıdır! Hava həyəcanıdır! Sığınacaqlarda daldalanın! Sığınacaqlarda daldalanın!”... – Niyə yerin üstündə bu siqnalları verən yox idi?.. Cavabını özü tapdı: “Hava hücumunun nə vaxt olacağını özləri bilirdimi ki? İndi kosmosdan izləyib vururlar”. Bir əleyhiqaz götürdü, plakatı divardan çıxardı, gətirib taxtın üstünə sərdi. “Əleyhiqaz insanı necə qoruyur?” – oğlanın maraq dolu sualı qulağında cingildəyə-cingildəyə əleyhiqazın süzgəc hissəsini açmağa girişdi. Süzgəcin içində kömür-filtirin olduğunu bilirdi, amma indiyədək heç əyani görməmişdi.

Bir zülmlə kömür qutusunun ağzını açdı. “Zəhərli hava bax burada kömürə çöküb təmizlənir” – kömürü ovcuna əndərib qoxladı, dilinə vurdu, sonra gülümsəyib qulağına tutdu. Milyon il öncəki meşənin səsini eşitdi, küləyin onun saçını necə daradığını hiss elədi. Məşənin ruhu yanıb qaralsa da kömür tozunda xışıldayırdı hələ. “Od tutub yanmış meşənin ruhu sevinsin deyə səni meşəyə aparıb yaşlı bir vələsin oyuğuna qoyardım, – “Oyan, ey meşənin ruhu, oyan! Əcdadlarım od vurub yandırmışdı səni, indi yaddaşını özünə qaytarıram! Özünə qovuş, bağışla insanları...” – meşəyə səs salardım. Kömürü ovcunda xışmalayıb toxum kimi sığınacağın döşəməsinə səpdu. – Bu gündən ölümün nəfəsinə meşənin ruhu da qarışdı. Sabah-birigün mən bu cəhənnəm yerdən çıxıb gedəcəyəm, qoy sizin yeriniz behişt olsun, ölüm... Qəmli monoloqu itin də, pişiyin də kefini pozmuşdu. Elə özü də ölümün ağırlığını duydu.

– Hə, qara ölüm, de görüm, necəsən, darıxmırsan ki? – qoca səsini qaldırdı. –Vecimə də deyilsən! Kefim kök, damağım çağ. Yaram-xoram da yoxdur, çox şükür. Yeməyim, suyum bol, canımda da nə qədər desən təpər. Odur ki, işini indidən ehtiyatlı tut – əgər başqa yerdə alacağın can varsa, bizdən nigaran qalma, get işini gör, qayıt. Tanrı yanında üzüqara olma. Onsuz da nə gedəsi yerim, nə də bu tezliklə ölmək fikrim var. Bax gör bu sifətdə ölü yaraşığı var? – əslində, qocanın halı dediyi qədər də yaxşı deyildi: qarnı ağrıyırdı və kürəyinin sancıları onu bərk incidirdi. Yeməyini yeyib, suyunu içindən sonra taxtına uzandı. “Dincəl, qoca. Qoy daş da nə qədər istəyir canıyla əlləşsin, son söz sənindir onsuz da”...

* * *

Növbəti gün armaturun ucu qəfildən hörgü daşının arxasına boş gedəndə əldən düşmüş qocanın alnı az qaldı qapının tininə dəysin.
– Hə, nəhayət təslim olmağa qərar verdin! – açılmış qaytanı təzədən əlinə doladı – Daşcığaz, bağışla məni. Məğlub olmağı da mərdi-mərdanə bacarmaq lazımdır. Utanmadan etiraf elə ki, mən sənə güc gəlirəm. Mən indi Tanrıya da güc gəlirəm, bilirsənmi? O da, sən də məni məhv edə bilərsiniz, amma məğlub edə bilməzsiniz... Armatur səni çox incitmir ki? Qoy incitsin! Sən cansız canınla mənim əlimi yaralayanda, al qanıma qəltan edəndə yaxşıydı? Öz xoşunla çıxmasan, daha da pis olacaq, un kimi ovacağam səni! – qoca indi işığın rəngini, çölün dadını da duyurdu. “Həyatı anlamaq yaşamaqdan çətinmiş. Ömrümüzü xoşbəxtlik axtarmağa sərf etmişik, sən demə xoşbəxtlik, insan, onu axtarmayanda özü öz ayağıyla gəlirmiş. Bircə hörgü daşını qoparmağın xoşbəxtliyi”... – qoca üçün əlamətdar bir qələbə idi. – İndi ki, dizlərini qatlamağa razı oldun, onda qoy bir qab yemək yeyim.

Ondan sonra əhədini üzməyin vaxtı gələcək… – kefi kök idi, fıştırıq çalırdı. “Kaş oğlan daşı yerindən necə çıxardığımı görəydi, birlikdə sevinərdik”... – armaturu daşa sancılı qoyub yeməyə oturdu. Gizildəyən suyun altına tutanda canına rahatlıq yayıldı. Əllərinin suluğu iki dəfə deşilmiş və döyənək olmuşdu. Ağzına ilk tikəni qoyub, – Zavallı əllərim, az qalıb, bir az da dözün. Sizin üçün yeyirəm ki, az da olsa gücünüz artsın. Bu saat bütün əzalarımdan ən qiymətlisi sizsiniz. Çölə çıxandan sonra sizin qulluğunuzda durmaq mənə borc olsun. Amma tez təslim olmayın, hələ qabaqda çox işimiz var – əllərinin ağrısına sığal çəkdi.

– Gecikmək olmaz, diribaş olmaq, cəld tərpənmək lazımdır. Mən bilirəm, bu daş çox inadkardır, pir deyib dördəlli yapışıb divardan. Hər qopardığım qəlpə qənimətdir. Getdikcə sığınacaqda hava çatışmır, bir azdan havasızlıqdan boğulub öləcəyik – əsl dərd bu idi. Qoca düz deyirdi, nəcis qalaqları o yana dursun, pişiyin boğub öldürdüyü, hələ yeməyə macal tapmadığı siçanların cəsədi sığınacağın havasını lap ağırlaşdırmışdı. Havaçəkənlər də çatdırmırdı artıq. Bir dəfə nəmişlikdən ayaqları keyiyəndə taxtlardan birini söküb qalağa od vurdu ki, qızınsın. Tüstü bircə anda sığınacağın havasını elə zəbt elədi ki, üçünün də zingiltisi-bağırtısı bir-birinə qarışdı. Ocağı güclə söndürdü. Ölüb ölümdən qayıtdılar. Bir neçə saat qapının ağzına sığındılar ki, zaldakı tüstü torpağa hopsun.

Daşla söhbət qocaya olmazın təskinlik verirdi. Düzdü, uzanıb dincini alanda kürəyi, əlləri ağrıyırdı, amma yerindən qalxanda özündə bir gümrahlıq duyurdu. “Əsas odur ki, əl-ayağım hələ heydən düşməyib. O ki qaldı yeməyə, hə, bax bu məsələdə ümumiyyətlə, naşükürlük etmək olmaz”. Və ağlına qəribə bir sual gəldi, – “Görəsən ölüm nə yeyir, nəylə qidalanır?”... Durub divardan tuta-tuta armaturdan yapışdı. Qapının tağını, daşı sığalladı, – İşıq uğrunda mübarizəyə başlayaqmı, daşcığaz? – daşı yerində qanırdı. Bir neçə dəfə oyana-buyana laxladandan sonra rəqibi hörgüdən qabağa çıxdı. – Hə, dostum, canın çıxmaq üzrədir, son duanı et! Barmaqlarının ucu qamaşırdı daşa sürtülməkdən, – Hövsələniz olsun, barmaqlarım, lap az qalıb. Soyub-soyub quyruğunda qoymayın əziyyətimi... Bu əlamətdar hadisəni görmək istəyirdi deyə qaydanı pozub iki şamı birdən yandırdı.

Qapını işıqlandırıb dostlarını çağırdı, – Ceko, məstan, yaxın gəlin!.. Bir insanın nəyə qadir olduğunu özünüz də görün. Sizə söz vermişdim ki, burdan çıxaracağıq, – daşı dartıb qucağına aldı, sonra pilləkənin ayağına atdı. Daş sığınacağın nəm torpağında küt səslə tappıldayanda qoca öz nəşəsilə ölümə acıq verdi. Nə Ceko, nə də məstan qoca kimi sevinə bildi – maddım-maddım qocaya və daşa baxırdılar. Qoca şamı götürüb daşın yerinə baxdı. Əlini oyuğa tutdu, – “Hələ hava yaxşı gəlmir”, – növbəti köndələn daş aydınca görünürdü, – Səni çıxarmaq su içimi kimi asan olacaq. Səndən o tərəfdə isə işıqdır, işıq! Yəqin ki, indi çöldə gündüzdür. İşığın səsini siz də eşidirsinizmi, dostlar? Daşcığaz, sənə xoşluqla deyirəm, məni güc işlətməyə məcbur eləmə. Çalış xoşluqla təslim olasan, yoxsa bu armaturla canını sökəcəyəm! – daşa ilk zərbəni çaxdı – “Andır, çox güclüdür, pərçimlənib”... Kefi istəyincə, əlləri tam sağalınca dincəlmək istədi. Ürəyindən keçdi ki, qalan yeddi ədəd şamı da bütün günü yandırsın, yemək normasını ikiqat artırsın, – “Onsuz da uzağı iki-üç günə burdan çıxacağıq”. Ceko bir kərə hürdü, qocanın dizinə sürtünb ona ürək-dirək verdi. İndi onun səsi də nəsə cingiltili çıxırdı. – Yazıq Ceko, deyəsən itlər dərdi insanlardan da ağır çəkirmiş... Sən niyə birdən-birə bu hala düşdün, dostum? Azca da döz!

...Konserv yeməkdən bezmişdilər. Qocanın bir ayağı ayaqyolunda qalmışdı. Hər dəfə tualetdən qayıdanda gözü divarda cızdığı təqvimə sataşırdı. Günlərin hesabını tamamən qatıb-qarışdırmışdı. Əcaib-qəraib xətlər indi yarpaqlarını tökmüş kol-kosa bənzəyirdi. Uşaq kimi divarda şəkil çəkmək keçdi könlündən. Əleyhiqaz kömüründən bir parça götürüb durdu “kol-kosun” qabağında.
– Nə şəkli çəkim?.. Hə, məstan, pişik şəkli istəyirsənmi?
İt az qala sürünə-sürünə özünü qocanın ayaqlarına yetirdi. Cekonun üzünə ölüm pərdəsi çökürdü.

– Günəş şəkli çəkəcəyəm, günəş!.. – kömürü var gücüylə divara sıxıb çevrə çəkdi, içini qaraltı, şəfəqlərini xətlədi. Qapqara bir günəş çəkdi qoca. Üçü də şam işığında tamaşa elədi qocanın məharətinə.
– Daha öz günəşimiz də var... – şamı divara lap yaxın tutdu. Güldü, – Balaca uşaq məndən min dəfə yaxşı çəkərdi, – dizlərinin ağrısını ovxaladı.

davamı var...


Baxış sayı - 1 262 | Yüklənmə tarixi: 11.04.2020 16:41
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031