manera.az
manera.az

Allah bizi ağır sınağa çəkib | Manera.az

Allah bizi ağır sınağa çəkib | Manera.az
Manera.az Rəşid Bərgüşadlının "Sığınacaq" povestinin davamını (II hissə) təqdim edir:

I hissə burada

– Evdə tərhalva olmalıdır, qoy gedib gətirim – oğlan çayı tələsik axıradək hörtdədib qalxdı. Qocanın etirazı ağzında qaldı, bildi ki, dostu nəsə yaxşılıq etmək istəyir, odur ki, saxlamadı, – Yaxşı, sən deyən olsun. Amma azca gətir... – xətrinə dəymək istəmədi. “Uşaq vaxtı xeyirxahlıq etməyi mən də sevərdim. Bilirdim ki, əvəzində məni tərifləyib başımı sığallayacaqlar. Elə buna görə uşaqlar safdırlar. Qoca öləndə ağrıtmır, uşaq öləndə adamın içi göynəyir. “Uşaqlar ölmürlər, Allah onların səhv düşmüş dünyalarını dəyişir” – bir dəfə körpə meyiti tapanda atasına təsəlli üçün demişdi bu sözü.

Eşikdəki sərinlik sığınacağın qapısından içəri dolan kimi canı çıxır, qaranlığa qovuşanda meyit kimi soyuyurdu. Torpaq döşəmə nəm olduğundan oynaqlarının ağrısını tərpədirdi. Burda özünü evdəkindən təhlükəsiz sayırdı, ölüm mümkünsüz görünürdü qocaya. “Nə də olmasa adı üstündədir – sığınacaq!”. Amma yenə də, – “Quşun da yuvasını uçurmayınca evinə baş çəkməyə gəlib-gedir” – hələ ki, bir müddət evində gecələməyi üstün tuturdu. İşığı olsaydı, başqa məsələ, fikirləşmədən köçərdi bura. Başa düşürdü ki, balıqlar sürü halında şikar olmaqdan qurtulur, amma o, əksinə, bura sığınsa mərmiyə tuş gəlməz. Elə buna görə şəhərdəki köhnə tanışlar da bir-birinə yaxınlaşmırdı. Həm də ona görə ki, sabah bunun tikə-tikə parçalanıb kiməsə dərd olmağı var... – Müharibə insanları bir-birindən belə ayırır. Görək illərdir anbarlarda qalıb paslanmış silahlar nə vaxt qurtaracaq... – çay stəkanını ağır-ağır ağzına apardı. “Təbiətin gözəlliyinə xələl gətirənlər, Allahın işinə qarışanlar çox mənfur insanlardır, çox!”... – gözü yarıaçıq qapının böyründən süzülən işıq selindəydi. Bir azdan oğlan əlində tərhalva qutusu içəri girəndə cana gəldi.

– Mən qayıtdım... – əlindəki qutunu səliqəylə açdı, tərhalvadan bir çimdik qoparıb ağzına qoydu, – Xarab olmayıb, əla dadır...
– Bura bax, birdən oğurluq olar ha?! – o da bir çimdik götürdü. – Bəh, bəh! Düzünü de, oğurlamamısan ki, evdəkilər danışmazlar?
– Yox, dükandan aldım, evdə qurtarmışdı... – oğlan termosdan özünə yenə çay süzdü.
– Yalan danışma!
– Allaha and olsun. “Cuhud dükanı”ndan. Pulum vardı. Müharibədə pul cuhudlardan başqa kimə lazımdır ki? – sinəsi arzularla dolu olan, lakin,
içindəkiləri başqasına danışmağa utanan cavan kimiydi. Gözləri işıq saçırdı. Dayanmadan bir qurtum alır, qocaya gülümsəyir, tərhalava atırdı ağzına.

Qoca indi fikir verdi ki, onun üzündə təzəcə sıxılmış sızanaq var. Sızanağın yeri qızarmışdı. Adamın gözünə ilişirdi hər baxanda. Oğlan bunu sezdi. İndi qoca hər dəfə gözünü onun üzünə dikəndə qeyri-ixtiyari barmağını sızanağın üstünə qoyurdu. “Cavanlaşır, özünə fikir verməyə başlayıb, eybəcər görünmək istəmir”: – Payın çox, ağzın şirin olsun. Ləzzətlidir. Çoxdan yemirdim, dadını unutmuşdum. İnşallah, qoy müharibə qurtarsın, əvəzini minqat çıxaram.

– Təki tez qurtaraydı... Tikə-tikə olmuş insan cəsədləri adamın gözü önündən çəkilmir.
– Hər şey qalıb Allahın insafına... İnsanlığın dəyəri qalmayıb, dostum. “İnsan” sözü mənim də qulaqlarımda “qatil” kimi səslənir. Şeytan öz qoşunuyla dincliyimizin üstünə cumub, dinc yaşamaq istəyən insanlıq isə bunun uğrunda ayağa qalxmır. Ən pisi bax budur. İnsan gərək dincliyin qədrini öz canından çox istəsin.
– Sülh nə vaxt gələcək görəsən?... – oğlanın bu cür dərin danışmağı qocanı titrətdi.
– Sülh gələcək, amma geci-tezi var. Sülhün dalınca bu qoca vaxtımda dünyanın o biri ucuna da gedərdim.

– Mən də səninlə gedərdim… – oğlan gözlərini yerə dikdi. Deyəsən doluxsunmuşdu. Qoca hazırlaşırdı ki, soruşsun görsün, oğlanın kimi qalıb, kimlərini itirib bu qan-qadalı illərdə, amma sığınacağın qarşısında dayanan yük maşınının səsi qoymadı. İkisi də eşiyə çıxdı. Bir zabit, beş əsgər idilər. Maşındakı yeşikləri köməkləşib yerə boşaltdılar. Zabit yükün siyahısını qocaya verib imzalatdı, bir nüsxəsini döş cibinə qoydu. Gəldikləri kimi də maşına doluşdular. Tələsənə oxşayırdılar. Zabit yükləri içəri yığmağı tapşırdı. Qocaya, – Yükdən göz-qulaq ol. Bu uşaq-muşağı da içəri buraxma, bura məxfi obyektdir! – səsini qaldırıb bunun əmr olduğunu anlatmaq istədi. Maşın döngədə burulub gözdən itəndən sonra oğlan qocanın ağzına baxdı. O isə, – Nə deyirsən, kömək edirsənmi mənə? – dostunun üzünə gülümsəməyə çalışdı, amma özünün rəngi bozarmışdı. Köməkləşib yeşikləri anbara daşıdılar.

– Bunlar nədir belə? – oğlan qocanın səssizliyindən darıxdı.
– Konservləşmiş ərzaq.
– Bunları kim göndərir?
– Müharibə edənlər, silah satanlar, qan tökənlər... – hələ də zabitin əmrini udquna bilmirdi.
– Niyə?
– Şikarlarını yedirmək üçün, öz əcəlimizlə ölməyək deyə.
– Bu necə ola bilər?
– Tərhalva kimi! Təki müharibə uzansın, əli silah tutanların hamısı birdən qırılmasın. Ovu bəsləyir, sonra ovlayırlar... – dinclərini alanda qoca oğlanı süzdü. Bildi ki, zabitin dediyi “uşaq-muşaq”sözü onun şəstinə toxunub. Elə bil sıxılırdı daha burda onunla oturmaqdan.

– Bir şey deyim sənə?.. – səsi titrəyirdi oğlanın.
– Mənə hər şeyi deyə və etibar edə bilərsən. Axı biz dostuq...
– Keçən ay əsgərlər buraya bir qız uşağı gətirmişdilər... Çiyinlərində düşürdülər maşının kabinəsindən. Qız nə qədər çabalasa da onların əlindən xilas ola bilmədi... Ağzına əski tıxamışdılar. İki əsgər idi...
– Yəni deyirsən ki, bunlar o qızı...
– Mən o qızı tanıyırdım. Yuxarı məhəllədə olurdu. Bütün yaxınlarını itirmişdi... Bir neçə saatdan sonra əsgərlər qızı kisədə çıxardılar. Kisə tərpənmirdi...
– Öldürmüş olarlar?..
– Qız yaşayan məhəllədə bir daha onu görmədim... O hələ çox uşaq idi...
– Gecələr gözdə-qulaqda ol, Ceko hürəndə pəncərədən bax, birdən ərzağa görə katakombaya oğurluğa girən olar... – dərhal bu söhbətin kəsilməyini istəyirdi.

– Narahat olma, bu gündən Cekonu hava qaralan kimi açıq saxlayacağam. O qoymaz burdan bir sərçə də uçsun – ona elə gəldi ki, qoca ona “Bir də sığınacağa gəlmə” deməyə çəkinir. Durub getmək istədi, – Yaxşı, mən gedim. Əgər bir köməyə ehtiyacın olsa, çəkinmə. Ərzaq yükü gələndə görsək ki, iş çoxdur, o biri məhəllədəki dostlarımı da köməyə çağıraram...
– Bu gün ikimiz də yorulduq, gedib dincələk. Amma sabah gəl, qutuları yerbəyer edək, qaimədəkilərin hamısını dəqiqləşdirək – guya heç onun dediklərini eşitmədi.
– Mütləq gələrəm! – gözləri işıldadı oğlanın.
Köməkləşib sığınacağın qapısını kilidlədilər. Parkadək yanaşı addımladılar. Sığınacağın üstündəki yarımcan binanın pəncərələrində yel vurub-yengələr oynadırdı. Katakombanın miskin göy qapısına nəzər saldılar, dinməzcə sağollaşıb ayrıldılar. Qoca gözdən itənədək oğlanın baxışları ondan asılı qaldı...

***

“Qapı-pəncərə yandırırlar”... – yanan boyanın kəskin qoxusuna yuxudan ayıldı. Pəncərənin qarşısına keçdi. Şəhər sümüksüz ət kimi yayxanmış, qızdırmadan sayıqlayırdı. Tüstü çıxan yerlərin günbəgün necə azaldığına köks ötürdü. Çölün soyuq mehi şəhərə dolmuşdu. “Bu şəhər mən tanıyandan belə qəribə şəhərdir – günəşi yandırır, gecəsinin soyuğu isə adamı kəsir. Çölün küləyi həmişə adamın yadına Allahı salır nədənsə. Elə bil Allahın nəfəsidir, nəsə deyir”... Qarşı küçədə çətirini itirmiş qocaman ağacın halı ürək dağlayırdı, – “Bu ağacın pöhrə verməyi bir də qaldı yüz ildən sonraya... Külək də əvvəlki kimi nəvazişli deyil.

Əvvəllər küləklə görüşən yarpaqlar sevincək titrəşərdilər, indiysə, zorlanmış azyaşlı qız kimi solmadan qopur budağından. Küləyin kobud öpüşündən iyrənir indiki yarpaqlar. Bu yarpaq yerdə də saralmaq bilmir. Hə, yerdəki yaşıl yarpaqlar gör zorlanmış qıza necə oxşayır”... – istədi sobanı qalasın, amma yandırmağa bir şey toplamamışdı. “Elə sakitlik idi ki, yerə düşən yarpağın da səsi az qalır eşidilsin, amma gün çıxar-çıxmaz mərmilər xoruz kimi banlamağa başlayacaq... Hər şey qaranlıqda yox olub – gözəllik, ədalət, dinclik – hər şey”... – Bu cığırlara yaşıl bərəkət sər, yaşıl yollar düzəlt, Allahım! Qoy bu şəhər dikəlsin, gedənlər qayıtsın, körpələr, uşaqlar sənin gözün qarşısında yenə oynasınlar, desinlər-gülsünlər...

Günəşin çıxmağına hələ bir-iki saat qalırdı. Axşamdan qəti qərara gəlmişdi ki, birdəfəlik sığınacağa köçsün. Alatoran olsa da təsbehini, arvadının şəklini yorğan-döşəyin arasına qoyub yükü bürmələdi, sonra çiyninə alıb evdən çıxdı. Şəhər hıqqanaraq qaranlığın ağırlığını üstündən yavaş-yavaş itələməyə çalışırdı. Bərk acmışıdı. Sığınacağa çatan kimi bir qab konservi qabağına qoyub yeməyi düşündi, – İkincini də dostumla birlikdə yeyərəm... Qarşısına təkəm-seyrək ruh kimi adamlar çıxırdı. Çoxu yandırmağa taxta parçaları toplayırdılar. “Bu gecə bombalamayıblar” – hərdən başını qaldırıb binalardan sallanan bədheybət beton panellərə baxırdı, – Elə bil şəhəri yerlə yeksan etmək istəyirlər, köpəyuşağı!..

Sığınacağın qarşısına çatanda çiynindəki yükü yerə qoydu, belini dikəldib onurğasındakı ağrını sinirdi. Oğlangil tərəfə baxdı. İşıq-zad gəlmirdi. “İndi xorna çəkir. Qoy yatsın, ömür hələ qabaqdadır, tələsəcək yeri yoxdur. Cavanlıq, diribaş cavanlıq, səni harda, nə vaxt itirdim görən”... – Kaş bu yorğun qocanı hər səhər sən oyadaydın, ay cavanlıq!.. Yat, dostum, gümrah olmaq üçün yatıb dincəlmək vacibdir. Sən qoca dostuna fikir vermə. Mən ona görə tez dururam ki, gün işığını bir az da çox görüm. Ölümün qoxusu adamın burnuna dəyəndə insanın gözündə işıqlı dünya lap gözəlləşir. Sən bunu çox sonralar anlayacaqsan. İndiysə, yat...

Qocanın yorğun gözlərinə baxan deyərdi ki, haradansa, çox uzaqlardan, uzun və yorucu yoldan gəlib. Kənddə babasının yanında qaldığı uşaq vaxtlarını, yadında qalan çayları, dağları xatırlamaq istədi, amma fikrindən vaz keçdi. Üstünü toz basmış xatirələri yada salmaq üçün əziyyət çəkəcəkdi, – “Onsuz da havalanıram, bir az da qalsa dəli kimi küçədə bağıra-bağıra gəzəcəyəm” – toz-torpağı, kif qoxusunu heç sevmirdi. Bir az aralıda boğuşan pişiklərin səsinə çöndü. Dişi pişik belini dikəldib qəzəblə miyoldayır, arada isə quyruğunu tez-tez yelləyib onunla cütləşmək istəyən erkəyin üzünə ilan kimi fısıldayırdı.

Qoca, pişikləri çox sevirdi, – “Məsum və sadiq heyvanlardı”. Dişinin cütləşəndən dərhal sonra yerdə dayanmadan mayallaq aşmasının səbəbi bu günə qədər də qoca üçün bir sirr idi. Dişinin içini yandıran göynərtini necə sinirdiyinə baxdı. “Sevişmək qarşılıqlı ləzzətdirsə, bu zavallının əzabındakı hikmət nədir görəsən, İlahi?”. Qapının qıfılını açdı. Pişiyin mırıltısına qəzəbləndi, – Zəhrimar, çər dəymiş! Heç nə vecinizə deyil!.. – ağır qapını güc verib carıltıyla araladı. “İmkan tapıb bu qapını da yağlayım gərək, cırıltısı adamın beyninə düşür...” – içəridən nəm torpağın, bir də dünən gətirilən ərzaq taralarının qoxusu gəlirdi. Əyilib yükündən yapışdı ki, içəri keçsin, amma qəfildən Cekonun boğuq səsini beş addımlığında duydu. Ceko pişiklərin erkəyini qovarağa saldı. İtin vahiməli səsi elə bil quyunun dibindən gəlirdi. Pişik qəfil götürüldü düz qocaya sarı,
– Çər dəymiş, o yana rədd ol! İtin zəhmi qocanın basaratını elə bağladı ki, əl-ayağı dolaşdı, əlindəki yükü tullayıb özünü qapının arxasına atdı. Ha itələdi ki, qapını örtsün, qapı yerindən qımıldamadı. İkinci pilləkəndə dizüstə çökdü və döşəmədə mayallaq aşdı. Pişik güllə kimi onun üstündən tullanıb sığınacağın bir küncünə qısıldı. İt ayaqlarını onun belinə qoyub qaranlığa tullandı.

– Qoyma, tez gəl, Cekonu çağır, yedi məni! – dili dolaşa-dolaşa gücü çatdığı qədər bağırdı. Bədənindən su sel kimi axdı. Dikəlib özünü eşiyə atmaq istəyəndə it təzədən elə pəl vurdu ki, qoca yerə sərildi. İçindən gizilti keçdi, baldırları isindi, elə bildi damarlarına ölüm hopdu. Özünü isladanda uslufca udqundu. Hiss elədi ki, ağzında çox pis qoxu əmələ gəlib. İt qaranlıq zalda pişiyi artıq haxlamışdı. Zavallını küncə qısnayıb boş-boşuna hürür, gözünün odunu alırdı. Cekonun səsi elə guruldayırdı ki, elə bil it sürüsü dolub qaranlıq sığınacağa, indi xorla hürürlər. Eşq oyunu yarımçıq qalmış hikkəli pişik gah miyoldayır, gah da fınxırırdı. Ceko pişiyin canını oxumuşkən qoca səsini qısıb ehmalca eşiyə sarı dartındı ki, qapını örtüb oğlangilə sarı qaçsın, amma bu şəhəri Allahın acı lənəti bürümüşdü axı...

* * *

Havada süzən mərmi pərlərinin səsi bu şəhərdə hamıya yaxşı tanış idi. Şığıyan mərminin vıyıltısı adamın onurğa beynini büzürdü. Bu səsdən adam istər-istəməz yerə sərilib dişlərini bərk-bərk sıxır, qulaqlarını tutur. Ta, mərmi partlamayınca adamın damarlarındakı qanın donu açılmırdı. İndi həmin lənət düz qocanın kürəyini hədəfə almışdı...

İlk partlayışda sığınacaq titrədi, itin hürməyi qulaqbatıran zingiltiyə çevrildi. Qoca bir anlıq alatoranlıqla qaranlığın arasında qaldı. Sonra binanın can verən beton dirəkləri çiynindəki yükü düz sığınacağın qapısına doğru əydi. Qoca ayağa durub özünü eşiyə atmaq istəyirdi ki, yarıaçıq qapının kölgəsini zülmət bürüdü. Əvvəlcə dəmir qapı zərblə çırpıldı, sonra qocanın üz-gözünü toz bürüdü. Qısa aradan sonra azca aralıda daha iki mərminin kar guppultusu eşidildi. Qoca geri çəkilib sığınacağın döşəməsinə uzandı. Toz-torpağın hənirtisi kəsiləndən sonra əllərini üzündən götürdü. Dünya qapqara zülmətə bürünmüşdü. Qoca olanları kəsdirə bilmirdi, – “Hər şey bitdimi!?” – ölü olduğunu, yoxsa sağ qaldığını yoxlayacaq şüuru qalmamışdı. Ağlı başında qəlpə kimi oyana-buyana uçurdu. Qulaqlarındakı uğultu təzəcə keçmişdi, nəbzini yenicə duymuşdu ki, beynindəki tanış pıçıltılar təzədən bərpa olundu:

– Bilirəm! – oğlan həşirdəydi, – Gözlə, bu saat gəlirəm! Mən qayıdanacan sən bir hovur otur, su iç, qorxma, indi gəlirəm! – bilirdi ki, oğlan artıq oyanıb və mərmilərin katakombanın üstünə düşdüyünü görüb, indi onu xilas etməyə adam çağırmağa qaçıb. Dinşədi ki, görsün çöldən səs-səmir gəlirmi, amma Cekonun nəbzindən və pişiyin yalvarış dolu miyoltusundan başqa heç nə eşidilmirdi. Ölüm öz sükunətini rahatca sığınacağın üstünə sərib dincini alırdı. Ceko kal-kal bir-iki ağız hürdü, amma Allah kəssin bu cür hürməyi – səsi canıyla birlikdə çıxırdı.
Qorxu hər şeyi üstələmişdi. Qoca bu cür öləcəyini heç ağlına gətirməzdi. Bağırsaqlarını qarmalayıb ölümün qucağına qaçan yaralının halı bundan min dəfə yaxşı idi.

– Ey, ölüm, burdasan? – itin hürə-hürə quyruq bulamağı kimi bir şey...
– Hə, mənəm, burdayam. Mənasız ümid üzündən özünü məhv etmə, sən burda ölməyə məhkumsan! – ölüm onun qulaqlarının dibində xısıldayanda qocanın gözləri hədəqəsindən çıxdı. Divara söykənib astaca yerə çökdü. Cekonun zarıltısı qaranlığın dibsiz dərinliyində qulaqdan itdi. “O burdadır!” – qoca içində pıçıldadı. Ceko daha hürə bilmirdi, boş-boşuna yerində atılıb-düşürdü. “Ölümün qoxusunu alıb. Toxuna bilir ölümün soyuq yanaqlarına” – dizləri əsdi qocanın. Lap uşaqlıqdan ölüm adlı bəladan gözüqıpıq idi. Müharibə acıları ona ölümün təkəbbürlü və lovğa olduğunu çoxdan anlatmışdı. Hər kəsə baş əydirən ölümdən zəhləsi gedirdi. Bir də itdən və ilandan qorxurdu. Amma indi ölüm onu itin yanındaca əsarətinə almış, canına vicvicə salmışdı.

Dizi ağrıdı. Şalvarının balağını çəkib əliylə yoxladı, – “Qanamayıb, yüngül şeydir”, – pilləkəndə yıxılanda azca sıyrılmışdı. Əlhavasına ehmal-ehmal yeriyib taxtlar olan zala keçdi. Ceko onun addım səslərinə tərəf tələsəndə qocanın əl-ayağına dolaşdı. Qorxudan qocanın bütün sinirləri dik atıldı. İt onu ötüb qapının ağzında üzüeşiyə bir-iki ağız hürdü, sonra zingildədi və yenidən susdu. Dilini ovurdunda şappıldada-şappıldada bir neçə dəfə sığınacağın divarlarına özünü çırpıb ortalıqda vurnuxdu. Qoca dizlərini altına yığıb taxtda səssizcə oturmuşdu. İt dayanmadan ləhləyirdi. “Torpağın altında qalmaq bir zülm, itin səni qapmağı da ikinci zülm” – qoca səsini ciyərlərində həbs etmişdi, ürəyiylə beyniydi qarpışan. Havanı kor-koranə əllədikcə boş qalan əlinə az qalırdı ağlasın. Dəhşət susamışdı, dili dişlərinə ilişirdi. Elə bil mərminin nəriltisi bədənindəki suyu sovurub qurutmuşdu. Dili-ağzı zəhər kimi acıydı. İtdən qorxmasaydı, gedib bir qurtum su içərdi. Ehmalca sinəsini qabağa verib Cekonun yerini təyin etməyə çalışdı. Tapmadı. “Bəs sən hardasan, məstan?” – deyəsən pıçıldaya bildi. “Bircə Ceko aman versəydi qurğunu yoxlayardım. Görəsən nəfəsliklər tutulmayıb ki?” – susuzluğunu mütləq yatırmalıydı. “Yeməksiz günlərlə qalaram, amma susuz dözmürəm... Bəlkə də şəkərim var”... – ağlı yavaş-yavaş özünü girləməyə başlayırdı.

Sığınacağın qara havası ucsuz-bucaqsız dərya kimi onu ağuşuna almışdı və o, bu sonsuzluğun azğın sularında üzməyi bacarmırdı. Qaranlıqda diqqətini çəkəcək heç bir işartı yox idi, – “Bir az da keçsin, bəlkə gözüm qaranlığa alışar... Okean bu zirzəmidən sərfəlidir. Heç olmazsa, orda başının üstündə günəş var, ətrafı görə bilirsən, Allah üzünə baxsa, özündən bir işarə kimi qağayı da göndərər”. – Nə axmaq rəng imiş qaranın zilliyi! – nəfəsi daralır, təngnəfəs olurdu deyə qorxunu ani yenib səsini çıxardı. Səsə pişik yerini dəyişib miyoldadı. Qoca ürəkləndi, – Can, qorxma, mən burdayam, tək deyilsən... – əliylə havanı yarıb pişiyi səslədi, – piş-piş-piş... Heç olmazsa pişiyin ona sığınmasını istəyirdi. Pişiyin ayağı kağıza ilişib xışıldayanda bildi ki, dünənki tərhalvanın qutusudur. “Yəqin ki, bizi xilas etmək üçün çöldə özünü didir. Zavallı dostum, indi elə bilir ki, Ceko da, mən də ölmüşük. Haydı, xilaskarım, görüm ha, taleyim indi sənin əlindədir, igidim!”... İtin hənirtisi aralanan kimi qalxıb yan taxtda oturdu.

Tərhalvanın qutusunu tapdı. Bir çimdik ağzına aldı. Ağzındakını ehmalca hayxırıb yerə tüpürdü. Halva zəqqum kimi idi. Ödü ağzındaydı. Bir azdan daha bir çimdik aldı, – “İndi bir az dadı gəlir”. Qapağını örtdü ki, qalanını dostuyla birlikdə yesin. Qulağını girişə tərəf ha şəklədi, bir səs-səmir duymadı. Qaranlıq içinə dolurdu, – Mən daha onunçün ölmüş biriyəm, yoxam. O, mənsizliyi qəbul edib...

Bir müddət yerindən tərpənmədi. Bardaş qurub oturmaqdan baldırları keyidi. – Bu da Allahın insafı! Mərmini başımıza salmadı, binanı üstümüzə yıxdı... Bəlkə də belə məsləhətdir – artıq səsini Cekoya alışdırmağa qərar vermişdi. – Mərmi bizi tikə-tikə etməkdənsə, bu cür xilas olmaq yaxşı deyilmi? Hə, Ceko? – it adını eşidib başını səsə çöndərəndə qulaqları şappıldadı, – “Dinləyir məni. Bax belə. İndi biz dost olmalıyıq”. – Gəl köhnə ədavəti unudaq, olan olub-keçən keçib. Allah bizi ağır sınağa çəkib. Dostumuz bizi xilas edənədək əlbir olmalıyıq, bir-birimizlə yola getməliyik. Burdan çıxandan sonra ürəyin nə qədər istəsə məni qapa bilərsən.

Amma burda dəlilik eləmə, pişikdən ayıbdır – dodağı qaçdı. “Mən insanam, bunlardan ağıllıyam, eyinlərini açmaq, könüllərini almaq mənə düşər” – yavaş-yavaş özünə gəlir, səsini qaldırdıqca ürəklənirdi. Özünü adam sayır, inamına təpər gələrdi. “İnsan nə qədər uzun yaşasa da, həyatdan bezib özünə ölüm arzulasa da, yenə ölümün amansızlığından daim qorxub. Di gəl, hökm verilibsə, vaxtdırsa, ölümdən o yanası yoxdur” – elə bilirdi şəhərdə qalmağa qərar verən gündən başıdik, mərdanə ölməyi özünə təlqin edə bilib, amma indi düşündü ki, yox, bu mümkünsüz xülyaymış.

– Yəqin çöldə Günəş çıxıb... Günəşin nə vecinədir ki, bir qoca, it və pişik qalıb torpağın altında... Hamımız işığa möhtacıq, dostum. Günəşin nurudur göydən sevgi endirən, bərəkəti, xoşbəxtliyi bizə gətirən. Günəşin işığı olmasa yerdə canlı olmaz. Bütün canlılar işığa möhtacdır... Sən bilirsənmi ki, işığa çox baxmaq canlını kor edir?.. Uzun zaman qaranlıqda qalsan yenə gözlərin kor olar... – “Allah göstərməsin, bu qaranlıqda çox qalsaq sonunda kor olmaq da var” – dili ağzında yanırdı, artıq dözə bilmirdi susuzluğa. Qoca bilirdi ki, qaranlıq otaqda onun özündən başqa qulaq yoldaşı olmayacaq, – Nə yaxşı ki, öz-özümə danışmaq qabiliyyətim varmış... – itin mırıltısına səsini “xırp” kəsdi. Taxtın digər kənarına keçdi. İt dayanan kimi o başladı: – Pişik də, mən də səndən qorxuruq. İstəyirsən, gəl səni özümüzə rəhbər seçək, axı qorxu gücə tabedir deyirlər.

Qorxutmağı bacarırsansa, hökmranlıq da edə bilərsən. Bizim də sənin kimi dişlərimiz, caynaqlarımız var, amma səninki daha güclü və iridir. Onsuz da qaranlıq əhədimizi üzüb, heç olmazsa, sən bu qaranlıqdan öz zəhmini çək. Qoy nəfəsimizi rahat alaq, qara qanımızı qapqara eləmə. Bax, indi durub şamı, kibriti götürməliyəm, içməyə su almalıyam. Qorxudan mənim kimi susamısan sən də, düzdürmü? İstəyirsənmi otağımız az da olsa işıqlansın? Onda fərağat dur, əgər dinc durmasan, dostumuza deyəcəyəm səni yenə kötəkləsin... Dur, adı nə idi oğlanın?.. Lənət şeytana! İt tüpürsün belə dostluğa, dostunun adını da bilmir!..

Bir qulağı itin hənirtisində taxtlardan, divardan tuta-tuta, ayaqlarını bir-birinə sürtə-sürtə uslufca rəflər olan yan otağa keçdi. Alışqan və kibriti qoyduğu yer yadındaydı, – “Alışqanın balaca fənəri də var hələ”. Əlini rəfdə sürüşdürə-sürüşdürə alışqanı tapdı, düyməsini basdı, – “Bu çinlilər yaponlardan da ağıllıdır deyəsən. Balaca aləti həm də fənər kimi düzəldiblər. Gör nə vaxtdan məndədir”. Fənərin dar, konusvari işığını ətrafda gəzdirəndə Ceko hövlnak özünü onun yanına təpdi. Qoca gözlərini yumub qınına qısıldı, – Olmaz, Ceko, olmaz! – bağırdı və ixtiyarsız olaraq işığı söndürdü ki, itin onu necə dişlədiyini görməsin. İt onun ayaqlarına sürtünüb iki dəfə bərkdən hürdü. Qorxunc səs sığınacaqda qısa əks-səda verdi. Ceko qocanın qarşısında çöməldi. “İşıq istəyir!” – Ağıllı Ceko, işığa cumdun? Dur, bu saat şam götürüm, işığa qovuşaq – bir gözü itdə, fənəri yandırıb şam qutuları olan silah yeşiyinin qapağını açdı. – Aha, buradadır! İndi işıqlığa çıxacağıq. Sən də qaranlıqdan qorxurmuşsan... Şamı yandırdı.

Pişik də yaltaq-yaltaq işığa gəlirdi. – Gəl, qorxma, Ceko özümüzünküdür... – səsinin nəvazişindən pişik yalmanıb quyruğunu tərpətdi – “Bu da itə
yaltaqlanır” – hər ehtimala qarşı rentgenmetrin uzadıcı dəmir qulpunu götürdü ki, it birdən ona cumsa özünü qorusun. Anbardan iki plastik su qabını götürüb zala qayıtdı. Şamın ərintisini azca damızdırıb taxtın başına yapışdırdı. Sudan bir qurtum aldı. Şamın işığında çöməlmiş Cekonun, qocanın və taxtın üstünə çıxmış pişiyin qarşı divarda iri kölgəsi titrəyirdi. – Yaxşı ki burdasınız, yoxsa, ürəyim partlardı tənhalıqdan – alışqanı götürüb qapının ağzını, pilləkəni gözdən keçirdi.

Qapının arasından bir neçə armatur nizə kimi içəriyə doğru yönəlmişdi. Çiynilə bir neçə dəfə qapını itələdi, – Faydasız işdir, bir qoşun da güc eləsə aça bilməz... Arxaya dönmək istəyəndə pişiyi az qaldı ayaqlasın. Ceko da, pişik də onun yanında yanaşı çöməlib qocanın qapını açmasını gözləyirdi. Naəlac qocanın çiyinlərindən elə bil girvənkə daşları asdı bu baxışlar. Xəcalat çəkə-çəkə əli ətəyindən uzun keçdi taxtdakı bayaqkı yerinə. – Narahat olmayın, bir-iki saata bizi buradan çıxararlar... – üzrxahlığından özü utandı. Əlacı olsaydı şamı söndürərdi ki, onun gücsüzlüyünü heyvanlar görməsin. – Acmısınızsa sizə ət konservi açım?.. – anbardakı yeşikdən bir qab konserv götürdü. Alışqanın fənərini dəmir bankaya tutub üstündəki etiketi oxudu: “Camel meat”... “Üstündə dəvə şəkli var, yəqin, dəvə ətindəndir”. Bıçağı axtarıb tapdı, bankanın ağzını kəsib ağzıüstə döşəməyə çırpdı. Ətin qoxusu burnuna dəyən kimi öz mədəsi də quruldadı. Torpağa bulaşmamış yerindən bir tikə götürüb ağzına qoydu. – Bəh, bəh, əcəb dadlıdır... – ağzını marçıldatdı, şamı ətin yanına qoyub taxtda ayaqlarını altına yığdı. Ceko bir ətə, bir də qocaya baxırdı. İştahı yox idi deyəsən.

Pişik isə tez-tez quyruğunu yelləyirdi. Yeməyə həvəsli olsa da hələ yaxın durmurdu. – Nə gözləyirsiniz, yeyin di! Yoxsa ikiniz bir yerdə yeməyi qürurunuza sığışdırmırsınız? Yox, dostum, yerin üstündəki bütün umu-küsüləri yığışdırmalıyıq. Burda üçümüz də qardaşıq, bərabərik. Allah üçümüzü də eyni həvəslə, eyni səbrlə, eyni məqsədlə yaradıb. Əgər burda da boğuşacağıqsa, onda bu torpağın altını üstünə çevirən alçaqlara nə deyə bilərik? Ceko, birinci sən buyur, sən bizim sərkərdəmizsən axı... – heyvanlara nümunə olmaq üçün bir tikə də götürüb nümayişkəranə çeynədi, – Əladır!.. Ceko üzünü qapıya çöndərib zingildədi, sonra divarın küncünə qısılıb uzandı. Pişik isə şamın titrəyən işığına hayıl-mayıl qalmışdı, sanki, – “Dünya dağıldımı?” deyirdi gözləri. “Mənim üzümdən hər şeyi oxuyurlar” – qoca nədən, hardan başlayacağını kəsdirə bilmirdi...

– Dilsiz-ağılsız heyvan insanların ən yaxşısından minqat insaflıdır, safdır. Sizin qədəriniz daha gözəl yazılıb. Amma biz... Bədbəxtdir insan. Nə qədər insaflı olsa və daha yaxşı olmağa tövbə eləsə də, dünyanı düzəltmək tək onun əlində deyil. Gərək bütün insanlar cəm olsun. Yoxsa tək əldən səs çıxmaz, bir ölkədən kar gəlməz. İnsan insan başı kəsərmi heç?.. Yox, Ceko, nələrisə düzgün yaratmayıb Allah. Onun qüdrətində bir boşluq var. Allahın özbaşınalığına sədd çəkən başqa bir Allah olmasa yaratdığı hər şeyi bərbad edəcək... Keçmiş bir qonşum vardı. Oxumuş adam idi. Deyirdi ki, Allahı axtarmaq, insanın özünü axtarmasından başqa şey deyil. O, biz onu axtardıqca var. Nə deyirsən, Ceko, düz demirdimi? “Gəlmisənsə, yaşa, qalanı sənlik deyil” söyləməklə haqq-hesab bitməz. Niyə yaşadığına heç kim düz-əməlli cavab tapa bilməyib, bilməyəcək də. Həyat bu deyil, başqa şeydir. Həyat ölmək üçün yox, yaşamaq üçündür...

Öz aramızdır, bir gün ölməli deyilikmi? Heç ağlına gələrdi ki, bir-birindən qorxan üç məxluqun cəsədi eyni məzarda çürüyəcək? Min il sonra da qalıqlarımızı tapan alimlər deyəcək ki, bu sümüklər qədim insan, həm də heyvansevər bir insana məxsusdur. Hm, qədərimizə bax sən!.. Yerin üstündəki canlılara adamın paxıllığı tutur... – qulağının dibini kəsdirmiş ölümə özünü təslim etmək üçün tam hazır deyildi hələ. İtin qorxunc gözləri – “Mənasız yerə donquldanma, çıxar bizi burdan!” deyirdi. Qoca isə burda öləcəyindən əmin idi, – “Ölüm burdadırsa, tək Ceko üçün gəlməyib”... – Yaradana da, yaradılana da, yaradılışa da nifrət edirdi indi. – Huşsuz, yelbeyin və tamarzı Həvvanı yaradan Tanrı kimə lazımdır? Bilsəydim Allaha yox, İblisə pənah gətirərdim! Vaxtında ov yox, bombalayan ovçular cərgəsinə keçərdim!..

– Yəqin sən də eşikdəki itlərdən ötrü darıxırsan, bir daha onları görməyəcəyindən qorxursan... Qapını təkcə beton örtsəydi qaşıyıb dəlik açardım, üçümüzü də xilas edərdim. Amma bu qalınlıqda dəmiri nə bıçaqla, nə də əllə deşmək olar... Hər şey Allaha qalıb. O da ki, dostumuz deyil, bizi sevmir, əksinə, bizə nifrət edir, – it elə bil onu anlayıb başını buladı. Biləyilə gözlərini xeyli ovdu, – Qocalıq yaman pis şeydir, Ceko. Allah bilir, ömrümüzün neçə gününü bu uçqun altında keçirəcəyik. Biz şəhər camaatı üçün sığınacaq hazırlıyırdıq, o da üç dosta məzar oldu. Heç deyiləsi dərd deyil, deyəsən bir-birimizin ümidinə qalmışıq... Sən də qocalmısan, dostum, mənim kimi oturub xilas gözləməkdən başqa heç nə gəlmir əlindən.

Pişik, bəs sənin neçə yaşın olar? – başını sığalladı pişiyin. – Yox, sən hələ cavansan... Ceko, bilirsənmi ki, pişiklər on beş il, itlər isə cəmi-cümlətanı on üç il yaşayır?.. – itin də belini sığallamaq, könlünü almaq keçdi içindən. Ehmalca qalxıb ilk addımı atdı. Qorxudan indi səsi titrəyirdi, – Uğursuz gün oldu bu gün. Bəlkə də uğurlu.., bunu bir olan Allah bilir... Dünyanın həqiqətlərinə olduğu kimi yox, görmək istədiyin kimi baxmaq yaxşı şeydir. Xudam neylər, gözəl eylər, Ceko. Allahdan ümid üzülməz. Allahın bir dili, bir üzü var. Bunun adı Sevgidir, – Ceko bir-iki dəfə udqunub ağzını marçıldatdı. Qocanın zəif əlləri onun belindəydi artıq. Qoca özlərinin məsum kölgəsinə baxıb kök ötürdü, – “Siz göründüyünüzdən də sevimli canlılarsınız. Mən bunu hələ indi-indi anlamağa başlayıram”...

– Durun bir... – fənəri yandırıb fərdi mühafizə vasitələri saxlanan yan otağa keçdi, su verməyə uyğun qab tapmadı. Axırda DP-5 rentgenmetrin metal qutusunu boşaldıb qapağını qırdı. Cihazı yerə tulladı. Qabı su çənindən doldurdu və bayaqkı yeməyin yanına qoydu, – Di için! – heyvanlar maddım-maddım onun üzünə baxırdılar, – “Heç hənanın yeridir? Sən burdan çıxmaq barədə düşün!” – bunu kor adam da onların üzündən oxuyardı...

– Bismillah eşitmiş şeytan kimi devikib durmayın! Yeyib-içməsəniz eşiyə meyitiniz çıxacaq! Ceko, yaxınlaş, dostum. Unut hər şeyi! Biz yəqin ki, axşamadək burda qalmalı olacağıq. O qapının ağzını açmaq üçün çoxlu insan, ya da ekskavator lazımdır. Şəhərdə isə o qədər insanı bir yerdə cəm görməzsən. Görək dostumuz nə edə biləcək... Narahat olma, o bizi burda qoymaz.., – amma nə it, nə də pişik yerlərindən qımıldandı. Qəfildən qulağına səs gəldi. – Siz də nəsə eşitdiniz!? – təkrar dinşədi. Davamı gəlmədi səsin. – Siçan-siçovul olar. Ərzağa görə bura dadansalar, məstan, kefindir... Könlün siçan istəyirmi?.. Babam hər zaman deyərdi ki, at su içən yerdən su iç – at çirkab içməz; yatağını pişiyin yatdığı yerdə sal – pişiklər təmizkar heyvandır; içində qurd olan meyvəni ye, köstəbəyin yuva qazdığı yerdə ağac ək, ilanın qızındığı yerdə ev tik; danışmaqdan çox susub qulaq asmağa üstünlük ver – qəlbində, ruhunda sakitlik məskən salacaq. Elə bil hamısı bir yerdə cəm olub indi. Axırda köstəbək olmasaq yaxşıdır.

İt acıqla ona iki ağız hürəndə dodağı qaçdı, – Düz deyirsən, tərs olan bir şey varsa, o da zəvzək qocadır... Boş-bekar oturmuşuq, bir şeylə başımızı qatmalıyıq ya yox? Lal-dinməz bir-birimizə baxsaq havalanarıq. Yemək də yemədiniz... Deyəsən başınızı çox ağrıtdım, eləmi?.. – əllərini başının altında cütləyib taxta uzandı. “Yorğan-döşəyim də eşikdə qaldı, hələ şəkil, təsbehim”... – gözlərini yumanda yenə gülməyi tutdu. – “İşıq yoxdursa gözlərini niyə qapayırsan ki?”... Xəyallarını qaranlıqdan eşiyə çıxarmağa çalışdı ki, yuxuya gedə bilsin. ”Günəşin doğmasından iki saata yaxın vaxt keçmiş olar, indi gündoğan tərəfə baxanda günəşin telləri iynə kimi adamın gözünə millənir... Heç olmazsa oğlan da bizimlə olsaydı, heç bu qədər dərd etməzdim... Amma yazıqdır, Allah eləməsin! İndi yəqin mənim, Cekonun yolunda əlataş qalıb... Müharibə çıxaran, Allah evini başına yıxsın!.. – indi daha çox yazığı gəlirdi eşikdəki şəhərə. Elə bil şəhər onsuz lap müdafiəsiz və kimsəsiz qalmışdı. “Bəlkə də məni katakombada yaxalayan elə oğlumun keçmiş dostlarının atdığı mərmidir”...

Oğlu vaxtilə müxalifət dəstəsinə qoşulmuşdu. Bir zamanlar haqq-ədalət xeyli müddət elə müxalifətin tərəfindəydi. Lakin xarici muzdluların sayı günbəgün artandan sonra xoruzun quyruğu göründü. Oğlu da anladı ki, kimin tərəfində olursan ol, döyüşmək mənasızdır, – “Buranı cəhənnəmə döndərəcəklər” dedi və silahı yerə qoydu: – Əmr verən də, əmrə tabe olan da eyni şər gücdür. Hamısı amansız qatillərdir. Xalqı, torpağı qorumaq cəfəngiyyatdır. Bizə təkcə itaətkar olmağı öyrədirlər. Başımızın ətini elə yeyiblər ki, kimə güllə atdığımızı da soruşa bilmirik. Ancaq əmrə tabe olmalısan. Amma kimin əmrinə? Hansının əmrinə? Əmr neçə yerdən olar? Bilmirsən kimdir atan, kimi vurur, niyə vurur... Arada ölən dinc uşaqlar, qadınlar, qocalardır. Kökünü kəsəcəklər bu xalqın. Uçub-dağılmış, zibilliyə dönmüş şəhəri bombalamağın nə mənası var axı? Çöl komandirləri özlərini lap Tanrı kimi aparır. Bilmək olmur ki, bu qədər vəhyi hardan alır, niyə özlərindən bu qədər yekə görünürlər. Sanki ən alicənab insan budur, sən də yanında əmgəyi bərkiməmiş uşaqsan. Özü-özünün heykəlidi, zalım uşağı! Bircə səxavətlidirlər. Tabeliyindəkiləri heyrətə salmaq üçün ən yaxşı vasitənin səxavət göstərmək olduğunu anlayırlar. Silah, pul, qadın paylamağa xəsislik etmirlər, – oğlunun ogünkü təlaşını heç unuda bilmirdi. Qoca demişdi ki, şəhəri yerlə yeksan ediblər, daha əlisilahlı qalmayıb bu cəhənnəmdə, tezliklə müharibə də bitər. Amma oğlu daha uzaqgörən olmuşdu, gülmüşdü atasının sadalövhlüyünə, – Şəhəri talayırlar, günahsızları öldürürlər, küçə divarlarını uşaqların, qadınların, qocaların qanı ilə təzədən rəngləyirlər. Bu müharibə deyil, əyləncəli insan ovudur! Aranı qatanların hamısı özləridir. Ayrılmış pullar bitənədək bu torpaqlar bombayla çox şumlanacaq hələ. İblisin nifrətamiz təbəssümü gec çəkiləcək bu səmadan, – atasının da onlarla birlikdə vaxt varkən buralardan uzaqlaşmağını təkid edirdi. Lakin qocanın tərs damarı tutmuşdu, – Mən də qayınatan kimi ağsaqqal kişiyəm. Ananın məzarını, evimi, şəhərimi qoyub qohumun qoltuğuna sığına bilmərəm. Sən uşaqlarını götür get. Mən qalacağam. Onsuz da ölümlə hər gün üzbəüzük, əcəlin gözünün odunu almışıq. Öləndə də başqaları necə, mən də elə – qalacağam şəhərin altında...

– Dünyaya bir dəfə gəlirik, ata. Bizim də dinc yaşamaq haqqımız var. Bu müharibənin bizə dəxli yoxdur. Burda insanlıq ölüb! Gördüklərimi sən də görsən, deyərsən ki, bunları quduz it dişləyib...
– İnsanlar pis deyil, sadəcə kimsə onların ağlına yeridib ki, onlar murdar məxluqdur. O da murdar saydığı insanlara silah çəkir.

– Uşaq kimi danışırsan, ata! Aqibətlərini bilə-bilə daha çox pul, güc qamarlamaq ehtirası insanlığın kökünü çoxdan qazıb. Sənə deyirəm ki, burda insan başı kəsirlər. Kəlləni verirsən “baş tədarükü məntəqəsi”nə və pulu alıb qoyursan cibinə. İnsan öz başına da məzənnə qoyarmı heç?.. Ölkəni çapıb-talayan rəhbərlər ailələrini də götürüb aradan çıxıb, adlarını çəkən də yoxdur. Bəhanə axtaran silah alverçiləri isə dava-şavanın uzanmasında, hələ qonşu ölkələrə sıçramasında maraqlıdır – oğlunun fikirləriylə tam razıydı. Qınamırdı balasını. Hələ cavan idi, yaşamaq istəyirdi. Bezmişdi döyüşməkdən. Balalarını güllə-boran içində gözüqıpıq böyütməyi hansı ata istəyər ki?..

Qayınatasıgilə köçməyi də ağıllı qərar idi. Nə də olmasa, müharibənin qığılcımı hələ oralara gec çatardı. İntəhası, nə qədər çalışsa da, atasını özüylə aparmağa razı sala bilmədi. Qoca iki ayağını bir başmağa dirəyib şəhərdə qalası oldu, – Mən yaşadığımı yaşamışam. Eyni sözü çox döndərmə, şəhərdə qalacağam dedimsə, demək, burda qalmağı seçmişəm və qalacağam. Sən vaxt itirmə, çıx get buralardan... – nə qədər tərs adam olduğunu oğlu yaxşı bilirdi. Atasının iradəsinə naəlac tabe oldu. Fikirləşdi ki, arada imkan edib atasına dəyəcək. Amma oğlu o gedən getdi və onu heç axtarmadı. Qoca buna görə balasından incimirdi, – “Müharibədə insan ucuzlaşır, ölüm adiləşir, mənim yasımı çoxdan unudub. Nə olsun ki, atasıyam, o özü də atadır axı”...

* * *

– Odur, oğlandır! Axır ki!.. – qulağı oyaq imiş, xışıltıya yerindən dik atıldı. Qulaqlarını qapıya şəklədi... Amma yox, bu, pişik idi – yeri cırmaqlayıb nəcisini gizlətməyə çalışırdı. Sevinci gözündə qaldı. Şam əriyib qurtarmaq üzrəydi. Pişik ehmalca yerdəki ətə yaxınlaşıb əvvəlcə qoxladı, sonra vərəq kimi nazik dilini çıxarıb yemi azca yaladı. – Ye, məstanım, çəkinmə, nuş elə! Yem təzədir, mən dadına baxmışam. Yəqin ki acsan, hələ nəm torpaqda üşümüsən də. Ağıllı pişiksən. Ceko, sən də gəl, aclıq səni üzər yoxsa, qardaş... İt mırıldadı. Pişik də bu mırıltıdan qorxub heç nə yemədən öz küncünə qısıldı. “Dadına baxıb, hara getsə, mütləq gəlib yeyəcək”, – Sizin kimi utancaq, qürrəli heyvanlar görməmişəm!.. – çişəyi gəlirdi. “Mənim də böyrəklərim lap xərifləyib” – azca şalvarına qaçırmışdı və ona elə gəldi ki, Ceko islaq ləkəni sezdi. Xəcalət çəkdi itdən. Alışqanın fənəriylə ayaqyolunun qapısına sarı yeridi. İt onun ayaq səslərinə biganə idi. “Görəsən bu cür qaranlıqda it yaxşı görür, yoxsa pişik?.. Ceko iri gözlərini eyzan bərəldib baxır. Demək ki, görmək üçün daha artıq enerji sərf edir. Pişik isə sərbəst gəzir. Lap qatı zülməti demirəm, amma adi qaranlıqda mənim gözlərim də pis seçmir. Hər halda, pişik gözündən geri qalmaz... Görəsən saat neçə olar indi? Bir azdan buranın havası ağırlaşacaq, vaxtında xilas olmaq lazımdır”...

Qayıdıb taxtında oturdu. Pişiyin hərəkətlərinə diqqət kəsildi. Heyvan artıq küncdə dinc dura bilmirdi. Quyruğunu yelləyib yemə baxır, ayaqlarını qabağa uzadıb tez-tez gərnəşirdi. – Hə, gəl görüm, naz eləmə! Bir də, hə! Yaxşı-yaxşı iylə! Qoy ətin iyi səni məst eləsin. İştahla ye! Onları yeyəndən sonra da suyunu iç. Ətin suyuna nə qatıblarsa, əcəb ləzzətlidir. Deyəsən dəfnə yarpağıdır. Çəkinmə, məstanım, ye getsin! Pişik bir gözü Cekoda yemə yaxınlaşdı. “Yeyəcək! Ağzı nədir yeməsin”, – qoca sevindi, – “Allah özü yerin altında onun ruzisini yetirib”... Pişik itə tərəf baxıb miyoldadı. – Bir buna bax, Cekonun halallığını istəyir! Ay səni, cüvəllağı! Pişik ilk dişləmi götürüb ləzzətlə çeynədi. Ceko maddım-maddım pişiyə baxır, yerindən tərpənmirdi. – “Yaman qürurlu itdi, pişiyin ağzı dəyən yerdən çətin ki yemək yesin... İt kimi acıb, amma qüruru ona imkan vermir”.

İt mırıldadı, deyəsən pişiyə cummaq istəyirdi. Qoca heç nə başa düşmədi. – Qurtar tərsliyi, qorxutma bizi! Yeyirsən, gəl sən də ye, ya da dişlərini qıcama pişiyə! Bizim sənin nazınla oynamağa səbrimiz yoxdur! Ceko qocaya hürdü. – Yaxşı, ağıllı ol. Başa düş, bu qaranlığa öz xoşumuzla düşməmişik, üçümüz də eyni qədərin dustağıyıq... Qoca hər ehtimala əlini ehmalca rentgenometrin uzadıcı qulpuna atdı. Dəmir parçasını itə göstərdi. İt ayağa durub dişlərini qıcadı və daha nifrətlə ona baxıb bir-iki addım atdı. “Vallah, bir xata çıxaracaq bu çər dəymiş” – ancaq ağzındakını dilə gətirməkdən çəkindi, – “Hər ağlına gələni dilə gətirəndə tərslik olur” – ayaqlarını altına yığıb dəmiri əlində səhmanladı. Ceko yemə sarı gəlirdi.

Pişik işini bildi, uslufca aralandı. İt qoxlaya-qoxlaya yemə yaxınlaşdı. Amma yemədi, məlul-məlul qocaya baxdı. – “Qoxusu əməlli-başlı tutdu!”. Qoca rahatlandı, əlindəki dəmir qulpu ehmalca yerə qoyub durdu. Anbara keçib bir qab da konserv götürdü. – Sənə lap təzəsini açaram... Bıçaqla qabın ağzını açıb bayaqkından bir az aralıda yerə tökdü, – Di ye! – ehtiyatla yerinə qayıtdı. İt yemi qoxladı və ilk tikəni ağzına alıb ləzzətlə çeynədi. – Bir az da ud görək, yaxşı-yaxşı ye! Elə ye ki, bir daha məndən zəhlən getməsin. Bax, bir də mənə dişlərini qıcayıb üstümə hürsən, səni bu dəmirlə kötəkləyəcəyəm... Aclıq itin qüruruna üstün gəlmişdi. – Kaş oğlan sənin necə iştahla yediyini, necə dost olduğumuzu özü görəydi... Gündə üç kərə yemək verəcəyəm sənə, özü də hər dəfə bir dolu qab. Pişik, sənə isə gündə iki qab.

Çünki siçanlar sənin ixtiyarındadır, əziyyət çək, istədiyin qədər tut, ye. Özümə isə gündəlik bir qab bəs edər. İt qapıya tərəf baxıb yazıq-yazıq zingildədi, – “Dərdim yemək deyil, çıxar bizi burdan! Sinəsinə döyüb “mənəm-mənəm” deyən insan deyilsənmi?” – qoca onu başa düşürdü – “Yox, mən əlimi-qolumu sallayıb gözləyə bilmərəm, nəsə etməliyəm”. Fənəri götürüb yan otağa keçdi. Divarı sökməyə ağır bir şey axtardı. Gərəkli bir şey tapmadı. Ling kimi istifadə etmək üçün qapının arasından içəri millənmiş yoğun armaturu əyib qırmaq qərarına gəldi. İt yeməyini yeyib bitirmişdi və ağzını yalayaraq ona baxırdı. – Bəsindir, acgöz olma. Biləyimizin gücünü, ərzağı, suyu qorumalıyıq. Bilmək olmaz, bəlkə heç oğlan bizim burda olduğumuzu görməyib... “Bu da insanlığın bir ağır yükü! Di yedir bu acğözləri!” – Biz istirahətdə deyilik, yuxarıda insanlar bir-birini qırır. “Gəl qandır bu şüursuzları, görüm necə qandırırsan! Onları qarınlarından və işıqdan başqa heç nə düşündürmür”...

Vaxt ötdükcə hövsələsi daralır, oturmaqdan bezirdi. Havayı yerə şam əriyib qurtarırdı. Durub ayaqlarını ovuşdurdu. Təzə şam yandırıb qapının yanında yerə qoydu. Armaturu dayanmadan sağa-sola, aşağı-yuxarı qanırıb qoparmağa girişdi. Ceko və pişik nəzərlərini ondan çəkmirdilər. “Hələlik qüvvəmi itirməmişəm. Deyəsən dostlarım yeməyi sevmədilər... Eyb etməz, az yeməyə alışsınlar. Axı bu oğlan harda qaldı belə, niyə gəlib çıxmır?..

Görünür, yuxarıda möhkəm qarışıqlıq var. Keşkə, tez çıxaydıq burdan, mənə danışaydı bu qədər ləngiməyinin səbəbini. O şövqlə danışdıqca, bir yaxşı-yaxşı ona baxaydım. Görəydim mənə görə necə narahat olub... Sızanağı onu lap kişi kimi göstərirdi”... – gülümsündü. Dincini almaq istədi. Geri qayıdanda baxdı ki, Ceko pişiyin artığını yeyir. – Ay səni, acgöz qarınqulu! Bəs bayaq yemək istəmirdin!?. Yaxşı deyirlər, bir yemirəm deyəndən qorx, bir də istəmirəm deyəndən! – yerinə uzandı, gözlərini bu zavallı heyvanlara dikdi. – Vallah, eyni ömrü yaşayırıq! Sən insan günündəsən, mənsə, it günündə. Ceko, görəsən üçümüzün taleyini bir zirzəmiyə yazan Tanrı nə düşünüb bizim ağzımızı bu dalana dirədi? Sən də mat qalmısan?.. İt çiyinlərini çəkdi sanki.

Elədir, ən böyük yalanla üz-üzə qalmışıq. Ağlına gəlməyən şeylərlə qəfil rastlaşanda adam mat qalar. Onda hər adi şeyin dəyərini, öz çəkini dərk edirsən. Sən narahat gözlərinlə, təlaşınla mənə hər şeyi hiss etdirə bilirsən. Hansı ki, bu baxışları bəlkə min dəfə görmüşəm və heç vaxt fərqinə varmamışam. Amma indi yadıma düşür səni dostum döyəndə mənə necə incik baxırdın. Oğlandan ötrü darıxdığını anlada bilirsən, həyatı gördüyün kimi yaşamaq istəyinə toxuna bilirəm... Pişik onun təmkinli danışığına sığınıb özünü qocanın ayaqlarına sürtdü. Qoca onu qucağına aldı, başını sığalladı, – Zavallı pişik.., səni isə daha yaxşı anlayıram. Sevginin, ehtirasın dilini mən də bilirəm. Sevmək, səmtini bilmədiyin şiddətli axına düşüb əl-ayağını hər şeydən üzməkdir. Bəlkə də sevgi ona görədir ki, canlılar sağ olduqlarına sevinsinlər.

Cavanlığın öyüd qanmayan tufanıdır sevgi. Qocalanda isə mənim kimi eşqə yaramayacaqsan, yarı ölü olacaqsan, yarı diri. Halına bir bax, eşq ağlını bürüdüyü vaxtda, sevişdiyin yerdə başına bomba yağa. Üstəlik, böyürdən bir it çıxıb sənin ağzını cəhənnəmə dirəyə. Vay halına, məstan! Bir şeyi istəyəndə bunu gərək Allah da istəyə, yoxsa, əlin ətəyindən uzun qalar. Qədərə nə ki bəddua yağdırsan, yenə haqlısan... “Görəsən Tanrı öz sirlərini niyə tam açıq şəkildə ötürmür, bizimlə gizlənpaç oynayır? Allahın ağzı-qulağı yoxdurmu görən, hər şeyi ağızdan qulağa ötürsün? Axı biz belə vərdiş etmişik? Bu qədər araçıya nə ehtiyac var, yoxsa yaratdığından utanır deyə gözə görünmək istəmir?”... – gözüylə qaranlığı daradı, Allahı qoxladı.

– Məstan, sən necə düşünürsən bəs? Bəlkə Tanrı pisliklərin kökünü kəsmək istəyir, amma bacarmır, buna gücü çatmır? Onda nəyi Tanrı oldu bunun? Hə? Yoxsa gücü çatır, amma belə davam etməyini istəyir? Onda nəyi rəhmli oldu Tanrının?
Ceko taxtın altına girib yayxandı. Qocanın və pişiyin nəfəs aldıqlarını, hələ sağ olduqlarını duyub rahat olmaq istəyirdi. Təklikdən qorxurdu. “Qınamalı deyil, axı o da candır... İki “düşmən” birləşib – Ceko tənhalıqdan sıxılır, bizə paxıllığı tutur, məstan – pişiyə pıçıldadı. “Belə vaxtda təskinlik ən yaxşı dərmandır” – düşündü:

– Əziz dost, bu qaranlıq zindan çox da qanını qaraltmasın. İşıqlı gündüzə çıxanda günəşin qədrini daha çox biləcəksən. Amma qorxuram burdan çıxandan sonra aylı-ulduzlu gecələrdən də qorxasan... Bir az insan kimi düşünməyə cəhd elə – canın ağrımırsa keçici əzablara dözməyi bacar. Əzab çəkmək qorxusu ağrının, əzabın özündən betərdir. Arzu və ümidlə vuran ürək ağrımamalıdır. Hər qum dənəsi necə yaranırsa, ümid, arzu da elə yaranır. Sahibinin, dostlarının gülər üzünü xəyallarında canlandır və yat. Həyatı qorxunc bilənlər üçün həyat həqiqətən qorxunc olur. Amma biz bu qorxunc qaranlıqdan tezliklə xilas olacağıq. Bunu sənə insan olaraq söz verirəm! – əllərini hövkələyib təzədən düşdü armaturun canına...

davamı var...Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2020    »
 123
45678910
11121314151617
18192021222324
25262728293031