manera.az
manera.az

Darıxmağı unutmağa dəyişmə - Şeirlər

📅 12.04.2020 14:01

Darıxmağı unutmağa dəyişmə - Şeirlər
Manera.az gənc şair Elromanın şeirlərini təqdim edir:

Sənsizliyin baş hərfi

Körpülərin yıxıldı, sən onu səhvlərindən
keçə-keçə unutdun.
Dünən ayaqlarına qaça-qaça sevirdin,
içə-içə unutdun.

O da səni unutdu, gedənlər ayrılığın
adını qismət qoyar.
Həyatdı da, gün gələr, xətrinə can qoyduğun
ətrinə həsrət qoyar.

Elə gözəl gedər ki, göydən düşən hər ulduz
gedəninə bənzəyər.
"Sənsizliyin" baş hərfi yataqda tək qıvrılan
bədəninə bənzəyər.

Sənsiz nə edə bildi, gözlərinin yaşını
qurutdu, qurutmadı?
Daha sevməkdən keçib, ləçəkləri qopar, de:
"unutdu, unutmadı..."

Ya da bəlkə, hələ də səni unuda bilmir
unutduğun həmin qız.
Kitabın arasında çiçəyin əvəzinə
qurutduğun həmin qız.

Sən kimsən?

Sən kimsən ki, bir gedişin içimdə
Sağalmayan badirələr yaratsın.
Taleyimiz tanrı deyil, əzizim,
Gözlənilməz xariqələr yaratsın.

Sən kimsən ki, öyrədəsən həyat nə?
Dərd içində həkk elədim həyatı.
Mən atamın qabar basmış əlindən
Su içəndə dərk elədim həyatı.

Mən kiməm ki, şeirləri tək yazım,
Ürəyindən nə gəlirsə de, yazaq.
Yaşımız da o yaş deyil, qadası,
Daş-divara "A" üstəgəl "E" yazaq.

Biz kimik ki, ayrılanda dərd çəkib
Dərdimizdən belə bilək, ölmüşük.
İçimizdə ikimizi yaşadıb,
İkimiz də elə bilək, ölmüşük.

Sən kimsən ki, bir gedişin içimdə
Sağalmayan badirələr yaratsın.
Taleyimiz tanrı deyil, əzizim,
Gözlənilməz xariqələr yaratsın.

Küçələrə su səpmişəm

Qəribədir, yaşanılan
Xatirənin silinməsi.
Küçələrə su səpmişəm-
Ağladığım bilinməsin.

İki kəsə yar demişəm-
Biri mavi səma qatı,
O birini görməmişəm
Deyirlər ki, səmadadı.

Qınamıram səni, gözəl,
Yoxluğun da varı olur.
Dağ ürəkli şairlərin
Daş ürəkli yarı olur.

Çox düşündüm, anlamadım
Ayrılığın əksi nədi?
Biz tərəfdə sevən qalır,
Siz tərəfdə əksinədi.

Qovuşarıq, qovuşmarıq?
Mən susuram, özün düşün.
Kimin üçün canın yanır?
Ovucuma közün düşür...

Unutqan

Nə qədər ki, ümid var, olma belə unutqan.
Mən səni unutmadım, sən də məni unutma.
Səni unutmuşamsa,ya dünyadan köçmüşəm,
Ya da ki, qədərindən birazca çox içmişəm.

O qədər içmişəm ki, taleyimə gülmüşəm
"Bir dənəm" dediyimi iki dənə görmüşəm.
"Getməz" dediyin adam gedəndə neyləyəsən?
Deyək, ölənlə öldün, gedənlə neyləyəsən?

Gedənlə getmək olmur, gedənlə ölmək olmur,
Gedənlərdən bilirəm, gedəndə dönmək olmur.
Çiynindəki bu yükün ağır kimi gəlməsin,
Sənə danışdıqlarım nağıl kimi gəlməsin.

Səninlə əl-ələyik bir payız yağışında,
Anamın duasında, atamın qarğışında.
Sən ki sıxıb dişini mənsizliyə dözmüsən,
Mənim dalğalarımda mənsiz niyə üzmüsən?

Mənsizliyə dözmüsən, mənə dözməyə nə var?
Bir dəfə dözmüsənsə, yenə dözməyə nə var?
Nə qədər ki, ümid var, olma belə unutqan,
Mən səni unutmadım, sən də məni unutma.

Milena

Qayıtma bu şəhərə, nə yaxşı ki, getmisən
uzaqlara, milena.
Evə-uşağa qarış, sonra da məni danış
uşaqlara, milena.

Uşaq dediyim də ki, dostlarımdı, biləsən-
Mən səni danışıram burdakı uşaqlara.
Burdakılar bənzəmir ordakı uşaqlara.

Bu şəhərə qayıtsan,
ya yalqız olmalısan,
Ya da ki, hamı üçün
"yaxşı qız" olmalısan.

Həyatda da belədi;
pis olanın yerini
yaxşı olanlar tutur.
Milena, bu şəhərdə
"Yaxşı qızın" əlini
"Yaxşı oğlanlar" tutur.

Milena, bu şəhərdə
biz əl-ələ tutmasaq,
qışı qala bilmərik.
Milena, bu şəhərdə
yaxşı ola bilərik,
yaxşı qala bilmərik...

Qayıtma bu şəhərə.

Hönkür-hönkür ağlasan,
Gözünü silən olmaz
bir nəfər də, milena.

Ən gözəl duaları
dilənçilər bilirlər
bu şəhərdə, milena.

Gecə dua elədim,
bax, anam sağalmadı
bu səhər də, milena.

Pulum olmadı deyə
gecəni ac yatıram
bu səfər də, milena.

Düzəlməyən nə var ki?
bu şəhər də nə vaxtsa,
düzələr də, milena...

Şəkillər

Gözlərini dərdlərimə zilləyib
Kim öyrətdi belə gözəl baxmağı?
Bilirsən ki, çəkəsiyəm dərdini,
Bilirsən ki, yekəsiyəm axmağın.

Bir ayağım çuxurdadı, bilirsən,
Yaşayıram saniyənin xətrinə.
Şeirlərim sənə deyil, sadəcə,
"Sən" yazıram qafiyənin xətrinə.

Kim görüb ki, şəkillərdən səs gələ,
Ağ-qaralı şəkillərə rəng gəlir.
Bir şəkildə çağırırsan adımı,
Bir şəkildə telefona zəng gəlir.

Sənli-mənli şəkillərin birində
Qollarımın uzağında qalırsan.
Qulağıma pıçıldayıb gizlicə
Siqareti dodağımdan alırsan.

Qayıdasan, gözlərimə baxasan,
Gözlərimdə qiyaməti görəsən.
O şəkildə əllərimdən tutmusan,
Kim yandırıb siqareti görəsən?

Gözlərini dərdlərimə zilləyib
Kim öyrətdi belə gözəl baxmağı?
Bilirsən ki, çəkəsiyəm dərdini,
Bilirsən ki, yekəsiyəm axmağın.

Məktub

Sonuncu məktubunda düzü, gözlədiyimdən
bir az da çox yazmısan.
Getdiyin gün evimdən nə var nə yox aparıb
nə var nə yox yazmısan.

Gecəm gündüzüm olmur, gündüzlər oxuyuram,
gecə yata bilmirəm.
Məktubdu da, neyniyim atsam ata bilmirəm
satsam sata bilmirəm.

Elə ağır yazmısan, gözümün gücü çatmır
bir az nəzər yetirsin
Elə ağır yazmısan quşların gücü çatmır
məktubunu gətirsin.

Məktubu oxuyanda kağızlarda yaşayan
qadını sığalladım.
Elə çarəsiz idim, məktubun sonundakı
adını sığalladım.

Qızılgül

Zəng eləmə, incidərəm bilmədən,
Boyanarsan üfüqlərin rənginə.
Bərk yatıram, özün məni bilirsən,
Oyanmıram telefonun zənginə.

Zəng eləmə, yuxu tutar, açmaram,
Bəhanəylə ovutmaram mən səni.
Top atsan da oyanmaram, necə ki,
Lap atsan da unutmaram mən səni.

Mən yatıram, gözünü yum, sən də yat,
Yuxumuza bu gün haram qatmayaq.
Biz ki sənlə hər günaha batmışıq,
Bir gecəlik qızılgülə batmayaq?

Dəyişirsən, heç olmasa, əzizim,
Gözlərimə baxa-baxa dəyişmə.
Darıxmağın dadı-duzu başqadı,
Darıxmağı unutmağa dəyişmə.

Zəng eləmə, oyanmaram, işdi də,
Yuxumda da tək sevirəm, əzizim.
Mən yatanda bərk yatıram, bağışla,
Mən sevəndə bərk sevirəm, əzizim.


Baxış sayı - 3 915 | Yüklənmə tarixi: 12.04.2020 14:01
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031