manera.az
manera.az

Sığınacaq - Rəşid Bərgüşadlı

Sığınacaq - Rəşid Bərgüşadlı
(povest)

1

Bir vaxtlar havası, torpağı əmin-amanlıq qoxardı, insanları sevgi əkib-becərərdi. İndi isə zülm başının üstünü elə kəsdirib ki, öz dağıntılarına qəmli nağıllar danışır bu şəhər. Üç ilə yaxındır şər yapışıb hulğumundan, buraxmır. Silah anbarlarında çürüyən bombalar havayı getməsin deyə hər gün onun təpəsində çatlayır. İblis bir ölkənin vətəndaşlarını yüz yerə parçalayıb bir-birinə qırdırır. Nə qədər əlisilahlı dəstə olarmış, İlahi... – hökumət qoşunları, müxalifət birliyi, xarici muzdlular, dini qruplaşmalar, separatçılar – hamısı da bir-birinə qənim kəsilib. Əksəriyyəti də qoynunda böyütdüyü doğma sakinləridir. Yorulmurlar, bezmirlər vurub dağıtmaqdan. Sahibsiz qalıb, sınaq poliqonuna dönüb, mərmi partlayışları asqıraq, öskürək qədər adiləşib. Canı ağzından çıxmamış ruhunu bombalayırlar şəhərin. Dilbilməz mərmilərin ölüm ayağında inləyən, əldən-ələ keçən qadın kimi hıqqanan şəhərə zərrə qədər yazığı gəlmir. Günəş hər batanda ölüm yatağına girir. Küçələrin ölü sükutuna qaranlıq da qarışanda dağıntıların qaramatı adamın tükünü ürpədir. Mərmilər susan vaxt təkəmseyrək adamlar çarşab kimi qara sükuta bürünüb dağıntılar arasında sərgərdan kölgə kimi görünüb itir.

Üzlərinə ölümün ruhu çoxdan hopmuşdu bu binəvaların. Şəhərin ciyərindən gündə on-on, iyirmi-iyirmi, əlli-əlli sökülüb qopur, dağıntıların ağır yükündən boşalırdılar. Xarabazara çevrilmiş bu şəhər onların heç birini sevmirdi, sevə bilmirdi. Bəlkə də gözlərinə toz-torpaq dolmuşdu deyə heç onları görmürdü. Nə onlar şəhəri qoruyurdu, nə də şəhər onları. Burda qalanlar ölümü özgə yuvasına sığınmaqan üstün tutan, hər çıxan günəşin sülh gətirəcəyinə inanan tənha qocalar, seçimi olmayan başsız ailələr, yetim qalmış uşaqlar idi...

Dağıntılar altında qol-qıçını itirmiş itin zingiltisi dayanmadan ulduza bülənəndə, itlərin hərəsi bir səmtdən ağız-ağıza verib ulaşardılar. Sanki ona, – “Dözümün olsun, zarıma, ya öl, ya da sus!” – çımxırırdılar. Hikkəli itlərin səsi insanlara həyan idi. Diri qalan insanlar elə bilirdi ki, onlara toxtaqlıq vermək xatirinə hürür bu itlər. Sussalar, şəhərin xırıltısı da tamam kəsiləcək, əbədi ölümə birdəfəlik təslim olacaq. Hə, sahibsiz itlərin qarğaşalı ulartısı can verən şəhərin son xırıltılarıydı... Bir də uçqun altından salamat adam çıxanda üzü azacıq gülürdü şəhərin. Bəxti gətirən insanlar onun özünə də təsəlli verirdi. Qəddi əyilmiş pinti və atılmış xəstə qoca kimi yalnız onda azca ümidlənir, – “Ölümün cəngindən qurtulmaq mümkünmüş”... – tozlu nəfəsiylə imdad diləyirdi kürəyini yandıran Günəşdən...

* * *

Nalə çəkən qadının səsinə oyandı. Pal-paltarlı girmişdi yorğanın altına. Bircə ayaqqabılarını çıxarmışdı. Ciyər dağlayırdı qadının səsi, – “Yəqin nəvəsini axtaran həmin arvaddır, meyitini tapıb. Yazıq...” – qadının naləsindəki təskinlik, bir az da sevinc payını duya bilirdi. “Bu qadının ciyərinin pərdəsini soyub kamança çanağına çəkəsən, ürəyinin tellərindən isə simlərini düzəldəsən... Səsi Allahı ağladar!”... Üç ildir burda öz əcəliylə öləni ağlamırlar. Dəfn mərasimi qara rəngdən çoxdan çıxıb. İnsan naləsinə biganə qalmağı öyrənmişdilər, başqasının dərdinə yüklənəcək halları qalmamışdı, – Allah götürən naləni bəndə niyə götürməsin ki?.. – bu qədər bivec və qəddar olmuşdular. Amma öz qanında xıncımlanıb eybəcərləşən, kələm tutması kimi qıcqıran cəsədi tapmaq, onu yuyub nəyəsə bükmək, torpağa basdırmaq ölüm adlı filmin ən cod səhnəsiydi. Allahın hüzuruna eybəcər halda getmək ürəkdağlayan işgəncə idi onlar üçün... Bir-birinə tərəf yumalanan qayanın arasında qalan insan ölümə məhkumdur və bu qisməti özləri könüllü seçmişdilər.

– Sağ ol, İlahi! Başsız qalan yetimlərə, qanıyla küçələri suvardığın insanlara görə çox sağ ol. Qoy sən istəyən kimi qan su yerinə axsın. Günahı kimin boynuna qoyursan qoy. Yox, əgər sənlik deyilsə, düş aşağı allahlıq taxtından, təslim ol, qoy İblis rahat otursun taxta. Cəhənnəmi mənim üçün boş saxla, tezliklə gələcəyəm. Burdakı vəhşətin hesabını soracağam, cənnəti sənə dar edəcəyəm. Əgər desən ki, – “Mən bunu istəmirdim!” – göz yaşı axıtsan, iki əlim yaxanda olacaq. Şərin ayaq tutub yeriməyinə imkan verirsənsə, bunca kitablarla sənin heç əlaqən yoxuymuş demək! Belə çıxır ki, hamısı cəfəngiyyatdır, baş aldatmaqdır, sən özün istəmirsən yerdə xeyir qalib gəlsin... – hirslə saç-saqqalını hövkələdi.

Şəhərin “öskürəyi” dünəndən səngimişdi. Axşamdan təxmini hesablamışdı ki, bu gün cümədir. Arvadının məzarını ziyarətə gedəcəkdi. “Allahdan ümid üzülməz” – kirli yorğanı üstündən atıb qalxdı. Adəti üzrə divardakı çatlaq güzgüdə təraşsız, gülüşü yadırğamış üzünə baxdı: – Günaydın, qoca! – bu köhnə güzgü onun istəklərinə zidd, onu olduğu kimi göstərməyən dünya kimi idi gözündə. Dəmir parçı suyla doldurub bir qurtum aldı. Bir böyrü sallanmış qapını ehmalca qaldırıb araladı. Üzü üzlər görmüş bu qapı onu hər dəfə köhnə dost kimi cırıltıyla qarşılayıb sevincək salam verir, kədərlə yola salırdı. Qalaqlanmış beton plitələrin üstüylə az qala iməkləyə-iməkləyə eşiyə çıxdı. Qəbristanlıq şəhərdən bir xeyli aralıda salınmışdı. Piyada iyirmi beş-otuz dəqiqəlik yol idi. Amma dağıntıların əlindən bir saata çatsaydı böyük iş idi.

Mənzil başına çatanda hava işıqlanmışdı. Səma tər-təmiz idi. Buludlar təzəcə şəfəq saçan günəşin qabağını kəsmişdilər ki, çıxıb yerə boylananda şəhərin eybəcər halını görüb ruhdan düşməsin. Qəbristana zanbaq vaxtı daha çox gedərdi. Elə bilirdi ki, arvadı indi cənnətdə güllərin dibini sulayır, zanbaqlar da yerin üstünə çıxır. Bununla xeyli təsəlli tapırdı. Kimsəsiz qəbristanlıqda taleyini, tənhalığını, bərbad hala düşmüş şəhərini xısın-xısın ağlayıb içini boşaltdı. Bura tənha və kövrək qocalar üçün ağlamağa ana qucağı qədər məhrəm yerdir. Burda özünü əmin-amanda hiss edirdi. Mərmilər ancaq təsadüfən düşürdü məzarlığa. Orda bombalanası nə vardı ki... “Qocalar da arada uşaq kimi hönkürməyi sevir” – keçən dəfə burda dostlaşdığı oğlana belə demişdi.

Qəfildən çiyninə qonan göyərçin əlləri qocanı öz xəyal dünyasından ayırmışdı. Çönəndə, suyuşirin, yuxudan kal durmuş uşaq kimi məsum, arıq bir oğlanı görmüşdü. On beş-on yeddi yaşı olardı. Görünür onun da əzizi yatırdı bu ölülər məskənində. Bəlkə də kimsəsizdir, sığınmağa adam axtarır. Ya da əzizini qoca kimi sidq ürəkdən ağlaya bilmədiyi üçün onun kimi kövrəlmək, onun kimi ağlamağı öyrənməyə gəlmişdi. Oğlanın gözləri nəm bulud kimi doluxsunmuşdu. Adama elə baxırdı ki, elə bil şəhərin üstünü alan qara buludları təmizləməyə gəlmiş, bunca vəhşətə son qoymaq üçün İlahidən iznsiz yerə enmiş mələkdir. Nəmli gözlərində bir məhrəmlik, təsəlli, toxtaqlıq vardı. O baxışlar qocanın ruhuna güc verdi, tənha və kimsəsiz olmadığını anlatdı.

Ayağa durub gözlərinin yaşını siləndən sonra oğlanın telini oxşayıb üzünə gülümsəmişdi. “Yəqin bayaqdan pusurmuş” – səslə ağladığına utanmışdı. “Şəhər gündə bombalanır, itiyi olan iki saatdan sonra yasını unudur, bu isə beş il qabaq ölmüş qarısının həsrətini ağlayır deyəcək”– xəcalət çəkmişdi arvadını ağladığına. Qəbristanlıqdan birgə çıxmışdılar. Qol-boyun lal-dinməz xeyli yol getmişdilər. Sən demə yolları da eyniymiş. Evinə dəvət eləmişdi, amma uşaq razılaşmamışdı, – Evdən nigaran qalarlar... Düz eləyirdi, kimin nəyi vardısa, gözünün qabağından qoymaq istəmirdi. Oğlan “katakomba” ilə üzbəüz həyət evində yaşadıqlarını demişdi...

Yan-yörəyə göz gəzdirib yenə adəti üzrə ömür-gün yoldaşının ruhuyla dərdləşdi: – Adamın ölüyə paxıllığı tutur. Bu qədər guphagup vecinə də deyil. Sən öldün, canını qurtardın. Dünya əzabının davamını, xatirələrin yükünü təkcanıma mənə çəkdirirsən. Tez öldün, tez... Əslində insanın neçə il yaşaması şərt deyil – istər əlli, istər yüz yaşa – onsuz da bu, yenə azdır. Ölüm hər yaşda adama dəhşətli gəlsə də, vaxtında ölmək nicatdır, xoşbəxtlikdir. Bəxtin gətirdi, qanlı-qadalı günləri görmədin. Amma mənim yuxusuz gecələrim, səksəkəli gündüzlərim əsl cəhənnəm əzabıdır. Ömrün ən ağır yükü qorxu-hürkülü və yuxusuz gecələrdir.

Sən bunu bilmədən getdin. Axı gecələr yatmaq üçün verilib. Yuxu yata bilməmək ağır əzabdır. Yuxusuz gecələr məni için-için yeyib bitirib. Sənin sözündür, – “Sürünməyən balanı ana gürzə özü yeyir” – mənimki yaşamaq deyil, sürünməkdir. Sürünürəm ki, gürzəni çaşdırım, – şəhərə düşən mərminin səsi fikrini dağıtdı. – Budur, bax, günümüz belədir... Göydən nicat gözləyirik, əvəzində təpəmizə qapaz geydirir! Belədir bizim Allahımız. Adam imandan-dindən çıxmasın, neyləsin?! Yenə də intihar etməkdənsə, öz ölüm növbəni səbrlə gözləmək daha yaxşıdır. Bəlkə vəd etdiyi axirət doğrudan var, dediyi kimi rəhman və rəhimdir...

Gün sürətlə qalxırdı. Acmışdı. Dünən günorta yediyi kartof soyutmasının üstündəydi. Bir azdan qızmar günəş günahsızları qarsmağa başlayacaq. Gün qızmamış xarabazara çatmaq lazım idi. “Xarabazar” – insanlar öz adlarını yadırğadıqları kimi şəhər də öz adını unudub xarabalıq olandan”... Yuxusuzluqdan gözlərinin altı tuluq bağlamışdı. İridənəli təsbehi çəkən sağ baş barmağı donqar görünürdü. Qocalıq onun əhədini üzmüş, qəm-qüssədən peysərini dərin qırışlar örtmüşdü. Uçqun altında qalanları xilas etməkdən nataraz əllərini beton panellər döyənək etmiş, barmaqlarının ucu cadar-cadar olmuşdu. Gözləriydi bircə cavan, diri, şux və sulu qalan...

Toz-torpağınadək zülm, nifrət hopmuş şəhərdə sevgi, sülh göyərçini kimi qalan həmin oğlanı görmək istəyirdi. Onu məlhəm bilirdi tənhalığına.
Üzündəki təmkin, səbrdən doymamışdı. Qoca təzə güc, inam toplamalıydı özündə. Ayaqları onu katakombaya sarı dartırdı...

Çoxdan bu tərəflərə ayağı düşmürdü. Daha doğrusu, gözü qorxurdu bu tərəflərdən. Birdən dayandı və qulaqlarını şəklədi. Uzaqdan heç nə görsənməsə də keçmişdə cavanların futbol oynadığı meydançadan yenə uşaqların şən hay-küyü gəlirdi. “Lənət şeytana, yoxsa başıma hava gəlir?”...

– özünü saxlaya bilmədi, stadiona döndü...

– Aman Allah, sən nə insafsızsan! Heç bu şənliyə balta çalmaqmı olar!? – dizləri qatlandı, yaxındakı paslı borudan yapışıb ehmalca oturdu.

Heyrətamiz mənzərəydi. Stadionun ortasına düşən mərmi iri bir çala açmışdı. Eyni vaxtda şəhərin yeraltı içməli su xəttini zədələmişdi. Su şarhaşarla çalaya dolub iri gölməçə yaratmışdı. Ölümə alışmış, təhlükəni vecə almayan uşaqlar da lümlüt soyunub bu “təbii hovuzda” üzməyin keyfini çıxarırdılar. Bütün dərd-səri, itirdiklərini unudub suya kəllə vuran uşaqların şən gülüşləri onun gözlərini yaşartdı. O da burdaydı – dostu. Qocanı görcək qabağını əliylə tutub özünü suya tulladı. – “Şükürlər olsun sənə, ya Rəbbim! Müharibə nə qədər acımasız olsa da, insanlar öz həyalarını qoruyub saxlaya bilirmiş”... Uşaqları xeyli izlədi. Onların sevincinə müharibə bitənədək gözətçilik edərdi, sahibsiz qoymazdı bu xoşbəxtliyi, istəməzdi bu mənzərəni qoyub getsin, amma uşaqlar ondan utanırdı. Şeytan olmaq istəmirdi...

Veyillənməyi qərara aldı. Başqa nə iş görəsiydi ki? Bağ-bağat yox əkib-becərsin, gül-çiçək yox sulasın, oğul-uşaq yox başını qatsın... “Xarabalıqlarda dava-dava oynayan, indi bomba çuxurunda çimən uşaqlar dizüstə çökmüş şəhərin qəddinə dirəkdir” – dərindən köks ötürdü. – Bir gün mütləq bitəcək bu qanlı-qadalı günlər. Bezəcəklər günahsız insanların qanını tökməkdən – alnındakı qırışlar açıldı, sülhdən ötrü burnunun ucu göynədi... “Ey məni Yaradan, başımızın üstündən bu müharibə buludunu çəksən, sənə söz verirəm, insanlara göndərdiyin bütün kitabları oxuyacağam! Lap yüz iyirmi dörd min kitab olsun, hamısını oxuyacağam.

Görüm axı nə istəyirsən bizdən? Nəyi düz eləmirik? Nədir səni bizdən üz döndərməyə məcbur edən? Bu şəhəri dağıtmağına mane olan bir imanlı, müdrik, nurlu adam qalmamışdımı? Yoxsa siftə onlarımı öldürdün? Baş açmaq olmur sənin işlərindən, ey Xudavənd... Yox, əgər mənə, mənim dualarıma, sitayişimə ehtiyacın yoxdursa, onda bircə xahişim var səndən, mənə imkan ver, ləyaqətlə ölüm”... – elə o andaca ağlından mənasız və qəribə bir fikir keçdi, – “Görəsən bu saat dünyanın ən xoşbəxt insanı nəylə məşğuldur?”...

Hərlənib-fırlanıb gəlib çıxdı katakombanın qənşərindəki parka. Yanını qoydu taxtaları sökülmüş skamyanın bir küncünə. Axırıncı dəfə bu parkda olanda qarnı cırılan adamı yenə xatırladı. Qəlpənin möcüzəsini onda görmüşdü. Özünü batırmışdı qolu qırılıb çiynindən sallanan adam. Qolunu unudub salamat əliylə çölə tökülmək istəyən iç-içalatını qucaqlamışdı. Qucaqlamışdı ki, ləyaqətinin alçaldığına ağız büzən olmasın. Bağırsaqlarını qucaqlayıb gözdən uzaq bir yerdə ölməyə qaçırdı.

Qaçırdı ki, onun necə can verdiyinə baxıb iyrənməsinlər... “Görəsən bu silahların sahibləri öz balasını odda yanan görürmü? Allahdan, onun məhkəməsindən heç qorxmurmu?”... Elə bil onun acığına bu günün növbəti mərmisi düşdü şəhəri ikiyə bölən körpü tərəfə, – Deyəsən içib kefləniblər, hara gəldi tulamazlayırlar bombanı, lənətə gəlmişlər!.. Ətrafdakı ağacların salamat qol-qanadı qalmamışdı. Nə vaxtandır sulanmırdı deyə əksəriyyəti qurumuşdu. Gözünü katakombanın nəhəng qapısına dikdi. Katakomba yeddimərtəbəli binanın zirzəmisiydi. Binanın dörd mərtəbəsi uçub piramida forması almışdı. Amma zirzəminin giriş qapısına gedən yol təmizlənmişdi. “Guya müharibə vaxtı adamları burda gizləyib xilas edəcəkdilər. Adammı qaldı xilas etməyə?”...

Qarnı quruldadı. Qırx dəqiqə olardı burda oturub gözlədiyi. Ümid edirdi ki, oğlan evlərinə tez gələr, oturub bir az dərdləşərlər. Birdən katakombanın dəmir qapısı carıltıyla açıldı. İçəridən saqqalı bir əsgər düz ona tərəf gəlirdi. Çatan kimi salamsız-kalamsız soruşdu, – Kimsən, nə axtarırsan burda, qoca?

– Elə-belə oturmuşam, bala, bu şəhərdə yaşayıram... – “yaşayıram” sözünü düzəltmək istədi, amma əsgər onun sözünü yarımçıq qoydu.
– Nə işlə məşğulsan? Kimin-kimsən varmı burda?
– Heç bir işlə məşğul deyiləm, tənha qocayam...
– Yazı-pozu bilirsənmi?
– Bilirəm. Müsahib işləmişəm dinc dövrlərdə...
– Gəl mənimlə... – özü qabağa düşdü, sağa-sola baxa-baxa qocanı katakombaya apardı.

Katakombaya girəndən sonra əsgər ağır qapını itələdi, çarxını fırladıb bağladı. Qapı düşündüyündən də ağır imiş. Asma lampalar qalın şüşə örtüyün içində güclə közərirdi. Üzbəüz arakəsmə yan divara tam birləşmirdi. Gips bloklardan hörülmüş bu arakəsmə adamboyu suvanmış, qalanı isə çılpaq qalmışdı. Qarşıdan elektrik generatorunun gurultusu eşidilirdi. Həmin keçiddən növbəti otağa adladılar. Eni-uzunu təxminən otuzun otuza böyük bir zal idi bura. İkimərtəbəli çarpayıları saymaqla qutaran deyildi. Bir küncdə iri monitor qoyulmuşdu. Ekranda bayaq qocanın oturduğu park görünürdü.

Bir zabit monitorun qarşısında qurcalanırdı. Ondan əlavə iki hərbçi də vardı otaqda. Stolun üstündə qəribə telefon, xəritələr, tanımadığı alətlər vardı. Ayaqyolunun və dizelin qoxusu bir-birinə qarışmışdı. Qoca baxdı ki, hələ zalın iki küncündə yenə giriş-çıxış qapıları var...

Ona çay süzdülər, konserv qabını açıb qabağına qoydular. Hər hansı bir silahlı qüvvələrlə əməkdaşlıq ehtimalını xeyli çək-çevir elədilər. Hər şeyi saf-çürük elədikdən sonra dedilər ki, katakombaya gözətçi lazımdır, o, bu işin öhdəsindən gələ bilərmi? Qoca düşünmək belə istəmirdi ki, ona bu yaxşılığı etmək istəyənlər hansı məzhəbin, silahlı qruplaşmanın üzvləridir. Sadəcə, içində əminlik yarandı ki, bayaqkı uşaqlar bura yaxın yerdə qorxu-hürküsüz çimirlərsə, demək, uşaqların ölümünü istəməyən qüvvələrdir. Həm də başa salmışdılar ki, gündə üç qutu konserv və istədiyi qədər su istifadə edə bilər. Bu onu tam qane edirdi.

Həm də dostugilin evinə yaxındır, hər gün onu görüb, istədiyi qədər dərdləşəcək, – “Lap müharibə qurtaranadək”. Dağılmış şəhərin xofundan gizlənmək üçün ən münasib yer idi bura. Razılaşdı. Sığınacaqdan istifadə qaydalarını, qəza çıxışı, sanitar qovşaq, su və ərzaq anbarı, radioaktiv və kimyəvi ölçü cihazlarının, fərdi mühafizə vasitələrinin yerini, nə etməli olduğunu ona izah edəndən sonra qəribə telefonun yan çarxını fırladıb hardansa maşın çağırdılar. Qocanın söndürüb-yandıra bilməyəcəyini görüb kompüteri özlərilə götürdülər, generatoru söndürdülər. Şam qutusunun yerini göstərdilər. Qəti şəkildə tapşırdılar ki, giriş qapısını açıq saxlamasın və içəriyə kimsəni buraxmasın.

Qapını bağlayıb eşiyə çıxmaq olar, amma sığınacaqdan çox uzaqlaşmamaq şərtilə.
– İstəsən, axşamlar qalıb burda yata bilərsən – bunu da demişdilər maşına minib gedəndə. Elə həmin gün oğlanı çağırdı katakombaya. Bir-iki saata yüz ilin dostları kimi isinişdilər. Qocanın eyni tamam açılmışdı. Söhbətləri yaman tuturdu...

* * *

Son günlər yuxusu tamam qaçmışdı və çox vaxt gecələri qəbristanlıqda – arvadının məzarı yanında keçirirdi. Tanrı bu oğlanı ona qulaq dostu göndərəndən sonra doğma evinə də isinişə bilmirdi, fikri-xəyalı elə oğlanın yanında olurdu – “Görəsən dostum indi neyləyir? Tənhalığımı atdım, həyata bağlandım onunla görüşəndən sonra. Çox ağıllı, saf uşaqdır. Müharibə onu vaxtından əvvəl qocaldıb, amma, yenə də uşaqdır”. O, oğlanı doğma biri, bəlkə də nəvəsi kimi sevirdi. Sanki bu şəhərdə yalnız iki nəfər qalıb – o və oğlan. Dostuyla vaxtı tez keçirdi və özünü cəhənnəmdə xoşbəxt sayırdı. Bu sevgi onun gözlərini açmışdı. “İnsan birinə lazım olduğunu anlayanda ətrafdakı hər şeyin mənası da tamam dəyişirmiş” – di gəl ki, onu itirmək qarğaşasıyla az qala dəli olurdu.

Hər gün görüşüb dərdləşirdilər. Öyrəndi ki, öz halı dostunu yaman kədərləndirirmiş; hər gün sığınacağın iri ağır qapısını kilidləyib yerin altından çıxanda oğlanın ona əməlli-başlı yazığı gəlirmiş və dəmir qapının danqıltısını eşidən kimi pəncərələrinin qabağını kəsdirib qocanı seyr edirmiş. Dostu düz deyirdi, onun nimdaş pencəyi, zolaqlı şalvarı, ağ-sarı damalı köynəyindən başqa dəyişəyi yox idi. Qoca katakombadan günün sonunda elə yorğun-arğın çıxırdı ki, deyərdin bəs bir dəqiqə olsun dinib-dincəlməyib. Əslində isə sığınacaqda görməyə elə ciddi iş yox idi. Ehtiyyat su çənlərinin suyunu vaxtaşırı dəyişirdi, yeri süpürmək və geyim dəstlərini, mühafizə vasitələri yığılan yeşiklərin tozunu alırdı, vəssalam. Qalan vaxtı yatırdı. Görünür elə qaranlıq otaqda yatmaq onun əhədini üzürdü. Sığınacağın havası vaxtından qabaq gəlmiş ölüm kimi ona düşmürdü.

Dünən birlikdə sığınacağı səliqə-səhmana salmış, rəflərin tozunu almışdılar. Bu gün də ona kömək edəcəyinə söz vermişdi. Onun yeraltı qurğuya, fərdi mühafizə vasitələrinə böyük marağı vardı və o ki var suallar yağdırırdı. – “Əleyhiqazlar adamı necə qoruyur?”, “Rentgenmetr cihazı necə işləyir, onu kim icad edib?”, “Birdən atom bombası atsalar, burda neçə nəfər və neçə ay qala biləcək?”... – qocanın başını əməllicə qatırdı. O da bu sualların heç birinə cavab verməyib savadsızlığına gülürdü. Oğlan sevinirdi ki, gördüyü işi, çəkdiyi əziyyəti hələ heç kim görməsə də, bir gün bu xidmətinə görə ona əhsən deyənlər tapılacaq.

– Niyə yığışıb birdəfəlik sığınacaqda yaşamırsan? Qonşu olardıq...
– Atamın evi deyil ki, dövlətin sığınacağıdır, xalq üçündür. Mənim vəzifəm buraya nəzarət etmək, buranı hazır vəziyyətdə saxlamaqdır – həmyaşıd kimi danışırdı onunla.
– Səncə, tam saz vəziyyətdədirmi, hər an insanları qəbul edə bilərmi katakombamız?
– Bircə işıqlandırması generatorladır, onun da dilini bilmirəm. Sığınacağın tüstü bacası işləmir dedilər. Amma az da olsa yel çəkir haradansa. Bir qutu şam varımızdı, bir şey olsa on-on beş gün bəsimizdi. Həm də qurğu uzun müddət qalmaq üçün nəzərdə tutulmayıb ki... Bombalama səngiyən kimi adamlar buradan çıxmalıdır.

– İnsanları burdan kim çıxaracaq? Kim biləcək ki, burda adamlar qalıb?
– Telefon var, amma işləmir deyəsən. Yəqin kimsə əlaqə saxlayar içəridəkilərlə...
– Görəsən neçə günlük su, qida ehtiyatı var burdu?..
– Hardasa, üç yüz əlli adamı bir həftə saxlamağa yetəcək qədər. İçəridəki anbarı görsən, gözlərin kəllənə çıxar...
– Bax e! Yeraltı cənnətdir ki...

– Yox, balası, – qoca qayğılandı, – yerin üstündə sakitlik olsun, bu, torpağın altında kef çəkməkdən min dəfə yaxşıdır. Yerin altı köstəbəklər, siçanlar üçündür... Əgər bura sığınmalı olsaq, adamlara yol göstərməkdə mənə kömək edəcəksənmi?
– Əlbəttə! Mənə etibar edə bilərsən...
– İstəyirsənsə, termos çayım var, adama birini süzüm.
– Sənin çayının ləzzəti başqadır, içək deyirsən, içək! Komandir öz əsgərini çaya qonaq eləyər də... – qoca oğlanın zarafatlarından incimirdi – Dünən bizdən yuxarıdakı məhəlləni yenə vurdular, bir ailə tamam məhv oldu... – qayğısız üzünü qəfildən kədər bürüyəndə elə bil qocanın ürəyinə iynə batırdılar. Dostu ölümdən qorxduğunu gizlətmək istəyirdi. Qoca ona təskinlik verməyin təhərini tapa bilmirdi.

– Dünya qudurub!.. İnsan bu qədər ucuzlaşarmı? Atom bombasını atsaydılar birdəfəlik canımız dincələrdi, – polietilenə bükülü tıxacı termosun ağzından çıxardı. İki stəkan yaxalayıb taxtın üstünə qoydu, ikisinə də çay süzdü. Çaydan ətirşah qoxusu gəlirdi. Qoca, ərik qaysılarını boyunbağı kimi sapa düzüb orta dirəkdən asmışdı. Bir ovuc qaysı qoparıb oğlanın ovcuna qoydu, – Ye, ürəyə xeyri var...

– Sabah səninçün dükandan bir az şəkər, mer-meyvə qaxacı alıb gətirərəm.
– Yox! Lazım deyil. Yolda başına bir iş gələr, peşiman qalaram – şəhərin bu səmtdəki tək “cuhud dükanı” məscidin yanındaydı və hamı deyirdi ki, məscidə görə “Yaşıl küçə”yə mərmi atmırlar. Amma qoca buna inanmırdı, – “Atanın nə imanı var, nə dini”. Şəhərdə vaxtilə çox məscid vardı, ancaq ən məşhuru nədənsə “Yaşıl küçə”dəki idi. “Bəlkə də adamların bu qədər günah etməyə meyilli olmağı elə məscidlərin çoxluğundan idi!”... – qoca bunda nəsə incə bir əlaqə görürdü.

– İncimə, gedəcəyəm. Bir halda ki, çayını içirəm, qoy şəkərin dadını da unutmayaq. Bilirsən, bu yaxınlarda supermarketin qalıqları arasından manpası qutuları keçmişdi əlimizə, doyunca yedik. Nə vaxt idi manpası yemirdik...
– Qaysı hamısından yaxşıdır. Ayağım düşəndə özüm qaxac alaram. Məni tək qoymursan, çay içib söhbətləşirik, başımız qarışır. Bu hər şeyə dəyər. Allah köməyin olsun... Bircə bu lənətə gəlmiş müharibə tez bitsəydi sənin kimi cavanlar da ölümün cəngindən yaxalarını qurtarardı...
– Bitəcəkmi bu müharibə?
– Bitəcək, əlbəttə bitəcək. Bütün müharibələr bir gün mütləq bitir. İndiyədək neçə müharibə oldu, bitmədimi?.. Hər qaranlıq gecənin bir sabahı var deyirlər, yəqin bu da bitər. Amma gör nə qədər insan hədər yerə qurban gedir... Namərdlərin “haqq” deyib bağıran dövranıdır. Qorxulu zəmanədir, dostum. Bir gün bizim də üzümüzə günəş doğar... Təki gələcək nəslin kökü kəsilməsin...

– Niyə insanlar müharibə etsin ki?..
– Müharibə qəzəbdən doğan şərdir. İnsan tamahı çox qorxunc şeydir. Biri əlindəkini itirmək istəmir, o birisi isə onun əlindəkini qapazlamaq istəyir. Hərə odu öz qabağına çəkəndə dava başlayır...
– Sən də qorxursan müharibədən?
– Müharibədən qormayan insan yoxdur. Əlbəttə qorxuram... “Günəş yoxsa, torpağın üzü soyuq çəkər” deyiblər. Yadına gəlirmi bir-birinə qarışan maşın siqnalları, musiqi səsləri, küçə alverçilərinin hay-harayı, yeməkxanaların ədvalı qoxusu, qaynaşan marketlər, bazarlar?..

– Xatırlayıram. Ən çox da “Xiyaban”da piknikə yığışdığımız günləri xatırlayıram...
– İndi qohum-əqrəba xatırlayan yoxdur. Sevinci yadırğayıb hamı. Həmin yollar, küçələr, o səs-küylər, xatirələr uçqun altında qalıb, toz-torpaq içində gömülüb, yaddaşlarda irinləyib bu hisslər...

– Atam axşam deyirdi ki, Allaha yazığı gəlir. Yaratdığı insanların vəhşiliklərinə görə Tanrı xəcalət çəkirmiş, dərd-qəm içində qalıbmış. Babam isə ona acıqlandı, lağa qoydu Allahı, – “Bəlkə İlahiyə bizim köməyimiz lazımdır, başı cəncəldədir? Birdən İblis onu zindanda qıfıllayar, tez yır-yığış elə, silahlan, gedib kişini xilas edək!”. Mən Allahdan nigaranam. İstəyirəm ki, o, hər kəsdən güclü olsun, bircə anda hər şeyi yoluna qoya bilsin, insanları ölməyə qoymasın. Mən ölmək istəmirəm. Amma Allah həqiqətən zindana salınıbsa, onu xilas etmək üçün bu dəqiqə ölməyə hazıram... – oğlan qocayla göz-gözə gəlməmək üçün utancaq baxışlarını ondan gizlədirdi. Dostunun əlini ovcuna aldı, yanında oturdu: – Əgər Allah sənin ölməyini istəsəydi heç əvvəlcədən yaradardımı? Ölüm səni indiyədək yaxalamadısa, demək sən ona lazım deyilsən. İnanmaq lazımdır! İnanmaq! İnanmaq! Yapışmağa bir saman çöpü də olsa, inanmaq lazımdır! Özünü inandırmalısan ki, tezliklə bu müharibə bitəcək və sən ailənlə birlikdə sağ-salamat işıqlı sabaha çıxacaqsan.

– Deyirlər bu yaxınlarda atəşkəs razılığı olacaq...
– İndiyədək çox atəşkəslər gördük. Təki bu dəfə sonuncu olsun. Doyunca sevinərdik. Daha itlər də sevinməyi yadırğayıb...
– Ceko səni qapanda necə qorxmuşdun, ay aman!.. – oğlan söhbəti niyə çevirdi, qoca özü də anlamadı, – “Bəlkə də müharibənin bitəcəyinə inanmır”...

– Yaman quduz itin var. Hər gün bura gələndə dördgözlə məhlənizə baxıram, – “İndi böyürdən çıxar, bir azdan cıxar!” – dilimin altında mızıldamağımı başqaları da eşidib yəqin. Qulağım mərmi səsində, gözüm də sənin itini axtarır, – qocanın üzü çoxdandır belə gülmürdü. Həqiqətən çox qorxmuşdu onda. – Qapını açanadək gözüm arxada qalır. Güclü, sağlam itdir. Ən çox da eyzan horra axan sallaq dodaqlarından, kəskin dişlərindən, şəlpə qulaqlarından qorxuram. Ləhləyəndə adamın ürəyi qısılır, elə bilirsən ki, bu saat səni div kimi dirigözlü udacaq. Yaşlı olar...
– Beş yaşındadır. Bir az özümü gec yetirsəydim qolunu qoparacaqdı. Özüm səndən betər qorxmuşdum. Səni güclə aldım onun əlindən.
– Hə, yaman qudurmuşdu. Başını saga-sola döndərib qolumu dirsəkdən qoparmaq istəyirdi. Amma sən də əlindəki dəmirlə o ki var əzişdirdin ha yazığı...

–Yaxşı ki pencəkdəydin, yoxsa biləyini qoparacaqdı. Çox qorxmuşdum. O gecə Cekonu o ki var çırpdım. Zingildəyib üzr istəyəndən, səhvini anlayandan sonra barışdım.
– Belə vaxtda it saxlamaq görəsən nəyinizə lazımdır? Yol-yolağa yox, qapı-hasar yox...
– Nə bilim. Qovası deyilik ki həyətdən... Atam deyir dağılmış şəhərdə oğru-quldur çox olur. Ceko olmasa evimizi talamağa gələrlər, bir şey tapmayıb adamı öldürərlər. Yenə də səsimizə həyandır. Bir də, qoxumuzu alıb. Allah göstərməsin, sabah birimiz uçqun altında qalası olsaq, yerimizi axtarıb tapmağa gərək olar. Ceko ilə çoxlarının cəsədini tapmışıq. Hətta iki dəfə salamat adam xilas etmişik.

– Düz deyirsən, belə iti saxlamağa dəyər. Ağıllı və zirək keşikçidir, onsuz keçinməzdiniz. Amma dostun gözümün odunu yaman alıb. Deyəsən məni görməyə heç gözü yoxdur. Yedirməyə nəsə lazımdır, ona görə sual vermişdim...
– Səhərlər evə qayıdanda ağzı qan olur... Özü yeməyə bir şeylər tapır, bizdən heç nə istəmir... – oğlan başını yerə dikəndə qocanın əti ürpəndi. “Onsuz da çoxu meydanlarda, küçədə qalıb iylənir. İt yesə nolacaq ki?” – Yenə də ondan ehtiyyatlı ol. Özü də itlərdə xasiyyətdir, bir nəfərin gözünün odunu aldılarsa, hər dəfə üstünə hücum çəkməkdən xoşlanırlar...
– İndiyədək tanıyar məni. Həm də bilir ki, ürək-göbək qalmayıb məndə, bir dəfə bağır-dalaq eləyib, bəsidir. Necə qorxaq olduğumu yaxşı bilir. Mənə görə onu o ki var döymüsən, yəqin bir də o kötəklərdən yemək istəməz, – qoca altı torbalanmış yuxusuz gözləriylə oğlanı oxşadı; onun baxışlarındakı saflıq və nəvaziş yerinə qayıtmışdı...

* * *

Gününü yenə qəbristanlıqda keçirdi. Bir də şər qarışanda evə qayıtdı. Binanın girişini bağlamış beton panelin böyründən güclə sivişib ikinci mərtəbəyə qalxdı. Mənzilin qapısı içəri aşmışdı, – “Görəsən bir kilidli qapı tapılarmı şəhərdə?”... Dörd yanı qarış-qarış nəzərdən keçirdi, – “Keçmiş şən günlərin heç ruhu da qalmayıb bu evdə. Divarların dili olsaydı, çoxlu xatirələr danışardı mənə” – mənzil onu sıxırdı. Axır vaxtlar uzun və zəhlətökən olmuşdu gecələr. Otağın bir küncündə çarpayı, digər küncündə miz, bir də kətil vardı. Suvağı çat-çat olmuş kəllə divardan mərhum arvadının şəklini asmışdı. Ortada odun sobası qoyulmuşdu. Keçən qış çox soyuq keçmişdi. Çay-çörəyi də bu sobada qızdırırdı. Sobanı qalamağa nə qədər desən taxta-tuxta vardı. Qonşu sahibsiz mənzilin döşəməsini keçən qış söküb yandırmışdı. Əli gəlməmişdi öz döşəməsini sökməyə, – “Öz zəhmətimin istisinə qızınmağa hələ çox var” demişdi. Qulaq dostundan ötrü darıxdı. Birlikdə yaşasaydılar şirin söhbətlərilə divarları yenidən isidərdilər. Ağlına gəldi ki, şəhərdə tək-tənha eşələnən hər kəsin bu ağır günlərdə ən böyük arzusu elə özlərinə qulaq dostu tapmaqdır...

– Yaxşı ki, oğlum, nəvələrim təhlükəsiz yerdədir, müharibənin qığılcımları hələ oralara düşməyib – yatağına girdi. – Bu yaşdan sonra ölümdənmi qorxacağam? Siz öz həyatınızı qurtarın, mənə heç nə olmaz.
– Eh, qoca, sən özün də onların həyatının bir parçası deyilsənmi? – divardakı arvadının şəkliydi onunla “danışan”. – Sən öləcəksən, amma onların həyatı sənsiz davam edəcək.
– Olsun. Allaha lazım deyiləmsə, daha kimə lazım olmalıyam ki? Yük olmadım, yaxşılıq etdim oğluma. Məni burda qoyduğuna görə kimsə qınamaz balamızı. Uzaqbaşı, onu qınayanları, – “Öldü, anamın yanında dəfn etmişəm” – deyib başından rədd edəcək. Kimdi məni bir də sağ-salamat görən...

Tutaq ki, bu həyatdan nəsə öyrənmişəm. Nolsun, nə öyrədəcəyəm oğluma, nəvəmə? Bunun nə köməyi dəyəcək onlara? Hər kəs özü öyrənir, hamı öz həyatını yaşayır, mənim həyatımın onlara nə dəxli var? Bəlkə də məndən daha çox şey öyrəniblər bu həyatdan. Ağıllılar gördüklərini onsuz da götürür. Axmağın gözü ayağının altını görmürsə, buna sən nə edə bilərsən, mən nə edə bilərəm?.. – qoca hər dəfə arvadının məsum gülümsəməsinə baxdıqca divarların soyuğunu daha çox hiss edirdi. Bu şəkil həm onu söylədir, həm də layla çalıb gecələr yuxuya verirdi. – Gəlinimiz ərini sevməkdən bilsən necə qorxurdu?.. Qəşş edib güləndə də kədərini gizlədə bilmirdi, zavallı. Onlar burda olmadığı üçün azad və sərbəstəm. Bircə ölmək dərdim var, başqa heç nə. Dərd nə qədər çox dərinə işləyirsə, ürəyin bir o qədər bərk ağrıyır.

– Deyəsən getmədiyinə peşiman olmağa başlayırsan. Amma məni burda tək qoymadığına görə sənə hörmətim yüzqat artdı, bunu bilirsənmi?.. Şam yeməyinə bir şey tapıb yemisən? – arvadı soruşdu.
– Dürt deyincə dolma yemişəm! – əslində, qoca dolma-filan yeməmişdi, sadəcə, gözünün acısını almaq vaxtı çatanda qulağına dolan səslərlə söhbətləşməyə vərdiş eləmişdi. Sülh dövründə də tək qalanda özüylə danışardı. Dəqiq yadında deyildi, deyəsən, bu vərdiş arvadı dünyasını dəyişəndən sonra başlamışdı. Arada-bərədə öz-özünə zümzümə edər, hətta, mahnı da oxuyardu. Arvadının məzar daşıyla danışanda isə lap şövqlənirdi.

– Sobanı qalayım, üşümürsən? – arvadının da aşırı qayğısı olmaya...
– Yox. Üşümürəm, üşüsəm özüm qalxıb qalayaram.
– Dolmanın qoxusu məni də vurdu, mən də boyat dolmanı sevirəm... Üst-başın it kökündədir, niyə paltarlarını islağa qoyub yaxalamırsan? Heç olmazsa alt paltarlarını yu.
– İstəmirəm. Bu boyda şəhər toz-torpağın içindədir. Gör dünyada nə qədər zibilliyə dönmüş ölkələr var... Dünya kirlidir, mən yox, – amma doğrudan da son vaxtlar böyrəkləri sözünə baxmır, sidik saxlamırdı. Alt paltarları qoxurdu və düşündü ki, imkan düşən kimi yumaq lazımdır.

“Bir karlı qazan tənək dolması olsaydı nə yeyərdim... Özü də turşməzə inək qatığıyla!” – kipriklərini möhkəm-möhkəm sıxdı ki, mədəsi dolma xülyasından duyuq düşməsin... – “Allaha o qədər yalvarıram ki, əvəzində mənə şirin, maraqlı yuxular göndərir”.
– Sabahdan yorğan-döşəyimi də götürüb katakombaya köçüm gərək. Oğlana bir az da yaxın olaram...
– Axı sığınacağa başqalarının girməyini qadağan ediblər... – indi də oğlan gəlib durmuşdu qənşərində.
– Qələt eləyiblər! Neçə ki, canımda can var, bizim dostluğumuza kimsə qarışa bilməz! Sən olmasan dağıntılar altında dəli olaram... – oğlanın üzünə deyə bilmədiyini indi ürəklə pıçıldadı. Təsbehini döşəyin altına soxub yanıüstə çevrildi. Oğlan qocanın kürəyini, ayaqlarını yorğanla bürmələdi.
– Sən də get yat, gecdir... – qoca bir əlini başının altına qoyub yerini rahatladı. Oğlan qocanı yuxuya verəndən sonra çıxıb getdi.

ardı var...Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
 123
45678910
11121314151617
18192021222324
25262728293031