İnsan iradəsi, yoxsa dənizin vahiməsi – hansı güclüdür?

Rəşid Bərgüşadlı E. Hemenqueyin "Qoca və Dəniz" əsərindən yazır
Eyni xörəyə hər qazan fərqli bir tam verir. Saxsı qazanın pitisi başqadır, mis qazanınkı başqa, alüminium qazanınkı tam başqa. Ədəbiyyat qazanının ən dadlı xörəklərindən biri də Ernest Hemenqueyin “Qoca və dəniz” əsəridir ki, hər oxucunun ağzında bu “xörəyin” tamı fərqlidir. Di gəl, “Sərsəm uzunçuluq və mənasız təsvirlərdən başqa bir şey deyil!” deyənlər də var. Nə dərəcədə haqlı olduqlarına səbir və hörmətlə yanaşmalıyıq. Eyni şeyi qələm adamları və ya oxumuş adamlar deyəndə isə “Qoca və dəniz”in cəddi onları niyə tutmur, buna məəttəl qalıram...
Əsərin görünən səthi hamardır, hisslər toxunulabiləndir, ideya aydındır, təsvirlər mətləbi məntiqlə yetişdirə bilir. Amma ləngərli dil əsrarəngizdir, təsvirlər, hisslər şahanədir! Povesti ikicə qəhrəmanın arzu, hiss və istəkləri üzərində qurmağın özü böyük fərasətdir...
Əsər haqqında yazılmış çoxlu məqalələr oxudum bu günlər internetdən – ingilis, rus və ana dilimizdə yazılmış təhlilləri. Hər biri də haqlı və fərqli künclərdən baxışları əks etdirir, tutarlı yanaşmalardır. Ağrı, inadkarlıq, hiyləgərlik, rəhm, peşmanlıq, əlacsızlıq, ləyaqət – hamısı “Qoca və Dəniz” barədə oxunmuş havalardır. Bunlar öz yerində. Elə əsl şedevr mətn ona deyirlər ki, əsərdəki universal sayılacaq ideyanı tam fərqli müstəvilərə də şamil edə biləsən. Oxuduqlarımda bu povestdən hiss etdiklərimi, fərdi qənaətimi tam görə bilmədiyim üçün öz baxış bucağımı da əlavə etmək istəyirəm bu təhlillərə...
Hemenquey əslində tam olaraq qoca və balığın təkbətək döyüşünü nəzərdə tutmur əsərdə, o, insan iradəsini dənizin gücüylə əl güləşinə çıxarır. Dəniz Allahın, bəndə Allahın. Amma Allah bu güləşdə hakim kimi görünmür. Allah mətnin dediklərindən çox onun kölgəsindəki səs-küyün içindən baxır. Sadəcə bilək güləşini seyr edir, heç nəyə qarışmır O. Qəsəbənin ən peşəkar balıqçısı səksən dörd gün dənizdən əliboş qayıdırsa günahkar kimdir? Axı o da başqaları kimi sahildən eyni məsafə və dərinlikdə ovlanır. Bəs nə oldu, bəxt niyə birdən üz döndərdi ondan? Bəxt yazana acığı tutmazmı qoca Santyaqonun? Tutar! Və tutur da! Bu hirs onu okeanın daha dərinliklərinə dartır. İndi o heç nədən qorxmur, balıq yox, qismətini əliboş yazan Allahı axtarır. Allaha sübut etmək istəyir ki, o, misilsiz balıqçıdır, gözləri hələ də yaxşı seçir, əlləri susuz səhra kimi çat-çat olsa da biləyində istədiyi qədər güc var və ən iri balığı tuta bilər. Və onun ruzisini kəsməkdə Allah haqsızlıq edir. Mətndəki “filosofanə sicilləmələr” elə hikkəli Qocanın Allahla söhbətləridir!
Allah çox vaxt əsərlərdə qəzəblidir, amansızdır. Amma Hemenqueyin Allahı bu dəfə qasırğa, dalğalarla cəzalandırmır tənha Qocanı. Daha hövsələlidir. İri balığı – Qocanın arzuladığı əsl ovu göndərməklə cəzalandırır onu. Arzuya qovuşmağın zülmü... Arzular deyilmi əzabların mənbəyi? Bütün arzular Allahdan gələn kimi, bütün əzablar da Oradan gəlir. Allahla bəndənin mübarizəsindən bəhs edir bu əsər...
“Yaxşı ki, biz adamlar ulduz ovuna çıxmırıq...” deyən Qoca, əslində sahilə yenə əliboş qayıtsaydı, mütləq ulduz ovuna çıxardı... Amma tapır Onu! Əvvəlki gücü yoxdur Qocanın, bundan üzülür, amma öz qüdrətinin tükənmədiyinə ümid edir. Bundan əmin olmalıdır, gücünü sınamalıdır və Allahla, onun yaratdığıyla sonadək döyüşməlidir. Sübut etməlidir ki, məxluqatın ən alisi olan insanın qismətiylə bu cür oynamaq Allaha yaraşmaz. Allah məkanını sonsuzluq olaraq qəbul etdiyimiz kimi okeanın nəhayətsizliyini də məğlubedilməz görürük. Okean həm dərin, həm də cəlbedicidir – Allahın qəzəb və nuru kimi. Allahla insan arasındakı uçurumun vahiməsi, insan iradəsi və okeanın gücü arasındakı qorxu qədərdir. Uçurum kimi, dənizin də öz qanunauyğunluqları var. İlk qanun – “Dəniz iradəliləri sevir” – elə Allah da iradəliləri sevir. Bəs Allahı sevənlər də, elə iradəlilər deyilmi?.. Yetər ki, aradakı qorxu məhv edilsin! Qoca bu qorxunu aşmalıdır – indiyədək heç getmədiyi dərinliyədək üzməli, okeanın gücündən Onun ən iri balığını (haqqının çatdığı ovu) qoparmalıdır. Bununla Allaha öz qüdrətini göstərməlidir. Müəllif bu əsəriylə insani-bəşəri pillədə duran sənətkarlardandır. Bir obrazın simasında əsərin bu dərəcədə zəngin dinamizmi ilə bizi heyrətə gətirir...
Allahın bəndəsi necə olmalıdır – Hemenquey bunu qabardır əsərində! Allah (mətndə balıq) insanın hər cür kələyindən, hiyləsindən, qurduğu tələdən uzaqda, okeanın dərin yerində dinc yaşamaq istəyir. Qoca isə onu üzə çıxarır və nə qədər humanist olsa da balığı öldürməyə köklənib. Maraq və tamah deyil tək səbəb. Okeanın qüdrətini sındırmaq, 84 günlük üzqaralığının qisasını almaqdır əsas olan. Qoca, “tanrının” gizlinlərini faş edir, – “Mən onu üzə çıxartdım və bu gözəlliyə qıydım” deyir. Ovunun gücündən qorxur, bilir ki, ovladığından zəifdir, bir az da çapalasa kəndiri kəsib onu buraxacaqdır. Yoxsa ölümə məhkumdur. Amma Allah qocanı məğlub olmaq istəyən anda qələbə ilə şirnikdirir – bir az da oynamaq istəyir Qocayla. İnsan nəfəsi dəyməyən bir yerdə onlar bir-birinə bağlanır. İndi qocaya da, Ona da heç kim kömək edə bilməz. Bu, təbii gözəlliyin, ilahi və insani qanunauyğunluğun güzgüsüdür. Qocanın daxili iniltiləri burda müdhiş verilib, özünü qınayaraq “həddən artıq uzağa getməklə sən öz bəxtini təhqir eləmisən” deyir... Çünki insani arzuların çin olması ağrılarsız olmaz. Bu mətni oxuduqca qocanın kəndiri əlimizi, kürəyimizi qançır-qançır edir, barmaqlarımız qıc olur. Qocanın ağrılarını canımızda hiss edirik. Bəs əzabgətirici mətnlər deyilmi əsl qalıcı mətnlər!?
...Həmişə istəmişəm ki, okeanda öz taleyinin tək hakimi olan qoca, dənizin nəhayətsizliyində gizlənmiş tanrını ovlaya bilsin və onu sağ-salamat sahilə çıxarıb insanlara göstərsin. İllah da, dostu balaca Manulanı sevindirmək, o, gələcəkdə okean nəhayətsizliyindən birmərrə qorxmasın deyə. Yeri gəlmişkən, mətndəki balaca oğlan Qocanın qırışıq üzündəki insani vəhşiliyə nur səpmək üçün müəllifin düşünülmüş dərin gedişidir. Qoca və dostu birlikdə daha güclüdürlər. Köpəkbalıqları ovun əsas kütləsini yesələr də oğlanın gözündə ovun skeleti belə qocaya olan inamını minqat artırır, – “Ağlıma gəlməzdi ki, bu böyüklükdə balıq görə bilərəm”... Əsərin nüvəsi məhz qoca sahilə çıxarkən Manula ilə dialoqundadır. Santyaqo məğlubiyyətini oğlana ürək ağrısıyla deyir:
– Onlar məni məğlub etdilər, Manula. Onlar qalib gəldilər...
– Nə danışırsan! Amma balıq sənə qalib gələ bilməyib axı...
– Yox... Onlar sonra gəldilər, mən balığı tutandan sonra cumdular üstümə. O həris köpəkbalıqları, acgöz köpəkbalıqları...
...Oxucunun imkanı var ki, bu mətnin qurtardığı yerdən davamını yazsın. İçimdə bir rahatlıq var ki, qəsəbə sakinləri qoca Santyaqonun sarsılmış gücünü, məğlub üzünü növbəti dəfə görməyəcəklər. Çünki 4-5 günə havalar düzələcək, əlinin yaraları sağalacaq və dostu Manula ilə birlikdə ova çıxacaqlar. Həm də bu dəfə okeanın lap dərinliklərində ovlanacaqlar. Ovu okeanın nəhayətsizliyindən birlikdə dartıb çıxaracaq, onunla baş-başa, göz-gözə qalacaq, ona toxunacaq, ondan haqq-hesab soracaqlar. Hələlik isə dincəlməlidir və oğlana başa salmalıdır ki, Allah çox yaxındadır. Ona qalib gəlmək mümkündür və günah deyil, – “Dünyada elə hər şey günahdır. Günah olmayan nə var ki?! Bir də bundan qoy o adamlar narahat olsunlar ki, günah-savab işindən pul çıxardırlar” – dünya gözündən düşməsin deyə təsəlli üçün deyir bunu. Qoca öz yaradılışının mənasını tapıb. Daha köpəkbalıqları onun iri balığını parçalaya bilməyəcək və bu dəfə sahilə salamat çıxarıb hamını təəccübləndirəcək. Yelkənin dorunu yorğun çiyninə alıb onu süzənlərə bunu deyəcək, – Tanrıdan istəmək yox, ondan zorla qoparmaq lazımdır!..
Rəşid Bərgüşadlı
25 oktyabr 2018
P.S. Ernest Hemenqueyin bu əsəri mənə “Sığınacaq” adlı bir povest yazdırdı. İllərdir bu povesti “Qoca və dəniz” işığında dərinləşdirirəm və bu dərinlik özümü boğur. Görək o iri balıqdan mən də tuta biləcəyəmmi?.. Allah utandırmasın...