“Ulduz Tozu” fəlsəfi romanın təqdimat mərasimi - FOTO - MANERA.AZ
Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatı (AGAT) nəzdində fəaliyyət göstərən Animus Azərbaycan Fəlsəfə Akademiyasının eksperti, BSU-nun Yaradıcılıq fakültəsinin I kurs dinləyicisi, gənc yazar Həbib Heydərin qələmə aldığı “Ulduz Tozu” fəlsəfi avtobioqrafik gənclik romanının təqdimat mərasimi keçirilib.
AGAT-dan MANERA.AZ-a bildiriblər ki, oxucuların və ictimai fəal gənclərin qatıldığı mərasimdə əsərin ədəbi-bədii xüsusiyyətləri ilə yanaşı, çağdaş ədəbiyyatımızla bağlı çoxsaylı tənqidi-innovativ fikirlər də səsləndirilib.
Tədbirdə qeyd edilib ki, müasir ədəbiyyatımızda post-modernist dəbdən fərqli istiqamət götürən irihəcmli “Ulduz Tozu” ideya baxımından Azərbaycanın ilk nihilist-ekzistensialist romanıdır. Əsərdə vacib ontologiya problemləri dərin fəlsəfi dialoq və polemikalar şəklində təsvir edilib. Əsər boyu “İnsan kimdir?”, “Azadlıq nədir?”, “Fərd və cəmiyyət”, “Həyat və ölüm”, “Tanrı və insan”, “Xoşbəxtlik və bədbəxtlik”, “Ümid və arzu” kimi ümumbəşəri problemlərə dair müəllifin mühakimələri tutarlı arqumentlərlə şərh edilib. Çoxşaxəli süjet xəttinə malik “Ulduz Tozu”nda aydın gəncliyin şübhə və etirazları vahid ideya ətrafında toplanıb.
Rüğu Rügzö təxəllüsü ilə yazan Həbib Heydər bir il ərzində ərsəyə gətirdiyi və gəncləri düşünməyə vadar edən kitabının təqdimatını seminar üslubunda keçirməklə romanda qoyulmuş fəlsəfi problemlərə dair gənclərin də fikirlərini öyrənib. Əsəri “hər şey və heç nə haqqında roman” kimi xarakterizə edən müəllif vurğulayıb ki, romanın hədəf kütləsi intellektual azlıqlardır. Zidd düşüncəyə mənsub iki gəncin sevgi dramı fonunda fəlsəfə və din toqquşması romanın ana mövzusudur.
Əsər müəllifin ərəb mənşəli sözlərin orfoqrafiyasına təklif etdiyi dəyişikliklər əsasında çap edilib.